Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərəqqidən tənəzzülə

Keçən həftə telekanalizasiyalardan birində rəhbərliyi topasıyla dəyişdilər


Bu bizim media aləmində yenilik də deyil. Vaxtaşırı kimsə düyməni basır, baxırsan 20 illik kanal 2 saniyənin içində yoxa çıxdı. Gözbağlıca fason bir şeydir. Nə qanuna baxan var, nə tarixə. Yazılı-pozulu – istənilən kütləvi informasiya vasitəmizdə vəziyyət bu cürdür. Misal üçün, mənim yadıma gəlir, 15 il qabaq işlədiyim bir qəzetdə redaktor qəzeti bağladığını elan edəndə işçilər dedilər gedək filan partiyanın sədrinə şikayət edək. Halbuki, məntiq və qanuna görə o sədrin bizim qəzetə heç dəxli yox idi. Qəzetin altında isə təsisçi qrafasına tragikomik ifadə yazılmışdı: “Redaksiya kollektivi”. Guya biz bu qəzetin təsisçiləri idik. Ancaq partiya sədrinə şikayətə gedirdik. Elə sədr də insafən bizi barmağına dolamışdı, “Bura niyə gəlmisiniz, mənə dəxli yoxdur” demişdi.

İndi də eləcə. Harasa açılır, bağlanır, kimisə işdən çıxarırlar, kimisə təyin edirlər – heç bilinmir bu proseslərin yiyəsi, vəziyyəti gerçəkdən idarə edən kimlərdir. O üzdən, müxtəlif fərziyyələrə inanmağa məcbursan. Elə telekanalizasiya var ki, verilişlərinə baxıb təxminən hansı yuvanın quşu olduğunu güman etməlisən. Ancaq bu da uğurlu metod deyildir. Örnək üçün, həmin metoda əsasən telekanalizasiyalarımızdan birini Hindistan maharacası Qabbarsinqh Krişnamurti Vaqulyasana Mustafandiri cənablarının idarə elədiyini düşünmək olar. Başqa bir internet saytımızın isə Nazir Gəlinləri Federasiyası tərəfindən maliyyələşdirildiyini fikirləşərsən, çünki bunların işi səhərdən axşama qədər bir nazirin gəlini haqda informasiya axtarmaqdır. Hətta nazir öləndən sonra da kirimədilər, belə yazı vermişdilər: “Rəhmətlik nazirin gəlini onun ili çıxmamış tort kəsib şəkillərini paylaşdı”. İndi gözləyirik, növbədə “Nazirin qəbrini ziyarət etməyən gəlinindən şok konsert ziyarəti” xəbəri olmalıdır.

Bunlar bizim həyatımızdır. Belə yaşayırıq. Dünyanın bürümüş deqradasiya, parçalanma, insanlar arası nifrət bizə də təsir etməkdədir. Kürdlər müstəqillik referendumu keçirdilər, katalonlar ispanlardan ayrılmaq istəyir, ingilislər isə Avropa Birliyindən dünəndən çıxıblar. Bəlkə də bayaq bizə təsiri yanlış yazdım. Ola bilsin biz dünyaya təsir edirik. 30 ildir bizim yaşadığımız etnik münaqişə dünyanın da başına gəlir. Kim bilir, bəlkə vaxtında Qarabağın qanlı ocağına su səpilsəydi, indi Kataloniya və Kürdüstan problemləri də olmazdı. Donbasda qan axmazdı. Suriya cəhənnəmə dönməzdi. Əlbəttə, keçmişi müzakirə eləməyin mənası yoxdur. Bəlkəni əkiblər, bitməyib. Sadəcə, dünyada nəsə görünməyən iplərin, hörümçək toru kimi bağların insanları, ölkələri idarə elədiyini duyursan. Bir yerdə dəli hüceyrənin ipini yığmayanda o metastaz verir, xəstəlik hər yana yayılır.

İnsanların vəfasızlığı da çirkin görünür. Misal üçün, telekanalizasiyada böhran olan kimi bir sürü manısın dili açıldı. Dedilər rəhbərlik bizi efirə buraxmaq üçün zorla orda-burda oxudurdu. “Filankəsin seçki tədbiridir, tez gəl”, “Behmənkəsin oğlunun kiçik toyudur, oxumalısan” və sairə - şərtlər bu cür imiş. Az qalırlar desinlər kanal müdiri bizə kanalizasiyanı da təmizlədirdi. Bəs indiyə qədər niyə diliniz bağlanmışdı? Ərik salaməleykümü ilə yaşamaq iyrəncliyini özünüzə rəva görməyin.

Ziya müəllim nəqliyyat naziri olanda qohumları hər sahədə at çapırdı. Biri avtovağzal işlədirdi, biri taksi sürənləri, başqası jurnalistləri döyürdü. Rəhmətlik nazirin (bizdə işdən çıxarılmaq ölmək kimi bir şeydir) bacısı isə məktəb direktoru idi. “Tərəqqi” litseyinin. İndi onu da işdən atıblar. Sən demə şagirdlərə 40 manatlıq geyimi 120 manata satırmış. Başa düşməyib ki, bu qiymət daha keçmişdə qalıbdır. Həmin “qardaşım nazirdir” vergisi daha işləmir.

Ola bilsin litsey də daha tərəqqi eləməyəcəkdir. Dəli şeytan deyir yaxşı pulun ola, “Tənəzzül” adında litsey açasan...

 Zamin HACI(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ən çox oxunanalar