Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sovet “sexovşik”ləri – qısa müddətdə milyonçu olan dostların sonu güllə ilə bitib

Milyonu xərcləmək milyonu qazanmaqdan daha çətindir – SSRİ-də qeyri-leqal milyonçuların problemi məhz bu olub. Onlar qeyri-qanuni yollarla qazandıqları pulları istədikləri kimi xərcləyə bilməyiblər.

Böyük pullar üç litrlik balonlara yığılaraq torpağın altında gizlədilib, qızıl və zinət əşyaları üçün evlərdə xüsusi “saxlanc yerləri” düşünülüb, avtomobilə sahib olmaq üçün bölgə-bölgə gəzib lotereyada maşın udanlara böyük məbləğ təklif edilərək həmin biletlər 3-5 qat bahasına əsl sahiblərindən alınıb, əlavə mənzil almaq üçün saxta nikahlara girməyə əl atılıb və s.

Sovet dövründə milyonlar qazanmağın fərqli yolları olub. Korrupsiya, rüşvət, mütəşəkkil cinayətkar qrupların kriminal planları, qeyri-qanuni ticarət, valyuta mübadiləsi və bu günə kimi də çoxlarına məlum olmayan yollar. Bu sırada gizli istehsal müəssisələri, sexlər də xüsusi yer tutub.

Sovet-alman müharibəsindən sonrakı dövrdə, 1950-ci illərdə SSRİ-də ən adi gündəlik tələbat mallarının qıt olması qeyri-qanuni sexlərin yaranmasına səbəb olub ki, bundan istifadə edən işbazlar böyük gəlirlər əldə ediblər. Əslində bu cür işbazların bir çoxu dövlət əmlakını mənimsəmədən, hökumət büdcəsinə göz dikmədən pul qazanıblar. Həm özləri gəlir əldə ediblər, həm də əllərində pul olan sıravi vətəndaşların tələbatlarını ödəyiblər.

Sovet dönəmində bu cür fəaliyyət göstərənlərə “sexovşik”lər deyirdilər və bu, ad təxminən “serial qatil” kimi məşum səslənirdi.

Qırğızıstanda yaşayan yəhudi əsilli Ziqfrid Qazenfrants və İsaak Zinger də məhz bu yolu seçib, “sexovşik”lik ediblər. Ortaqlar ölkədə qadın kişi və uşaq geyimlərinin defisit olduğunu nəzərə alaraq planlı şəkildə işə başlayıblar.

Onlar əvvəlcə Frunze şəhərindəki (indiki Bişkek) tikiş fabriklərinin birində sex rəisi işləyən köhnə tanışları Matvey Qoldmanla danışıqlar aparıblar. Qoldman istismar müddəti bitmiş və inventardan silinmiş köhnə avandanlıqları onlara satmağa razılıq verib. O, daha sonra fabrikin istifadəsiz anbarlarının birində onlar üçün yer ayırmağa da razılaşıb. Alınmış avadanlıqlar tam təmir edildikdən və işlək vəziyyətə gətirildikdən sonra həmin anbarda quraşdırılıb. Qazenfrantsın Rumıniyada yaşayan yaxın qohumu xammal məsələsini həll edib və o, xammalın Rumıniyadan SSRİ-yə keçirilməsini də öz boynuna götürüb. İşçilər Frunzedəki elə həmin tikiş fabrikindən seçilib. Onlar əsasən Frunzedə yaşayan yəhudi əsilli ustalar olublar. Fabrik iki növbəli iş rejimində işləyib. Gizli sexdə isə yalnız üçüncü növbədə iş gedib.

Məhsullar hazır olduqdan sonra şəriklər üçün ən böyük problem onların fabrikdən SSRİ-nin ayrı-ayrı şəhərlərinə daşınması olub. Bu məsələ də rüşvət hesabına öz həllini tapıb. Geyimlər ən yaxşı materiallardan və olduqca keyfiyyətli tikilib ki, şəriklər üçün heç vaxt alıcı problemi yaranmayıb.
Qısa müddətdən sonra Ziqfrid Qazenfrants və İsaak Zinger gəlirlərini hesablamaq üçün bir neçə mühasib saxlayıblar. Məbləğlər o qədər böyük olub ki, şəriklər köhnə anqarlarda yeni sexlər yaradıblar, Çexoslovakiyadan xüsusi avadanlıqlar gətizdiriblər.

Pul çoxaldıqca şəriklərin qorxusu azalıb. Ziqfrid Qazenfrants Frunzedə özünə böyük saray tikdirib. Moskvada fəaliyyət göstərən xarici səfirliklərin birindən “Rolls-Royce” avtomobili alıb. Düzdür, bu avtomobil istismar müddəti sona çatmış maşın olub. Buna baxmayaraq, o, Frunze küçələrində hamının diqqətini cəlb edib. Ən yüksək ranqlı dövlət məmurlarının “Çayka” və “Volqa” avtomobillərində gəzdiyi halda Ziqfrid Qazenfrantsın “Rolls-Royce”də hərəkət etməsi diqqətdən yayınmayıb.

İsaak Zinger də şərikindən geri qalmayıb. Bir neçə evə və xarici avtomobilə sahib olan Zinger Frunze restoranlarının kralı sayılıb. Hər gün ayrı-ayrı qadınlarla restoranlarda kef məclisləri quran iş adamı az qala özünü şəhərin sahibi sayıb. Zingerin həyat yoldaşının istifadə etdiyi zinət əşyaları isə ətrafdakılarının gözünü qamaşdırıb.

Sözsüz ki, respublika rəhbərliyi, yerli hüquq-mühafiaə orqanları şəriklərin hansı işlə məşğul olduqlarından xəbərsiz olmayıblar. Amma böyük rüşvətlər, qiymətli hədiyyələr onların gözünü bağlayıb.
Şəriklərin hər birinin ayrı-ayrılıqda illik qazancları təxminən 500 min rubla qədər olub. Mövcud dövr üçün bu ağılasığmaz məbləğ sayılıb. Müqayisə üçün qeyd edək ki, həmin dövrdə ən bahalı maşının qiyməti 5-7 min sovet rublu (manatı) arasında dəyişib.

Ziqfrid Qazenfrants və İsaak Zingerin zəngin həyatına 1962-ci ildə son qoyulub. Həmin ilin yanvar ayında Frunzeyə bir qrup DTK və SSRİ Daxili İşlər Nazirliyinin əməkdaşları təşrif buyurub. Heç kimlə, hətta Frunzedəki həmkarları ilə sövdələşməyə getməyən bu dəstə dörd gün ərzində 153 nəfəri həbs edib, cinayət işi açılıb və istintaq başlayıb.

Milyonçuların evlərində axtarış aparılan zaman üç litrlik balonlarda pul, qızıl və zinət əşyaları aşkar edilib. Onlardan pulun məbləğini soruşanda özləri də bilmədiklərini söyləyiblər.

Məhkəmə Ziqfrid Qazenfrants, İsaak Zinger və daha 21 nəfər haqqında ən ağır hökmü, güllələnmə hökmünü çıxarıb. 138 nəfər isə ayrı-ayrı müddətlərdə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Məhkəmənin hökmü ilə razılaşmayan milyonçu şəriklər apelyasiya şikayətində dövlət əmlakının mənimsənilməsi ittihamını qəbul etmədiklərini bildiriblər. Ancaq bu şikayət də onları xilas edə bilməyib. Məhkəmənin hökmü icra edilib.

Əslində isə bu cür təşəbbüslərin boğulması, sahibkarlara iş görmələri üçün şərait yaradılmaması son nəticədə sovet dövlətində qıtlığa, iqtisadi tənəzzülə səbəb oldu və dövlətin çöküşünə rəvac verdi. Çin isə öz “sexovşik”lərinin fəaliyyətini leqallaşdırdı, onları vergiyə cəlb etdi, istehsalı stimullaşdırdı və hazırda öz kiçik sexləri ilə dünyanı fəth etməkdədir.

Müəllif: İlham Cəmiloğlu (Musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar