Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Testi mən gətirmişəm, Vurğun yox”

“Elçibəyin hakimiyyətə gəlməsində mənim ə günahım var”...

PİA.az BakuPost.az-ın “Sabiqlər” rubrikasını təqdim edir:

Müsahibim türk dünyasında tanınmış şəxsiyyət, Ön Asiya türkçülüyünün yaradıcısı, türkoloq, filologiya elmləri doktoru, professor, əvvəllər Baş nazirin müavini işləmiş, Azərbaycan Respublikasının ilk təhsil naziri Firudin Cəlilovdur.

Firudin bəylə 30 il geriyə qayıtdıq. Deyilənlərdən də danışdıq, deyilməyən məqamlara da toxunduq. Milli Azadlıq Hərəkatına qədər gələn yoldan, fəalların qurduqları planlardan, SSRİ-nin tərkibindən çıxmaq üçün atılan riskli addımlardan, əziyyətlə qurulan təşkilat daxili parçalanmalardan, xəyanətlərdən... Bir sözlə, ən yeni tariximizin toz basmış rəfində qalan mübahisəli məsələlərin, təzadlı fikirlərin tozunu aldıq.

“Əlifbanın dəyişdirilməsi barədə fərman Elçibəyin hakimiyyətə gəlməsindən bir il əvvəl hazırlanmışdı”

- Azərbaycan Respublikasının SSRİ-nin tərkibindən çıxmasına səs verən 43 deputatdan biri idiniz. 70 il sonra bu ölkənin ayaqda dura biləcəyinə inam haradan yaranmışdı?

- Əslində, biz meydana təsadüfən çıxmamışdıq. Müstəqillik dövründən çox-çox əvvəl, 70-80-ci illərdə mənim də aid olduğum bir komanda var idi. Xudu Məmmədovu da özümüzə müəllim sayırdıq bu yolda. Müəyyən planlarımız var idi. 1986-cı ildə vəziyyətin kəskinləşdiyini görüb, gizli bir təşkilat yaratdıq. Rəhmətlik Elçibəy, Tarix Peyman və mən. Tarix Peyman Pişəvərinin əsgərlərindən idi. Ona görə də o, siyasi məsələləri bizdən daha yaxşı bilirdi: təcrübəsi də bizdən çox idi, yaşı da. Biz üçümüz mənim mikrorayondakı evimdə “Varlıq” təşkilatını qurduq. Qərara gəldik ki, təşkilatın sədri olmasın elə üçümüz idarə edək. Sonralar təşkilata hərəmiz beş adam cəlb etdik. Artıq ikinci dairə yaradı və belə-belə təşkilat genişləndi. 80-ci illərdə öz aramızda söhbətlər aparırdıq ki, bu imperiya çox yaşamayacaq. Bütün imperiyalar nə vaxtsa dağılıb. Artıq o dövrdəki hadisələrin gedişatından görünürdü ki, Sovet imperiyası da dağılmağa doğru gedir və biz hər an hazır vəziyyətdə olmalıydıq ki, SSRİ dağılar-dağılmaz hərəkətə keçib öz respublikamızı quraq. Bizdə bu inam çox güclü idi. Qarbaçov gələndən sonra isə bu inam daha da artdı. Çünki Qarbaçov gəlib “boltları” bir az da boşaltdı. Artıq açıq söz demək üçün geniş imkan yaranmışdı. Elə bir dövr idi ki, ölkədə aclıq başlamışdı. İnsanlar əti, yağı talonla alırdılar. İqtisadiyyat demək olar ki, çökmüşdü. Bu vəziyyət bütün Sovet İttifaqına daxil olan ölkələr arasında etiraz dalğasının güclənməsinə səbəb olmuşdu. Azərbaycanda yaranan etiraz hərəkatı isə hamısından güclü idi. Ən güclü müxalifət Azərbaycanda idi. Hələ heç bir respublikada milyonlarla insan meydana toplanıb “Azadlıq!” şüarı səsləndirməyib. Bu inamı bizdə yaradan amillər var idi. Ona görə də biz 43 deputat kəfənimizi geyinib SSRİ-nin tərkibindən çıxıb müstəqil olmaq istədiyimizi bildirdik. Həbs olunanlar oldu, şəhid olanlar oldu. Amma biz 1991-ci ildə müstəqilliyimizi elan etməyə nail olduq. Müstəqillik aktının altında bizim imzalarımız var. Amma təəssüflər olsun ki, beşinci kalon və müəyyən mafioz qruplar o zaman çox çalışırdı ki, Azərbaycanda hakimiyyət dəyişilsin.

- Bunun xüsusi bir səbəbi olmalı idi...

- Səbəb bizim kimi aydınları o meydandan çəkilməyə vadar etmək idi və buna da nail oldular. Biz çəkildik, meydanı həmin qüvvələrə verdik.

- 1988-ci ildə 18 günlük mitinq olmuşdu. Bu mitinqin baş tutmasında sizin də rolunuz böyük idi. Meydandan çəkilmək üçün tez deyildimi?

- Bəli, 88-ci ildə artıq mitinqlər başlamışdı. Demək olar ki, ilk mitinqləri də biz təşkil etmişdik. Sonra “Çənlibel” yarandı. Həmin mitinqlərin təşkilini və aparılmasını “Çənlibel”ə həvalə etdik. 1988-ci ildə baş tutan həmin o 18 günlük mitinqdə milyona yaxın insan toplaşmışdı. Və orda qayda-qanun yaratmaq üçün nümayiş komitəsini qurduq. Sədrlik də mənə həvalə olunmuşdu. Mən artıq 18-ci günün sonlarında gördüm ki, bizim içimizdə müəyyən bir qrup yaranıb ki, bu qrup bizdən yox, hardansa aldığı tapşırıqlarla hərəkət edir. Bu parçalanmanı gördükdən sonra mən orda qala bilməzdim. O gündən sonra mən heç vaxt mitinqlərə getmədim.

- Sonra Cəbhə yarandı və siz yenə meydanda görünmədiniz..

- Çox dəvət elədilər, ora da getmədim. Mən heç vaxt Cəbhənin üzvü olmadım. Sonra hakimiyyət dəyişiklikləri başladı. 3 prezident, 2 prezidenti əvəz edən adamla işləmişəm. O mətbəxi artıq çox yaxşı bilirəm, çünki yaşamışam. Hər hakimiyyət dəyişiləndə Moskvanın birbaşa barmağı ilə müəyyən rayon və kəndlərimiz verildi. Çünki baş qarışırdı hakimiyyət çevrilişinə, Qarabağ yiyəsiz qalırdı, ermənilər də gəlib tuturdular.

Həmin ərəfədə mən təhsil sistemində olduğum üçün siyasətə qəti qarışmadım ki, boynuma düşən vəzifələri yerinə yetirə bilim. Parlamentdə Komissiya sədri idim. Həmin dövrdə əlifbanı dəyişdik, yeni təhsil qanunu hazırladıq, digər dövlət atributlarını təsdiqlədik. Azərbaycanın himnini mən nə böyük çətinliklərlə ordan keçirtdim bir Allah bilir, bir də orda olanlar.

- Amma bir çox yerlərdə Əlifbanın dəyişilməsi prosesini Elçibəylə əlaqələndirirlər...

Müxalifət qəzetləri bunu çox vaxt belə yazırdı (gülür). Elçibəylə biz 70-ci ildən birgə yol gəlmişdik. Onun Azadlıq Hərəkatındakı rolunu heç kim dana bilməz. Amma ona aid olmayan bu məsələni niyə ona aid edirlər, bilmirəm?
Azərbaycanda əlifba Mütəllibovun vaxtında dəyişib. Elçibəyin hakimiyyətə gəlməsindən bir il əvvəl şəxsən özüm bununla bağlı fərmanı aparmışam Mütəllibov imzalayıb.

“Bu 30 ildə birinin qeyrəti çatıb etiraf etmədi ki, test üsulunu təhsilə Vurğun yox, Firudin gətirib”

- Test imtahanlarını Azərbaycana kim gətirib? Çünki bu mövzu ətrafında təzadlı fikirlər var. Bunu da daha çox rəhmətlik Vurğun Əyyubla bağlayırlar...

- İndiyə qədər mən bu barədə danışmamışam. Amma görürəm ki, artıq danışmaq lazımdır. Mən Rəhim Hüseynovun vaxtında Baş Nazirin müavini işləyirdim. İnstitutlar, məktəblər mənim kurasiyamda idi. Mən də test imtahanlarını gətirmək istəyirdim, amma bu çox ağır bir məsələ idi. Sərəncam verdim, qəbul imtahanlarını dayandırdılar ki, testə keçək. Mənim sərəncamımdan bir ay sonra Elçibəy hakimiyyətə gəldi. Mən ona dedim ki, bu artıq mənim səlahiyyətimdə olan bir iş deyil. Prezident sənsən ya “hə” de, ya “yox”. Razılıq vermədi. Orda bizim Elçibəylə möhkəm davamız oldu. Bu söhbətdə Pənah Hüseyn, İsa Qəmbər, Arif Hacılı, İxtiyar Şirin də iştirak edib. Amma 30 ildə birinin qeyrəti çatıb bu barədə danışmadılar. Heç kim etiraf etmədi ki, test üsulunu təhsilə Vurğun yox, Firudin gətirib.

- Bəs necə oldu ki, Elçibəy sonradan razılıq verdi?

- Sonra mən sınaq kimi 2000 tələbəni testdən keçirib göndərdim Türkiyəyə. Bu, xalqda yaxşı bir ovqat yaratdı. İnsanlar artıq inandılar ki, test daha ədalətli imtahan üsuldur. Yalnız ondan sonra Elçibəy Pənah Hüseynovu yanıma göndərdi ki, test üsulu təsdiqlənsin. Vurğun Əyyubla Misir Mərdanovu Türkiyəyə göndərdim ki, gedin o sənədlərin hazırlanma qaydasını öyrənin. Tələbə Qəbul Komissiyasını yaratdım. Elçibəy dedi, ora kimi sədr qoyaq? Vurğunu dedim. Burda da mənimlə razılaşmadı ki, Vurğun olmasın, başqa adam olsun. Mən sözümün üstündə durdum, dedim yalnız Vurğun ola bilər. Çünki o çox prinsipial adam idi. Mənə də belə adam lazım idi ki, gördüyüm işin nəticəsini əldə edə bilim. Elçibəyi heç cür razı sala bilmədim, ona görə də qapını çırpıb çıxdım. Həmin dövrdə Elçibəylə küsülü qaldıq. 3-4 gün sonra yenə Pənahı yanıma göndərdi ki, yaxşı, o deyən olsun, Vurğunu sədr edək. Və elə həmin gün Vurğunun əmri verildi. Heç Vurğunun özünün bu barədə xəbəri yox idi. Rəhmətlik özü də müsahibələrində deyir ki, əmrimlə bağlı xəbəri televizordan eşitdim. 1993-cü ildən 2005-2006-cı ilə qədər “Musavat” qəzeti həmişə yazırdı ki, Azərbaycana testi Vurğun gətirib. İndi o dünyasını dəyişib, Allah rəhmət eləsin. Üstünə də gəlmədim bu söhbətlərin o zaman. Amma indi hər şeyin əslini hamı bilməlidir. Vurğun on gün işə çıxmadı. Axırda çağırdım ki, Fərmanın verilib, gəl təhvil-təslim edək, işinə başla. Dedi, mən istəmirəm. On gün ərzində onun işini mən gördüm. Nəhayət ki, son illərdə Vurğun Əyyub da, Misir Mərdanov da müsahibələrində etiraf etdi ki, test imtahanı Firudinin ideyası idi.

- Siz təhsil naziri olan dövürdə orta məktəblərdə xaos hükm sürürdü: müəllim qıtlığı, dərslik çatışmazlığı... Bu barədə nə deyə bilərsiz?

- Bu vəziyyətin səbəbi var idi. 90-cı illərdə mənə xəbər gəlib çatdı ki, artıq Bakıda məktəblərdə kişi müəllimlər qalmayıb. Çünki maaşlar az idi. Məktəb elə bir yerdir ki, orda mütləq kişi müəlliminə ehtiyac olur. Uşaqların formalaşmasında kişi müəllimlərinin rolu daha təsirli olur. Bunu psixoloqlar, pedaqoqlar daha dəqiq izah edə bilər. Mən gördüm ki, belə davam etsə, məktəblər dağılacaq. Həmin dövrdə də Yaqub Məmmədov prezidenti əvəz edirdi. Ona dedim ki, belə davam etsə, təhsilimiz batacaq və hər şeyi təzədən qurmaq zülmdür. Dedi nə təklif edirsən. Dedim müəllimlərin maaşını artıraq. Yaqub dedi ki, axı büdcədə pul yoxdur, bunu necə edəcəyik? Dedim, mən bilmirəm, çağır Maliyyə nazirini oturaq bir qərara gələk. Maliyyə naziri gəldi və eşidəndə ki, mən müəllimlərin maaşının beş dəfə artırılmasını tələb edirəm, adamın gözündən yaş gəldi ki, büdcədə pul yoxdu, hardan tapıb artıracağıq. Dedim, mənə dəxili yoxdur. Biz ac da qalsaq, məktəbləri dağılmağa qoymayacam. Uzun müzakirədən sonra ortaq bir qərara gəldik ki, müəllimlərin maaşı 3 dəfə artırılsın. Yalnız bundan sonra kişi müəllimlər məktəblərə qayıtdı.

“Güc yoluyla hakimiyyət dəyişməsinin həmişə əleyhinə olmuşam”

- Sizə də elə gəlmirmi ki, müstəqilliyimiz yolunda əziyyət çəkən insanlar bu gün də yeri gələndə siyasi proseslərdə fəal olmalıdır. Bayaq da özünüz dediniz ki, siz bu işin mətbəxini bilirsiniz...

- Mən o hərəkatdan ayrılandan sonra siyasətdən də uzaqlaşdım. Daha çox elmlə məşğul oldum. Kitab yazdım. Mənə elə gəlir ki, bunun özü də bir siyasətdir - xalqı maarifləndirirsən. Ağıllı, savadlı xalq oyunlara getmir ki, onun-bunun qulu olmaqdan xilas olsun. Gücüm buna çatdı bunu etdim. İndi mənim o vaxtım deyil ki, partiya şəkilində ortaya çıxıb siyasət aparım.

- Heydər Əliyevin zamanında sizin dövlətdə bir mövqe tutmağınız heç cür mümkün olmadı, yoxsa özünüz meyl etmədiniz?

- Heydər Əliyev və ondan sonrakı dövrdə mən ümumiyyətlə, dövlət işində olmadım. Hətta məni müəllim işləməyə belə qoymadılar. Özü də mənə maneə yaradanlar respublikada ən nüfuzlu vəzifələrdə oturan beşinci kalonun adamları idi. Bu dəhşətli faktdır, amma çoxu bunu görmür. Yəni bu hakimiyyətdən ən çox əziyyət çəkən mən oldum. Amma buna baxmayaraq, dövlətçi insan olduğum üçün çevrilişlərlə hakimiyyət dəyişməsinin həmişə əleyhinə olmuşam.

- Elçibəy haqqında tez-tez işlədilən bir ifadə var: Zəiflik etdi, lider obrazı yox idi... Bu fikirlə razısınızmı?

- Elçibəy milli adam idi. Mənim dostum idi. Onun prezident olmasında mənim də günahım var. Amma elə çıxılmaz bir dalana girmişdik ki, mütləq seçki olmalı idi və kimsə hökmən prezident seçilməli idi. O seçki dövründə biz götür-qoy elədik və Elçibəyin üzərində dayandıq.

- Belə başa düşürəm ki, siz özünüz də prezident ola bilərdiniz, buna şərait də yaranmışdı. Niyə məhz Elçibəy?

- Axı hər insanın özünəməxsus bir xarizması olur. Mən ömrümdə ağlıma gətirə bilmərəm ki, bir ölkənin başçısı olub, ölkə idarə edə bilərəm. Çünki dövlətin başında duran adamın müəyyən keyfiyyətləri olmalıdır ki, o keyfiyyətlər də məndə yoxdur?

- Söhbət hansı keyfiyyətlərdən gedir?

- Yeri gələndə qəddar olmalısan, yeri gələndə diktator olmalısan, yalan danışmalısan...

- Axı heç Elçibəydə də yox idi o diktatorluq...

- Hər şey göründüyü kimi deyil (gülür). Ağlı olan adam prezident olmaq üçün on illərlə hazırlıq keçməli idi, bizdə o hazırlığı keçən adam yox idi. Bizdə heç 90- cı illərdə diplomat yox idi. Bir-iki diplomat var idi, onlar da Rus səfirliklərində otururdu.

- Qarabağ məsələsinin o dövrdə həlli mümkün idimi?

- Hər dövlət başçısının dövründə Qarabağ məsələsinin həmin şəraitə uyğun həlli var idi, özü də çox asan yollarla. Məsələn, Vəzirovla 3 dəfə görüşümüz oldu. Mən də ətrafımda olan Milli Azadlıq hərəkatının üzvləri ilə birlikdə hansı ki, onlar arasında Sabir Rüstəmxanlı, Xəlil Rza Ulutürk, də var - o görüşdə iştirak etdik və biz 5 saat bu adamla Qarabağ məsələsini müzakirə etdik. O adama başa sala bilmədik ki, Ermənistandan qovulan azərbaycanlıları Qarabağda yerləşdirmək lazımdır.

“Cəbhəçilər məni müdafiə etmək əvəzinə...”

- Firudin bəy, bilirik ki, həmin dövrdə üzdə olan milli adamların bəzilərinin həyatına qəsdlər olub. Bəs sizin həyatınız üçün təhlükə yaranan məqamlar oldumu?

- Mən heç vaxt radikal addımlar atmamışam ki, mənim həyatıma təhlükə yaransın. Hər zaman dövlətçilik uğrunda radikallıq etmişəm. Mənəvi təzyiqlər çox olub amma. Söyüblər məni. Mən test imtahanlarını gətirəndə məni idarəyə girməyə qoymurdular. Təsəvvür edin, hər gün səhər mən işə gedəndə 10 nəfərdən çox insan mənə qarşı buket təşkil edirdi. Sürücüm düşüb mənə yol açırdı, mən keçib gedirdim. Həmin dövrdə hakimiyyətdə cəbhəçilər idi. Onlar mənə kömək etmək əvəzinə kənardan baxıb gülürdülər, məni vurmağın yollarını axtarırdılar. Dövlət televiziyasında əleyhimə çıxışlar verilirdi. O dövrdə mən bir reform hazırlayırdım. Məmməd İsmayıl çıxardırdı AzTV-də mənim apardığım reformların əleyhinə Zakir Qaralovu və başqalarını danışdırırdı. Prezident aparatında Rafiq İsmayılov məndən xoşu gəlməyən insanları hər gün yığıb başına, məni yıxmağa çalışırdı.

“İndiki iqtidarı bu müxalifət, müxalifəti isə iqtidar yaradıb...”

- Azərbaycanda mövcud iqtidar və müxalifət var. Bir də sanki dövlətçiliyin müxalifətində olan, müxalif partiyaların gəncləri var. Söhbət xaricə gedib, milli maraqlara qarşı çıxan, söyüş kampaniyaları aparan şəxslərdən gedir. Sanki indi müxalifətin üzvləri olan gənclərdə dövlətçilik prinsipləri sizin dövrünüzlə müqayisədə zəifdir, hətta yoxdur. Bunu necə izah edirsiniz?

- Təəssüf ki, belə bir durum var. Burda sözünü deyə bilməyənlər, qaçıb xaricə gedir, orda hətta söyüş kampaniyalarına əl atırlar. Bu əlbəttə bizim millətin, xalqın adına yaraşmayan bir addımdır. Bu vəziyyəti mən belə dəyərləndirirəm: yaşlı müxalfətçilərin çoxunu tanıyıram. Milli Azadlıq Hərəkatında əziyyət çəkib, yükü çiyinlərində daşıyan insanlara mənim böyük hörmətim var. Amma bütövlükdə idarəçiliyə baxanda mən ortada yalnız bir medal görürəm. Medalın bir üzü iqtidardır, digər üzü müxalifət. Yəni bu iqtidarı bu müxalifət, bu müxalifəti də bu iqtidar yaradıb. Amma bu o demək deyil ki, müxalifətdə sağlam adamlar yoxdu. Onların arasında cəfakeş, xalqını sevən, əziyyətlər çəkmiş insanlar var. Amma çox təəssüf ki, məsələni həll edən onlar deyil. Əgər istəyiriksə dövlətimiz demokratik yolla inkişaf etsin, mütləq sağlam müxalifətimiz olmalıdır.

- Məmur xalq münasibətləri ürəkaçan deyil. Sizin vaxtınızda necə idi vəziyyət? Xalqın sizə münasibəti necə idi?

- Bütövlükdə götürəndə içi mən qarışıq bütün xalqın məmurlara qarşı bir nifrəti var. Təsəvvür elə mən dövlət üçün bu qədər işlər görmüşəm, mənə evdar qadının aldığı qədər pensiya verirlər. Amma bir məmurun oğlunun biləyində 2 milyonluq saat var. Qudurğanlıq xalqı məmura düşmən edən səbəblərdəndir. Hansı məmuru hansı sahədə işə qoyurlar, elə bilirlər dədələrinin dükanıdır ora. Mənə qarşı xalqın da, kommunistlərin də münasibəti çox yaxşı idi. Mənə qarşı kin duyan, əleyhimə işləyən ətrafımdakı məmurlar idi.

- Bütün bu mənəvi təzyiqlər sizin ölkədən getməniz üçün səbəb ola bilərdi. Sizi burda olmağa vadar edən nə oldu?

- Təkliflər çox oldu. Türkiyədən təkliflər gəldi, amma getmədim. Mən dünyanın bir çox ölkəsində olmuşam. Amma bir həftə qalandan sonra darıxmışam. Bakıdan bir həftə kənarda qalanda mənim nəfəsim çatmır. Bakı mənim üçün sevgili bir dilbərdir, ondan ayrı düşmək mümkün deyil. Amma övladlarımı göndərdim. İki oğlum var. Biri Moskvada təhsil aldı, indi çox yaxşı cərrahdır. Biri Kiyevdə təhsil aldı o da həkimdir. Həm Türkiyədə, həm də Kievdə işləyir.

- Azərbaycanın hazırkı mənzərəsi necə bir gələcək vəd edir?

Azərbaycan sürətli şəkildə 90-cı illərə doğru gedir. Allah eləməsin, bu dəfə də 90-cı illərdəki sahibsizlik, başıpozuqluq olarsa, Azərbaycan yüz faiz ən azı üç yerə bölünəcək. Azərbaycanın Güneyi, Quzey və Qarabağ zonası ilə bağlı planlar artıq işlənib hazırlanıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar