Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yeni Müsavat” qəzetinin 30 illik yubileyi qeyd olunub

“Yeni Müsavat” Media Qrupunun 30 illik yubiley tədbiri keçirilib...

Tədbirdə ölkənin tanınmış ictimaiyyət nümayəndələri, dövlət rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, Milli Məclisin deputatları, vətəndaş cəmiyyəti institutlarının rəhbərləri, ekspertlər, eləcə də media mənsubları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Yeni Müsavat” Media Qrupunun rəhbəri, baş redaktor Rauf Arifoğlu qonaqları salamlayaraq bu özəl tarixi günə qatıldıqları üçün hər bir iştirakçıya təşəkkürünü bildirib. O, qəzetin yarandığı dövrü, keçdiyi tarixi yolu tədbir iştirakçılarının diqqətinə çatdırıb: "Bu qəzet milli azadlıq hərəkatından doğan təsislərdən biridir. 30 il öncə xalqımız azadlığı və torpaqlarının bütövlüyü uğrunda mübarizəyə qalxmışdı. Biz də bu mübarizənin, meydan və səngər hərəkatının iştirakçılarından, könüllülərindən idik. Azərbaycan xalqı möhtəşəm bir özünütəşkil prosesi yaşayırdı. Hər şey meydanlarda, ayaqda və dərhal həll olur, qurulurdu. "Azadlıq" meydanında, xalq hərəkatının gedişində Azərbaycan Xalq Cəbhəsi quruldu, elə buradaca özünümüdafiə könüllü dəstələri yarandı və milli mətbuatın ilk qaranquşları da Meydan hərəkatında ortaya çıxdı. “Yeni Müsavat” qəzeti də Meydan hərəkatından, xalqın tələblərindən doğdu. Biz kommunizmə qarşı mübarizədə Müsavat adında təşkilat qurduq və bu təşkilatın qəzetini yaratmaq da mənim üzərimə düşdü. 30 il sonra məmnunluqla bildirirəm ki, bu işin öhdəsindən gələ bilmişəm və bu gün “Yeni Müsavat” Milli Azadlıq Hərəkatının yaşayan azsaylı və ən uğurlu layihələrindən biri kimi zamanın, dövrün təlatümlərinə dözərək fəaliyyətini davam etdirir".

Onun sözlərinə görə, "Yeni Müsavat"ın yaşı Azərbaycanın müstəqilliyindən iki il cavandır: "Biz müstəqil Azərbaycanda yaranmadıq, Sovet dövründə yarandıq. Biz gizli şəkildə fəaliyyət göstərir, nə düşünürdüksə, onu edirdik, Milli Azadlıq Hərəkatının tələblərini yerinə yetirirdik. Milli mediamızı yaratmaq, Müsavat ideologiyasını yenidən Azərbaycana gətirmək və kommunizmə qarşı qoymaq bizim məqsədimiz idi, o dövrdə xalqımızın tələbi nə idisə onu da həyata keçirirdik. Azərbaycanın son 30 ilini düşünün. Sovet hakimiyyətinin yıxılması, müstəqil Azərbaycan dövlətinin qurulması, erməni iddiaları nəticəsində Qarabağ və vətən müharibəsinin başlaması, illərlə davam etməsi, könüllü batalyonların, daha sonra milli ordunun qurulması, torpaqlarımızın işğalı, Xocalı soyqırımı, iqtidarların ard-arda dəyişməsi, siyasi təlatümlər, həbsxanalar, düşmənçiliklər, dostluqlar. Biz bunların hamısını Azərbaycanla bərabər həm yaşadıq, həm də yazdıq, tarixləşdirdik. Biz bu 30 ili özətləyəcək 30 dəqiqəlik sənədli bir film çəkdik. İnşallah, bu cür layihələrimiz davamlı olacaq və biz öz hekayəmizi tarixə və oxucuya anlatmaqda davam edəcəyik".

R.Arifoğlu “Yeni Müsavat”ın yeni media sahəsində imza atdığı uğurlardan bəhs edərək rəhbərlik etdiyi media qrupuna daxil olan saytlar barədə məlumat verib: "Bu gün gəldiyimiz nöqtə bir zamanlar xəyal edə bilməyəcəyimiz nəticələrlə zəngindir. “Yeni Müsavat" qəzeti artıq bir Media Qrup şəklində fəaliyyət göstərir”.

Daha sonra qəzetin 30 illik tarixini əks etdirən “Yeni Müsavat 30: Bir qəzetin tarixi” adlı sənədli film qonaqlara təqdim olunub.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev bildirib ki, Azərbaycanda xalq hərəkatını, ziddiyyətli və kəskin prosesləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlanma dövrü, həmin dövrdə çox gərgin hərbi əməliyyatları, Azərbaycanda dövlət strukturlarının formalaşmasını, dövlətçilik ənənəsinin bərpa olunmasını, ölkənin sabit inkişaf mərhələsinə qədəm qoymasını, sonrakı dövrdə güclənməsi və beynəlxalq birliyin layiqli üzvünə çevrilməsini, öz gücünü və mövqeyini dünyada nümayiş etdirmək imkanlarını əldə etməsini öz səhifələrində əks etdirən çox azsaylı qəzet var: "Onlardan biri də "Yeni Müsavat"dır. Ötən 30 ildə "Yeni Müsavat" bu kimi mühüm hadisələri öz səhifələrində əks etdirmək, öz oxucularını məlumatlandırmaq kimi missiyanı uğurla yerinə yetirib. Bu gün "Yeni Müsavat" milli jurnalistikamızın təməl prinsiplərini rəhbər tutaraq cəmiyyəti obyektiv şəkildə məlumatlandırmaq, dövlətin və xalqın maraqlarını müdafiə etmək, cəmiyyətdə gedən inkişaf proseslərini olduğu kimi təqdim etmək, cəmiyyəti qayğılandıran problemləri müzakirə platformasına çevirmək və problemlərdən çıxış yollarını göstərmək, eyni zamanda xalqın adət-ənənələrini və mədəni irsin qorunmasına töhfə verən mətbuat orqanı kimi uğurla fəaliyyət göstərir. Təbii ki, bu uğurların təməlində duran əsas amillərdən biri jurnalist peşəkarlığıdırsa, başqa tərəfdən idarəetmənin düzgün qurulmasıdır. Unutmayaq ki, bu nailiyyətlərin əldə olunmasının əsas səbəblərindən biri də ölkədə mövcud olan mühit, söz və mətbuat azadlığının təmin olunması, dövlətin mediaya göstərdiyi dəstəyidir. Əgər bu gün Azərbaycan jurnalistləri, o cümlədən "Yeni Müsavat"çılar dövlətin yaratdığı şəraitdən bəhrələnirsə, KİVDF-nin qəzetlərə verdiyi maliyyə vəsaitindən yararlanırsa, jurnalistikanın inkişafında xidmətləri olan qələm əhli dövlət mükafatlarına layiq görülürsə, sosial problemləri olan, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan jurnalistlərə dövlət tərəfindən dəstək göstərilirsə, bu qəzetin inkişafında və gələcək uğurlarının bazasının formalaşmasında dövlətin də öz rolu var. Həqiqət budur ki, əgər bir qəzet 30 il müddətində yaşayıb-yaradırsa, çətin və asan dövrdə özünü təsdiq edirsə, bundan sonra da yaşamağa və cəmiyyətə xidmət etməyə hüququ çatır".

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov "Yeni Müsavat" qəzetinin Azərbaycanın tarixi salnaməsi olduğunu vurğulayıb: "Yeni Müsavat" həmişə öz yerini qoruyub saxlayacaq. Bu qəzet bir tarixdir və mediamızın, xalqımızın salnaməsidir. "Yeni Müsavat" ümummilli qəzetdir. Bu qəzetlə dostumuz Rauf bir almanın iki üzü kimidirlər. "Yeni Müsavat" nəinki regionda, bütün Azərbaycanda öz sözünü demiş media orqanına çevrilib. 30 illik dövr “Yeni Müsavat” qəzetinin əbədiyaşarlığının göstəricisidir".

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib ki, "Yeni Müsavat" Azərbaycan həqiqətlərini həm dünyaya, həm də Azərbaycan xalqına çatdırmaqda böyük fədakarlıq nümayiş etdirib. Səfir "Yeni Müsavat"ın fəaliyyətini yüksək qiymətləndirib və kollektivi təbrik edib.

 

Tədbir çıxışlarla davam etdirilib.

Qeyd edək ki, “Yeni Müsavat” qəzeti “Yeni Müsavat” Media Qrupuna aid print media orqanıdır. Bu qəzetin ilk sayı 10 noyabr 1989-cu ildə dərc olunub. Qəzetin qurucusu indiki baş redaktor və “Yeni Müsaval Media Qrupunun sahibi Rauf Arifoğludur. "Yeni Müsavat" qəzeti ilk illər gizli fəaliyyət göstərib, kommunist Sovet rejiminə qarşı yaradılan Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasının mətbu orqanı olub. 1991-ci ilin dekabrında, Azərbaycan müstəqilliyini qazanandan sonra gizli fəaliyyətə son verib və dövlət qeydiyyatına alınıb. 1993-cü ilin mart ayından qəzetin təsisçiliyini Müsavat Partiyasının başqanı öz üzərinə götürüb. O, 16 il 8 aydan sonra - 2009-cu ilin noyabrında qəzetin 20 illik yubileyi münasibətilə təsisçiliyi Rauf Arifoğluna qaytarıb. Bütün formallıqlar həll edildikdən sonra 26 noyabr 2009-cu ildən başlayaraq qəzet Rauf Arifoğlunun təsisçiliyi ilə işıq üzü görməyə başlayıb. Bu günədək qəzetin 7400-dən yuxarı sayı işıq üzü görüb. “Yeni Müsavat” Azərbaycanda həftədə 6 dəfə dərc olunan yeganə qəzetdir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar