Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sülh danışıqları bir halda mümkündür - ərazilər qrafiklə azad edilsin” - Sabiq nazir

Tofiq Zülfüqarov: “İlk “X” günü razılaşdırılır, müqavilə imzalanandan sonra 20-25 gün ərzində işğalçı qüvvələr işğal olunmuş ərazilərdən çıxırlar”.

Sentyabrın 27-si səhər saatlarında işğalçı Ermənistanın cəbhə xəttində hərbi təxribatının qarşısının alınması məqsədilə Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına start verib. Artıq 3-cü gündür ki, Dağlıq Qarabağ cəbhəsində şiddətli döyüşlər davam edir. Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində Füzuli, Cəbrayıl rayonlarının işğalda olan bir neçə kəndi azad edilib. Bununla yanaşı, Murovdağ və Talış kəndi yaxınlığındakı bir neçə strateji yüksəkliklər düşməndən təmizlənib.

Azərbaycanın Müdafiə Nazirliyi hazırda əks-hücum əməliyyatlarının davam etdiyini, ordumuzun ərazilərimizi işğaldan azad etmək uğrunda var gücü ilə irəli atıldığını açıqlayıb. Bu arada, onu da qeyd edək ki, Dağlıq Qarabağ bölgəsində eskalasiyanın başlaması ilə bağlı müxtəlif dövlətlərdən, beynəlxalq təşkilatlardan atəşi dayandırmaq, gərginliyi azaltmaq və sülh danışıqlarını bərpa etmək çağırışları gəlir.

Baş verənləri AYNA-ya müsahibəsində şərh edən Azərbaycanın sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov deyib ki, hazırkı vəziyyətin həm hərbi, həm də siyasi aspektləri var:

- Məsələnin hərbi tərəfini təbii ki, mütəxəssislər daha yaxşı bilirlər. Amma indiki mərhələdə görünən odur ki, Azərbaycanın hərbi hava qüvvələrində, artilleriyada üstünlüyü var. Düşmənin hərbi texnikası və canlı qüvvəsi zərərsizləşdirilir. Yəni, hərbi baxımdan Azərbaycanın üstünlüyü var. Düşmən az müddətdən sonra qaçmağa məcbur olacaq. Artıq erməni ordusunda fərariliyin baş alıb getdiyi haqqında məlumatlar da var. Hesab edirəm ki, əks-hücumumuzun nəticələri olacaq. Məsələnin siyasi tərəfinə gəlincə, hərbi əməliyyatların bərpasının ilk günü onu göstərdi ki, Ermənistan hər zamankı kimi, siyasi davranışına və xislətinə uyğun olaraq ora-bura şikayət edir. Rəsmi İrəvan hər yerə kömək üçün müraciətlər ünvanlayır.

- Əsasən də Rusiyaya...

- Bir müddət əvvəl mən və bir çoxları o fikirdə olmuşuq ki, Rusiya Ermənistanın köməyinə gələn deyil. İndi də o fikirdəyəm. Kreml Dağlıq Qarabağ bölgəsindəki əməliyyatlara qoşulmaq fikrində deyil. Demək, Ermənistan nə etməlidir? Təbii ki, ilk addım kimi Dağlıq Qarabağ separatçılarının oyuncaq “dövlət”ini tanımağı gündəmə gətirəcək. Necə ki, əməliyyatların ilk günündə Ermənistan rəsmiləri tərəfindən bu barədə fikirlər səsləndirilib. Ermənistan indiyədək bu addımı atmayıb, ona görə yox ki, hansısa beynəlxalq qanunlara əməl ediblər. Ona görə ki, bu, onların ziyanına olan addımdır. Əgər qondarma qurumu tanısaydılar, o zaman separatçılara dəstək verdiklərini rəsmən təsdiq etmiş olardılar. Bu vaxta kimi belə kobud səhv etməyiblər. Amma indi Nikol Paşinyan populist addım kimi, belə qərar verə bilər. Artıq Paşinyanın ünvanına əməliyyatlarla bağlı tənqidlər səslənməyə başlayıb. Ermənistan rəhbərliyinə qarşı tənqidlər daha da çoxalacaq. İrəvana əsgər tabutları getdikcə, tabutların sayı çoxaldıqca Ermənistan rəhbərliyinə qarşı aqressiya da çoxalacaq. Paşinyan hakimiyyətini qorumaq, etirazların qarşısını almaq üçün separatçıların qondarma qurumunu rəsmən tanıya bilər.

- Daha hansı addımlar Ermənistanın gündəmindədir?

- Ermənistan üçün ikinci addım da aktualdır. Düşmən istəyəcək ki, əməliyyatlar təkcə Dağlıq Qarabağ cəbhəsində getməsin, digər mövqelərə də sıçrasın. Yəni, toqquşmalar dövlət sərhədində də baş versin. Əsasən də, hesab edirəm ki, Naxçıvan istiqamətində təxribata başlaya bilərlər. Artıq əməliyyatların ilk günündən Ermənistan belə bir təbliğata başlayıb ki, Azərbaycanın əməliyyat aparan hərbçiləri arasında Türkiyə hərbçiləri var, Türkiyənin Suriyadakı muzdluları Azərbaycandadır və s. Bu mənzərəni daha da gücləndirmək üçün Ermənistan təxribatı məhz Naxçıvan istiqamətində həyata keçirəcək. Düşünürəm ki, Azərbaycan buna hazır olmalıdır.

- Beynəlxalq təşkilatlar, həmsədr ölkələr tərəfindən verilən bəyanatları, edilən çağırışları necə qiymətləndirirsiniz? O qədər sərt bəyanatlar verilməsə də, tərəflərə atəşkəs çağırışı edilir...

- Bir məsələyə diqqət yetirmək lazımdır. Bir neçə gün qabaq Azərbaycan Prezidenti çıxışında qeyd etdi ki, “biz danışıqları işğal olunmuş ərazilərimizin qrafiklə azad olunmasında görürük”. Rəsmi Bakı hesab edir ki, Ermənistan Qarabağı təqvimlə azad etmək öhdəliyi götürməlidir. Qrafikin məntiqi nədir? Bilirsiniz, ATƏT-in Minsk Qrupunun fəaliyyəti bununla başlayıb. 1992-ci ildə, ŞuşaLaçının işğalından sonra Romada başlanan danışıqlar, Minsk Qrupunun birinci görüşləri bu səpkidə qurulub. O vaxt belə bir təqvimin üzərində iş gedirdi, vasitəçilər konkret sənəd təklif edirdilər. Məsələn, orada belə bir məsələ var idi: Bir “X” günü bu təqvimə imza atmaq günü kimi müəyyənləşdirilir. Sonra “X-1” günü filan rayondan erməni silahlıları çıxır və əhali oraya qayıdır. Daha sonra “X-2” günü filan rayonlar boşaldılır, əhali qayıdır. Yəni, orada konkret göstərilirdi ki, ilk “X” günü razılaşdırılıb, imzalanandan sonra 20-25 günə işğalçı qüvvələr işğal olunmuş ərazilərdən çıxırlar. O vaxt belə bir məntiq var idi.

İndi cənab Prezident qrafiklə danışıqlarda bu məntiqi nəzərdə tutur. Düşünürəm ki, Azərbaycan Prezidenti həmsədrlərdən də, beynəlxalq təşkilatlardan da səslənən çağırışlara artıq cavabını verib. Ölkə başçımız bildirib ki, biz gələcək danışıqları təkcə bu şəkildə - dediyim kimi, qrafik şəklində görürük. Danışıqların bu üslubu vasitəçilərdən fəallıq tələb edir. Əgər vasitəçilər istəyirlərsə ki, sülh danışıqları bərpa olunsun, o zaman zəhmət çəkib qrafik tərtib etsinlər, aparıb Paşinyanın qabağına qoysunlar. Ermənistan rəhbərliyinə desinlər ki, bu sənədi qəbul edirsinizsə, Azərbaycanla danışaq, hərbi əməliyyatları dayandıraq. Əgər rəsmi İrəvan qəbul edərsə, o zaman geriyə texniki məsələlərin müzakirəsi qalır. Bu şəkildə danışıqların bərpası məntiqli olar. Yox, qəbul etmirlərsə, o zaman çağırışlar mənasızdır.

Dediyim kimi olmasa, əməliyyatlar necə dayanacaq, danışıqlar necə bərpa olunacaq? Erməni siyasətçilərində elə üz var ki, sonra deyəcəklər ki, “qələbə qazandıq, Azərbaycan məcbur olub danışıqlara qayıtdı”. Düşməni məcbur etmək lazımdır ki, o, sülh istəsin, sülhə məcbur olsun. Sülhün də yolu işğal olunmuş Azərbaycan ərazilərinin boşaldılmasından keçir. Cənab Prezident İlham Əliyevin son bəyanatları qrafiklə ərazilərimizin boşaldılması istiqamətində danışıqların bərpa oluna biləcəyinə işarədir.

- Həmsədrlər ərazilərimizin boşaldılması qrafikini tərtib edib, İrəvana gedəcəklərmi?

Bunun cizgiləri artıq mövcuddur. Milli Məclisin Sədri Sahibə Qafarovanın Rusiyaya səfərindən sonra rəsmi Moskvadan verilən açıqlamaya diqqət yetirmək lazımdır. Rusiya XİN-in rəsmisi Mariya Zaxarova Dağlıq Qarabağın ətraf rayonlarının işğaldan azad edilməsi ilə bağlı ifadələr işlətdi. Bu gün Rusiya da ilkin mərhələdə ətraf rayonların azad edilməsini Paşinyandan tələb edir. Həmçinin, Qərb də rəsmi İrəvan qarşısında eyni tələbi qoyub. Baxın, Qərb hərbi əməliyyatlara necə yanaşır - çox sakit şəkildə reaksiya verir. Əməliyyatlar gedir, heç kəs bəyan etməyib ki, Ermənistana kömək edəcək. Məsələ burasındadır ki, bu gün Paşinyanın siyasəti, ümumilikdə Ermənistan hər kəsi bezdirib - Rusiyanı da, Qərbi də. Hazırda Paşinyanın radikal, populist və maksimalist mövqeyini heç kəs qəbul etmir. Azərbaycan rəsmilərinə zənglər ediləcək, çağırışlar ediləcək. Bunlar təbii haldır, biz onsuz da belə çağırışları gözləyirdik, olacağını bilirdik. Düşünürəm ki, Ermənistan silahlı qüvvələrini imkan qədər zəiflətməliyik, ağır və dağıdıcı zərbələr endirməliyik. Bu yolla işğalçını sülhə məcbur etmək olar. Sülh danışıqları da mən dediyim kimi, ərazilərin qrafiklə azad edilməsi üçün danışıqların bərpası ilə olmalıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar