Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yalan ayaq tutar, amma yeriməz

Əbəs yerə seçilmiş başlıq deyil...

İllər, bəlkə də əsrlər əvvəl dilə gətirilən türk atalar misalında ifadə edilən bu fikir müasir dövrümüzdə də özünü təsdiq edir. Üzün sürən səbir və təmkindən sonra “Tərtər işi”dən yazmaq niyyətinə düşdüm. Amma tam olaraq rəsmi faktlarla, şər-böhtanla yox... “Tərtər işi” dedikdə başqa olayı düşünməyin. Son zamanlar rayon ərazisində apırılan çəkilişləri nəzərdə tuturam. Daha doğrusu Tərtərin rayon mərkəzində və kəndlərində ayağı olmayan ağ yalanın sürütlənməyini...

95 saylı Tərtər seçki dairəsindən Milli Məclisə öz namizədliyini irəli sürən, seçki ərəfəsində ancaq deputatlığa namizəd Sahib Alıyevə qarşı təxribatla məşğul olan, sonda arzusu ürəyində qalan, bununçün də öz facebook səhifəsində, “Xəbər 1”, “Kanal-13”, “AS.TV”, “Qərb bölgəsi TV” və s. internet kanallarında rayon İcra hakimiyyətinə qara yaxmağa çalışan Ziya Mahmudov xeyli vaxtdır ki, təxribat xarakterli çıxışlara başladı və hələ də davam etməkdədir.

Z.Mahmudov deputat seçkiləri zamanı bu siyasi kampaniyadan yararlana bilmədiyinə görə öz şəxsi mənafeyi üçün təmiz adamları ləkələməyə, onlara qarşı işlətdiyi qeyri-etik ifadələrlə iqtidarın və xalqın gözündən salmağa, çəkilişləri ilə Tərtər rayonunda görülən işlərə kölgə salmaq və mövcud sosial sabitliyi qərəzli hərəkətləri ilə pozmağa çalışır. Bir faktı unudur ki, işıqlandırılan problemlərlərə görə rəsmi tərəfin də münasibəti öyrənilməlidir. Çünki problem obyektiv araşdırıldığı zaman əsl həqiqət ortaya çıxır. Necə ki, “Qərb bölgəsi TV”-yə ona kənd təsərrüfatı məhsulları əkmək üçün torpaq verilməməsi, Əskipara kənd sakini Babək Sadıqovun 8 hektar əkinə yararsız torpağının İcra hakimiyyəti tərəfindən əlindən alınması, Səhləbad kəndindəki “Şəhidlər parkı”nın Bəxtiyar İsmayılov tərəfindən özəlləşdirildiyinə İcra başçısının göz yumması ilə bağlı müraciəti həmin TV-nin rəhbəri Babək Əliyev tərəfindən araşdırılarkən əsassız və yalan olduğu ortaya çıxdı. Maraqlıdır, görəsən cəbhə xəttində yerləşən rayonda yalnış məlumatlarla cəmiyyətdə fikirayrılığı yaratmağa cəhd etmək kimə və nəyə, habelə kimlərə və niyə lazımdır? Əlbəttə, bu baş verənlərin fonunda incə məqamlar var. Dövlətin əlehdarları olanların gözəgörünməz “beyin mərkəzi” ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Mehrac Mahmudovun övladının kəsişən, yanaşan lap elə toqquşan məqsədləri var. Düşmənə cəbhə xəttində ardıcıl təxribatlar lazımdır, Ziya bəyə isə şəxsi mənafei... Məhz elə ona görə də aqresiv gənci bu iş üçün onun özünün də xəbəri olmadan seçiblər.

Məsələlərin necə başladığını araşdıran zaman hər iki tərəfi iki dəfə saatlarla dinlədim. Təbii ki həqiqəti axtarmaq, faktı tapmaq məqsədi daşıyan fikrim məni dolayı yollarla haqqla, həqiqətlə üz-üzə qoydu.

Deməli Z.Mahmudov rayon İcra hakimiyyətinə anası vəfat etdikdən sonra şəhid ailəsi kimi onlara verilən Prezident təqaüdünün kəsilməsi, öhdəsində 3 azyaşlı uşağının, xəstə bacısının olması, ona kənd təsərrüfatı məhsulları əkib-becərmək üçün torpaq sahəsi verilməsi ilə bağlı müraciət edib. Ziya Mahmudov rayon İcra hakimiyyətinin başçısı tərəfindən qəbul edilib, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi və ödənilməsi Qaydaları” haqqında qərarı və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunlar ətraflı şəkildə izah olunub. Ziya Mahmudovun ailəsinin vəziyyəti nəzərə alınaraq ona rayon İcra hakimiyyəti başçısının 17 aprel 2019-cu il tarixli 52 nömrəli sərəncamı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün Çaylı kəndi ərazisindən 15 hektar torpaq sahəsi ayrılıb. Tərtər Rayon Məşğulluq Mərkəzi tərəfindən isə özünüməşğulluq proqramı çərçivəsində heyvandarlıq sahəsi üzrə kursa cəlb olunmuş və növbədənkənar 2 baş inək, 400 kq yemlə təmin olunub. Məlumat üçün onu da bildirirəm ki, M.Məmmədov Tərtər rayonuna icra başçısı təyin edildikdən sonra Ziya Mahmudovun atası “Azərbaycan Bayrağı” ordenli şəhid Mehrac Mahmudovun, Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun, “Azərbaycan Bayrağı” ordenli şəhid Ədalət Paşayevin, “İgidliyə görə medal”ı ilə təltif olunmuş şəhid İlqar Həsənov və nəhayət aprel döyüşləri zamanı, “İgidliyə görə medal”ına layiq görülmüş şəhid Nicat İsgəndərovun adı əbədiləşdirilmiş, adları verilmiş küçələrdə abadlıq işləri aparılmış və küçələrin girişində baralyefləri qoyulmuşdur. Əgər yayımlanan materiallarda əsas başlıqlar və yarımbaşlıqlarda Tərtər rayon icra hakimiyyəti başçısı Müstəqim Məmmədovun şəhid ailələrinə diqqətsizliyindən söhbət gedirsə, bunu durmadan trajlayanlar yuxarıda qeyd olunan faktların həqiqət olmadığı və ya tam əksini tapıb ortaya qoysun.

Lakin bütün bunlara baxmayaraq növbəti dəfə - 19, 23 noyabr 2019-cu il tarixdə Ziya Mahmudov rayon İcra hakimiyyətinə dəvət olunmuş, rayon rəhbəri onu Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Tərtər Rayon Şöbəsinin sədri Suliddin Yusibovun, Qarabağ müharibəsi veteranı Fərhad Ağayevin, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Svetlana Əzizovanın iştirakı ilə qəbul etmiş, ona izah olunmuşdur ki, “Şəhidlər parkı”nın ərazisi 1999-cu ildə Aqrar İslahat zamanı İsmayılov Fariz Bəxtiyar oğluna və İsmayılov Sahib Bəxtiyar oğluna həyətyanı torpaq sahəsi kimi verilib, dövlət şəhadətnaməsi ilə təmin edilibdir. Aqrar islahat 1999-cu ildə aparılıb, Müstəqim Məmmədov isə 2014-cü ildə Tərtər rayonuna başçı təyin edilibdir. Sözügedən ərazilərin yuxarıda göstərilən, adı çəkilən şəxslərə verilməsində rayon rəhbəri ilə heç bir əlaqəsi yoxdur.

Bundan başqa onun sosial şəbəkələr vasitəsi ilə yayımladığı digər materiallarına nəzər salaq:

Əskipara kəndində Aqrar İslahat zamanı bəzi sakinlərə pay torpaqları əkinə yararsız sahələrdən verilibdir. 2017-ci ildə Əskipara kənd sakini Babək Sadıqov 5 nəfər kənd sakininin əkinə yararsız torpaq sahəsini (cəmi-7,52 ha) alqı-satqı yoli ilə notariat qaydada alıb, sonra isə həmin torpaqların əkinə yararsız olduğu üçün əkinə yararlı torpaqla əvəz olunmasını istədiyini bildiribdir. Babək Sadıqov rayon İcra hakimiyyətinin başçısı tərəfindən qəbul edilib, ona Aqrar İslahat zamanı verilən pay torpaqlarının rayon İcra hakimiyyəti və Əskipara bələdiyyəsi tərəfindən dəyişdirilməsinin mümkün olmadığı izah olunub, Babək Sadıqov rayon İcra hakimiyyətindən şikayəti olmadığını bildiribdir.

Ziya Mahmudovun Kəlbəcər rayonundan məcburi köçkün Hicran Əmrahovanın məcburi köçkünlər üçün salınmış qəsəbədən mənzillə təmin olunması üçün rayon rəhbərinin ondan üç min manat pul istədiyi, Ağdam rayonundan məcburi köçkün, Tərtər rayonunun Mamırlı kəndi ərazisində yol kənarında məskunlaşmış Vüsal Zeynalovun anası Maya Zeynalovaya İcra hakimiyyəti tərəfindən ev verilmədiyi, Vüsal Zeynalovun bacısının həyat yoldaşı Qapanlı kənd sakini Hüseynov Əli Əmir oğlunun yaşayış evinin 2016-cı ildə aprel hadisələri zamanı müharibədən zərər çəkdiyi, lakin təmir və bərpa olunmadığı, rayon İcra hakimiyyəti başçısının Tərtərdə özəl obyektlərinin olması ilə bağlı çəkilişləri də əsassızdır. Beləki, Əmrahova Hicran Nurəddin qızı anası və bacısı ilə birlikdə Tərtər rayon Texniki Peşə məktəbinin yataqxanasında məskunlaşmışdır. Ona anası və bacısı ilə birlikdə məcburi köçkünlər üçün tikilmiş qəsəbədə ailə üzvlərinin sayına uyğun olmaqla və ailə başçısının anası olduğu üçün Dövlətqaçqınkom tərəfindən üç otaqlı mənzil verilibdir. Lakin o, ailəsi ilə birlikdə deyil, ayrı mənzillə təmin olunmasını istədiyini bildiribdir. Diqqətə çatdırmaq istəyirik ki, məcburi köçkünləri mənzillə rayon İcra hakimiyyəti deyil, “Dövlətqaçqınkom” təmin edir. Hicran Əmrahovanın rayon İcra hakimiyyəti başçısının otağında rayon rəhbəri və sabiq polis rəisi tərəfindən döyülməsi də şər və böhtandan başqa bir şey deyildir.

Ağdam rayonundan məcburi köçkün, rayonun Mamırlı kəndi ərazisində yol kənarında məskunlaşmış Maya Zeynalovanın mənzillə təmin olunmaması ilə bağlı oğlu Vüsal Zeynalov dəfələrlə rayon İcra hakimiyyətinin başçısı və onun müavinləri tərəfindən qəbul olunub. Rayon İcra hakimiyyətinin başçısı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentinin direktoru Natiq Hüseynovla telefon əlaqəsi yaradıb, məlum olubdur ki, komissiya tərəfindən Maya Zeynalovanın yaşadığı əraziyə baxış keçirilərkən onlar həmin ərazidə yaşamadıqları üçün elektrik sayğaclarında enerji sərfiyyatı olmayıb, Maya Zeynalovanın oğlu Vüsal Zeynalovun adına Bərdə rayonunun Uğurbəyli kəndində kommunal xərcləri çıxıb, buna görə də Tərtərdə məcburi köçkünlər üçün tikilən qəsəbədə mənzillə təmin olunmayıbdır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Depatriasiya Departamentinin direktoru Natiq Hüseynov Ağdam rayonundan məcburi köçkün Vüsal Zeynalova anasının xəstə olmasını nəzərə alaraq Ağdam rayonunun ərazisindən mənzil təklif etsə də imtina edib, israrla Tərtər rayonu ərazisindən evlə təmin olunmalarını tələb ediblər. Natiq Hüseynov hazırda məcburi köçkünlər üçün Tərtər rayonunda salınmış qəsəbədə boş mənzil olmadığı üçün onların tələbinin yerinə yetirilməsinin mümkün olmadığı, gələcəkdə məcburi köçkünlər üçün yeni qəsəbə salınarsa “Dövlətqaçqınkom”un komissiyası tərəfindən müraciətlərinə baxılacağı bildirilmişdir.

Qaraağacı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Qapanlı kənd sakini Hüseynov Əli Əmir oğlunun yaşadığı ev isə təxminən keçən əsrin ortalarında but daşı və çiy kərpicdən inşa edilib. 2016-cı ilin aprel hadisələri zamanı evə heç bir zərər dəyməyib. Ev tikilən zaman tikinti norma və qaydalarına əməl olunmadığı üçün deformasiyaya uğrayaraq divarlarında çatlar əmələ gəlib, yaşayış evi öz istismar müddətini başa vurub. İstismar müddətini başa vurmuş evlərin təmir və bərpası üçün isə rayona vəsait ayrılmayıb. 2016-cı il aprel hadisələrində müharibədən zərər çəkmiş yaşayış evlərinin təmir və bərpasına respublika Prezidentinin Sərəncamı ilə 3 milyon manat vəsait ayrılmış həmin vəsaitlə Tərtər şəhəri və kəndlərində 256 ev təmir və bərpa olunaraq vətəndaşların istifadəsinə verilibdir. Vəsaitə edilmiş qənaət hesabına isə 640 yerlik şəhər 6 saylı tam orta və 180 yerlik Qazyan kənd ümumi orta məktəbləri əsaslı təmir olunubdur.

Çəkilişlərdə rayon rəhbərinin obyektləri kimi təqdim olunan tikililərin rayon İcra hakimiyyəti başçısına heç bir aidiyyəti yoxdur. Həmin obyektlər ayrı-ayrı vətəndaşlara məxsusdur. Dövlət Əmlak Komitəsi tərəfindən şəhadətnamələrlə təstiq edilmiş, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təstiq etdiyi şəhərsalma qaydalarına əməl edilməklə, heç bir qanun pozuntusu olmadan tikilibdir.

Ziya Mahmudovun “İdarə işçiləri başçının sahəsində çuğundur yığmağa məcbur edilirlər” başlıqlı çəkilişdə sözügedən həmin sahə fermer Hümbətova Hekayət Xəqani qızına məxsusdur. Məhsul toplantısında iştirak edənlər isə günəmuzd işləyən vətəndaşlardır.

Başqa bir çəkilişində isə Qarabağ qazisi Şikar Əliyevə rayon rəhbərinin zülm etdiyini deyən Ziya Mahmudov həmin qazini həmkəndlisi olduğu üçün hamıdan yaxşı tanıyır və yaxşı bilir ki, o, spirtli içki alüdəçisidir. Elə buna görə də həyat yoldaşı ilə aralarında münaqişə yaranıb, həyat yoldaşından açıq edərək orada yaşayır. Həyat yoldaşı Əliyeva Mətanət Əhməd qızının Vüqar Həsənov küçəsində yerləşən 1 nömrəli binada 1 otaqlı, qızı Əlizadə Nərmin Şikar qızının (subay) isə həmin küçədə 4 nömrəli binada 2 otaqlı mənzili var. Çəkiliş edilən ərazi isə həyat yoldaşı və qızının yaşadığı binaların arasında olan ərazidir.

Şikar Əliyevə dəfələrlə rayon icra hakimiyyəti tərəfindən müalicəyə göndərilmək üçün söhbət aparılmış lakin o, müalicəyə getməkdən imtina edibdir.

Digər bir çəkilişdə isə çirkab sularının gölməçə yaratdığını, ətrafa virus yaydığını, rayon rəhbərliyinin isə buna göz yumduğunu bildiribdir.

Məlumat üçün bildiririk ki, həmin ərazi Bəylər Zeynalovun xüsusi mülkiyyətidir və həmin əraziyə Narlıq massivi deyilən ərazidən qrunt suları axıb gəlir və həmin sular asfaltın altından su ötürücü qurğu vasitəsi ilə arxa axıb gedir. Ərazidə həyətyanı sahəsi olan 2 nəfər şəhər sakini onlara məxsus həyətyanı sahənin relyefini düzəltmək üçün həmin əraziyə torpaq töküblər. Həmin torpaq da arxın içini doldurduğu üçün müvəqqəti olaraq gölməçə yaranıbdır. Hazırda texnika vasitəsi ilə arx açılmış və qrunt suları həmin arxa tökülərək axır.

“Kanal 13”-ün çəkdiyi “İlham Əliyev bu məktəb haqqında bixəbərdir”, “Tərtərdə xarabalığı xatırladan məktəb” çəkilişlərini böyük həvəslə öz “facebook” səhifəsində paylaşan Ziya Mahmudova və “Kanal13”ə bildirmək istəyirik ki, həm adıçəkilən məktəbin həm də rayon ərazisində vaxtilə məcburi köçkünlər məskunlaşmış digər məktəblərin vəziyyətindən Təhsil Nazirliyinin və digər qrumların da xəbəri var. Əgər onlar çəkiliş zamanı ən azından təhsil şöbəsi yaxud rayon icra hakimiyyəti ilə əlaqə saxlasaydılar bilərdilər ki, Tərtər rayonunda fəaliyyət göstərən 47 məktəbdən 24-nün əsaslı təmir və tikintiyə ehtiyacı var və bu barədə rayon icra hakimiyyəti tərəfindən müvafiq qurumlara məktub vasitəsilə müraciət olunub, Azad Qaraqoyunlu kənd tam orta məktəbi ilə yanaşı, İsmayılbəyli, Soyulan kənd və şəhər 5 saylı tam orta məktəblərinin tikintisi, Bəyimsarov və Xoruzlu kənd tam orta məktəblərinin əsaslı təmiri “2019-2023-cü illərdə regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramına salınıbdır.

Ziya Mahmudov növbəti dəfə öz facebook səhifəsində həssas təbəqə olan məcburi köçkünlərin məskunlaşdığı Şıxarx qəsəbəsini hədəf seçib. Heyvandarlıqla məşğul olan sakinlərin mal-qaralarını yaşadıqları ərazidə və Həsənqaya kəndi istiqamətində otarmaq üçün icazə verilmədiyini deyirlər. Z.Mahmudov isə onları başqa istiqamətə yönəldərək “pul, heyvan versəniz qoyarlarmı, yaxud bu ərazidə İcra hakimiyyəti başçısının, onun müavinlərinin sahəsi varmı, bilirsinizmi”- deyə özü vətəndaşları başqa fikirlər söyləməyə istiqamətləndirir.

Əvvələn bildiririk ki, Şıxarx qəsəbəsi və Həsənqaya kəndi təmas xəttində yerləşir və 10 may 2017-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən Tərtər Rayon İcra Hakimiyyətinə düşmənlə təmas xəttinə yaxın ərazilərdə, müdafiə zolaqlarında, mövqelərdə döyüş, komendant xidmətinin təşkili və aparılmasına maneə törədən mülki vətəndaşlara məxsus otlaq, əkin sahələri, yerli İcra nümayəndəliyi və bələdiyyələr tərəfindən müvəqqəti istifadəyə verilmiş yaylaqlar, fermalar, iaşə və məişət obyektlərinin fəaliyyətinin bağlanılması ilə bağlı məktub daxil olmuşdur. Ona görə də təmas xəttinə yaxın məsafədə yerləşən ərazilərdə əkin biçin işləri, mal-qaranın otarılması məhdudlaşdırılıbdır. Heç kim vətəndaşlardan həmin ərazilərdə heyvan otarılması üçün pul, yaxud heyvan istəməyib. Sözü gedən ərazilər təmas xətti olduğu üçün heyvan otarılması, əkin-biçin aparılması vətəndaşların həyatı üçün risklidir.

Çəkilişdə çıxış edən Nazim Pənahəliyev, Kamal Əliyev, Asəf Muxtarov, İbrahim İbrahimov hər biri ərazidə 3-5 hektar torpaq zəbt edərək istifadə edirlər.

Ziya Mahmudovun yararsız və işlək olmayan elektrik dirəyini çəkərək nümayiş etdirməsi də əsassızdır. Elə həmin çəkilişdən görünür ki, həmin dirəkdə heç elektrik xətti yoxdur, onun yaxınlığında yeni elektrik dirəyi basdırılmışdır və işləkdir. Mövcud vəziyyətlə əlaqədar köhnə dirəklər çıxarılmamışdır. Karantin rejimi qurtardıqdan sonra işlək olmayan köhnə dirəklər çıxarılması işləri davam etdiriləcəkdir.Ərazidə 2019-cu ildə 12 km-ə yaxın 04 kv elektrik xəttləri sip kabellə əvəz olunub. Yüksək gərginlikli hava xəttlərinin yenilənməsi üçün “Azərişıq” ASC tərəfindən hazırlıq işləri görülür. Ərazidə günlərlə işıq olmaması faktı da yalandır.

Şıxarx qəsəbəsinin qazlaşması ilə bağlı layihə hazırlanmış, müvafiq vəsait ayrıldıqdan sonra 2020-ci ildə “Azəriqaz” tərəfindən həyata keçiriləcəkdir.

Hazırda Şıxarxda 6 ədəd subartezian quyusu fəaliyyət göstərir, cari ildə isə daha 2 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulubdur.

Ziya Mahmudov Şıxarx qəsəbəsində karantin qaydalarını pozaraq qanunsuz toplantı keçirdiyi üçün Tərtər Rayon Polis Şöbəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə məsuliyyətə cəlb olunub 100 manat məbləğində cərimə olunubdur.

Tərtər meşəsini koronavirus vurdu” başlığı ilə Z.Mahmudov Tərtər çayının kənarı boyunca salınmış meşə zolağından pafoslu sözlərlə etdiyi paylaşımda ağacların qurumasında rayon rəhbərini, deputat S.Alıyevi günahlandırır. Əraziyə Ekologiya və Sərvətlər Nazirliyi və Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilmiş, bildirilmişdir ki, meşə zolağı Tərtər çayının yatağına yaxın olduğuna görə ağacların kökləri daş qatına çatdığı üçün inkişafı dayanaraq quruyubdur. Quruyan ağacların yerinə aidiyyəti qurumlar tərəfindən yeni ağaclar əkilməsinə başlanılıb və davam etdirilir.

Məlumat üçün onu da bildiririk ki, indiyədək rayon icra hakimiyyətinin təşəbbüsü ilə rayon ərazisində yüz minlərlə müxtəlif növ ağac, miliyonlarla təkgöz və gül kolları əkilibdir.

Ziya Mahmudov dəfələrlə rayon icra hakimiyyətinin başçısı, müavinləri tərəfindən qəbul edilib, dinlənilib, onun müraciətlərinə faktlarla cavab verilib. Lakin buna baxmayaraq o, yenə də böhtan, yalan dolu çəkilişləri ilə təxribat törətməyə, sabitliyi pozmağa çalışır. Öz hərəkətlərində, qeyri-etik davranışlarında, qadınlara qarşı təhqiramiz ifadələrində heç bir nöqsan görmür. Azad Qaraqoyunlu kəndində özünü jurnalist kimi təqdim edib çəkiliş aparanda, rayon rəhbərinin ünvanına təhqir dolu ifadələr işlədərkən Natavan Məmmədova tərəfindən rayon rəhbəri haqqında “düzgün danış”-deyərək irad bildiriləndə, qadının şəklini paylaşıb altından “başçının gözəlçəsi” yazdığına görə Natavan Məmmədova tərəfindən məhkəməyə verildiyini bilən kimi, polisə N.Məmmədovadan şikayət etməsi, deputat seçkiləri ərəfəsində deputatlığa namizəd Sahib Alıyevin rayon mədəniyyət mərkəzində seçiciləri ilə görüşündə gənc qıza “səni qaçırdıb axırda özümə arvad eliyəcəyəm” deyən, utanmadan apardığı təxribatın videolarını “YOUTUBE”də yerləşdirən, “deputat olmaq üçün ağıllı olmaq lazım deyil”, -deyən Ziya Mahmudov nə istədiyini, kimlərin oyununa gəldiyini deyəsən heç özü də bilmir. Bir daha qeyd edirəm o anlamır ki təmas xəttinin ən həssas bölgəsində təxribatlara əl atmaq, insanlar arasında fikir ayrılığı yaratmaq kimlərə və necə sərf edə bilər. Özü də hər gün qurulan və inkişaf edən rayonda...

Onun gözünü tutmuş qərəzli mövqeyi Tərtərin Prezident İlham Əliyevin diqqət və qayğısı altında görkəmini necə dəyişdiyini, gözəlləşdiyini görməyə imkan vermir. Sakinlər rayon icra hakimiyyətinin başçısının rəhbərliyi altında gedən işləri görür, bəyənir, alqışlayır. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov dövlətə və dövlətçiliyə sadiq, səmimi, qoçaq və məsuliyyətli qulluqçudur, dövlətin və xalqın qulluqçusu...

Onun Tərtər rayonuna rəhbərlik etdiyi son beş ildə rayonda tikinti abadlıq işləri geniş vüsət alıb, “Azəravtoyol” ASC tərəfindən Tərtər və İncə çayı üzərində 2 körpü, cəmi uzunluğu 42 km olan 4 kəndlərarası yerli əhəmiyyətli və uzunluğu 44 km olan 2 Respublika əhəmiyyətli avtomobil yolları əsaslı təmir olunub yenidənqurulubdur.

Hazırda ümumi uzunluğu 33,5 km olan 10 yaşayış məntəqəsini birləşdirən kəndlərarası avtomobil yolunun əsaslı təmir işləri aparılır. Bundan başqa Tərtər şəhərində ümumi uzunluğu 44 km olan 32 küçəyə, eyni zamanda Tərtər şəhərində ictimai yaşayış binalarının həyətlərində 60 min kvm asfalt örtüyü qoyulubdur. 6 məktəb binası əsaslı təmir olunub, 1200 yerlik Şıxarx kənd tam orta məktəbi yeni tikilib, 5 modul tipli məktəb quraşdırılıb, 3 yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib, müasir Tarix-diyarşünaslıq muzeyi, möhtəşəm Uşaq-Gənclər şahmat məktəbi, YAP rayon təşkilatının inzibati binası, Xalça İstehsalı Emalatxanası, Dövlət Rəmzləri Muzeyi, möhtəşəm Olimpiya İdman Kompleksi tikilib. Yeni parklar, yaşıllıq zolaqları salınıb, 112 binanın dam örtüyü dəyişdirilib, binaların giriş və fasad hissələri sıvanmış, rənglənərək təmir olunub, 5 nümunəvi məhəllə salınıb, yaşayış binaların həyətləri asfaltlanıb, təkcə 2019-cu ildə şəhərin Qaçay Mehdiyev, Teymur Rəhimov, Vəzir Orucov, Bəsdi Bağırova, Mehdi Hüseynzadə küçələri abadlaşdırılaraq asfal örtüyü salınıb.

Tərtər şəhəri və ona bitişik 16 kəndin içməli su təminatı yaxşılaşdırılıb, kanalizasiya xəttləri çəkilib, layihədən ümumilikdə 46 min nəfərdən çox rayon sakini yararlanır. Əhali və yaşayış məntəqələri üzrə qazlaşma 100 faiz yerinə yetirilib.

Bütün bunlarla yanaşı Tərtərlilər kənd təsərrüfatı məhsullarının istehsalında da uğur qazanıb. Ötən il dövlətə 11 min 924 ton pambıq təhvil veriblər, hər hektardan 34,8 sentner pambıq, 279 sentner çuğundur, 41,6 buğda və 33,7 sentner arpa əldə edib.
Respublika Prezidenti cənab İlham Əliyevin yanında 19 dekabr 2019-cu il tarixdə pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı keçirilən müşavirədə respublika Prezidenti tərtərlilərin əməyini yüksək qiymətləndirərək demişdir. “Tərtərdə pambıqçılıqda əldə olunan təcrübə öyrənilməlidir. Doğrudan da böyüş işlər görülübdür, özü də nəzərə almalıyıq ki, bu düşmənlə üz-üzə yerıəşən rayondur və tərtərlilər həmişə qəhrəmanlıqlarını, Vətənə bağlılıqlarını göstərmişlər. 2016-cı ilin aprel döyüşləri zamanı tərtərlilərin hamısı bir nəfər kimi öz torpaqlarını müdafiəyə qalxmışlar. Bir nəfər də yenidən tərpənməmişdir. Bu, böyük qəhrəmanlıqdır və Vətənə olan bağlılıqdır. Belə ağır vəziyyətdə işləmək və yüksək nəticələr əldə etmək doğrudan da yüksək qiymətə layiqdir”.

Əlbəttə, daha çox faktlar göstərilib, ifadələr qeyd edilə bilər. Sonda qeyd olunan işləri sadalamaq, o işləri görmək üçün qərəzsiz və obyektiv olmalısan. Bundan başqa şəxsi ambisiyan olmamalıdır ki nümayiş etdirilən “ədalət savaşın”ını ədalətsizliklə yaraqlandırmayasan. Nəzərə almaq lazımdır ki haqq həmişə haqlı, ədalət isə taxtlı olur. Faktı, dəlili olmayan hər şey yalandır. Yalanın isə ayağı olmur. Ona ayaq qoysan belə yeriməyəcək.

pia.az

Fotolar




Etiket: Tərtər

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar