Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yazarlar hər yeri ədəbiyyata çevirir

Tanınan imzaların başlatdığı kampaniya səs-küy yaradıb

Son iki gündür sosial şəbəkələrdə yazarlar, tanınmışlar #heryeredebiyyat həştaqı ilə paylaşım edərək, kampaniyaya başlayıblar.

Paylaşımların hamısı eyni mətndən ibarətdir:

“Ədəbiyyat həyatdan maraqlıdır. Müasir yazarlar sizin üçün yeni bir dünya yaradıb. Həyatınızı dəyişmək istəyirsinizsə, sizi bu dünyaya dəvət edirik”.

Beləliklə, tanınmışlar kamera qarşısında həmin mətni səsləndirib, həmin həştaqla sosial şəbəkədə paylaşır.

Bəs yeni yaradılan kampaniyanın məqsədi nədən ibarətdir?

 

Təşəbbüskarlardan biri yazar Aysel Əlizadə başladılan kampaniyanın əsas məqsədləri barədə “Yeni Müsavat”a danışıb:

“Məqsədimiz ədəbiyyata, bu ölkədə yazarların var olmasına diqqət çəkməkdir. Eyni zamanda istəyirik ki, qələm, beyin adamının, intellektual insanın önəmini, ölkənin hər zaman tənqid olunan bayağılıqdan ibarət olmadığını göstərək. Xüsusən də gənc yazarlara diqqət çəkmək istəyirik. Azərbaycan gəncliyi tənqid olunur, sanki bu gənclik ancaq avaralardan, savadsızlardan ibarətdir. Belə deyil. Azərbaycanda maddi dünyaya göz dikmədən, böyük amal və ideyalarla yaşayan, yazan gənclik var. Və bu gənclik bizdən sonra gələn Azərbaycan mədəniyyətinə cavabdeh olanlardır. Onları görməmək, iqnora qoymaq mədəniyyəti iqnora qoymaq deməkdir. Bir ölkədə ki, gənclik aşağılanır, onun sabahı yoxdur. Çünki məndən, o birindən sonra bu ölkənin, cəmiyyətin sahibi həmin gənclik olacaq. Biz onlara bütün mümkün dəstəyimizi göstərək ki, onlar küsməsin, sınmasın.

Əslində, Azərbaycanda sağlam düşüncəli, istedadlı gənc yazarlar var. Stimul, qonorar, gəlir yoxdur, cəmiyyət problemlərlə doludur, üstəlik, Qarabağ kimi də böyük bir problem... gənclər bunların hansının öhdəsindən gəlsin? Ümumiyyətlə, gənc yazarları aşağılayan, onlara ironiya ilə yanaşanların ağlına şübhə edirəm. Gənclərə sayğısız davranmaq, fikirlərinə, mübarizələrinə qəzəblə yanaşmaq natamamlıqdı”.

Aysel Əlizadə deyib ki, kampaniya cəmi iki gündür başlasa da, artıq yüzlərlə yazar, ziyalı, yaradıcı insanlar, oxucu qoşulub. Aysel Əlizadə daha bir mesaj verib: “Hesab edirəm ki, qələm adamlarının birliyi çox vacibdir. Onlar çox problemin öhdəsindən gələ, Azərbaycan üçün yaxşı nəticələr əldə edə bilərlər. Buna görə də bütün yazarları birliyə dəvət edirik”.

Yazar Rəbiqə Nazimqızı müsavat.com-a deyib ki, kampaniya haqqında ilk ideya gənc yazar Ayxan Ayvazdan gəlib:

“Belə qərara gəldik ki, Ayxan Ayvazla birləşək və ədəbiyyat adına kampaniyaya başlayaq. Ümumiyyətlə hazırda ölmüş bir ədəbiyyat görüntüsü var. Təbii ki, bu vəziyyət nə mənim, nə də dostlarımın xoşuna gəlirdi. Əslində bu ideya hər birimizin içində var idi və fontan şəkilində qəfildən üzə çıxdı.
İstəyimiz odur ki, ədəbiyyat yaşasın, lazımi diqqət görsün, təbliğ olunsun. Bildiyiniz kimi, hazırda televiziya ekranlarında daha çox şoulara üstünlük verilir, mətbuat isə hadisədən hadisəyə müraciət edir və sairə. Bizim tribunamız yoxdur. Oxucularımızla birbaşa ünsiyyətimiz yalnız sosial şəbəkələrdə statuslarımızın üzərindən keçir. Biz istəyirik ki, haqqımızda yazdıqlarımızı oxumadan fikir yürütməsinlər. Əgər bir şair dostumuz intihar edirsə, ona maraq bu intihar hadisəsindən gəlməsin. Eyni zamanda bizi televiziya verilişlərinə şou üçün bir-birimizi “qırmaq” üçün dəvət etməsinlər. Normal nəşriyyat universiteti yaradılsın və sairə. Məsələn, qonşu Gürcüstanda kitab mağazalarının, oxucuların sayında xeyli irəliləyiş var. Bizim onlardan nəyimiz əskikdir? Bu və ya digər səbəbdən bir yerə yığışaraq fikirlər yürütdük. Düşünürük ki, qarşıda fləşmoblar və digər bu kimi tədbirlər də keçirək. Ədəbiyyat adına diqqət çəkmək istəyirik. Bildirmək istəyirik ki, müasir Azərbaycan ədəbiyyatı yaranır və yaşayır. Sadəcə olaraq diqqətli olmaq lazımdır.

Ola bilsin ki, gələcəkdə bu komandada kimlərsə olmayacaq, hədəflərimiz üst-üstə düşməyəcək, amma hələ ki, hər şey öz qaydasında gedir. Kampaniyaya maraq bizi çox qane edir. Sözün düzü, kampaniyaya bu qədər marağın olacağını gözləmirdim. Kampaniyaya qoşulanlar təkcə yazarlar deyil, həm də oxuculardır. Əslində belə də olmalıdır, çünki ədəbiyyat təkcə yazarlar üçün deyil, həm də oxucular üçündür”.

Kampaniyanın ilk təşəbbüskarı yazar Ayxan Ayvaz da müsavat.com-a danışıb: “Son vaxtlar bu haqda düşünürdüm. Necə edək ki, ədəbiyyat diqqətdə olsun. Hazırda yeni yazarlara olan münasibət birmənalı deyil. Satılan kitablar da ənənəvi olaraq çox tanınmış yazarların əsərləri olur. Həmçinin qalmaqallar, gündəm məsələləri bizi oxuculardan ayrı salıb, arada uçurum yaranıb. Mən də bu məsələni diqqətə gətirmək üçün bir status yazdım ki, ədəbiyyat naminə bir aksiya keçirək, məsələn, Nizami Gəncəvinin heykəlinin önündə olsun. Bu statusdan sonra yazar Aysel Əlizadə, İkinci Mahmud, Rəbiqə Nazimqızı, Aqşin Evrən və digərləri qrup yaratdı. Gənclər qoşuldu. Qərara gəldik ki, görüşək. Bundan sonra bir neçə təklif irəli sürüldü, həmin təkliflərdən biri də həştaq yaradılması ilə bağlı oldu. Sözün düzü, həştaqa bu qədər maraq olacağını gözləmirdim və çox heyrətləndim”.

Gənc yazar onu da qeyd etdi ki, tanınmışlardan da kampaniyaya qoşulanlar var:
“O cümlədən xalq artisti Faiq Ağayev, müğənni Nura Suri. Məqsədimiz - ədəbiyyat yaşayır və yalnız Yazıçılar Birliyinin içərisindən ibarət deyil - söyləməkdi”.

##relatedPostMilli##

Şair Aqşin Evrən də kampaniyanın məqsədi haqda danışıb:

“Son dövrlərdə Azərbaycan ədəbiyyatında qəribə bir ölü sükut yaranmışdı. Əslində, bu sükut mətn səviyyəsində deyildi. Çünki biz davamlı olaraq mətnlərimizi yazırdıq və bunlar tərcümə olunaraq xarici ölkələrdə çap olunurdu. Lakin ölkədəki ədəbi gündəm boz və ölü idi. Burada bizim tənqidçilərimizin, ədəbi qurumlarımızın və nəşriyyatların rolu və ya rolsuzluğu da var. “Heryeredebiyyat” həştaqı qısa müddət ərzində böyük maraq doğuraraq göstərdi ki, insanlar heç də bayağı, gülünc fikir axınının ardınca qaçmırlar. Onlar ədəbiyyatın, sözün yanında durmaq istəyirlər, sadəcə, onlara bu fürsəti yaratmaq lazımdır. Ona görə də toplaşaraq belə bir qərar verdik və kampaniya başlatdıq. Gənc dostlarımız bu işə çox sevgi və ümidlə yanaşırlar. Kampaniya gələcəkdə maraqlı şüar və təkliflərlə davam edəcək. İstərdim ki, içində zərrəcə də olsa sənət eşqi olan insanlar bu kampaniyaya dəstək versinlər. Dəstək verməsələr də, heç olmasa ağız büzməsinlər, insanları kitabdan uzaqlaşdırmağa çalışmasınlar. Zatən, normalda bədəninin yuxarı hissəsi ilə düşünənlər buna qarşı çıxmaz. Aşağı hissələri ilə düşünənlərə isə böyük-böyük uğurlar arzulayıram”.

Gənc şair Eminquey Akif isə müsavat.com-a deyib ki, son zamanlarda ədəbiyyat adamlarına qarşı bir aqressiya hökm sürür:

“Cəmiyyət özü də düşünməkdən qaçır. Müasir yazarlara qarşı sanki bir aqressiya var. Biz də cəmiyyətə əl uzadaraq, onları bir amal altında birləşməyə dəvət edirik. Bu həştaq vasitəsi ilə həm yazarlar, həm də oxucular bir-birini tanımış olur. Kampaniyaya başlayandan çox böyük maraq, reaksiya var. Bu kampaniyanı gələcəkdə başqa formalarda davam etdirəcəyik”.

Kampaniya fəallarından olan gənc yazar Ələsgər Əhməd isə bunları dedi:“Yazar dostumuz Ayxan Ayvaz ədəbiyyatın durğunluğu haqda fikirlərini bildirdi. Bu, bizi bir araya gətirib, durğunluğu aradan götürməyə səslədi və toplaşıb hər yeri ədəbiyyat etdik: Bizi bir növ yeni İsalar kimi görürəm. Hipokrata and içməsək də, Azərbaycan ədəbiyyatını yenidən həyata gətirəcəyik, gətirməliyik. Yoxsa, yazdıqlarımız gözümüzdən gələr. Özümüz üçün yox, xalq üçün. Biz zatən darıxanda, yorulanda, danışmaq istəməyəndə ədəbiyyatın, yaradıcılığın üstünə qaçırıq. Bəs xalq? Nə vaxta kimi heç bir xeyri olmayan verilişlərlə, musiqilərlə, filmlərlə zövqlərini əldən salacaqlar? Bəlkə mənim yazdığım şeir, dostumun yazdığı hekayə nəyisə dəyişəcək, bəlkə bir qatil əllərindəki qanı təmizləyəcək, biri intiharın son anında masadan enəcək? Ədəbiyyat qurtuluşdur. Əlbəttə ki, kütləviləşməyini istəmirik, kütləviləşən sənət, sənətlikdən çıxır. Amma əbədiləşməsini istəyirik. Buna görə də deyirik: #heryeredebiyyat. Biz bunu bacardıq, insanlar sevdi. Bir məqsədimiz də gələcəkdə belə birlikdəlikləri daha ciddi müstəviyə çatdırmaqdı. Ədəbiyyatı yaşayan xalqın filmi də, serialı da, musiqisi də əvəzedilməz olur. Biz bunun üçün çalışırıq!”.

Yazarlar qrupunun daha bir üzvü Hikmət Nazim də öz fikirlərini bölüşdü:
“#heryeredebiyyat trendə çevriləndən sonra bir nəfər belə bir status yazmışdı ki, guya gənc yazarlar rahat – “ver yeyim, ört yatım” - həyat axtarır. Əsla elə deyil. Bu həştagı yaradanlardan biri də mənəm. Bu günə qədər bir çox yerdə işləmişəm. Bir adamın minnətli çörəyini yeməmişəm. Həyatım rahat keçməyib. Xahiş-minnətlə işə götürülməmişəm. Heç indən belə də elə bir şey olmayacaq. Şəxsən kiminsə gətirib bizə yüksək maaşlı iş verməsini istəmirəm, yaraşıqlı ofislərdə papağımı günə yandırmaq istəmirəm. Eləcə də eyni yolda addımladığım digərləri... Bizim dərdimiz odur ki, yazdıqlarımızı oxusunlar. Kitablarımız tozlu rəflərdə oxucu gözləyə-gözləyə saralmasın”.

Kampaniyanın digər üzvü Orxan Saffari isə ədəbiyyatdakı durğunluğu dəyişmək istədiklərini dedi: “Aksiyanı başlatma səbəbimiz kiçik bir qığılcımdan yarandı. Dostlarla danışdıq, görüşdük, qərara aldıq ki, yeni işlərə başlayaq, layihələr həyata keçirək. Dediyimiz kimi, ədəbiyyatda durğunluq var və biz əl-ələ verib bunu aradan qaldırmaq istəyirik. İstəyirik ki, hamı müasir yazarları tanısın, kitab oxusun. Bu yöndə əlimizdən gələni edəcəyik. İşlərimiz öz axarı ilə gedir. Ümid edirik ki, hər şey yaxşı olacaq. Hər şey ədəbiyyat naminə”.

pia.az


Etiket: Ədəbiyyat

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar