Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yelena Bronitskaya: “Əminəm ki, Arsen Avakov Ukraynanın prezidenti olmayacaq”

Mixail Saakaşvilinin baş nazirin müavini vəzifəsinə təyin edilməsi üçün bütün sənədlər hazırdır...

Gürcüstanın sabiq prezidenti, Odessa regional administrasiyasının keçmiş rəhbəri Mixail Saakaşvilinin Ukrayna baş nazirinin müavini vəzifəsinə təyin edilməsi ehtimalı postsovet məkanında (koronavirus xəbərlərindən sonra) müzakirə olunan əsas məlumatdır. Belə bir təyinatın olması ehtimalının müzakirəsi belə artıq diplomatik qalmaqala səbəb olub. Gürcüstan hakimiyyəti Mixail Saakaşvilinin Ukrayna baş nazirinin müavini olacağı təqdirdə Kiyevdəki səfiri Teymuraz Şaraşenidzeni geri çağırmaqla hədələyib.

Ukrayna Ali Radasının Mixail Saakaşvilinin təyinatı məsələsinin müzakirə edilə biləcəyi ilə bağlı iclası aprelin 30-da keçiriləcək. Mixonun özü (onu Ukraynada belə adlandırırlar - red.) təyinatına əmindir, çünki Prezident Vladimir Zelenski ona bu yüksək vəzifəni təklif edib. Lakin Ali Radanın spikeri Dmitri Razumkov isə M.Saakaşvilinin təyin olunmasına şəxsən dəstək verəcəyinə şübhə edir. Onun fikrincə, Saakaşvili olmadan hazırkı komandada kifayət qədər layiqli namizəd var. Öz növbəsində “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Arahamiya bildirib ki, Mixail Saakaşvilinin baş nazirin müavini vəzifəsinə təyin edilməsi üçün bütün sənədlər hazırdır.

Vəziyyəti Media.Az üçün politoloq, Ukrayna Siyasət İnstitutunun daxili siyasət və kommunikasiya departamentinin direktoru Yelena Bronitskaya şərh edib:

- Əvvəllər ölkə rəhbərliyində olmuş bir çox siyasətçiyə qarşı heç nə deyə bilmərəm. Lakin Mixail Saakaşvili ilə bağlı məsələ başqadır. O, artıq Ukraynadakı bütöv bir regiona rəhbərlik edib və biz bunun nələrə gətirib çıxardığını görmüşük. Səs-küy, çoxlu qalmaqal oldu, ancaq ortada iş olmadı. Onun adamlarının olduğu Odessa gömrüyündə, prokurorluqda özbaşınalıq qalır.

Gəlin xatırlayaq ki, Gürcüstanda da hamı ona yaxşı münasibət göstərmir. Prezident Vladimir Zelenskinin yerində olsam, Mixail Saakaşviliyə ümid etməzdim. Qarşıya islahatlar aparmaq tapşırığı qoyulubsa, o zaman bir çox başqa mütəxəssislər də var. Məsələn, keçmiş ədliyyə naziri Yelena Lukaş, keçmiş deputat və siyasi xadim Anna German. Məşhur hüquqşünas Andrey Portnovu da xatırlamaq olar. Onun heç bir hakimiyyət əlaqələri yoxdur, amma keçmiş prezident Pyotr Poroşenko və komandasına qarşı cinayət təqibinin açıla biləcəyi bir çox işi ortaya qoyub.

Prezidentin komandasında yer alan Ali Radanın spikeri Dmitri Razumkov barədə də ayrıca danışmaq olar. Analitik düşüncə sahibi, peşəkar bir siyasətçidir və ölkəmizin ehtiyacı olan islahatlar baxımından çox şeyə nail ola bilər. Bizim hər sahədə ciddi problemlərimiz var.

“Xalqın xidmətçisi” Partiyası və fraksiyasınında Mixail Saakaşvilinin baş nazirin müavini vəzifəsinə təyin olunmasının əleyhdarları çoxdur. Ancaq onun namizədliyinin niyə üzə çıxdığını başa düşürəm. Ukrayna hakimiyyəti “sorosçular”dan xilas olmağa başladı (bizdə Qərbin adamları belə adlandırılır - red.). Ancaq bu, tədricən aparılır. Baş nazir Aleksey Qonçaruk, ardınca İqtisadi İnkişaf naziri Timofey Milovanov getdi.

Ötən həftənin sonunda Vergi Xidmətinin sədri Sergey Verlanov və Gömrük Xidmətinin rəhbəri Maksim Nefedov işdən çıxarıldı. Ədliyyə naziri Denis Malyusko hələ də vəzifəsində qalır. Mixail Saakaşvili Qərbin adamıdır, amma daha təcrübəlidir. Bəlkə də onun təyinatı Ukrayna hakimiyyətinin Qərbə loyallığını göstərməyə kömək edərdi. Ancaq Gürcüstanın sabiq prezidentinin bu vəzifəyə təyin olunacağına əmin deyiləm, baxmayaraq ki, parlamentin qarışıq tərkibini nəzərə alsaq, hər şey mümkündür.

- Bəs diplomatik qalmaqal barədə nə düşünürsünüz, çünki Gürcüstan Mixail Saakaşvilinin təyin olunacağı təqdirdə səfirini geri çağırmağa hazırdır. Ukrayna hakimiyyəti bunu nəzərə alırmı?

- Gürcüstanda Mixail Saakaşviliyə qarşı cinayət işləri açılıb, bəzilərinə əsasən artıq qiyabi məhkum edilib. Odur ki, Gürcüstan səfirinin geri çağırılması olduqca realdır. Rəsmi Kiyevin bunu nəzərə almasını istərdim.

- Məlumdur ki, Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri Arsen Avakov və Mixail Saakaşvili arasında yumşaq desək, sadə olmayan münasibətlər yaranıb. Eyni zamanda, Arsen Avakov ölkədə çox nüfuzlu şəxsdir. Mixail Saakaşvilinin Arsen Avakova qarşı əks güc olması və məhz buna görə təyin olunması mümkündürmü?

- Arsen Avakov Pyotr Poroşenkonun dövründə hakimiyyətdə olub, vəzifəsini Vladimir Zelenskinin dövründə də qoruyub-saxlayıb. Mixail Saakaşvili Daxili İşlər Nazirliyinin rəhbərinin mövqeyini çətin ki, zəiflətsin.

- Hələ üç il əvvəl Arsen Avakovun prezident olmaq istəyinə dair versiya mövcud idi. İndi Ukrayna mətbuatında onun ölkəni xilas edəcək “diktator” olmaq istədiyi barədə yazırlar.

- Ola bilsin ki, onun belə ambisiyaları var, lakin Arsen Avakovda bunun alınacağını düşünmürəm. Əgər seçəsi olsaq, Ali Radanın hazırkı spikeri Dmitri Razumkov bizim üçün daha uyğun olacaq.

- Sizin Mixail Saakaşvilinin hakimiyyətdə lazım olmadığını, ancaq Arsen Avakovun da prezident olmayacağını hesab etdiyinizi söyləmək olar?

Məhz belədir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar