Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə dünya sisteminə qarşı - Ölkənin hüquq sistemi buna imkan verəcəkmi?

Dünyada hər ölkəni əhatə edən bir müasir sistem ortaya çıxıb və bu, daha sonra da kapitalist dünya sisteminə çevrilib...

Serdar Turgut
“Habertürk” qəzeti, Türkiyə, 22 iyul 2019-cu il

Türkiyənin düşünən beyinləri bu həftəyə intellektual baxımdan tam hazır olmalıdırlar. Çünki öz düşüncə sistemimizi yaxşı qurmasaq, gözlənilməz hadisələr qarşısında aciz qala bilərik.

Bu həftəyə hazır olmaq və Türkiyənin xüsusilə Amerika ilə olan münasibətlərində nə etmək istədiyini başa düşmək üçün Emmanuel Uallerştaynın illər əvvəl oxuduğum “Müasir Dünya Sistemi” adlı kitabını və onunla bağlı məqalələri yenidən oxudum. Kitabda ortaya qoyulan nəzəri çərçivəni gündəlik bir yazıda tamamilə açıqlaya bilmək o qədər də asan deyil. Yəni bir media yazısı hər şeyi tamamilə izah etməkdə acizdir.

Lakin onu da qeyd etməliyəm ki, Uallerştaynın nəzəriyyəsi olmadan bu gün Türkiyənin gördüyü işləri tam başa düşmək mümkün deyil. Ona görə də, əvvəlcə qısa da olsa, Uallerştaynın fikirlərinə bir nəzər salaq.

Uallerştayn öz nəzəriyyəsi ilə XVI əsrdən etibarən dünyada bütün ölkələri əhatə edən bir müasir dünya sistemi yarandığını düşünür. Bu məsələ 1970-ci illərin ortalarında müzakirə edilməyə başlananda mənim oxuduğum “New School”-un marksist professorları tərəfindən də həyəcanla qarşılanmış və kitab hər baxımdan müzakirə olunmuşdu. Məktəbimizdə yaranan bu həyəcana və nəzəriyyənin Leninin imperializmlə bağlı fikirlərinə bənzəməsinə baxmayaraq, məncə, Uallerştayn marksist deyildi. Mənə elə gəlir ki, daha çox Braudelin sistem bütünlüyü ilə bağlı düşüncələrindən təsirlənmiş və yeni bir sosiologiya ortaya qoymağa çalışmışdı.

Bəli, dünyada hər ölkəni əhatə edən bir müasir sistem ortaya çıxıb və bu, daha sonra da kapitalist dünya sisteminə çevrilib.

Kapitalizmin dünya hegemoniyası əleyhinə öz dünya sistemini yaradaraq qarşı çıxmağa çalışmış Rusiyanın cəhdləri uğursuzluqla nəticələndikdə ortaya yeni bir dünya çıxdı və bu, kapitalist dünya sistemi idi.

Bu dünya sistemində mərkəzi ölkələrdən əlavə, mərkəzə bağlı olan ətraf ölkələr də var. Ətraf ölkələrin əsas xüsusiyyəti odur ki, onlar iqtisadi cəhətdən və ancaq hərbi və mədəni səviyyədə mərkəzə bağlıdırlar və buna görə də, mərkəz tərəfindən istismar edilirlər.

Mərkəzdə hansı ölkənin olacağı tarixi prosesdə dəyişə bilir. Məsələn, ən böyük dəyişikliklərdən biri II Dünya müharibəsi zamanı mərkəzi nöqtənin İngiltərədən Amerikaya keçməsi idi.

Sonradan mərkəzin gücünə üsyan edib güclənən ölkələr də ortaya çıxa bilər. Məsələn, buna Almaniyanı nümunə çəkmək olar. Lakin Almaniya Amerikanın gücü qarşısında təkcə “yarı ətraf”da ola bilib. Bu yarı ətrafdakı ölkələr ətraf ölkələr qarşısında mərkəzi ölkə kimi davransalar da, əsas mərkəzi ölkə də onlara ətraf ölkələr kimi davranmağa davam edir.

Bu model Türkiyənin düşünən beyinlərini yaxınlaşan problemlərə qarşı intellektual baxımdan hazırlaya bilər. Türkiyə respublika olaraq qurulandan bu yana mərkəzi ölkə tərəfindən ətraf ölkə kimi qiymətləndirilir.

AKP-nin iqtidara gəlməsi ilə sürətlənən prosesdə Türkiyə özünü ətraf ölkə olmaqdan çıxarıb, yarı ətraf mövqeyinə salmağa başlamışdı. Yəni Türkiyə Amerika ilə olan münasibətlərində ətraf ölkə kimi davranarkən, digər ölkələrə özünü mərkəzi ölkə kimi göstərməyə başlayıb. Lakin görünən odur ki, prezident Ərdoğanın Türkiyə üçün planları bununla bitmir. Ərdoğan mərkəzin ətrafındakı ölkələr silsiləsini və mövcud olan dünya sistemini təhlil etmək və dəyişdirmək istəyir. Mənim oxuduqlarım bundan xəbər verir. Bu dəyişikliyi gətirmək üçün Türkiyə zamanla özünü də mərkəzi ölkə vəziyyətinə gətirməlidir. Bunun olub olmaması iqtisadiyyatda gedən proseslərlə əlaqədardır. Lakin ondan qabaq indi nələrin olub olmadığına baxmaq lazımdır.

Türkiyə hal-hazırda kapitalist dünya sisteminin mərkəzinə qarşı üsyan edir. Bu, mərkəzin bu vaxta qədər görmədiyi, öyrəşmədiyi səviyyədə bir üsyandır. Hətta bu, onun hegemoniyasını sarsacaq səviyyədə bir çevrilişdir. Mərkəz ətraf ölkələr üzərindəki gücünü hər zaman iqtisadi cəhətdən güclü tutmalıdır. Amerika da öz mərkəzi gücünü son dönəmdə tətbiq etdiyi sanksiyalarla göstərməyə çalışır.

S-400-ləri almaqla mərkəzin gücünü sorğulayan Türkiyə sanksiya təhdidinin ona heç nə etməyəcəyini də elan edərək bütün dünya sistemini sual altında qoymağa başlayıb.

Vaşinqtonda davam edən durğunluq, çaşqınlıq və qorxunun da səbəbi elə budur. Adminstrasiya, əslində, Türkiyədən gələn bu üsyanın mənasını başa düşür. Buna görə də, adminstrasiya daxilində buna qarşı necə reaksiya veriləcəyi barədə uzun zamandır dərin müzakirələr aparılır. Lakin mərkəzin öz hegemoniyasına qarşı gələn bu təhdid qarşısında səssiz qalmasını gözləyə bilmərik. Tramp sabah (2-ci gün) üçün bəzi senatları Türkiyə barədə müzakirə aparmaq üçün Ağ Evə dəvət edib. Əmin ola bilərsiniz ki, həmin kritik iclasda mənim bu yazıda ortaya qoyduğum çərçivə olmadan müzakirələr aparılacaq.

Bu mərhələdə mənə şəxsən çox vacib gələn bir məsələni də xatırlatmaq istəyirəm. Türkiyə rəhbərliyinin girişdiyi bu işi böyük siyasi fərqlilikləri nəzərə almadan dəstəkləmək lazımdır. Bu, vətənpərvərlik ruhunda ortaq olmaq mənasına gəlir. CHP bu həqiqəti görüb və bir müddətdir ki, siyasi cəhətdən yola getmədiyi rəhbərliyi məhz belə məsələlərdə dəstəkləyir.

Mən artıq özümü köhnə marksist adlandırmaqdan da əl çəkmişəm. Marksizm elə asanlıqla buraxılan bir düşüncə sistemi deyil. Lakin düşüncə sistemi və mədəni mövqe olaraq marksist olmağa davam edirəm.

Bir marksist, təbii olaraq, rəhbərliyin başlatdığı kapitalist dünya sisteminə üsyan etməlidir.

Əkrəm İmamoğlunun hər gün göstərdiyi kimi siyasi mövqelərimiz və həyat tərzlərimiz nə qədər fərqli olursa olsun, bizdən fərqli düşünənlərlə ortaq bir məxrəcə gəlmək bu günün əsas şərtlərindən biridir. Çünki dünya qarışıq vəziyyətdədir və yeni dünya şərtlərində tək tərəfli və təkbaşına verilən qərarlarla mübarizə aparmaq mümkün deyil. Rəhbərliyin etdiyi, CHP-nin də dəstəklədiyi kimi yeni koalisiyalar qurmaq və mübarizədə rəhbərliyə dəstək verərək bütün təhdidlərin qarşısında birlik olmaq lazımdır.

Biz bu yeni mübarizəyə davam edərkən, bir tərəfdən də Çinin manevrlərini yaxından izləməliyik. Çünki Amerika görür ki, onun mərkəzi gücü qarşısındakı ən böyük təhdid Çindir. Ona görə də, Çinlə mərkəzi ölkə mövqeyi uğrunda ticarət müharibəsi aparır. Prezidentin sabiq müşaviri Stiv Bennon Çinin nə qədər böyük bir təhdid olduğunu göstərmək üçün Vaşinqtonda geniş bir mübarizəyə başlamışdı. Bennon Çinin müsəlman azadlıq savaşçılarını və Falun Qonq üzvlərini də yanına çəkərək Çinə qarşı yeni bir cəbhə açmaq istəyir. Bu məsələdə Trampı da öz yanına çəkib.

Türkiyə sistemə qarşı üsyan edərkən, bir yandan da Çinlə olan münasibətlərini inkişaf etdirməlidir. Onsuz da rəhbərliyin verdiyi açıqlamalara baxanda da bunu görmək olur.

Dediyim kimi, Türkiyənin dünya sistemində yeni mərkəz olmaq kimi bir iddiası var. Bu da hər kəs tərəfindən dəstəklənməli olan bir iddiadır. Lakin unutmaq olmaz ki, mərkəzi ölkə olmaq üçün söz azadlığı və ədalətli hüquq sistemi başlıca şərtlərdən biridir. İnanıram ki, rəhbərlik bunun üçün əlindən gələni edəcək.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Türkiyə ABŞ CHP

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar