Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni pensiya qaydalarından kimlər qazanır? – Xalq, dövlət, yoxsa kimlərsə...

Azərbaycanda tətbiq edilən yeni pensiya qaydaları adamda üşütmə yaradır...

Azər Qaramanlı yazır...

Mən bu sahənin mütəxəssisi olmasam da əldə etiyim məlumatlardan belə görünür ki, yeni qaydalar qüvvədə qalarsa, haradasa bir müddətdən sonra ancaq yüksək maaş alan məmurlar və idarəedicilər normal pensiya ala biləcəklər, başqa sözlə desək, onsuz da maddi cəhətdən kifayət qədər təmin olunmuş təbəqə qocalıqda da yeni qaydalar sayəsində dövlətin tam maddi təminatı altında yaşayacaqlar. Amma uzun illər boyu ayda 180-300 manat maaş alaraq zülm çəkən müəllimlər, digər az maaş alan insanlar ya aşağı pensiya alacaq, ya da “qocalıq” müavinəti -minimum əmək haqqı qədər... Bəlkə də daha az...

Müxtəlif qurumlarda çalışan xadimələr, Bakı küçələrini süpürən və potensial avtoqəza qurbanı, xəsarət alacaqları təqdirdə heç bir təzminat ala bilməyən süpürgəçilər ordusu pensiyanın heç “p”-sini belə, görməyəcəklər. Çünki xadimə və süpürgəçi maaşı ilə onların öz pensiya fondlarına 28800 manat yığmaları yuxu kimi bir şeydir. Yəni xəyallarını qurduqları pensiya da artıq onlar üçün yuxuya çevrilib.

Bu hələ başlanğıcdır. Özəl sektorda, xidmət ya da istehsal sahəsində çalışan yüz minlərlə insan da pensiya ala bilməyəcək. Niyə? Niyəsi çox sadədir. Çünki on illər boyu işverənlər vergidən yayınmaq üçün işçilərinə minimum əməkhaqqı səviyyəsində maaş verib. Cüzi əlavəsini isə nəqd şəkildə ödəyiblər. Bütün hallarda verdikləri maaş “qəpik-quruş” olsa belə, vergidən yayınma olmasaydı, bəlkə də bu qrupa aid olanların bəziləri pensiya ala biləcəkdilər. Amma yox, patronlar onların keçmişlərini, bu gününü oğurladıqları kimi, gələcəklərini də oğurlayıblar. Həm vergidən yayınınb o pulları ciblərinə qoyublar, həm də insanları pensiyadan məhrum ediblər. Və belə görünür ki, bunun məsuliyyətini daşıyacaq və cavabını verəcək kimsə yoxdur bu ölkədə...

Jurnalistlər də pensiya ala bilməyəcəklər. Onların da vəziyyəti özəl sektorda çalışan qardaş və bacılarının vəziyyətindən heç nə ilə fərqlənmir. Belə çıxır ki, həmişə başqalarının haqlarını qorumaqla vəzifəli olan və buna görə haqsız yerə davamlı olaraq müəyyən bir qisim insanların təhqir və təqiblərinə məruz qalan (bu qismə həm iqtidar, həm də müxalifət mənsubları aiddir) jurnalistlər öz haqlarından xəbərsiz olublar və indi qatar getdikdən “o qatarın arxasınca baxmaq” belə çox faydasız görünür.

Daha kimlər pensiyasız qalacaq? Uzun illər boyu dövlət qurumlarında çalışıb 300 manatdan aşağı maaş alan hər kəs. Yəni elmi işçilər, hətta professorlar, fəhlələr və c. Siyahını çox uzatmaq olar.

Açığı, yeni qaydalardan görünür ki, Azərbaycanda çalışan və Pensiya Fonduna pul köçürüb heç kəsin əlinə baxmamaq şərti ilə rahat qocalıq xəyalları quranların 80%-i pensiya ala bilməyəcək. O zaman ortaya çox təbii sual çıxır. Niyə bu insanlar Pensiya Fonduna ödəmələr etməlidirlər? Əgər bu məcburiyyətdirsə, onda bu məcburiyyəti ortaya qoyanlar hansı haqla onları pensiyadan məhrum edirlər? Ən yaxşı halda bu kasıb təbəqə öz pullarını özləri başqa yerlərdə toplasalar, daha effektli və ədalətli olmurmu?

İndi birisi çalışır və qocalığını təminat altına almaq üçün dövlətə pul verir ki, sən dövlət olaraq bu pulu necə istəyirsən istifadə elə, amma qocalanda pulumu geri qaytar. Ancaq sabah məlum olacaq ki, o vətəndaşın dövlətə verdiyi pul dövlətin onu saxlaması üçün yetərli deyil. Olsun. O zaman sən də dövlət olaraq sənə veilən pulu birdəfəyə geri qaytar və de ki, get, bu sən, bu sənin pulun, mənim səni saxlamaq gücüm yoxdur və s...

Hazırda yaranmış mənzərədən belə çıxır ki, dövlət həm vətəndaşın pulunu alır, həm də pulunu geri qaytarmır. Daha doğrusu, dövlət vətəndaşın pulunu cibinə qoyur və deyir ki, sən mənə az pul vermisən, ona görə də sənin puluna əl qoyuram. Məntiq bu qədər sadədir.

Ola bilsin ki, bu işin mürəkkəb tərəfləri də var və mən yuxarıda qeyd elədiyim kimi, onları bilmirəm. Amma ortada olan sadə məntiq budur...

Sadə məntiqdən söhbət düşmüşkən, burda “qocalıq pulu” barədə danışmamaq olmaz. Bu yeni qaydaları yazanlar deyir ki, vətəndaş, sənin pulun ancaq sənə “qocalıq pulu” vermək üçün yetərlidir və biz də sənə onu veririk.

Birincisi və ən əsası dövlətin iki əsas vəzifəsindən biri vətəndaşların milli təhlükəsizliyini təmin etməkdirsə, digəri vətəndaşın sosial müdafiəsini təşkil etməkdir. Dövlət bu əsas vəzifəsindən imtina edə bilməz, çünki bu zaman öz mahiyyətini dəyişmiş olar.

İkincisi, dövlət dələduz rolunda çıxış edə bilməz və açığı deyim ki, hazırkı durumda kimlərsə dövləti dələduzluğa sürükləyir.

Və üçüncüsü, dövlətin əsas vəzifəsi vətəndaşlara bütün sahələrdə təhlükəsizlik təminatı verməkdirsə, onda hər bir vətəndaş da “qocalıq pulu”nu haqq edir. Yəni “qocalıq pulu”nun Pensiya Fonduna dəxli yoxdur və bu dövlətin sosial mahiyyətinə aid olan məsələdir.

Əgər bütün ömrü boyu çalışan vətəndaşın Pensiya Fondunda topladığı pulu ancaq “qocalıq pulu” üçün yetərlidirsə, onda niyə adama təqaüd vəd edilir və ondan pul alırlar və ümid verirlər ki, qocalanda onun problemi olmayacaq? Ən əsası niyə vətəndaşın istəyinə görə vətəndaşdan alınan borc pul bir dəfəlik geriyə qaytaılmır? O zaman bütün daşlar və məsuliyyətlər yerinə oturar və ədalətsizlik də ortadan qalxar.

Bəs bu yeni tərtib olunmuş qaydalara görə kimlər pensiya almaq hüququna sahib olacaqlar? Yüksək maaş alan dövlət məmurları və özəl sahənin işverən qismi. Yəni əlləri həmişə dövlətin resurlarına çatan və bu resurslardan geninə-boluna yararlanan məmurlar. Bir də dövlətdən vergi qaçırmaq üçün işçinin maaşını minimum sənədləşdirən və onları pensiyasız qoyan işbazlar...

Tam aydındır ki, yeni pensiya qaydalarını tərtib edənlər “həmişə dövlət qazansın” prinsipi ilə məsələyə yanaşıblar və bəlkə də bilərəkdən, ya da bilməyərəkdən, cəmiyyətin elitar təbəqəsini, yəni varlı təbəqəsini birbaşa qazanan tərəfə çeviriblər. Ölkənin 80-90 faizini təşkil edən kasıb təbəqəni isə pensiya almaq haqqından məhrum ediblər. Bunun adı nədir? Bunun adı “vəhşi kapitalizm”dir, cənablar. Bunun adı istismarı sərhədsiz həddə çatdırmaqdır...

Yəni budurumu sosial ədalət? Budurmu dövlətin sosial qayğısı? Kimlər və hansı sosial ədalət prinsipinə görə yeni pensiya qaydalarını tərtib ediblər? Bu pensiya qaydalarını tərtib edənlər dövləti və onun təməl prinsiplərini hansı duruma saldıqlarından xəbərləri varmı? Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi bu suala aydınlıq gətirə bilərmi?

“Həmişə dövlət qazansın” prinsipi doğru prinsipdir, cənablar. Əgər dövlət qazanan zaman xalq da qazanacaqsa. Çünki dövlət xalqa xidmət edən maşındır və bu üzdən də xalqın qazanmadığı yerdə dövlət qazanmaz, dövlət uduzar, cənablar. Bu tarixi aksiomadır. Və bu aksiomadan çıxış edərək deyə bilərəm ki, yeni pensiya qaydalarına görə dövlət qazanmır, kimlərsə qazanır...

P. S. Azərbaycanda xalq müzakirəsinə çıxarılacaq yeni pensiya qanunun hazırlanıb qəbul olunmasına ciddi ehtiyac var və ümid edirəm ki, yaxın zamanlarda bu ehtiyac ödəniləcək...

Azər QARAMANLI
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Soçidə rus canfəşanlığı və dəyişməyən mövqelər…

90-cı illərin “bespredel”inəmi qayıdırıq – “fədailərin” arxasında kim, ya da kimlər durur?

İnhisarçı Qərb qüvvələrinin yeni anti-Azərbaycan kartları: Yeni şər qapıları açılır...

Qərb sivilizasiyasının iflasının elanı və “Qərbsizlik” sindromu

Ətli-plovlu ehsanı anladıq, bəs nəzir-ehsanlar nə olacaq?..

Yeni pensiya qaydalarından kimlər qazanır? – Xalq, dövlət, yoxsa kimlərsə...

Putin üçün “Vətən Müharibəsi” və süqutun üçüncü mərhələsi

Gömrük Komitəsi həm xalqın, həm də hakimiyyətin probleminə çevrilir...

İranın iki fərqli sevgisi və iki od arasındakı Bakı - Azər Qaramanlının yazısı

Siyavuş Novruzovun məntiqinin arxa pəncərəsindən görünənlər – Replika

Bizi tükədən parazit psixologiyası - İslahatlar beyinlərə köçürülməlidir...

Ən çox oxunanalar