Çərşənbə, 16 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

“Testlə qəbul sistemi birbaşa Elçibəyin özünün ideyasıdır” – Pənah Hüseyn sabiq nazirin dediklərini inkar etdi...

Azərbaycanın sabiq baş naziri: “Elçibəyin test üsuluna narazı olması tamamilə həqiqətə uyğun olmayan bir iddiadır”

“Sabiq Təhsil naziri Firudin Cəlilovla prezident Elçibəy arasında bu məsələdə anlaşılmazlığın olmağı haqqında məsələ mənə məlum deyil”.

Bu sözləri Azərbaycanın keçmiş baş naziri Pənah Hüseyn keçmiş təhsil naziri Firudin Cəlilovun test üsuluna Elçibəyin razı olmadığı iddiasına cavab verərkən qeyd edib.

Keçmiş təhsil naziri Firudin Cəlilov mətbuata müsahibə verib. Firudin Cəlilov müsahibəsində test üslunun Azərbaycana gətirilməsindən danışıb. Həmin hissəni oluğu kimi təqdim edirik: “İndiyə qədər mən bu barədə danışmamışam. Amma görürəm ki, artıq danışmaq lazımdır. Mən Rəhim Hüseynovun vaxtında Baş Nazirin müavini işləyirdim. İnstitutlar, məktəblər mənim kurasiyamda idi. Mən də test imtahanlarını gətirmək istəyirdim, amma bu çox ağır bir məsələ idi. Sərəncam verdim, qəbul imtahanlarını dayandırdılar ki, testə keçək. Mənim sərəncamımdan bir ay sonra Elçibəy hakimiyyətə gəldi. Mən ona dedim ki, bu artıq mənim səlahiyyətimdə olan bir iş deyil. Prezident sənsən ya “hə” de, ya “yox”. Razılıq vermədi. Orda bizim Elçibəylə möhkəm davamız oldu. Bu söhbətdə Pənah Hüseyn, İsa Qəmbər, Arif Hacılı, İxtiyar Şirin də iştirak edib. Amma 30 ildə birinin qeyrəti çatıb bu barədə danışmadılar. Heç kim etiraf etmədi ki, test üsulunu təhsilə Vurğun yox, Firudin gətirib”.

-Bəs necə oldu ki, Elçibəy sonradan razılıq verdi?-sualına isə Firudin Cəlilov belə cavab verib:

“Sonra mən sınaq kimi 2000 tələbəni testdən keçirib göndərdim Türkiyəyə. Bu, xalqda yaxşı bir ovqat yaratdı. İnsanlar artıq inandılar ki, test daha ədalətli imtahan üsuldur. Yalnız ondan sonra Elçibəy Pənah Hüseynovu yanıma göndərdi ki, test üsulu təsdiqlənsin. Vurğun Əyyubla Misir Mərdanovu Türkiyəyə göndərdim ki, gedin o sənədlərin hazırlanma qaydasını öyrənin. Tələbə Qəbul Komissiyasını yaratdım. Elçibəy dedi, ora kimi sədr qoyaq? Vurğunu dedim. Burda da mənimlə razılaşmadı ki, Vurğun olmasın, başqa adam olsun. Mən sözümün üstündə durdum, dedim yalnız Vurğun ola bilər. Çünki o çox prinsipial adam idi. Mənə də belə adam lazım idi ki, gördüyüm işin nəticəsini əldə edə bilim. Elçibəyi heç cür razı sala bilmədim, ona görə də qapını çırpıb çıxdım. Həmin dövrdə Elçibəylə küsülü qaldıq. 3-4 gün sonra yenə Pənahı yanıma göndərdi ki, yaxşı, o deyən olsun, Vurğunu sədr edək. Və elə həmin gün Vurğunun əmri verildi. Heç Vurğunun özünün bu barədə xəbəri yox idi. Rəhmətlik özü də müsahibələrində deyir ki, əmrimlə bağlı xəbəri televizordan eşitdim. 1993-cü ildən 2005-2006-cı ilə qədər “Musavat” qəzeti həmişə yazırdı ki, Azərbaycana testi Vurğun gətirib. İndi o dünyasını dəyişib, Allah rəhmət eləsin. Üstünə də gəlmədim bu söhbətlərin o zaman. Amma indi hər şeyin əslini hamı bilməlidir. Vurğun on gün işə çıxmadı. Axırda çağırdım ki, Fərmanın verilib, gəl təhvil-təslim edək, işinə başla. Dedi, mən istəmirəm. On gün ərzində onun işini mən gördüm. Nəhayət ki, son illərdə Vurğun Əyyub da, Misir Mərdanov da müsahibələrində etiraf etdi ki, test imtahanı Firudinin ideyası idi”.

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı müsahibədə adı keçən və Firudin Cəlilovun iddiasına görə bu məsələdə Elçibəylə Cəlilov arasında vasitəçilik edən Azərbaycanın keçmiş baş naziri Pənah Hüseynlə əlaqə saxlayıb.

Pənah Hüseyn: “Elçibəy prezident olmamışdan əvvəl də test üsulu onun çıxışlarında öz əksini tapırdı”.

Qəbulun test üsulu ilə keçirilməsinin əsasən Tələbə Qəbul Komissiyasının üzərinə düşdüyünü xatırladan keçmiş baş nazir PİA.az-a açıqlamasında bildirib ki, Tələbə Qəbul Komissiyası da birbaşa prezidentə tabe idi. Buna görə də test üsulunun qəbulunda Firudin Cəlilovun da müəyyən rolu olub. Faktiki olaraq məsələ budur:

“Keçmiş Təhsil naziri Firudin Cəlilovla prezident Elçibəy arasında bu məsələdə anlaşılmazlığın olmağı haqqında məsələ mənə məlum deyil. Tələbə Qəbul Komissiyasının yaradılması və ölkədə qəbul imtahanının test üsulu ilə keçirilməsi Əbülfəz Elçibəyin təşəbbüsüdür. Əbülfəz Elçibəyin qəbulun testlə keçirilməsində nümunə olaraq həmişə Türkiyə modelini əsas götürürdü. Həmçinin bu məsələ Əbülfəz Elçibəyin prezidentlik platformasında, çıxışlarında da öz əskini tapmışdı.

Onu da qeyd edim ki, Vurğun Əyyubun rəhbərliyi ilə və AXCP-nin təşkilatçılığı ilə 50 nəfər Azərbaycandan Türkiyə universitetlərinə tələbə göndərməsi zamanı da bu məsələ müzakirə olunmuşdu. Firudin Cəlilov təhsil naziri göndərildikdən sonra qəbul məsələsinin testlə keçirilməsi məsələsində fəal şəkildə iştirak edib. Hətta Vurğun Əyyub həmin komissiyaya sədrlik namizədliyini Firudin Cəlilov irəli sürüb.

Pənah Hüseyn: “Elçibəy test üsuluna keçməklə o sahədə olan korrupsiyanı aradan qaldırdı”.

Qəbulun test üsulu ilə keçirilməsi əsasən Tələbə Qəbul Komissiyasının üzərinə düşürdü. Tələbə Qəbul Komissiyası da birbaşa prezidentə tabe idi. Buna görə də test üsulunun qəbulunda Firudin Cəlilovun da müəyyən rolu olub. Faktiki olaraq məsələ budur.

Elçibəyin test üsuluna narazı olması tamamilə həqiqətə uyğun olmayan məsələdir. Testlə qəbul sistemi birbaşa Elçibəyin özünün ideyasıdır. Bir daha qeyd edim ki, Elçibəy prezident olmamışdan əvvəl də test üsulu onun çıxışlarında öz əksini tapırdı. Elçibəy test üsuluna keçməklə o sahədə olan korrupsiyanı aradan qaldırdı”.

Nərminə UMUDLU
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar