Bazar, 19 May 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

“Zakir Fərəcov Sumqayıtda boş yer qoymadı…” – “Kristal Abşeron”la birlikdə…

26-cı məhəllədə zeytun bağlarını kim məhv edib?

Əhalisinin sayına görə respublikanın ikinci böyük şəhəri olan Sumqayıt həmişə Bakıdan fərqli olaraq, daha böyük yaşıllıq ərazilərilə və geniş parkları ilə tanınıb. Lakin son illər bu şəhərimizin də yaşıllıqlarının yavaş-yavaş tikinti və biznes maraqlarının qurbanına çevrildiyinə dair məlumatlar çoxalmaqdadır.

Bunu Sumqayıtda yaşayan əhalinin şikayətləri və redaksiyamıza daxil olan müraciətlərdən də görmək olar. Belə müraciətlərin birində deyilir ki, uzun illər Sumqayıt öz geniş küçələri, stadionları, uşaq meydançaları, yaşıllıqları ilə Bakıdan seçilib. Lakin son illərdə getdikcə yollar, uşaq meydançaları, səkilər, binalararası məsafələr daralmağa, yaşıllıqlarsa məhv edilməyə başlayıb. Özü də bu proses hələ Vaqif Əliyevin icra başçısı olduğu dövrdən başlayıb, hazırkı başçı Zakir Fərəcovun dövründə isə daha da genişlənib.

Bildirilir ki, Zakir Fərəcov “Kristal Abşeron” tikinti şirkətinə şəhərin müxtəlif yerlərində yaşıllıqların məhvi hesabına tikinti həyata keçirməsinə imkan yaradıb.

Qeyd olunur ki, bu illərdə zeytun bağları da daxil olmaqla, xeyli yaşıllıq ərazilər “işğala” məruz qalıb: “26-cı məhəllədə zeytun bağları məhv edilib və edilir, Sülh küçəsində təhsil şöbəsinin yanında, Koroğlu küçəsində, 9-cu mikrorayon ərazisində, Hacıbəyov küçəsində, məktəblərin ərazilərində, eləcə də dəniz kənarında yaşıllıqlar, 40-50 illik şam ağacları gecələr məhv edilir, yerində mağazalar və s. tikilir. “Kristal Abşeron” Sumqyıtda boş yer qoymur, istədiyi yerdə bina tikir”.

Həmçinin qeyd edilir ki, şəhərin ciddi su, işıq, kanalizasiya problemləri olan hissələri var, lakin bu problemlərin həlli əvəzinə yaşıllıqların məhv edilərək, yeni binaların, obyektlərin, mağazaların tikintisi həyata keçirilir: “Şəhərə əlavə su xətti, kanalizasiya xətti çəkilmir, yeni transfarmatorlar qoyulmur. Binalar tikilib satılır, uşaq bağçaları, məktəblər yüklənir, problemlər isə həll edilməmiş qalır…”

Daha sonra isə müraciətdə konkret adlar çəkilərək, Sumqayıt Şəhər İcra Hakimiyyətinin qanunsuzluqlara və korrupsiya hallarına yol verdiyi iddia olunur. Və bütün bunlara müvafiq qurumlar tərəfindən son qoyulması istənilir.

Qeyd edək ki, oxşar problemlər təkcə Sumqayıtda deyil, paytaxt Bakı da daxil olmaqla, bir çox şəhərlərimizdə, rayonlarda müşahidə olunmaqdadır və bununla bağlı mətbuatda çoxsaylı faktlar, şikayətlər dərc edilib.

Yazıda qeyd olunanlarla bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin və “Kristal Abşeron” şirkətinin də mövqeyini dərc etməyə hazırıq.(azpolitika.info)

pia.az


Şərh yazın.

loading...