Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vüsal Məmmədov: “Korrupsiyanın səbəbi maralın buynuzundadır”- Müsahibə (III Hissə)


“Siz yüksək savadı və intellekti olmayan bir cəmiyyəti heç vaxt demokratiya ilə idarə edə bilməzsiniz”


Vüsal Məmmədov hazırda ölkədə kifayət qədər tanınan bir jurnalist və aktiv bloggerdir. 

Onun müxtəlif mövzularla bağlı fikirləri birmənalı qarşılanmasa da, maraqla izlənir. Ona görə də PİA.AZ olaraq maraqlı söhbət alınacağına ümid edərək, onu redaksiyaya qonaq dəvət etdik. Və gördük ki, yanılmamışıq.

Dosye: Vüsal Məmmədov 1978-ci ildə Bakıda doğulub. BDU-da Beynəlxalq Münasibətlər fakültəsində təhsil alıb. Tələbə ikən qəzetlərdə çalışmağa başlayıb. 1997-ci ildə o zamanlar populyar olan “168 saat” qəzetində işləyib,  1998-ci ildə “Ekspress”ə keçib, az müddət sonra orada redaktor olub. 2001-ci ildə “Mərkəz” qəzetinə redaktor gedib, 2003-cü ildə Lider TV-yə gedib. 2012-ci ildə AzVision.az saytını yaradıb. Hazırda AzVision 7 dildə fəaliyyət göstərir. AzVision qrup-a femida.az, kirpi.info, erməni dilli hayatsk.info da daxildir.

Müsahibənin BİRİNCİİKİNCİ HİSSƏSİNİ buradan oxuya bilərsiniz.

- Təqribən iki əsrdən çoxdur ki, dünya sionistlərə və antisemitlərə parçalanıb. Siz özünüzü bu və ya digər şəkildə sionist, ya da antisemit hesab edirsinizmi?

- Düzünü deyim ki, mənim yəhudilərə xüsusi rəğbətim var. Çünki oxuduğum, sevdiyim, düşüncələrinə hörmət etdiyim dahilər - Eynşteyndən tutmuş Ziqmund Freydə, Karl Saqana qədər hamısı yəhudilərdir. Filmlərinə zövqlə baxdığım Stiven Spilberg, Tom Hanks, Corc Lukas, hətta Natali Portmana qədər yenə də yəhudilərdir. Mən onlara baxıram, oxuyuram, onlarla yaşayıram. Ərəb mədəniyyətində isə “Min bir gecə”dən başqa maraqlı heç nə yoxdur. Ona görə də yəhudilərə təbii olaraq rəğbətim var, amma bu, əsla sionist olduğum mənasına gəlmir.

- Antisemit ədəbiyyatını oxumusunuz? Onların arqumentlərilə bağlı nə deyə bilərsiniz?

- Onların iddiası belədir ki, yəhudilərin gizli strukturları dünyanı idarə edir. Lakin mən massonlara, illüminatiyə-filana ciddi yanaşmıram. Düşünürəm ki, bunların hamısı müsəlmanların fobiyasıdır. Sünni ilə şiə bir-birini qırır, deyirlər ki, “masonların” işidir. Onlara qalsa, müsəlmanların toyuqlarının balaca yumurtlamasını da mason planı ilə əlaqələndirəcəklər.

- Axı antisemitizmin islama aidiyyatı yoxdur. Bu, Avropada yaranan cərəyandır. 

- Elədir, amma indi Avropa o ideyadan xeyli uzaqlaşıb, xüsusilə də yəhudi genosidindən sonra Avropada antisemit demək olar ki, qalmayıb. Müsəlman dünyası isə hələ də bütün günahların səbəbkarı kimi yəhudiləri görməkdə davam edir. Deməli, İosif, yaxud müsəlmanların “Yusif peyğəmbər” saydığı adam haqqında bir İran serial var. Orada Yusifin 12 qardaşından biri  olan Yəhuda xüsusi nifrətlə təsvir olunub. Yəni manyaklar hətta İosif haqqında rəvayətdə də yəhudiləri günahkar sayırlar. Halbuki, o zaman hələ ərəb-yəhudi fərqi yox idi, hamısı sami tayfaları idilər.

Bütün hallarda anti-yəhudi isteriyasını ciddi qəbul edə bilmirəm. Dünyanı yəhudilərin idarə etməsinə inanmaq çətindir. Doğrudur, yəhudilərin əksər sahələrdə güclü simaları, qruplaşmaları var, lakin bu, hər yeri idarə etdikləri mənasına gəlmir. Yəhudi gizli hökuməti, təşkilatı barədə çox oxumuşam, amma o yazılanlara inanmıram.

photoslide_title

Vüsal Məmmədov: “Elə cəmiyyətlər var ki, siz ora demokratiya tətbiq etsəniz, onlar bir-birini qırıb qurtara bilər”.


- Demokratiyaya münasibətiniz necədir? İmkanınız olsaydı, Avropada yaşamaq istərdinizmi? Ya da hansısa qədərdən vətəni tərk etmək məcburiyyətində qalsaydınız, hansı ölkəni seçərdiniz?

- Düşünürəm ki, demokratiya əslində daha çox illüziyadır. Nəzəri olaraq bizə deyilən demokratiyanın real insan cəmiyyətində və ya dünyanın hər hansı bir nöqtəsində tam effektiv işləyə biləcəyi mənə inandırıcı görünmür. Amma əlbəttə ki, cəmiyyətlərin yetkinlik səviyyələri var. Siz yüksək savadı və intellekti olmayan bir cəmiyyəti heç vaxt demokratiya ilə idarə edə bilməzsiniz. Hər cəmiyyətin özünün başa düşdüyü dil var. Elə cəmiyyətlər var ki, siz ora demokratiya tətbiq etsəniz,onlar bir-birini qırıb qurtara bilərlər. Çünki orada ancaq güc dilini başa düşürlər. Elə cəmiyyətlər var ki, orada ancaq avtoritetlərə hörmət qoyurlar, heç bir qanun avtoritetdən güclü ola bilməyəcək. Eləsi də var ki, sən orada demokratiya, insan hüquqları haqqında danışsan, ümumiyyətlə, adamin başını əzərlər. Hər cəmiyyətin, toplumun özünün dəyərlər sistemi var; bu bizə görə səhv ola bilər, amma onlar üçün düzgün və effektivdir. Şimali Qafqazda elə tayfalar var ki, hələ də aul qaydaları və kodeksi ilə idarə olunur. Bu, o demək deyil ki, onların yaşamı səhvdir. Dağın başında yaşayan xırda icmalar məhz aul qaydaları ilə idarə oluna bilər. Səhrada yaşayan cəmiyyət isə tamam başqa formada... 

Demokratiya - protestant etikası və və protestantizm fəlsəfəsinə əsaslanan, onun siyasətə köçürülməsi nəticəsində yaranan siyasi paradiqmadır. Və mənə elə gəlir ki, ona görə də, demokratiya ən çox elə protestantizmə meylli cəmiyyətlərdə effekt verə bilər. Müsəlman isə qanunun dediyi “olmaz”dan sonra mütləq bu sualı verəcək: Bəs filan yerdən tapşırsalar, necə? Çünki müsəlmanın təfəkkürü belə kodlanıb: O, daxilən inanır ki, “yuxarı” istəsə, qanun pozula bilər. Yuxarının istəyi təbiətin, “yuxarı”nın istəyi isə cəmiyyətin qanunlarından daha əfzəldir müsəlman üçün. Və protestantın “qanun allahdır” fəlsəfəsi hələ yaxın onilliklərdə bu yanaşmaya qalib gələ bilməyəcək.

photoslide_title





















Vüsal Məmmədov: “Ənənəvi, klassik müsəlman cəmiyyətlərində demokratiya qətiyyən işləyə bilməz”.



- Yəni, siz müsəlman dünyasında demokratiyanın tətbiq olunmasını səhv hesab edirsiniz? O zaman, müsəlmanlıqdan imtina etmək və ya etməmək şərtilə müsəlmanların inkişafını nədə görmək olar?

- Ənənəvi, klassik müsəlman cəmiyyətlərində demokratiya qətiyyən işləyə bilməz. Azərbaycan, xoşbəxtlikdən, belə ölkələrdən deyil. Məsələn, islama görə, homoseksuallara cəmiyyətdə yer yoxdur, onlar öldürülməlidir. Siz demokratik cəmiyyətdə kimə deyə bilərsiniz ki, homoseksualların yaşamaq hüququ yoxdur?! Bu, mümkün deyil. Əgər qadın çarşab örtmək istəməsə, demokratiya bu hüququ ona tanıyır. Amma ənənəvi müsəlman cəmiyyətində deyə bilərikmi ki, çadrasız gəzmək və bu haqqı tələb etmək bir qadının təbii hüququdur? Xeyr!

Mən bu tip misalları çox gətirə bilərəm. Amma həqiqət odur ki, sırf bizim bildiyimiz insan hüquq və azadlıqlarına əsaslanan demokratiyanın klassik müsəlman cəmiyyətində tətbiqi mümkün deyil. Zorla tətbiq etmək istəsəniz, onda gərək o cəmiyyətin bütün əsaslarını dağıdasınız.

- Azərbaycanda demokratiyanı tətbiq etmək mümkündürmü və ölkəmizi nə qədər demokratik ölkə hesab edirsiniz?

- Azərbaycan olduqca demoqogik cəmiyyətdir və bizim xalqın qanındakı demoqoqluğa meyl əslində bizi demokratiyaya yaxınlaşdırır və bu, çox yaxşıdır (gülür – red). Çünki kiməsə xoşuna gəlməyən nəsə deyən kimi, kiminsə quyruğu balaca tapdalanan kimi səsin başına atır ki, mənim hüquqlarım və azadlıqlarım var. Bu demoqogiyaya meyl insanların öz hüquqlarına daha həssas yanaşmasına gətirib çıxarır. Mən hətta deyərdim ki, Azərbaycan cəmiyyətini demokratiyaya aparan yol demoqogiyadan keçir. Bəlkə də anormal, absurd səsləndi, amma reallıq budur. Ona görə də, bizdə ən azından insan hüquqlarına həssas yanaşılır ki, bu, artıq demokratiya üçün ciddi başlanğıcdır.

- Azərbaycan cəmiyyətində sizi ən çox üzən neqativlər nədir?

- Bizdə ictimai tərbiyə çox aşağıdır. İnsanlar “əxlaq”, “tərbiyə” deyərkən ancaq şəxsi mövzuları başa düşürlər. Halbuki, maşın sürməkdən tutmuş, metroya minib-düşməyə qədər, növbəyə dayanmaqdan tutmuş, supermarketdə nəsə almağa qədər hər yerdə bizdə ictimai tərbiyəsizlik mövcuddur. Özünü mədəni aparmaq, başqalarına problem yaratmamaq mədəniyyəti yoxdur. Heç kim fikirləşmir ki, mənim bu hərəkətim cəmiyyətdə narahatçılıq yarada bilərmi? Məsələn, mən metroda qapının ağzında dayananda çox narahat oluram. Axı, bu, mənim atamın şəxsi vaqonu deyil, minib-düşənlərə mane ola bilərəm. Amma biri öküz kimi dayanır qapının ağzında və heç buynuzuna da deyil ki, başqalarına narahatçılıq yaradır. Mənə çatmır ki, bu insan necə yaşayır?!

photoslide_title

Vüsal Məmmədov: “Azərbaycan cəmiyyətini demokratiyaya aparan yol demoqogiyadan keçir”.



- Bəs, sizcə, ictimai tərbiyəni necə formalaşdırmaq olar?

- İndiki nəsil artıq itirilib.Çünki bu, o nəsildir ki, ata oğluna həmişə belə deyib: Köpəkoğlu, döyülüb üstümə gəlmə, döyüb gəl, mən sənin arxanda dayanacağam! Bu insan fikirləşmir ki, oğlunun döydüyü uşağın atası da övladına sənin kimi tərbiyə versə, onda nəticədə nə alınır? Cəmiyyət nəyə çevrilir? Hamımız bir-birini döyə-döyə hara gedəcəyik? Heç kim uşağına demir ki, a bala, konfliktə girmə, fikirləş, gör nə səhv etmisən. Əgər düz etməmisənsə, get üzr istə və ya həll edə bilmədiyiniz probleminiz olanda özünüzdən böyükdən kömək istəyin. Bax, bunları deməyiblər. 
İndiki nəsil həmin o ataların oğullarıdır. İndi biz uşaqlara onların dediyinin tam əksini öyrətməliyik ki, bir-iki nəsil sonra cəmiyyətdə ictimai tərbiyə formalaşsın.

- Azərbaycanın sosial bəlalarından biri də korrupsiyadır. Sizcə, bunun kökündə hakimiyyət sistemi, yoxsa milli psixologiyamızın neqativləri durur?

- Korrupsiyanın kökündə həmişə insan təbiəti dayanıb. Bizdə əsas narazılıq odur ki, niyə korrupsionerə qarşı amansız mübarizə aparılmır. Ən amansız mübarizə Çindədir: orada hər il minə yaxın korrupsioneri gülləyirlər. Məhz və konkret güllələyirlər! Sonra gülləyə görə çeki də ailəsinə göndərirlər ki, zəhmət olmasa, 1 dolları dövlətə ödəyin. Amma nə olur? Korrupsiya azalmır! Təsəvvür edirsinizmi? Hətta ən dəhşətli cəza belə, korrupsiyanın kökünü kəsə bilmir, çünki o köklər insanın təbiətindədir. 
Bizdə cəmiyyət kimə hörmət edir? Pulu olan adama. Təsəvvür edin: hansısa məclisdə çox ziyalı, üzündən nur yağan, heç kimə pislik etməyən müəllim, və harın, rüşvətxor, mərdümazar məmur oturub. Sizcə, hansı daha çox hörmət görəcək? Pulu çox olan! İnsanın əsas psixoloji ehtiyaclarından biri də ictimai hörmət qazanmaqdır. Cəmiyyət hansı keyfiyyəti olan şəxslərə hörmət qoyursa, insanlar da o keyfiyyətləri qazanmağa çalışacaq. Hər səviyyədə belədir. Oğlanlar görəndə ki, qızlar savadlı yox, pullu, bahalı maşınlı oğlanları sevirlər, özləri də elə olmağa çalışacaqlar. Təkamülün mexanizmləri belə işləyir. Erkək maralın başında yekə, şaxəli buynuzlarının olması ona heç nə vermir, əksinə, həyatını təhlükəyə atır. Arxasınca canavar gələndə buynuzları ağaca ilişir və onu qaçmağa qoymur. Maralın bütün gücü, vitaminləri, mineralları həmin buynuzlara gedir. Bəs bu buynuz ona niyə lazımdır? Dişi maralın diqqətini cəlb etmək üçün! Başqa heç bir funsksiyası yoxdur. Dişi maralın orqanizmi reallığa belə reaksiya verir ki, bu erkək o boyda buynuzu saxlaya bilirsə, demək, güclüdür və mən məhz onun nəslini davam etdirməliyəm. İnsan cəmiyyəti də belədir. Mənim uzağı 6 min manat dəyərində maşınım var və bütün ehtiyaclarımı ödəyir. O halda 150 minlik maşın nəyə lazımdır? Bax, həmin 150 minlik maşın erkək maralın buynuzu kimidir. Çünki qadın da bioloji mahiyyət baxımından dişi primatdan başqa bir şey deyil. O, düşünür ki, bu erkək fərd 150 minlik maşın sürə bilirsə, deməli, güclüdür və mənim məhz onun nəslini davam etdirməyim lazımdır. Beləcə, bioloji səviyyədə varlanmağa təhrik prosesi gedir. Bu proses bizdən güclüdür, heç bir iradə, qanun, cəza onunla bacara bilməz. Təbiət belə işləyir.

photoslide_title
























Vüsal Məmmədov: “İndiki nəsil artıq itirilib.Çünki bu, o nəsildir ki, ata oğluna həmişə deyib ki,  köpəkoğlu, döyülüb üstümə gəlmə…”.


- Millətçiliyi necə qavrayırsınız? Bir şeyi qeyd edim ki, bayaq millətçi olduğunuzu biləndə çox təəccübləndim. Sırf ateist baxışlarınıza görə millətçi olmağınız ağlıma belə gəlməzdi. Açığı, sizi kosmopolit təsəvvür edirdim... 

- “Koroğlu” dastanında belə bir epizod var:  Keçəl Həmzə Koroğlunun dəlilərinin arasına qoşulmaq istəyir. Koroğlu onu yoxlamaq üçün Dəmirçioğluna deyir ki, bunun nəbzini əlində tut, gör, mən saz çalıb-oxuyanda ürəyinin atışı dəyişir, ya yox. Dəyişsə, bil ki, bu, bizim adamdır; yox, əgər dəyişməsə, bizdən deyil. Koroğlu nə qədər saz çalıb-oxusa da, Həmzənin nəbzi atmır. Koroğlu deyir ki, incimə, oğul, amma sən bizdən deyilsən!

Baxın, mən türkçü olduğumu nədən bilirəm? Türk tarixi ilə bağlı hər şey -Kitabi Dədə-Qorqud, Oğuznamələr, Orxon-Yenisey yazıları, saz havaları, şeirdə gəraylı janrı mənim içimi əsdirir, fırtına qoparır. Dünyada heç bir musiqi məni sazda çalınan “Ruhani” qədər təsirləndirmir. Halbuki, klassik musiqi də daxil olmaqla, bütün janrlara çox gözəl bələdəm. Klassikadan, cazdan, lap reqqidən böyük estetik zövq alıram, amma tutaq ki, “Baş Sarıtel”i eşidəndə fiziki olaraq hiss edirəm ki, sanki saçımda kiminsə əli gəzir, elə bilirəm körpəyəm və atamın boynuna sarılmışam. Əruza gözəl bələdəm, amma gəraylı oxuyanda elə hiss yaranır ki, sanki anam mənə layla çalır. Başqa mədəniyyətlərdən estetik zövq alıram, amma onlar mənim içimdən fırtına qoparmırlar. Başa düşürəm ki, bundan qaçmağın yol yoxdur, bu, mənim qanımdadır, genimdədir. Mənim nəbzimin atışına ancaq türk ruhu təsir göstərir. Elə isə, bununla razılaşıb, sağlam millətçi olmaq lazımdır, başqa yol yoxdur.

Kosmopolit düşüncəyə isə yaxşı yanaşmıram. Düşünürəm ki, bizim dünyadakı varlığımızın, unikallığımızın, gözəlliyimizin mənası ondadır ki, öz mədəniyyətimizin yetirməsiyik. Biz bu deyiliksə, demək, heç nə deyilik. Əgər bir qarpız Sabirabadın, yaxud göyçə Naxçıvanın məhsulu deyilsə, demək, bazarda heç bir dəyəri qalmır. (Gülür- red.)

- Bəzi insanlar məsələlərə fərqli yanşmanıza və inancınıza görə sizi təhqir edirlər. Ancaq siz həmişə təmkinli davranırsınız. İnsanların təhqirə meylli olması və radikallaşması sizi qorxudurmu? Ya da ateist olduğunuza görə bu günə qədər həyatınız üçün təhlükə ilə üzləşmisinizmi?

- Etiraf etmək lazımdır ki, biz söyüşkən cəmiyyətik. Həmin o söyüşkənlik sosial şəbəkələrdə də var. Çünki sosial şəbəkələr də cəmiyyətin əksidir. Bundan qaçmaq mümkün deyil. Gizlətməyim ki, mən də yaxın dost-tanışın yanında söyüşlə danışmağı sevirəm. Söyüş fikirləri daha emosional ifadə etməyə imkan verir. Söyüş bəzən minlərlə müdrik sözdən daha effektli olur. Amma sosial şəbəkələrdə heç vaxt söyüş yazmıram. Nəzərə alanda ki, mən bir, hətta iki böyük media qurumunı təmsil edirəm, belə də olmalıdır. Üstəlik, sosial şəbəkədə qadınlar da var, ona görə, özümü mümkün qədər mədəni aparmağa çalışıram. Çalışıram, imkan daxilində məni təhqir edənlərə qarşı belə, çox mədəni davranım.

photoslide_title
Vüsal Məmmədov: “Mənim nəbzimin atışına türklük təsir göstərir. Elə isə bununla razılaşıb sağlam millətçi olmaq lazımdır”.


- Siz nəyi özünüz üçün müqəddəs hesab edirsiniz?

- Mənim üçün insanların xoşbəxtlik hüququ müqəddəsdir. Bunu qətiyyən toxunmaq olmaz!

- Uzun illərdir ki, mətbuatdasınız. Azərbaycan mətbuatının mövcud vəziyyəti sizi qane edirmi? Azərbaycan jurnalistlərinin peşəkar keyfiyyətlərindən nəyi daha çox qabardardırdınız? Və Azərbaycan jurnalistlərinin arasında demək olar ki, həmrəyliyin olmamasını nəylə izah edərdiniz?

- Azərbaycan jurnalistikası hazırda faciəvi vəziyyətdədir. Jurnalistika - intellektual bir sahə olmalıdır, burada çox savadlı, kübar, yüksək mədəni səviyyəsi olan insanlar çalışmalıdırlar. Amma indi vəziyyət elədir ki, dana otaranlar jurnalistikaya dolublar. Və özlərini burada çox yaxşı, suda balıq kimi hiss edirlər. Normal yazı yazmağı bacarmırlar, redaktə edə bilmirlər, qoyduqları başlığa baxanda ətin tökülür. Amma sayta yazı qoyub, sonra kimdənsə pul alıb, çıxarmağı əla bacarırlar, bu işdə bütün dünyaya dərs keçərlər! Fərqi tutursunuzmu: jurnalist yazını yazmaqla pul qazanmalıdır, bunlar isə yazmamaqla, yaxud, yazdıqlarını silməklə qazanırlar. 

20 il əvvəlin korrektorları bugünkü redaktorların çoxundan daha savadlı idilər. Bunlar mətbuatı hara aparacaqlar? 10 il, 20 il sonra nə kökdə olacağıq? Elə həmrəylik də ona görə yoxdur ki, bu adamlar bir-birlərini həmkar yox, düşmən kimi görürlər.

photoslide_title



















Vüsal Məmmədov: “Azərbaycan jurnalistikası faciəvi vəziyyətdədir. Dana otaranlar jurnalistikaya dolublar”.


- Vüsal bəy, hesab edirsinizmi ki, sizə qarşı hakimiyyət ədalətsiz davranır? Misal üçün hamı bilir ki, sizin eviniz yoxdur. Amma hakimiyyət keçən dəfə evi olan çoxlu sayda insana ev verdi. Siz isə eviniz olmadığınız halda kənarda qaldınız. Halbuki hakimiyyət üçün o adamların əksəriyyətindən çox xidmət göstərmisiz. Sizcə bu ədalətsizlik deyil?

- Keçən dəfə müraciət etməmişdim. Çünki onda ümumi iş stajım 15 ildən çox olsa da, sonuncu iş yerim olan AzVision-un cəmisi bir yaşı var idi. Buna görə, sonuncu iş yerində 3 il işləmək tələbinə hörmət göstərib, müraciət etmədim. Amma sonra gördüm ki, bu tələbin pozulması halları da var, nə gizlədim, xoş olmadı...

Mənim çox sevdiyim “Master və Marqarita” romanında belə bir epizod var. Voland görür ki, Marqarita ondan öz dərdinə çarə istəmir və belə deyir: “Biz səni sınayırdıq... Sən düz etdin: heç vaxt özündən güclülərdən heç nə istəmə! Çünki özləri sənə nə lazım olduğunu bilirlər və özləri verəcəklər”. İnanmaq istəyirəm ki, Voland haqlıdır.

- Hazırda bu ev məsələsi ilə bağlı jurnalistlər arasında böyük ajiotaj yaşanır. İllərlə dost olan insanlar məhz bu məsələyə görə küsürlər, hətta düşmənə çevrilirlər. Sizcə dövlətin müəyyən jurnalistlərə ayrıcalıq saxlayıb onlara ev verməsi doğrudur? Mənim bildiyim qədər dünyanın heç bir yerində belə bir ayrıcalıq yoxdur.

- Əslində düz deyirsiniz. Bir tərəfdən baxanda, jurnalistlərə hansısa xüsusi imtiyazların tanınmasını düzgün hesab etmirəm. Biz də adi vətəndaşıq, başqalarından artıq hüquq və imtiyazlar tələb etməli deyilik. Yol polisi səni saxlayanda jurnalist olduğunu söyləmək nə deməkdir? Mən ölüb yerə girərəm, amma hansısa problemimi çözmək üçün jurnalist olduğumu dilimə gətirə bilmərəm. Heç vaxt bunu etmirəm, edə bilmərəm. Bəzən haradasa məndən soruşulanda ki, sizin səsiniz tanış gəlir, üzünüz tanış gəlir, sadəcə  deyirəm, yəqin, kiməsə oxşadırsınız.

Amma digər tərəfdən, jurnalistin maaşı azdırsa, özü ev ala bilmirsə, bəs nə etsin? Xüsusilə də maaşla dolanan, reketçiliyə bulaşmayan jurnalistlər. Əgər dövlət onların qayğısına qalırsa, hədiyyəsini qəbul edib, minnətdar olmalıyıq. Fəqət bu ev söhbətinə görə media daxilində gedən proseslərə baxanda mən, doğrudan, çox pis oluram. Qayıdırıq lap əvvəldəki vicdan söhbətinə...

- Bu dəfə ev alacağınıza ümid edirsinizmi heç olmasa?

- 20 ildir jurnalistikadayam, tanıyan hər kəs bilir ki, evim yoxdur. Övladım dünyaya gələndə anasına rahat olsun deyə, qayınanamgilə köçmüşdüm, hazırda müvəqqəti orada qalıram. Amma əlbəttə ki, uzun müddət başqalarına yük ola da bilmərəm. 

Bəli, özümü mənzil almağa bütün baxımlardan layiqli hesab edirəm, ona görə də, əgər ədalətli bölgü olacaqsa, düşünürəm ki, kənarda qalmayacağam.

Azər Qaramanlı
Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir

Ən çox oxunanalar