Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tofiq Zülfüqarov: “Moskvanın o hərbi bazalara ehtiyacı yoxdur”

Yanvarın 12-də İrəvanda Rusiya hərbi bazalarının Ermənistandan çıxarılması tələbi ilə etiraz aksiyasının keçiriləcəyi gözlənilir

Xatırladaq ki, dekabrın 28-də Rusiyanın İrəvandakı səfirliyinin qarşısında analoji tələblə piket keçirilib. Aksiyanın təşkilatçılarından biri olan Ermənistan Avropa Partiyasının sədri Tiqran Hzmalyan Rusiya bazaları Ermənistanı tərk edənə qədər etirazların davam edəcəyini bildirib.

Aksiyaların səbəbi kimi dekabrın 3-də 57 yaşlı Cülyetta Qukasyanın öldürülməsi göstərilir. Gümrü Mənzil Kommunal İdarəsində süpürgəçi işləyən qadın səhər işə gedərkən yolun kənarında ağır xəsarət yetirilmiş vəziyyətdə tapılıb. Xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə bütün Ermənistanda siyasi rezonans doğurub. Belə ki, C.Qukasyanın Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının əsgərləri tərəfindən döyülərək öldürüldüyünə dair məlumatlar yayılıb. Lakin cinayətin hansı məqsədlə törədildiyi məlum deyil. Qukasyanın əsgərlər tərəfindən vurularaq qətlə yetirildiyi də tam sübut edilməyib. Lakin Ermənistanda bu cinayətin rusiyalı əsgərlər tərəfindən törədildiyinə şübhə etmirlər. Qeyd edək ki, bu Gümrüdəki Rusiya hərbçilərinin mülki erməni sakinləri öldürməsi artıq ikinci hadisədir. Ona görə də aksiya iştirakçıları Rusuiya hərbi bazalarının bu ölkədə qalmasını Ermənistanın milli təhlükəsizliyi üçün problem hesab edir.

Lakin Rusiya əleyhinə etiraz aksiyalarının baş qaldırmasına süpürgəçi qadının hüquqlarının müdafiəsindən daha çox Kremllə Paşinyan iqtidarı arasında artan gərginlik təsir göstərib.

Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın Moskvaya səfərindən dərhal sonra Rusiya qoşunlarının ölkədən çıxarılması tələbləri səslənməyə başladı. Bu isə Rusiya prezidenti Vladimir Putinlə görüşün müsbət atmosferdə keçmədiyinə dair məlumatları bir daha təsdiq edir. Doğrudur, sonradan Paşinyan və Putin telefon danışığı zamanı Ermənistana təbii qazın satış qiyməti ilə bağlı anlaşma əldə etsələr də görünür, strateji məsələlərdə tərəflər arasında ciddi fikir ayrılığı qalmaqdadır. Bu isə ilk növbədə, Ermənistanın Qərbə meylli xarici siyasət kursu seçməsi ilə bağlıdır. Vladimir Putinin Yeni il bayramı münasibəti ilə Ermənistanın eks-prezidentləri Robert Koçaryanı və Serj Sarkisyanı təbrik etməsi, bununla da Qarabağ klanına açıq dəstək nümayişi qarşıdakı aylarda Rusiya-Ermənistan münasibətlərindəki gərginliyin artan xətt üzrə gedəcəyini deməyə əsas verir. Rusiya hərbi bazalarının çıxarılması tələbi ilə aksiyaların keçirilməsi artıq bu qarşıdurmanın daha fəal mərhələyə keçdiyini göstərir. Ancaq qeyd edilən mitinqlərin Paşinyanın Rusiyanın təzyiqlərinə təzyiqlə cavab vermək məqsədilə təşkil olunduğu, yoxsa Qərbdən sifariş edildiyi hələ dəqiq məlum deyil. Buna baxmayaraq, Rusiya hərbi bazalarının çıxarılması məsələsinin yaxın perspektivdə gündəmə gələcəyi artıq Ermənistanda ötən ilin aprel ayında baş vermiş “məxməri inqilab”dan sonra proqnozlaşdırılırdı. Artıq demək olar ki, gözlənilən vaxt çatıb və Qərbin dəstəyi ilə hakimiyyətə gəlmiş N.Paşinyan “siyasi kartlar”ı açmağa başlayıb.

Rusiya səfirliyi önündə baş tutan piketin təşkilatçılarından biri Narine Mkrtçyanın açıqlaması Ermənistanın yeni hökumətinin əsas hədəflərindən birinin Rusiya hərbi bazalarını ölkədən çıxartmaq olduğunu göstərir. “Biz Ermənistanın yeni siyasi gündəmini formalaşdırırıq. Bu, bizim gündəmimizin əsas prioritetlərindən biridir. Əlbəttə, bu siyasi məsələdir. Bu, Ermənistan vətəndaşlarının həyatı və təhlükəsizliyi məsələsidir. Çünki biz rus əsgərinin nə vaxt, harada, kiminlə rastlaşıb, hansı cinayətlər törədəcəyini bilmirik”-deyə Mkrtçyan bildirib.

Yaranmış vəziyyəti Cebhe.info-ya şərh edən Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, Ermənistanda etirazlar güclənməkdə davam edərsə, Rusiya öz hərbi bazalarını bu ölkədən çıxara bilər. Çünki Gümrüdəki 102 saylı motoatıcı hərbi baza və Erebunidəki hərbi hava bazası artıq Rusiya üçün o qədər də strateji əhəmiyyət kəsb etmir:

“Bu cür hadisələrin ənənəvi hal alması göstərir ki, baş verənlər erməni cəmiyyətinin və siyasi elitanın fikridir. Bunun səbəbləri də məlumdur. Ermənistan cəmiyyəti Qərbyönlü siyasət həyata keçirmək niyyətindədir. Onlar artıq başa düşür ki, Rusiyadan mümkün olanı alıblar. İndi Ermənistanın inkişafı sual altındadır və onlar problemlərlə rastlaşır. Daxili bazar zəifləyib, demoqrafik situasiya bərbad vəziyyətdədir. Ona görə də Qərbə üz tutublar. Lakin Ermənistan Rusiyanın müttəfiqi olduğu halda Qərbdən dəstək istəyirlər. Bu səbəbdən həmin dəstəyi ala bilmirlər. Hesab edirəm ki, hərbi bazalar məsələsində Ermənistan Rusiyanın ciddi təzyiqləri ilə qarşılaşmayacaq. Çünki Rusiya özündə ciddi problemlər yaranıb. Bu baxımdan, Ermənistandakı hərbi bazaları maliyyələşdirmək Rusiya üçün əhəmiyyət kəsb etmir. Yəni Ermənistan “qulpsuz çemodan”dır və Rusiya onu qoyub gedə bilər. Amma bəzi dairələr Rusiya bazalarının Ermənistanda qalmasını istəyir. Çünki Rusiyasız Ermənistanın Qarabağ siyasəti sual altına düşəcək. Rusiyanın dəstəyi olmadan Ermənistan Dağlıq Qarabağı və Azərbaycanın digər ərazilərini işğal altında saxlaya bilməz”.

Lakin Tofiq Zülfüqarov Ermənistandakı hərbi bazaların çıxarılması ilə Rusiyanın Cənubi Qafqazda geostrateji dayaqlarını itirəcəyinə dair irəli sürülən fikirlərlə razılaşmır:

“Dayaqlar deyəndə reallıqdan uzaq səslənir. Vaxtilə Rusiyanın dayaqlarını yerləşdirdiyi Baltikyanı ölkələr indi NATO-nun üzvüdür. Hazırda Ukraynada olan problem Rusiya üçün daha böyük əhəmiyyət kəsb edir. Siyasət real imkanlara əsaslanmalıdır. Ona görə də Cənubi Qafqazda Ermənistan kimi dayaq bir qədər gülməli təsir bağışlayır. Çünki Rusiyanın Ermənistanla heç bir sərhəddi yoxdur. Ermənistanda olan qoşunlar təhlükə yaratmaqdan başqa heç bir məsələni həll etmir. Bu təhlükənin mənəvi mənasının nədən ibarət olduğu hələ məlum deyil. Erməni diasporası illər boyu belə bir fikir formalaşdırıb ki, Rusiyanın Cənubi Qafqazda yeganə dayağı Ermənistandır. Amma vəziyyəti təhlil edəndə bunun əksini görürük. Gümrüdə dörd min nəfər hərbçinin, yaxud Erebuni aeroportunda 12-13 dənə hərbi təyyarənin olması heç nəyi dəyişmir. Həmin təyyarələr Şimali Qafqazdan da qalxa bilər. Onları Ermənistanda saxlamağın nə mənası var? Yaxud, Rusiya orta və uzaq mənzilli raketləri Xəzər dənizindən buraxıb Suriyanı vurur. Onları Ermənistanda yerləşdirməyin mənası yoxdur. Ukraynanın sərhəddi ilə Moskva arasında 300-350 kilometr məsafə var. Amma Ermənistanla Moskva arasındakı məsafə 3 min kilometr təşkil edir. Ona görə də bunlar heç bir əhəmiyyət daşımır. Halbuki, Rusiyanın Azərbaycanda hərbi bazası olmadığı halda daha yaxşı əlaqələri var. AzərbaycanRusiya birgə layihələr həyata keçirir. Ümumiyyətlə, əlaqələrin xarakteri dəyişib. Hərbi bazaların saxlanılması XX əsrin 50-ci illərindən qalmış ənənədir. Ona görə də Rusiya öz maraqlarına uyğun olaraq, hərbi bazalarını Ermənistandan çıxaracaq. Çünki buna ehtiyac yoxdur”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar