Bazar, 25 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Trampın dostu Britaniyanın yeni baş naziri olacaq?

Keçmiş XİN rəhbərini qələbəyə aparan yolda ən böyük əngəl nədir?

Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyasının sədrliyinə seçkilərin birinci raundu yekunlaşıb. Seçkinin qalibi olacaq siyasətçi baş nazir postunu tutacaq və Birləşmiş Krallığın Avropa İttifaqından çıxması prosesini idarə edəcək. Keçmiş xarici işlər naziri Boris Conson 10 namizəd arasında ən çox səs toplayan siyasətçi olub. O, 312 deputatın 114-nün dəstəyini qazanıb. Conson əsas rəqibini – ölkənin xarici işlər naziri Ceremi Hantı 71 səslə geridə qoyub.

Səsvermənin ikinci raundu iyunun 18-də keçiriləcək. Bu zaman namizədlər azı 33 deputatın dəstəyini qazanmalıdırlar. Partiyanın yeni liderinin və Böyük Britaniyanın baş nazirinin adı iyulun sonlarınadək məlum olacaq. Ümumilikdə isə Boris Consonun mümkün qələbəsi nə London, nə də Brüssel üçün sakit ilsonu vəd etmir.

Qeyd edək ki, 2016-cı ilin iyununda keçirilən “Brexit” üzrə referendumda Böyük Britaniya vətəndaşlarının 51,9 faizi ölkənin Avropa İttifaqının tərkibindən çıxmasına səs vermişdi. Lakin noyabr ayının ortalarında “Sky News” telekanalının keçirdiyi sorğunun nəticələrinə əsasən britaniyalıların 54 faizi Böyük Britaniyanın Aİ-nin tərkibində qalmasını istədiyini bildirmişdi.

Hakim partiyaya yeni liderin seçilməsi zərurəti baş nazir Tereza Meyin istefa qərarından sonra yarandı. Mey “Brexit”in şərtlərini partiyasının üzvləri ilə heç cür razılaşdıra bilmədi. O, istefa versə də, hələlik baş nazir səlahiyyətlərini icra edir.

Bir neçə etapdan ibarət olacaq seçkinin iyulunun sonlarında yekunlaşması gözlənilir. Əvvəlcə parlament fraksiyalarının deputatları seçimlərini edəcəklər və ən çox dəstək alan iki namizəd müəyyənləşəcək. Həmin iki namizədin də adları partyanın sıravi üzvlərinin iştirak edəcəyi səsverməyə çıxarılacaq.

Ceremi Hant

Hələliksə fakt odur ki, parlamentdəki mühafizəkarlar Consona 114 səs veriblər. Onun əsas rəqibi Hant cəmi 43 deputatın səsini ala bilib. Nəticədə on namizəddən yeddisi ikinci tura vəsiqə qazana bilib.

Boris Conson partiyanın sıravi üzvləri arasında keçirilən rəy sorğularında da irəlidədir. Nəticələrə əsasən, respondentlərin yarıdan çoxu ona səs verəcəklərini deyiblər. “Dostlarıma, partiyadakı həmkarlarıma dəstəklərinə görə təşəkkür edirəm. Birinci raundda qələbə qazandığım üçün çox şadam. Lakin hələ qarşıda qət ediləcək uzun yol var”, – Conson səsvermənin nəticələrini qiymətləndirərkən deyib.

Qət ediləcək yol həqiqətən də uzundur. Həm namizədlər, həm də “Brexit”ə rəhbərlik edəcək yeni baş nazir üçün. Böyük Britaniyanın Avropa İttifaqından çıxması hazırda ölkə gündəminin bir nömrəli məsələsidir. Və prosesin iştirakçılarının bu məsələyə yanaşmaları kifayət qədər fərqlidir. Onların hamısı Brüsseldən qopmağın tərəfdarı olsalalar da, mexanizmlə bağlı fikir ayrılığı yaşayırlar.

Hantın birinci raundda ikinci yerə çıxması kifayət qədər diqqətçəkəndir. Belə ki, XİN rəhbərinin “Brexit”lə bağlı mövqeyi bir neçə dəfə dəyişib. O, gah Avropa İttifaqında üzvlüyün saxlanılmasına tərəfdar olub, gah bu qurumdan hər hansı razılaşma olmadan çıxmaq lazım gəldiyini ifadə edib.

Məsələn, bu yaxınlarda Hant “Brexit”lə bağlı yumşaq ssenarinin tərəfdarı olduğunu bildirmişdi. Bəzi Britaniya analitiklərinin fikrincə, onun bu mövqeyi seçkidə qələbə qazanmaq şansını azaldıb. Lakin görünən odur ki, bu, düşünülmüş gediş olub və sonda Hanta əksər namizədləri ötüb keçməyə imkan verib.

Yaxud “YouGov” sosioloji xidmətinin bir müddət əvvəl Britaniyanın hakim Mühafizəkarlar partiyasının üzvləri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən “Brexit” məsələləri üzrə sabiq nazir Dominik Raab populyarlığına görə yalnız Consondan geri qalaraq ikinci yerdə qərarlaşmışdı. Birinci turun nəticələrinə görə isə Raab cəmi 27 səs toplamış oldu.

Conson və Tramp

Bugünlərdə Hant bildirmişdi ki, Almaniya kansleri Angela Merkel ona Avropa İttifaqının “Brexit”lə bağlı yeni danışıqlar imkanını nəzərdən keçirməyə hazır olduğunu eyham vurub.

“Mən tam əminəm ki, əgər biz problemlə bağlı doğru yanaşma seçsək, avropalılar “Brexit”lə bağlı tədbirlər paketinə dair danışıqlar aparılmasına razılıq verəcək”, – deyə Ceremi Hant bildirib.

Görünür, Hant həqiqətən də “yumşaq Brexit” variantının üzərində dayanır. Lakin bu variant hələ ki işlək deyil. Eləcə də “Brexit”lə bağlı kəskin ssenarinin tərəfdarı olan Dominik Raabın variantı. Səsvermənin birinci raundu göstərdi ki, onun təklif etdiyi variant o qədər də faydalı deyil. Yəqin ona görə ki, bu mövqeyin tərəfdarlarının artıq namizədi var – Boris Conson.

Conson bu yaxınlarda onu da bəyan etdi ki, Böyük Britaniya bütün hallarda oktyabrın 31-də Avropa İttifaqını tərk edəcək. “Biz oktyabrın 31-də istər sazişlə, istərsə də sazişsiz Avropa İttifaqını tərk edəcəyik”, – deyə Conson bildirdi. Bundan başqa, Conson Britaniyanın Brüsselə təqribən 80 milyard funt sterlinqlik (103 milyard dollar) təzminatı ödəmədən Aİ-nin tərkibindən çıxmaq hüququnun olduğunu da deyib. Aİ-nin danışıqlar üzrə nümayəndəsi isə Britaniyanın Avropa İttifaqı qarşısında bütün maliyyə öhdəliklərini yerinə yetirməli olduğunu bildirib.

Lakin onu da unutmaq olmaz ki, Böyük Britaniyanın Avropa İttifaqından razılaşmasız çıxmasını mühafizəkarların heç də hamısı dəstəkləmir. Onların bir çoxu Boris Consonla yaxşı münasibətlərdə olan ABŞ prezidenti Donald Trampı bəyənmir. Belə olan halda da Consonun qarşıdakı raundda qələbə qazanacağı sual altına düşür.

Tramp Consona rəğbətini heç vaxt gizlətməyib. Hətta müsahibələrinin birində Britaniyanın keçmiş xarici işlər nazirini “yaxşı oğlan” adlandıraraq onu hər zaman bəyəndiyini etiraf edib…(Tərcümə Strateq.az-ındır)

pia.az

Etiket:

Şərh yazın.

loading...