Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriyada hakim ailədə parçalanma

Bəşər Əsəd dayısı oğlunun sərvətinə göz dikib...

Bazar günü paylaşdığı son videosunda kameranın obyektivinə baxan Rami Mahluf bəzən az qala pıçıldayaraq çox sakit səslə danışır. Onun saqqalı, əvvəlki illərdə çəkdirilən şəkillərlə müqayisədə ağarıb.

Milyardlarla pula sahib bir adam olaraq o, yalnız rejimin deyil, eyni zamanda ailəsinin də (amma bunlar demək olar ki, eyni şeydir) zəngin adamı sayılır.

Mahlufun zəngin olduğu nəzərə çarpır. O, heç vaxt kasıb olmayacaq bir insandır.

Bu arada BMT rəqəmlərinə görə, Suriyada əhalinin 80 faizi yoxsulluqda yaşayır, az qala 10 milyon insan ərzaq çatışmazlığından əziyyət çəkir, müharibəyə görə əhalinin yarısı ev-eşiyindən didərgin düşüb.

Mahluf Suriyadan Beyruta gedən yolun üzərində yerləşən və superzənginlərin məskəni sayılan vadidə yaşayıb.

Kamera qarşısında bahalı görünən italyansayağı pencəkdə oturmuş Mahlufun qarşısında qış üçün bir-birinin üstünə yığılmış odunları görmək olar.

Mahlufun videolarda dedikləri doğrudursa (bu həftə üçüncü lent yazısı təqdim olunub) o öz mövqelərini artıq əldən verib.

Vaxtilə o, Suriyada hər bir əhəmiyyətli biznes sövdələşməsinə görə faiz almaqla ad çıxarıb və buna görə bəziləri onu hətta “Cənab beş faiz” adlandırır.

Nadir məzəmmət

Rami Mahluf prezident Bəşər Əsədin dayısı oğludur. Hər ikisi 50 yaşlarındadır və uşaqlıqda dostluq ediblər.

Rejimin sadiq tərəfdarı hesab olunan Mahluf öz ailəsi, siyasət və ya biznesi haqqında çox nadir hallarda açıq danışıb.

2011-ci ildə, Suriyada müharibənin qızışdığı zaman, o, New York Times qəzetinə verdiyi müsahibədə demişdi ki, Suriya elitası - Əsəd, Mahluf və onların bir sıra yaxın silahdaşları sona qədər mübarizə edəcəklər.

"Onlara məlum olmalıdır ki, əziyyət çəkməli olsaq, onu tək biz çəkməyəcəyik”.

Belə görünür, aralarında birlik barədə vədindən başqa onun dedikləri düz çıxıb və bunun təsdiqini sonuncu videolarda da görmək olar.

Sosial mediada o, başına gələn ədalətsizliklərə son qoymağı istəyir və rejimi tənqid edir. Belə sözlərə görə, suriyalıların çoxu həbs oluna bilərdi.

"Cənab Prezident, təhlükəsizlik orqanları insanların azadlığına hücum etməyə başlayıb. Bunlar sizin xalqınız, tərəfdarlarınızdır," - mayın 3-də yayılan videoda deyilir.

Təmtəraqlı həyat tərzi

Mahluf neft və inşaat biznesi ilə də məşğul olub, lakin onun əsas gəlir mənbəyi Suriyanın ən iri mobil şəbəkələrinə nəzarətlə bağlıdır.

Sahibkarın şirkətləri 180 milyon dollar (306 mln AZN) həcmində vergidən yayınmaqda ittiham olunur.

Onun kimi imkanlı insan üçün bu, böyük məbləğ sayılmır. Mahlufun Dubayda yaşayan oğlu da milyarder hesab olunur.

Onun oğlu İnstagramda təmtəraqlı həyat tərzini nümayiş etdirərkən, Mahluf Facebook-da ödəmədiyi deyilən borcları ilə bağlı yazışmanı paylaşıb.

Lakin getdikcə daha çox aydın olur ki, Bəşər Əsədi nisbətən əhəmiyyətsiz vergidən daha çox dayısı oğlunun çoxmilyardlıq biznes imperiyası maraqlandırır.

Az qala on il çəkən və ölkənin çoxunu məhv edən müharibədən sonra Suriyanın dövlət xəzinəsi demək olar ki, tam boşalıb.

Rusiyanın əli?

Bazar günü yayımlanan ən axırıncı videosunda Mahluf öz işçilərindən üzr istəyir. Son həftələr ərzində onun şirkətlərində işləyən ən azı 28 nəfər Suriyanın təhlükəsizlik orqanları tərəfindən həbs olunub.

"Xüsusilə, müəmmalı insanlar tərəfindən həbs olunanlarla bağlı əksər hüquqi məsələlər hələlik öz həllini tapmayıb".

Əslində bu insanlar Mahluf üçün “müəmmalı” olmamalıdır. Çünki onun qardaşı Hafiz rejim əleyhinə daxildən gələn hədələrlə mübarizə üzrə ən güdrətli qurumun - Baş Kəşfiyyat İdarəsinin rəhbəri olub.

Buna görə, o, Suriyanın kəşfiyyat və təhlükəsizlik əməkdaşlarının nəyə qadir olduğunu yaxşı bilir.

Mahlufun süqutu ilə bağlı bir sıra nəzəriyyələr dolaşır. Bəziləri deyir ki, o, həddən ziyadə nüfuzlu və zəngin oldu.

Təzyiqin ilk əlamətləri keçən yay üzə çıxdı. O vaxt Mahluf təxminən 20 min nəfərlik silahlı qruplaşma arxasında duran Bustan xeyriyyə şəbəkəsini bağlamağa məcbur oldu.

Bu, Londonda böyüyən və iri xeyriyyə təşkilatını idarə edən prezidentin xanımı Əsma Əsədlə əlaqələndirilirdi.

Daha bir nəzəriyyə də Kremllə bağlıdır.

İddia olunur ki, Suriyadakı korrupsiya halları Bəşər Əsədin ən mühüm müttəfiqi və müdafiəçisi olan prezident Vladimir Putinlə əlaqəli Rusiya KİV-lərində tənqid olunub.

Rusiyanın 2015-ci ildə Suriyaya müdaxiləsi hərbi qarşıdurmanı Əsəd rejiminin xeyrinə çevirdi.

Nəzəriyyə əsasən, Bəşər Əsəd Putinin rəğbətini itirməmək naminə - geniş kütlə arasında ölkəni bürüyən korrupsiyanın rəmzi sayılan - Rami Mahlufu qurban verir.

Güman ki, Putinə yaxın olan rusiyalı sahibkarlar, həmçinin Mahlufun nəzarətində olan müqavilələrə də diqqət yetirirlər.

Parçalanmalar tarixçəsi

Fakt budur ki, hakim ailədən başqa, bağlı qapılar arxasında nəyin baş verdiyini heç kim dəqiq bilmir.

Ölkənin ilk prezidenti və Bəşər Əsədin atası Hafiz Əsəd 1970-ci ildə hakimiyyəti tam əlinə alandan sonra Suriyanı öz ailə biznesinə çevirdi.

Hərbi Hava Qüvvələri və Bəəs Partiyasının sayəsində yoxsulluqdan yüksəlmiş Hafiz Əsədin xanımı Anisa Mahluf daha zəngin təbəqəyə aid ailənin övladı idi.

Prezidentliyi ələ keçirməyə müvəffəq olan iddialı zabit Hafiz Əsəd hamıya son dərəcə şübhə ilə yanaşırdı və özünü mənsub olduğu aləvi məzhəbinin üzvləri ilə əhatə etmişdi.

Lakin onun yaratdığı sistemin mərkəzində sırf ailəsi dururdu.

Hakim ailə indiyədək dərin parçalanmaların şahidi olub.

Hafiz Əsədin sağ əli olan qardaşı Rifat ən mühüm tapşırıqları yerinə yetirirdi. O, 1982-ci ildə, minlərlə insanın ölümü ilə nəticələnən Müsəlman qardaşları tərəfdarlarının Həma bölgəsindəki qiyamını yatırdı.

Bundan bir il sonra isə Hafizin ürəklə bağlı problemi yarananda hakimiyyəti ələ keçirməyə çalışan Rifat Dəməşqin küçələrinə tanklar yeritdi. Lakin onun cəhdi baş tutmadı.

Rifatın həyatı ölüm və həbsxana ilə nəticələnmədi. O, öz milyonları ilə birlikdə sürgünə göndərildi. Belə görünür ki, bu, Rami Mahluf üçün də ən əlverişli seçim ola bilər.

Rami Mahluf vaxtilə mərkəzində durduğu rejim tərəfindən güclü təzyiqə məruz qaldığını iddia edir.

O,öz işini ictimailəşdirmək üçün Facebook-da video və sənədlər paylaşır. Lakin bu, getdikcə daha çox məğlubiyyətə uğrayan döyüşə bənzəyir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar