Çərşənbə axşamı, 18 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Türk millətçiliyinə xas siyasi iqtisadiyyatın inşası: Kapitalist böhranına qarşı sosial doktrina...

Türkiyə Respublikasının varlığı və davamlılığı ilə bağlı məsələlərdə ictimaiyyət əvvəla türk millətçiliyinə müraciət edir. Bu günə qədər həmişə belə olub və belə də olacaq...

Sinan Baykent

“The Independent” qəzeti, 25 yanvar 2020-ci il

Bu baxımdan, türk millətçiliyi millət üçün hər zaman mərkəzdə olub. Ona görə də, təhlükəsizlik və xarici siyasət kimi həssas məsələlər digər sosial mövzularla müqayisədə türk millətçilərini daha çox maraqlandırıb. Bu mənzərənin həm müsbət, həm də mənfi tərəfləri var.

Müsbət tərəfi odur ki, türk millətçiləri bu yolla Türkiyəyə daxildən və xaricdən gələn hücumlar qarşısında güclü şəkildə müqavimət göstərirlər. 

Mənfi cəhəti isə odur ki, türk millətçiliyi bu vəziyyətə həbs olmağa başlayıblar.

21-ci əsrdə Türkiyənin üz-üzə qaldığı daxili və xarici təhdidlər – ki, bu proses 1970-ci illərdən bu yana davam edir - türk millətçiliyini terror, təhlükəsizlik və şəxsiyyət problemləri ətrafında aparılan müzakirələrə sıxışdırıb və millətçiliyin digər (hətta “qurucu”) xüsusiyyətlərinin zamanla sıradan çıxmasına səbəb olub.

Şübhəsiz ki, ölkənin mübarizə aparmalı olduğu bütün daxili və xarici problemlər də türk millətçiliyinin ön plana çəkilməsinə səbəb olub. Buna görə də, bu gün türk millətçiliyi “təhlükəsizlik” məsələsini çox önəmli hesab etsə də, bu, hər şeydən əvvəl ölkə reallıqları və ölkədəki kritik vəziyyətlərlə əlaqədardır. Başqa sözlə, bu durum türk millətçiliyinin seçimi deyil, zərurətidir.

Alparslan Türkeş ve “Doqquz işıq” doktrinasının önəmi

Bu uğursuz vəziyyətə baxmayaraq, türk millətçiliyi heç vaxt - 1960-cı illərdə mərhum Alparslan Türkeş tərəfindən mülki planda siyasiləşdirildiyi dövrdən bəri – təkcə təhlükəsizlik məsələsinə fokuslanmayıb.

Mərhum Türkeşin 1965-ci ildə təqdim etdiyi “Doqquz işıq” doktrinasının məzmunu bu baxımdan diqqətəlayiqdir. Kənd təsərrüfatı, şəhərlər, kooporatizm və s. kimi türk millətçiliyinin iqtisadi siyasətinin əsasını təşkil edən anlayışlar, layihələr və cərəyanlar “Doqquz işıq” doktrinasında öz əksini tapıb. Bundan əlavə, “Doqquz işıq”da bəhs olunan prinsiplərin böyük əksəriyyəti iqtisadiyyat və elmi istehsalla əlaqədardır.

Sırf bu baxımdan nəzərə aldıqda belə, asanlıqla başa düşə bilərik ki, türk millətçiliyi hərbi təhlükəsizlikdən daha artığını istəyir və təklif edir. Türk millətçiliyinin hər hansı bir təbəqəyə, qrupa və ya diktaturaya qarşı üsyan simvoluna çevrilməsi və bu üsyanı iqtisadi-siyasi səviyyədə sistemləşdirməsi danılmaz bir həqiqətdir. 

Bu baxımdan, iqtisadiyyat məsələsi türk millətçiliyinin və seçki kampaniyalarının təbliğat işlərində hər zaman önəmli olub. Lakin bu gün türk millətçiliyinin sosial baxımdan özünəməxsus iqtisadi inkişaf perspektivləri ilə birlikdə tamamilə boğulduğunu müşahidə edə bilərik.

21-ci əsrdə türk millətçiliyinin sosial ölçüsündən geriyə nələr qalıb?

1970-ci illərin əksinə olaraq, bu gün türk millətçiliyi parçalanmış bir haldadır. Millətçiliyi əsas götürən bir çox böyük və ya kiçik siyasi partiya və şəxsiyyətlər var. Lakin buna baxmayaraq, türk millətçiliyinin sosial paradiqması gündən-günə buxarlanır və yox olur.

Türkiyə bu gün müxtəlif iqtidarlar tərəfindən uzun illərdir tətbiq edilən yanlış iqtisadi siyasətlərin əsirinə çevrilib. Vəziyyət artıq elə bir mərhələyə çatıb ki, müvəqqəti və gündəlik tədbirlər dəyən ziyanı düzəltməyə kifayət etmir.

Türkiyə iqtisadiyyatı dünyaya inteqrasiya olmaq üçün daxil olduğu liberal oyunda heç bir mövqe qazana bilməyəcək qədər geriləyib. Üstəlik, bu geriləmə xroniki hala gəlib.

Bütün dünyada olduğu kimi, Türkiyədə də “rifah dövrü” bitir. Hər yeni böhranda liberalların məşhurlaşdırdığı o “görünməz əl” ortaya çıxır və dövlətlərdən pul dilənməyə başlayır. Halbuki dövlətlərin kassasını boşaltmış məşhur oğru bazarın o “görünməz əl”i idi.

Türkiyədə fərziyyələr artmağa davam edir. Birja tacirləri və bankirlər istədiklərini edirlər. Vergidən yayınma kütləvi hal alıb və üstəlik, cəzasız qalır. Əhalinin 60%-i yoxsulluq səviyyəsində işləməyə çalışır. Həmçinin, 16 milyon insan aclıq səviyyəsindən də aşağı vəziyyətdə yaşayır. Minimum əmək haqqı da artıq heç kimə kifayət etmir. Sığortasız şəkildə işləməyə məhkum olan işçilərin sayı günbəgün artır. İş saatları da qeyri-insani rəftarın və insafsızlığın pik həddinə çatıb.

Vəziyyət bununla da bitmir. Diplomlu işsizlərin sayı sürətlə artır. Gənclərin gələcəklə bağlı ümidləri tükənir. Onlar üçün iş yoxdur və vəzifə qazanmaq, pul yığmaq fürsətləri də qalmayıb. Ailələrin istehlak gücü tükənmə həddinə çatıb. Pensiyaçılar dolanmaq üçün 2-3 işdə işləməyə məcbur edilirlər. Pula qənaət etmək həm kasıb, həm də orta təbəqə üçün mümkünsüz hala gəlib.

Valyuta məzənnələri hər gün yeni bir problemlə üzləşir. İnflyasiya rəqəmləri insanların cibinə girir. Qiymət artımları hər kəsin belini büküb. Üstəlik, sanki ölkədə istehsal dayandırılıb: kənd təsərrüfatı, sənaye istehsalı, müdafiə və digər bütün sahələrdə texnoloji istehsal sıfırlanıb.

Dediyim kimi, bu böhran həm dünyada, həm də Türkiyədə bütün sistemin yəni, kapitalizmin böhranıdır.

Kapitalizm çürüməsinə qarşı yeni millətçi-sosial doktrina

İndiki mərhələdə hər bir ölkə öz çıxış yolunu axtarır. Hər bir ölkə öz resurslarını, özünüdərk prosesini və ən əsası, böhrandan xilas olmaq üçün öz modelinə qayıtmaq üsullarını araşdırır. Bu gün bütün dünyada belə bir axtarış var.

Alparslan Türkeş

Qərbdə böhrana fərqli aktyorlar fərqli cavablar verirlər. Millətçilər öz baxışlarını, sosialistlər isə öz konsepsiyalarını irəli sürürlər. Qərbdə artan siyasətlərin bu iki cinahdan gəlməsi təsadüfi deyil, çünki “sistemdən kənar” radikal struktur həlli gətirə bilənlər həmin aktyorlardır. Digərləri isə fikirsizlik ucbatından sistemdən çıxa biləcək addımlar ata bilmirlər. 

Bəs Türkiyədə vəziyyət necədir?

Təəssüf ki, Türkiyədə hazırda bunlar da mövcud deyil. Sosialistlərin maraqlı tezisləri var, lakin bu fikirlər doqmatik olduğu üçün köhnəlmiş hesab olunur.

“Başqaları” dedikdə sosial-demokratları,­ mühafizəkarları və liberalları nəzərdə tuturam. Digər tərəfdən, türk millətçiləri haqlı olaraq daxili və xarici təhlükəsizlik problemləri ilə mübarizə aparır və yeni bir iqtisadi paradiqma qurmaq üçün enerji tapa bilmirlər. Lakin ümidim yenə də türk millətçilərinədir. Səbəbi isə sadədir: belə bir yükün altından çıxmaq üçün təcrübə və külliyyatları var.

Yazının əvvəlində türk milliyyətçiliyinin Türkiyədəki milli refleksin mərkəzində olduğunu qeyd etmişdim. Bu gündən artıq iqtisadiyyat mövzusu Türkiyə üçün milli refleksin mərkəzindədir. Artıq iqtisadi nizamın yenidən qurulması millətçilik üçün ən böyük hadisələrdən biridir.

Mərhum Türkeş 20-ci əsrdə baş verən kapitalizm və kommunizm ziddiyyətinə qarşı türk millətçilərinə “Doqquz işıq” doktrinasını təqdim etmişdi. Bu gün isə 21-ci əsr kapitalizminin zəifləməsinə qarşı türk millətçilərinə yeni bir sosial doktrina verilməlidir.

Bu zəifləmə, əsasən, istehsal münasibətlərinə əsaslandığı üçün hazırlanacaq yeni sosial doktrina, eyni zamanda, istehsal münasibətlərini yenidən müəyyənləşdirməlidir­. Bu səbəblə, sistemin hüdudlarından kənara çıxmaq vacibdir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar