Cümə, 18 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Süni ət nədir? 

Dünya İqtisadi Forumu: "On il ərzində dünya ət bazarında süni ətin payı 30 faizi keçəcək"

Hamının heyvan kəsib ətini bölüşdüyü Qurban bayramı diqqəti bəşəriyyətin istehlakında mühüm yer tutan bu məhsula yönəldib. Hazırda dünya ət bazarında hansı proseslər gedir? Hansı yeni trendlər var ki, ət yeməyi sevən Azərbaycan da onları nəzərə almalıdır?

BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı olan FAO-nun məlumatına görə, 2018-ci ildə dünya ət istehsalı 336,4 milyon tona çatıb. Bu, 2017-ci ilə nisbətən 1,5 faiz artım deməkdir. Lakin bu, ötən il üçün proqnozlaşdırılandan 1 milyon ton aşağı göstəricidir.

2018-ci ildə dünyada iribuynuzlu mal ətinin istehsalı 2,1 faiz, quş əti 1,3 faiz artıb. Qoyun-keçi və donuz əti istehsalı əvvəlki ildə olduğu kimi, 0,6 faiz çoxalıb.

Hesabata görə, ötən il ət istehsalında artım əsasən ABŞ, Avropa Birliyi və Rusiyanın hesabına artıb. Dünya ət istehsalında əsas söz sahiblərindən biri olan Braziliyada istehsal artmayıb, Çində isə azalıb.

Çində ət istehsalının kəskin azalmasının əsas səbəbi ötən ilin ortalarından etibarən donuzlar arasında Afrika vəbası xəstəliyinin yayılmasıdır. Bu xəstəlik üzündən ötən ildən indiyədək Asiyada 5 milyon baş donuz məhv edilib. Çin ümumi donuz sayının 10 faizindən məhrum olub. Ümumi ət istehlakının dörddə üçü donuz əti olan Vyetnamda 3 milyon baş heyvan məhv edilib. Hazırda xəstəlik Asiyada Kamboca, Çin, Şimali Koreya, Laos, Monqolustan və Vyetnamda yayılıb.

Bu il isə xəstəlik sürətlə Avropada yaylmaqdadır. Artıq Şərqi Avropa ölkələrinin əksəriyyətində xəstəliyə yoluxma halları qeydə alınıb. Yeri gəlmişkən, donuz ətindən hazırlanmış məmulatları idxal etdiyimiz Rusiya və Ukrayna da Afrika çumasının geniş yayıldığı ölkələr arasındadır.

2018-ci ildə dünya ət ixracı rekord həddə çatıb – 33,6 milyon ton. Bu, əvvəlki illə müqayisədə 2,6 faiz çoxdur. İxracat əsasən ABŞ, Avstraliya, Argentina, Tailand və Avropa Birliyinin hesabına artıb. Hindistan, Braziliya və Cənubi Afrika Respublikası isə xaricə ət satışını azaldıb.

Ət istehsalı kifayət qədər əmək tələb edən, həm də getdikcə bahalaşan bir sahədir. Buna görə də bütün dünyada ət və ət məhsullarının qiyməti son 5 ildə davamlı artım nümayiş etdirir. Eyni zamanda ətin isthlakı da sürətlə artır. Məsələn, ət istehlakının həcminə görə dünya lideri olan ABŞ-da adambaşına illik ət istehlakı 120 kiloqramı keçib. Hesablamalar göstərir ki, inkişaf səviyyəsi yüksəldikcə ölkələrdə adambaşına ət istehlakı da artır. Bu isə dünya idarəçilərini yeni yollar axtarmağa vadar edir. Belə yollardan biri süni ət istehsalının artmasıdır. Bu baxımdan, Dünya İqtisadi Forumu maraqlı materialla çıxış edib.

Forumun hesablamalarına görə, 2050-ci ildə əhalinin sürətli artımı hesabına dünyada ətə olan tələbat indikindən iki dəfə çox olacaq. Bu zaman növbəti 10 il ərzində dünya ət bazarının 30 faizə yaxını süni ətlərdən ibarət olacaq. Daha sonrakı 10 ildə isə bu pay 60 faizin üzərinə qalxacaq. Bu o deməkdir ki, 2040-cı illərdə artıq təbii ətin dünya bazarında payı 40 faizə düşəcək.

A.T.Kearney şirkətinin hesablamalarına görə, 2018-ci ildə dünya ət bazarının həcmi 1 trilyon dollara çatıb. Bu zaman illik ət istehlakı 3 faizə yaxın artdığı halda, təbii ətə olan tələbat 3 faiz azalıb. Dünyada vegetirian və veqanların(heyvan və quş mənşəli heç bir qidanı – yumurta, süd və sair- qəbul etməyən) sayının sürətlə artması da təbii ətə olan tələbatın azalma sürətini artırır. Bu, həm də bitki əsaslı ət əvəzedicilərinin kütləvi istehsalını stimullaşdıran əsas faktorlardan birinə çevrilir. İnkişaf etmiş ölkələrdə marketlərdə vegetirian və veqanlar üçün ayrıca rəflərin qoyulması praktikası getdikcə genişlənir – sırf belə insanlar üçün istehsal olunan qidaların istehsalı kimi.

Bu baxımdan, xüsusi laboratoriyalarda vegetirian və veqanlar üçün bitki mənşəli ət məhsulları istehsalını quran Impossible Foods, Just Meat ve Beyond Meat şirkətlərinin istehsal həcmlərinin sürətli artımı təəccüblü görünmür. 2018-ci ildə belə şirkətlərin dövriyyəsi 900 milyon dolları ötüb. Bu şirkətlərin inkişaf perspektivinə olan inamın nə qədər böyük olduğunu Cargill, Tyson, Merck, Google,UBS ve PHW Group kimi beynəlxalq korporasiyaların onlara böyük həcmdə yatırım etmələri açıq göstərir. Dünyanın ən varlı adamları sırasında olan Richard Branson, Sergey Brin ve Bill Gates kimi insanlar da bu şirkətlərin sərmayədarları arasındadır. Bu, dünya süni ət bazarının sürətli inkişaf dövrünün başlanğıcı kimi də qiymətləndirilə bilər. Hazırda yeni ət növləri dünyanın ən böyük market və fast food şəbəkələrində öz yerini möhkəmlətməkdə və genişləndirməkdədir.

Dünya İqtisadi Forumunun hesablamalarına görə, bitki əsaslı ət məhsullarının ümumi bazarı 2018-ci ildə 4,6 milyard dollara çatıb. 1 trilyon dollarlıq təbii ət bazarı ilə müqayisədə bu rəqəm cüzi görünə bilər, lakin nəzərə almaq lazımdır ki, yaxın illərdə süni ət bazarında 20-30 fazilik orta illik artım proqnozlaşdırılır. Qurum həmçinin heyvandan alınmış hüceyrələr əsasında laborator şəraitdə əldə edilən “mədəni ət” istehsalındakı gözləntilərə də diqqət çəkir. Hələlik bahalı və hüquqi baxımdan problemləri həll olunmamış məhsul olsa da, tezliklə “mədəni ət”in də satış rəflərində görünəcəyi proqnozlaşdırılır.

Beləliklə, yaxın onilliklərdə dünyada yeni nəsil ət məhsullarının bazar payının sürətli artımı ilə xarakterizə olunacağı gözlənilir. Bu isə ət bazarında tamam yeni imkanlar və perspektivlər açacaq. Hesablamalar göstərir ki, süni ət istehsalı üçün istifadə olunan xammalın 1 kiloqramının məhsuldarlığı təbii ət istehsalındakından 5 dəfə çoxdur. Yəni 1 kiloqram təbii ət əldə etmək üçün lazım olan taxılla 5 kiloqram süni ət əldə etmək mümkündür. Bu isə heyvandarlıq üçün yararlı sahələrin getdikcə azaldığı indiki dövrdə ciddi stimuldur.

Mədəni və bitki əsaslı ətlərin istehsalını stimullaşdıran daha bir amil onların yararlılıq müddətinin təbii ətə nisbətən daha uzun olmasıdır. Eyni zamanda süni ət istehsalında Afrika vəbası, salmonella,yaxud brüselyoz, quş qripi kimi təhlükələr də mövcud deyil.

Dünya İqtisadi Forumunun hesablamalarına görə, bitki əsaslı ət istehsalı üçün keçid dövrü daha az olsa da, mədəni ət istehsalı tezliklə onu üstələyəcək.

Qurumun ən ən maraqlı qənaəti isə budur ki, bəşəriyyət süni ət istehsalı ilə dayanmayacaq. Biotexnologiyaların inkişafı tezliklə insan oğlunun süd, yumurta və dəniz məhsullarının da sünilərini istehsal etməsinə imkan verəcək.

Nəhayət, bitki əsaslı ət, həmçinin mədəni ət ekoloji cəhətdən daha təmiz olduğuna görə təbii ətdən daha cəlbedici hesab olunur.(musavat.com)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket:

loading...

Ən çox oxunanalar