Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Tomris rolunu canlandırmaq qürurverici olduğu qədər də çətin idi”

PİA.az Azərbaycan teatr səhnəsində ilk dəfə Tomris rolunu canlandıran aktrisa Kifayət Əliyevanın APA-nın Mingəçevir bürosuna müsahibəsini təqdim edir...

- Kifayət xanım, qısa müddət ərzində ciddi uğurlar qazanmağınıza baxmayaraq, səhnəni çox tez tərk etmisiniz. Səhnəni vaxtından tez tərk etməyinizə səbəb nə oldu?

- Əslində aktyorluq peşəsini könüllü seçmişdim və sözün həqiqi mənasında sənətimin aşiqi idim. Azərbaycan Dövlət İncəsənət İnstitutunu (İndiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti-red) bitirdim. Təyinatım başqa bölgəyə verilmişdi. Mingəçevir Dövlət Dram Teatrında İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” əsərinin səhnələşdiriləcəyindən xəbər tutdum. Təkidlə bu tamaşada oynamaq niyyətimi ortaya qoydum və beləliklə, təyinatımı Mingəçevirə dəyişdirə bildim. Bu əsərdə tanınmış simalar rol almışdı. Təkcə SSRİ Xalq artisti İsmayıl Dağıstanlının adını çəkməyim bəs edər. Mən tamaşada Şahnaz rolunu canlandırdım. Sonralar digər görkəmli aktyorumuz Əliağa Ağayevlə Sabit Rəhmanın “Toy” tamaşasında bir səhnəni bölüşmək xoşbəxtliyi mənə nəsib oldu. Gənc olmağıma baxmayaraq, tamaşalarda mənə baş rolları ifa etmək həvalə edilirdi. Üstəlik, korifey sənətkarlarla bir səhnədə olmaq, onlardan öyrənmək, etiraf edim ki, heç də hər gəncə nəsib olmur.

Sualınızın cavabına gəldikdə, onu deyə bilərəm ki, Bakıya gedib kino sənətində uğur qazanmaq istədim. Bu niyyət məni “Azərbaycanfilm” kinostudiyasına qədər apardı. Lakin burada kino aktyorluğum o qədər də uğurlu alınmadı. Filmlərdə daha çox epizodik rollarım oldu. Amma əsas işim dublyaj studiyası ilə bağlı idi. Saysız-hesabsız filmlərin səsləndirilməsində iştirak etdim. “Azərbaycanfilm” kinostudiyası da mənə çox şey öyrətdi. Görkəmli rejissor və aktyorları yaxından tanıdım, ünsiyyət qurdum. Zərnigar Ağakişiyeva, Leyla Bədirbəyli, Zemfira Sadıqova, Səməndər Rzayev və daha kimlər... Danışmaqla bitən deyil.

- Gənc yaşınızda Oqtay Altunbayın müəllifi olduğu “Tomris” əsərində Tomris rolunu canlandırmaq üçün niyə məhz sizi seçdilər?

- Tamaşanın quruluşçu rejissoru Füzuli Sərkərov, köməkçiləri və digər mütəxəssislər bir sıra özəlliklərimi nəzərə alaraq, Tomris roluna məhz məni seçdilər. Təvazökarlıqdan uzaq olsa da, istedadım, enerjili olmağım və xarici görünüşüm bu qərarın qəbul edilməsinə təsir etdi. Təbii ki, belə bir əsərdə tarixi qəhrəman obrazını canlandırmaq gənc aktrisa kimi taleyimdə önəmli səhifə idi. Həm də bu əsər yazılandan sonra tamaşaya qoyulması üçün ilk dəfə olaraq məhz Mingəçevir Teatrına təqdim olunmuşdu. Mən həm də bu rolu ifa etməklə, teatr tarixinə Tomris rolunu canlandıran ilk aktrisa kimi düşdüm. Tomris rolunu canlandırmaq qürurverici olduğu qədər də çətin idi. Mən obrazı yaşadım, əks halda əsər uğur qazana bilməzdi. Tomrisin oğlunun ölüm səhnəsi zamanı yaşadıqlarımı sözlə ifadə etmək çox çətindir. Həmin vaxt tanıdığım bir ailədə baş verən faciədən təsirlənməyim məlum səhnəni daha uğurla ifa etməyimə səbəb oldu. Ümumiyyətlə, həm Bakıdan gələn rəsmilər, həm də tamaşaçılar əsəri çox bəyəndi. Əsər təxminən iki-üç il teatrımızda uğurla tamaşaya qoyuldu. Yeri gəlmişkən, “Tomris” əsəri bizdən çox-çox sonra Bakı Bələdiyyə Teatrında səhnələşdirildi. Böyük aktyorumuz Amaliya Pənahova Tomris obrazına yeni həyat verdi.

- İllərdir ki, sənətdən uzaq düşmüsünüz. Teatr, kino üçün darıxmırsınız?

Hazırda Mingəçevir Turizm Kollecində pedaqoji fəaliyyətlə məşğulam. Mən elə əslində bu gün də teatr və kino ilə nəfəs alıram. Təəssüflə qeyd etməliyəm ki, bu gün teatrımızda Tomris kimi qəhrəmanlar görünmür. Xalqın, xüsusilə də yetişməkdə olan gənc nəslin bu cür tamaşalara ehtiyacı var.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar