Bazar, 23 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Yunus Səfərov Elmar Vəliyevi niyə güllələdiyini hər kəsin bilməsini istəyir

Müttəhim "prosesin şəffaf keçirilməsini istəyirik, qoy bütün ictimaiyyət hər şeyi bilsin” deyir...

Sabunçu Rayon Məhkəməsində sabiq icra başçısını güllələməkdə ittiham olunan Yunis Səfərovun və digərlərinin məhkəməsi başlayıb; əsas müttəhim "prosesin şəffaf keçirilməsini istəyirik, qoy bütün ictimaiyyət hər şeyi bilsin” deyir.

Sabunçu Rayon Məhkəməsində Gəncənin icra başçısı Elmar Vəliyevi güllələməkdə ittiham olunan Yunis Səfərovun və digərlərinin - Mahir Əzizov, Hamlet Abdullayev, Akif Əliyev, Cəfər Zalov, Rasim Mustafayev, Ceyhun Qurbanov, Firudin Zeynalov, Vüqar Məmmədov və Ceyhun Salahovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com-un xəbərinə görə, prosesə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Natiq Əliyev sədrlik edib.

Prosesdə Y.Səfərovun müdafiəsinə vəkil Bəxtiyar Hacıyev qoşulub.

Təqsirləndirilən şəxslər və müdafiəçiləri məhkəmənin şəffaf, obyektiv araşdırılması üçün video və audioyazıların aparılmasına icazə verilməsi ilə bağlı vəsatət veriblər. Lakin vəsatət təmin edilməyib.

Y.Səfərov buna etirazını bildirib: "30 il ərzində Azərbaycanda ikinci belə bir fövqəladə hadisə baş verməyib ki, kimisə heç bir səbəb olmadan vurasan. Ona görə prosesin şəffaf keçirilməsini istəyirik. Qoy bütün ictimaiyyət hər şeyi bilsin".

Y.Səfərov həbs olunduğu gündən etibarən telefon danışıqlarına və yaxınları ilə görüşə məhdidiyyət qoyulduğunj bildirib: "1 il 5 aydır ki, telefon danışıqlarına və görüşlərə məhdudiyyət qoyulub. Mən mühakimə olunuram. Müdafiəmi qura bilmirəm. Əvvəl hüquqlarımı təmin edin, sonra mühakimə edin".

Daha sonra təqsirlındirilən şəxslər və müdafiəçiləri məhkəmə tərkibinə etiraz ediblər.

Məhkəmə prosesi fevralın 17-də davam edəcək.

Sözügedən cinayət işi üzrə təqsirləndirilən şəxslərin sayı 12 nəfər olsa da, məhkəmə önündə 10 nəfər dayanıb. İki nəfər - Ağa Sərxani və Anar Bağırov tutularkən öldürülüb. Həbs edilənlərə qarşı 30-dan artıq maddə ilə ittiham irəli sürülüb.

"Yeni Müsavat” bildirir ki, 2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə bir neçə məhkəmə prosesi artıq yekunlaşıb.

Yunis Səfərov Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, şəriət qanunlarına əsaslanan idarə üsulunun təşkilinə yönələn terrorçuluq, qanunvericiliklə nəzərdə tutulmayan sabit silahlı qrupun yaradılmasına, ölkənin hüdudlarından kənarda silahlı birləşmələrdə təlim keçilməsi, çoxsaylı odlu silah, döyüş sursatı və partlayıcı qurğuların quldurluq və digər qanunsuz yollarla ələ keçirilərək saxlanılması, polis əməkdaşlarının ağırlaşdırıcı hallarda qəsdən öldürülməsinə cəhd edilməsi, ayrı-ayrı vəzifəli şəxslərin dövlət xadimləri kimi xidməti fəaliyyətlərinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə terror aktlarına hazırlıq, dövlət əleyhinə açıq çağırışlar və törətdikləri sair ağır və xüsusilə ağır cinayət əməllərində ittiham olunur.

Rəsmi ittihama görə, iyul ayının 3-də törədilən cinayətin icraçısı Yunis Səfərov yaxın münasibətdə olduğu Eldar Orucov, Azər Əliyev, Mahir Əzizov ilə birlikdə Azərbaycanda şəriət qaydaları ilə idarə edilən dövlət qurmaq niyyəti ilə hökumət orqanlarına qarşı partizan müharibəsi aparmaq istəyiblər.

Bu məqsədlə onlar 2012-ci ildə xarici ölkələrdən birində döyüş təlimi keçib və həmin ilin yaz aylarında Gəncə şəhərinə gələrək şəhər sakini Hamlet Abdullayevdən 1 ədəd "Kalaşnikov" markalı avtomat silah və 1 ədəd "Makarov" markalı tapança alıblar. Lakin həmin dövrdə planlaşdırdıqları cinayətkar əməllər baş tutmadığından silahları Hamlet Abdullayevə qaytarıb ölkəni tərk ediblər.

Dini radikalizmə meylli Hamlet Abdullayev həmin silahları və "Marqulin" markalı daha 1 ədəd tapançanı onunla eyni radikal dini baxışları bölüşən və 2018-ci il iyulun 21-də keçirilən xüsusi əməliyyat zamanı silahlı müqavimət göstərdiyinə görə məhv edilən Anar Bağırovla birgə Gəncə şəhər sakini Pərviz Bayramovdan və 2015-ci ildə avtomobil qəzasında ölmüş Məhəmməd Əzizovdan 500 manata alıb.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov həmin silahları müvəqqəti qaytardıqdan sonra Hamlet Abdullayev "Makarov" tapançasını pul müqabilində Pərviz Bayramova və "Kalaşnikov" avtomatını dayısı, Gəncə şəhər sakini Aydın Qurbanova verib, "Marqulin" markalı tapança isə Anar Bağırov da qalıb.

Aydın Qurbanovun və Anar Bağırovun gizlətdikləri silahların və sursatın yerinin müəyyən edilməsi məqsədilə onların Gəncə şəhərində qeydiyyatda olduqları ünvanlarda axtarış aparılıb.

Nəticədə Aydın Qurbanovun yaşadığı binanın çardağından "Kalaşnikov" avtomatı, ona aid 56 ədəd patron və 1 ədəd sandıqça, Anar Bağırovun yaşadığı binanın zirzəmisindən "Marqulin" markalı tapança, ona aid 47 ədəd patron, 132 ədəd avtomat patronu, "Teksun" yağ qabının içində gizlədilmiş daha 273 ədəd avtomat və tapança patronu, 8 ədəd sandıqça, habelə mənzilindən radikal dini məzmunlu materiallar olan və faşizmi təbliğ edən 36 ədəd kompakt disk aşkar edilərək götürülüb.

Daha sonra keçirilən əməliyyat nəticəsində bu cinayətin digər iştirakçıları həbs ediliblər.

Cinayət işi üzrə Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və daha 5 nəfər zərərçəkən şəxs qismində tanınıb.

pia.az

 

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar