Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni tədris ilində dərslər necə keçiriləcək? - İki ssenari var

Hər iki ssenariyə görə, təhsil müəssisələrinin fəaliyyəti ənənəvi qaydada bərpa olunmur

Təhsil İnstitutu COVID-19 pandemiyası şəraitində növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı təkliflərini açıqlayıb. İnistitutdan AYNA-a verilən məlumata görə, beynəlxalq təşkilatların tövsiyələri, digər ölkələrin təcrübələri və təhsil isteminin müxtəlif göstəricilərinin təhlilinə əsaslanaraq Təhsil İnstitutu növbəti tədris ili ilə bağlı iki ssenari təklif edir.

Birinci ssenari tədrisin məsafədən təşkilini nəzərdə tutur. Belə ki, təhsil müəssisələrinin fəaliyyəti ənənəvi qaydada bərpa olunmur, 2020-ci ilin mart-iyun aylarında ölkənin təhsil müəssisələrində tətbiq edilən yanaşma davam etdirilir və tədris prosesi məsafədən həyata keçirilir.

İkinci ssenari tədrisin qarışıq (onlayn və sinif otağında) modelinin tətbiqini nəzərdə tutur. Burada məktəblər xüsusi şərtlər və differensial yanaşma tətbiq edilməklə mərhələli şəkildə açılır, məzmunun bir hissəsi məsafədən tədris edilir. Daxili sanitar-epidemioloji qaydalara ciddi nəzarət edilir və açılan məktəblərdə epidemioloji nəzarət, hərarət yoxlama, izolyasiya və s. kimi tədbirlərin həyata keçirilməsi tövsiyə edilir.

Yoluxma risklərinin minimuma endirilməsi üçün məktəb günlərinin sayının, dərs saatlarının miqdarının və sinif sıxlığının azaldılması kimi tədbirlərin nəzərdən keçirilməsi qeyd edilir. O cümlədən, tənəffüs fasilələrinin müddəti uzadılaraq şagirdlərin açıq havada daha çox vaxt keçirməsi məqsədəuyğun hesab edilir. Yoluxma halları müvafiq qurumlarla əlaqələndirilmiş şəkildə nəzarətə götürülməklə təhsilalanlar kiçik qruplarda tədrisə cəlb edilməsi də tövsiyələr arasındadır.

Bu ssenariyə əsasən məktəblərin fəaliyyətinin qismən bərpa olunması və ənənəvi tədris prosesinə dönüşün mərhələli şəkildə planlaşdırılması tövsiyə edilir. Məqalədə məktəblərin qismən də olsa açılmasının yoluxma hallarının sayının artımına və məhdudiyyətlərin yenidən tətbiqinə gətirib çıxara bilməsi bu ssenarinin əsas riskləri kimi qeyd olunur.

Təhsil Nazirliyi tərəfindən “Teledərslər” və “Virtual Məktəb” layihələrinin davam etdirilməsi məqsədəuyğun fəaliyyət olaraq vurğulanır. Belə ki, 11 mart 2020-ci il tarixindən etibarən ölkənin iki telekanalında əksər fənlər üzrə dərslərin yayımına başlanılan teledərslər qısa müddət ərzində təhsilalanlar üçün faydalı vasitəyə çevrilmişdir.

Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən ayrı-ayrı təhsil pilləri üzrə  təklif edilən modellər mövcud yerli vəziyyəti təhlil etməklə və təhsil müəssisələrinin fəaliyyətinin bərpa olunması ilə bağlı beynəlxalq təcrübəni qiymətləndirməklə yuxarıda qeyd edilən 2 ssenari  üzrə təhsil müəssisələrindəki (özəl və dövlət) fəaliyyətin qismən və mərhələli şəkildə bərpasını təklif edir:

Məktəbəqədər təhsil:

Uşaqların qidalanması və eyni otaqda yatması böyük yoluxma riski yaratdığına görə uşaq bağçalarının yalnız “sarı” zonalarda fəaliyyətinin bərpası məqsədəuyğun hesab edilir. Məktəbəhazırlıq qruplarında (ümumi təhsil müəssisələrində) tədrisin təşkil

Məktəbəhazırlıq qruplarında uşaqların həftədə 6 saatlıq (həftədə 2 gün 3 saat olmaqla) tədris planı əsasında tədrisə cəlb edilməsi təklif edilir. Bu halda da siniflərdə şagird sayı 20 nəfərdən çox olduqda yarımqrupların təşkil edilməsi tövsiyələr sirasında qeyd olunur.

İcma əsaslı məktəbəqədər qruplara 400-ə qədər kənddə 10,000-ə qədər uşaq cəlb edilmişdir. Bu qruplar 3-4 və 4-5 yaşlı uşaqları əhatə edir və ümumi təhsil müəssisəsinin nəzdində təşkil edilir. Qruplarda uşaq sayının 10-15 nəfər olduğunu, qidalanma olmamasını və uşaqların yatmadığını nəzərə alaraq bu qrupların faəliyyətinin bərpa edilməsi təklif olunur.

Ümumi təhsil:

COVID-19 pandemiyası ilə əlaqədar olaraq ümumi təhsil müəssisələrində tədrisin ənənəvi qaydada (tədris planlarına) uyğun təşkil edilməsi mümkün hesab edilmir. Ümumi təhsil müəssisələrinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı qərar verilərsə, bu halda yalnız uyğunlaşdırılmış tədris planlarının tətbiqi mümkündür.

Tədrisin təşkili müxtəlif təhsil pillələrinin xüsusiyyətlərindən və təhsil müəssisələrinin fəaliyyətinin epidemioloji vəziyyətə mümkün təsirləri nəzərə alınmaqla həyata keçirilə bilər. Təhsil Nazirliyi tərəfindən bütün fənlər və siniflər üzrə "Teledərslər" və "Virtual Məktəb" layihəsinin davam etdirilməsi nəzərdə tutulmalıdır.

Müəssisələrin fəaliyyəti bərpa olunduğu təqdirdə ölkədə mövcud olan “sarı” və “narıncı” zonalara uyğun olaraq müvafiq tədris planlarının tətbiqi tövsiyə edilir. Bu halda fənlərin bir qismi sinif otaqlarında, digər bir qismi isə onlayn qaydada tədris edilə bilər. Sıxlığın idarə edilməsi məqsədilə sinif üzrə şagird sayı 20 nəfərdən çox olduqda sinfin yarımqruplara bölünməsi məqsədəuyğun hesab edilir.

Həm müəllimlərin, həm də şagirdlərin məktəb binasına daxil olarkən hərarətinin ölçülməsi, tibbi maskalardan istifadə, sosial məsafənin gözlənilməsi, mütəmadi olaraq dezinfeksiya işlərinin görülməsi və digər sanitar-gigiyena standartlarının aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra tətbiqi nəzərdə tutulmalıdır.

Yuxarı siniflərdə məktəbdə təşkil edilən dərs saatları, əsasən, tapşırıqların həlli, əlavə izahların verilməsi, şagirdlərə dəstək göstərilməsi məqsədi daşımalıdır. Bu saatlar müddətində həmçinin qiymətləndirmənin təşkili də nəzərdə tutula bilər.

Epidemioloji vəziyyət kəskin pisləşdiyi halda sərtləşdirilmiş karantin tədbirləri tətbiq edilərsə, təhsil müəssisələrinin fəaliyyəti tamamilə dayandırılmalıdır.

pia.az 


Etiket: Məktəb


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar