Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Siz bu milləti bölücülüyə səsləyirsiniz...” – Fazil Mustafaya cavab

Azərbaycan Yazıçılar Birliyinin Şah İsmayıl komissiyasının sədri, f.ü.f.d.,dos. Şəmil Sadiq Millət vəkili Fazil Mustafanın Şah İsmayıl və Şiəliklə bağlı fikirlərinə görə açıq məktub yazıb

PİA.az həmin məktubu təqdim edir:

Fazil Mustafaya açıq məktub!

Şah İsmayıl mehribanlıqda dünyanı işıqlandıran və qəhrəmanlıqda düşməni yaxan, od məcazlı bir sultan idi.

(A.A.Bakıxanov, Gülüstani-İrəm)

Hörmətli Fazil müəllim! Çox istədim ki, sizinlə bu mövzuda üz-üzə gəlməyək. Çünki aramızda bir sayğı var və bunu sizin də qoruduğunuzu bilməkdəyəm. Amma sizin şəxsinizə olan hörmət və izzətim, mənim milli düşüncəmə sayğımdan üstün ola bilməz. Ona görə də sizə bu açıq məktubu yazmağı düşündüm. Çünki bu gün bizə lazım olan sadəcə birlikdir, sevgidir, sayğıdır. Amma sizdən görmək istəmədiyim münasibəti görürəm buna qarşı. Əhalisinin 70-80 faizi şiə məzhəbli bir Azərbaycanda yaşayırıq. Məhz siz də Sabunçu rayonundan -şiələrin çoxluq təşkil etdiyi bir məkandan Milli Məclisə deputat seçilmisiniz. Buna baxmayaraq, sadəcə şiə adı altında sizə etiraz edən hər kəsi cahil, “irançı” adlandırıb damğalayır, əsəb nümayiş etdirir, getdikcə çılğınlaşır, insanları təhqir edirsiniz. Axı onlar sizin kimi dini siyasiləşdirmədən, öz saf dünyagörüşləri ilə inanclarını yaşayırlar. Bu yazıda ilk dəfə bəyan edirəm ki, mən də sizin Şah İsmayıla, şiəliyə qarşı tez-tez adını çəkdiyiniz Mirzə Fətəli Axundov kimi bütün dinləri puç və əfsanə hesab edirəm. Yaradanın varlığını qəbul edərək, yerdəki heç bir dinin bu möhtəşəmliyi yaradan Tanrıya aid olmadığı inancındayam.Ona görə də mənim sizinlə davamın din, məzhəb davası olmadığına əmin olun. İranın türklərə-azərbaycanlılara qarşı düşmən mövqeyində olduğunu bilir və Bütov Azərbaycan sevdalısıyam. İndi düşünün ki, dinə qarşı bu cür münasibətdə olan biri sizin düşüncələrinizdən, çağırışlarınızdan, radikalcasına sizdən olmayanları təhqir və tənqid etmənizdən nə qədər narahat olur. Deməli, bu, sizin məsələlərə birtərəfli yanaşmanızdır, yalnız öz mövqeyinizi dəstəkləyən qaynaqlardan sitatlar gətirməyinizdir. Elmlə məşğul olursunuzsa, gərəkdir ki, obyektiv olasınız. Dini təəssübkeşliyi olan heç kim, obyektiv ola bilməz, çünki inanc, islam-təslim ol fikri ondan əl çəkməz. Siz təslim olmusunuz öz inancınıza.

Hər kəs tərəfindən siz məntiqli bir düşünür kimi qəbul edilir, natiqliyiniz əladır deyə, inandırmağı yaxşı bacaran aydın kimi qəbul edilirsiniz. Lakin aqressiv yazılarınızı oxuduqca mən bu məntiqin bu cür lazımsız yerə istifadəsinin təəssüfünü yaşayıram. Məsələn, bayaq da dediyim kimi, böyük maarifçi, düşünür Axundzadəni tez-tez misal çəkirsiniz, əcaba bu insana bu qədər dəyər verir və fikirlərini qəbul edirsinizsə, niyə bu qədər din təəssübü çəkir, dini yaşam tərzi yaşayırsınız? Axundovun düşüncələrinə bələd olduğunuza, ən azından “Kəmalüddövlə məktubları”nı oxuduğunuza əminəm və ona görə də sitat gətirmirəm. O zaman gəlin səmimi olaq, məhz onun dediyi yolla gedək. Getməzsiniz, çünki öz inancınız var və bu məqamda Axundzadə düşüncələri sizin movqeyinizi müdafiə etmir. Çünki Axundzadə nə şiəliyi, nə də sünniliyi qəbul edirdi. Ona görə də insanlara oxumursunuz, bilmirsiniz deyib yuxarıdan aşağı baxmağınız yaxşı görünmür, məncə.

Şəxsi düşüncələrinizi müdafiə etmək üçün hamının birmənalı şəkildə qəbul etdiyi Məmməd Əmin Rəsulzadəni misal çəkirsiniz tez-tez. Oxumayan, bilməyən insanlar da sizin statuslarınıza inanıb Məmməd Əmin Rəsulzadə də belə deyibsə, deməli düzdür, deyir. O zaman sizə inanan insanlar üçün sizin də çox yaxşı bələd olduğunuz Məmməd Əmin Rəsulzadə fikirlərini bura yazım, sonra davam edim:

M.Ə.Rəsulzadə yazır: “İlərdən bəri çevrələrindəki xalq kütlələri üzərində, butün türk ellərindəki dədələr kimi dərin nüfuz və təsir sahibi olan Ərdəbildəki Şeyx Səfi ocağından zühur edən Şah İsmayıl şiə dövlətini qurmaq üzrə hərəkətə keçir. Avropalılara görə bir İran sülaləsi sayılan Səfəvi dövlətinin bu müəssisi isə həqiqətdə bir türk sufisi və Azərbaycanlı bir şairdi. İstinad etdiyi qüvvət də tamamilə türk qüvvəti idi. Bu məzhəb türkman qəbilələri bu qüvvətin kökünü təşkil edirdi. Onun sadə bir türkcə ilə yazılan ilahiləri (dini nəğmələri) rəsmi hüdudların çox irəlilərində belə türk topluluqlarının ruhları üzərində müəssir olurdu. Şah İsmayılın sarayı Azəri türk ədəbiyyatının yaradıcı ocağı və bir akademiyası idi. Bu saraya Həbibi kimi şairlər mənsubdu. Şerdə Xətai təxəllüsündən istifadə edən İsmayıl, xalqın vurulacağı sadə bir dillə yazırdı. Səfəvi sarayının rəsmi dili də türkcə idi. Qonşu dövlətlərə göndərdiyi notalar türkcə yazılırdı. Səfəvi dövlətinin Osmanlılara göndərdiyi notalar türkcə ikən, Osmanlı sarayının Səfəvilərə yazdıqları notalar farsca idi. Rəsmi Türk dövlətlərində misali yox ikən, çevrəsindəki türkdilli şairlər Şah İsmayıla “Türki-tacdar” deyə xitab edirlərdi. Bu dövrdəki şairlər yalnız “Taclı türk”ə deyil, onun da xitab etdiyi əsil türk kütləsinə müvəffəqiyyətlə xitab edə bilmək üçün türkcə yazırlardı. İdarələrini yürütmək üçün içindən yetişdikləri mühitin zövqünə uyaraq onun ağıl və vicdanına qolay bir yol bula bilmək üçün özü ilə türkcə danışırlardı. Sonralar İran ideolojisi – deyə bilinən şiəlik bu xüsusda onlara (səfəvilərə) mane olmurdu. Əksinə, bu, onların türkçülüyünü gərəkləndirirdi.”(Məhəmməd Əmin Rəsulzadə, “Bolşeviklərin Şərq siyasəti” Ərəb və latın qrafikasından transliterasiya edəni və çapa hazırlayanı A. Rüstəmli, Sabah, Bakı, 1994, s.53.) Görürsünüzmü, böyük öndər Şah İsmayıl Xətaini necə öyür? İndi gərək siz ya mütəfəkkirin sözlərinə hörmət edib onun öydüyünü öyməlisiniz, ya da etiraf etməlisiniz ki, mənim dərdim Şah İsmayıl deyil, başqadır.

Fikir azadlığı var, bundan hamının istifadə etməyə haqqı var. Mən bəziləri kimi kimlərsə toxunulmazdır düşüncəsində deyiləm, bizim şüurumuz və məntiqimiz imkan verir ki, Yaradanı da belə müzakirə edək. Şah İsmayıl toxunulmazdır da demirəm. Amma başa düşə bilmirəm ki, Şah İsmayıl, Səfəvilər dövləti sizi niyə bu qədər əsəbi edir? Bunun nə qədər acı səbəbi ola bilər? Millətimə “qadını qul kimi görən, dörd arvad al və ya cariyələrlə keçin deyən, müsəlman olmayanlarla dostluq etmə hökmünü verən” ərəb təfəkkürü belə məni bu qədər radikal etməyib, öz millətinin nümayəndəsi, bir dövlət qurmuş, tarixdə danılmaz yeri olan, yanlışı ilə, doğrusu ilə ulu babamız olan bir insan sizi niyə bu qədər aqressivləşdirsin ki? Ürəyim qan ağlayaraq deməliyəm ki, bunun bir haqlı səbəbi ola bilər, sadəcə bölücülüyü qızışdırmaq, şiə-sünni davasını salmaq, bizi bir-birimizə qarşı qoymaq düşüncəsi. Axı sizinlə mən ədəbiyyatdan danışa, yaxşı voleybol oynaya bilirəm. Niyə bu gün mən də əsəbiləşib xətrinizə dəyəcək bir fikir yazmalıyam. İnana bilmirəm ki, siz də gələcək siyasi karyeranız üçün bir siyasi xətt tutub gedirsiniz. Bu milləti bölücülüyə səsləyirsiniz. O zaman sual yaranır, sizin İran xətti ilə şiəliyi təbliğ edib, əhli-beyt, Xumeyni ağa deyib dövlətçiliyimizə qarşı çıxanlardan fərqiniz nədir?

Bunları yumşaq şəklidə desəniz nə olar ki?Məsələn, Şah İsmayıl türkdür, türk dövləti qurub, dövrünün tələblərinə görə dindən istifadə edib, amma sonradan əyanları, fars məmurların sarayda söz sahibi olması ilə bu xətt yolunu dəyişib, yanlış bir düşüncə sərgilənib, kaş ki olmayaydı, o dövr üçün olub, biz bu yanlışları etməməliyik, Şah İsmayılın qızılbaş-türk fəlsəfəsini yaşatmalıyıq, türkcəyə qoyduğu hörməti qoymalıyıq millətimizə, onun davamçısı, qurduğu dövlətin sərkərdəsi olan Nadirin yolunu getməliyik, birləşdirici olmalıyıq desəniz nə olar ki… Axı tez-tez nümunə gösrtərdiyiniz Nadir Şah iki Türk dövlətinin birliyi üçün öncə məzhəblərarası savaşa son verilməsini, eyni zamanda mollaların dövlət işinə qarışmamasını təklif edirdi. Əgər niyyətiniz safdırsa, niyə Nadir şah kimi birləşdirici yox, bölücülüklə məşğul olursunuz?

Məhz sizin üçün deyirəm, hörmətli oxuculardan xahiş edirəm, bunu sadəcə sizə bir fakt xətrinə dediyimi qəbul edib anlayışla yanaşsınlar. Hamımızın bəh-bəhlə 100 illiyini qeyd etdiyimiz Cümhuriyyətimiz var. Mənim də, sizin də böyük mütəfəkkir adlandırdığımız Hüseyn Cavid, Mirzə Cəlil bu dövlət haqqında bir cümlə də xoş söz deməyiblər, sanki onlar o dövrdə yaşamayıblar, indi buna görə Cümhuriyyəti qınayaq, ya Hüseyn Cavidi, Mirzə Cəlili? Heç Cümhuriyyət də onları görməyib sanki.

Elitanın qurduğu dövlət, xalqın dövləti ola bilmədi, buna zaman da imkan vermədi. İndi hansından vaz keçək?!

İnciməyin, əziz dostum, millətini sevən düşünür sizin kimi olmur, elə incə yanaşır ki məsələyə, heç bir tərəf incimir. Maarifləndirmə başqa şeydir, sizin yanaşdığınız kimi yox.

Gələk təklif etdiyiniz (Bizim düşündüyümüz budur ki, Azərbaycan tarixini daha çox Dədə Qorqud mədəniyyətini, Nadir vizyonunu qabardaraq müasir modelimizi gələcək üçün qurmalıyıq) “Dədə Qorqud” dastanındakı türk kültürünə… Mən Dədə Qorudçuyam, amma islama bulaşmamış Qorqudçu… Deyirsiniz ki, mən sizə bunu təklif edirəm. “Xub”, çox yaxşı, o zaman sizi bir günorta şərab içməyə dəvət edirəm, lap dastandakı kimi… Sonra dəstəmaz alıb, namazımızı qılarıq. Görürsünüz, nə qədər gülüncdür?!

Hansı Dədə Qorqud kültüründən danışırsınız, gürcü təkfurunun zindanında “Ölmüş oğlunuzu minib çapıram” deyən Qazan xanın yaşamını, ya Dəli Domrulun ərəb təfəkküründəki əzrayılla məzələnməsini, ya iki rükət namaz qılıb döyüşə girib, qalib gələndən sonra yeyib-içib kefləndiklərini, ya övladı olmayanı aşağılayaraq qara çadıra salmaqlarını?! Əminəm ki, başqa məqamda, başqa mövzuda kimsə Dədə Qorud dastanını öysə və təbliğ etsə idi, hökmən bu dediyim faktlardan birini deyib Əhməd Bəy Ağaoğlu kimi solçuluq edəcəkdiniz. Ciddi adamlar üçün bu dedikləriniz keçərli deyil, sadəcə gəlişigözəl sözlərlə baş aldatmaqdır, təriqətçilik, məzhəbçilik missiyanıza haqq qazandırmaqdır. Deyirsiniz ki, mən sünni deyiləm, müsəlmanam. Bu da “xub” (bilərəkdən bu fars kəlmələrindən istifadə edirəm ki, statusunuzda başa çıxarıb, məni də cahil fars yanlısı adlandırasınız). Mənim bildiyim müsəlman, qarşı tərəfin inancına sayğı ilə yanaşar, Allahu-Əkbər deyib baş kəsməz. Ən azından şiə də sizin kimi Allaha, peyğımbərə, Qurana inanır… Heç olmasa onlara hörmət edin. Ən azından bir yerdə birləşib, ateistlərlə mübahisə edə bilərsiniz, məncə…

Bütün mövhumi məsələləri atırsınız şiəliyin və şiəliyi də Şah İsmayıl yaratdı deyib onun üstünə. Tez-tez misal çəkdiyiniz, kumiriniz Əhməd bəy Ağaoğlu “Şiə məzhəbi və qaynaqları” əsərində şiəliyin necə yarandığını, niyə yarandığını geniş şəkildə izah edir. Şiəliyin Şah İsmayıla nə dəxli… XIII-XV əsrlərdə türklər İslamın üzərindən öz milli dinlərini yaratmağa hamilə idi. Ermənilərin xristianlıqdan Qriqoriyanlıq, Slavlaynların Provaslav, Almanların Protestantlıq çıxardıqları kimi… Buna Nəimidə, Nəsimidə, Ağ Şəmsəddində, Bektaşi də, Şeyx Səfi də çox cəhd etdi. Çünki din bir yaşam tərziidisə, ərəblə gələn din ərəb yaşam tərzi idi vətürklərə yad idi. Öz törələrinə uyğunlaşdırmağa cəhd edirdilər.

Törəsindən vaz keçə bilməyən türklər öz fəlsəfələrini elə məhz islamın bayrağı altında, istədikləri kimi yaşamaq istəyirdilər və dində müəyyən reformalara cəhd edirdilər. Bütün insanlıq kimi. Çünki Quran sadəcə bölgə üçün idi, türkün cahan anlayışına sığmırdı. Heç sizin də bu günkü təfəkkürünüzə sığımır, əgər bir müsəlmansınızsa, məntiqi buraxıb təslim olmuşsunuzsa, o zaman ordakı şəriət qaydaları ilə yaşamağa cəhd edin, biz də görək. Məsələn, bu ayəyə əməl edərək: (5. 51) “Ey iman gətirmişlər! Yəhudiləri və xristianları öz köməkçiləriniz və dostlarınız hesab etməyin, çünki onlar ancaq bir-birilərinə kömək edirlər. Əgər sizlərdən kimsə onları öz köməkçiləri və dostları sayırsa, onda o özü onlardan biridir. Həqiqətən, Allah zalım insanları doğru yola yönəltmir.”

Yaşaya bilməzsiniz, çünki siz cahil deyilsiniz. O dövrün ağıllı insanları da belə idi və Qızılbaş fəlsəfi fikri ilə türktörəsini yaşamağa çalışırdı. Bu yaxınlarda Roma Papası dediyi kimi, insanlar inkişaf etdikcə, onların təfəkküründəki Tanrı da inkişaf edir.

Necə ki, Peyğəmbərdən sonra Ömər, Osman, Əbubəkir, Əli onun kimi idarə edə bilmədi xilafəti, necə ki aralarında nifaq düşdü, Əməvilər, Abbasilər sarayı əyyaşlıq yuvasına döndü, eləcədə Şeyx Səfi düşüncəsi, Şah İsmayıldan, Şah Təhmasibdən sonra, öz istiqamətini dəyişdi. Uzağa getmədən Elçibəyin Öndərliyində qurduğunuz partiya, dövlət, ondan sonra neçə başa bölündü və bir vaxtlar Elçibəyi ideal sayan Fazil bəy, bu gün onun qüsurlarını deyir, tənqid edir və deyir ki, fikrini dəyişməyən sadəcə ölülərdir. Elə o dövrdə də belə, bəy, eynən belə.

Gələk Səfəvilərin üstünə çamur kimi yaxdığınız mərasimlərə, pirçiliyə, nəzirçiliyə…

Səfəvilər dövləti bir imperiya idi və tərkibində onlarla xalq yaşayırdı. Hər birinin də öz mədəniyyəti, inancı, mifik dünya görüşdən gələn ənənəsi vardı. Bu dövlətin də birinci xalqı türklər idi. İkincisi də böyük dövlətçilik ənənəsi olan, inancı olan farslar idi ki, uzun müddət ətrafındakı xalqı öz təsirində yaşatmışdı. Məzdəkiliyin də, zərdüştiliyin də, atəşpərəstliyin də, şamanizimin də Səfəvilər imperiyasının hüdudları içərisində çoxlu qalıqları vardı. Necə ki islamda sünnət yəhudilərdən, orucluq ondan öncəki onlarla xalqdan, ibadət forması büdpərəstlikdən (bütpərəstlərin ibadətinə diqqət etsəniz namaz qılmağa nə qədər bənzədiyini görərsiniz), Ayın dini simvol olması qədim türk inanclarından, hicab Şumerlərdən gəlirdisə, eləcədə Səfəvilər dövlətinin tərkibində olan xalqların inancı qızılbaşlığa, lap elə sizin dediyiniz kimi şiəliyə qarışdı.

Sizə bir neçə fakt deyim, daha doğrusu xatırladım. Türklər islamı ərəblər kimi yaşamadı heç vaxt. Sizin də, mənim də mövhumat hesab etdiyim, sadə xalqın din bildiyi ağaca nəsə bağlamaq, qurban kəsmək, nəzir demək şiəlikdən gəlmir əziz dost, şamanizmdən, qədim inanclardan gəlir. Bizim yas mərasimlərinin də nəinki şiəliyə, heç islama da aidiyyatı yoxdur, xalqın təfəkküründə qalan törələrdən, tenqriçilikdən gəlir. Bilirsinizmi, musəvilik, xristianlıq olmadığı bir dövrdə türklərdə tenqriçiliyə əsasən insanları basdırıb, torpaqdan gəlmişik, torpağa dönməliyik düşüncəsi var idi? “Torpaq Ana Kutdur” kultu var idi? Heç qəbir daşlarının da bugünkü formasının islama heç bir aidiyyatı yoxdur. Türk Balbaylarını ki bilməlisiniz, hər kəsi öz mənsəbinə, vəzifəsinə görə fərqləndirmək üçün müəyyən baş daşları qoyurdular.

Nəzir anlayışını, pirçiliyi də şiəliyə bağlamaq savadsızlıqdır, bəy. Həyat ağacları vardı, qədimdə o ağaclara müəyyən ərzaqlar asar, niyyətlər edərdilər, mifik düşüncə ilə, bu gün dünyanın əksər xalqında yaşamaqdadır.

Anadolunu az gəzməmisiniz, bilirəm. Qədim Bizans qalıqları olan tarixi məkanlarda görmüsünüz ağaclara cır-cındır bağlayırlar, elə xristianlar da. Efesdəki Məryəm ana kilsəsini xatırlasanız yetərlidir. Necə olur dünyanın ən inkişaf etmiş ölkələrindən xalqlar ora ziyarətə gəlir, niyyət edir, cahillik olmur, bizimkilər Əshabi-kəhfdə bağlayanda cahillik olur? (Yeni Sabah)

Avropanın göbəyindəki bütün şəhərlərdə körpülərin üstünə insanlar minlərlə qıfıl bağlayır, bir gələnək yaşadır, bir əyləncə edir, psixoloji rahatlıq tapır, cahillik olmur, bizimkilər cahillik olur? Bəy, ciddi adamlar bunları ciddiyə almır, özünəməxsusluq kimi bir rəng hesab edir keçir. Daha gətirib tarixi bir şəxsiyyətin cibinə dürtüşdürüb, sonra da onu alçaltmır…

Bir neçə gündür bir neçə tarixçinin sizə cavabını, münasibətini görürəm, əsəblərim tarıma çəkilir. Çünki onların da cavabı, əməlləri ürəyimizcə deyil. Nə vaxt tarixçi alimlərimiz Səfəvilər dövləti ilə bağlı ciddi bir araşdırma qoydu ortaya, nə vaxt qardaş türkiyəyə rəsmi bir nota verdi ki, dərsliklərinizdə Səfəviləri aşağılayan fikirləri çıxarın?! Sadəcə məişət üslübunda atışmalar gedir.

Əhməd bəy Ağaoğlu sizə kömək edə bilməz, bilirsiniz niyə? Mən də Hüseyn Cavid deyərəm, lap hirslənib Nitsşe deyərəm, bütün dünyanın qəbul etdiyi ateist Nitsşe… Kimsə belə deyib, mən də deyirəm, – demək zəiflik əlamətidir. Mən də deyirəm, gəlin Mirzə Fətəli Axundovun, Hüseyn Cavidin, Mirzə Cəlilin, Üzeyir Hacıbəyovun dediyi yolla gedək. Halbuki, hər biri ümumilikdə dini mövhumat hesab edirdi, nəinki şiəliyi, bütün dinləri.

Şah İsmayılı tənqid də etmək olar, təhlil də, bəyənmək də, olar bəyənməmək də. Azdan-çoxdan üzdə olan adamsınız, onsuz da tariximiz allaq-bullaq olub, tutacaq çox az yerimiz var. O tutulacaq yerləri də sizin kimi aydınlar məhz subyektiv pəncərələrindən baxıb ləkələyəcəksə, uçuracaqsa, sabaha ümid qalmaz. Lütfən qırıcı olmayın!!!

Siz qəbul etsəniz də etməsəniz də, Şah İsmayıl bir dövlət qurub, Şirvanşahlardan sonra ən uzun ömür sürən dövlətimizi. Şah İsmayılın türkcə rəsmi sənədini axtarırsınızsa, akademik Ramiz Mehdiyevin orijinal nüsxələrini də çap etdirdiyi məktublara baxın, Osmanlı dövlətinə məktubları türkcə yazıb. Qurduğu dövlətin paytaxtı qədim türk şəhəri Təbriz olub.

İdeologiyasını bəyəndiyimiz Əfşarlar dövlətinin bütün ənənələri Səfəvilərin üzərində qurulub və onun varisidir. Hərdən deyirsiniz ee, bütün tarixçilər Səfəviləri İran dövləti kimi təqdim edir. Heç Əfşarlara da birmənalı türk dövləti deyən yoxdur. Paytaxtı da Məşhəddən başlayıb.

Xoşa gəlməyən gəlinin yerişi tap-tap gələr. Bütün tarixi şəxsiyyətlərdə bu və ya digər mənada qüsur var. Baxır onu görmək istəyənə. Məsələn, Nadirin vəzifə, mənsəb sevdasından oğlunun gözlərini kor etməsi…

Bir qardaş kimi tövsiyəm odur ki, bəlkə də haqqım çatmır, amma hələ də səmimiliyinizə, demokratiyanıza inanaraq deyirəm. Bir-iki aylıq sosial şəbəkələrdən ayrılın, narahat olmayın xalq məhv olmaz, ölkə dağılmaz bu müddətdə, çəkilin bir istirahət edin, sadəcə alternativ mənbələr oxuyun, qızışdırıb əsəblərini hədəqəsindən çıxardığınız bizlərə cavab verməyin. İnanın oxumasanız, əsəbiləşməyəcək, kimisə də “siğədən dönmə” deyib özünüzə qarşı çağırmayacaqsınız.

Şah İsmayıldan əlinizi üzün, onsuz da onun heç bir ideologiyasını yaşatmırıq, arada bir bizim də imperator babamız olub deyib, qürur duyuruq. Siz də kömək edin, məsələ qaldırın ki, ay tarix institutu, ay tarixçilər mənim üstümə düşməkdənsə, bu enerjinizi ayırın, heç olmasa qardaş Türkiyəni Osmanlı zehniyyətindən əl çəkib Səfəvilər Türk-Azərbaycan dövləti kimi tanıyın, Topqapı sarayındakı eksponatlarda İran dövləti yazmayın… Fəlsəfəsini də bəyənmirsinizsə, vaxtınızı belə qıcıq yaradan statuslara ayırmayın, gedin farscanı, ərəbcəni, osmanlıcanı öyrənib ciddi bir elmi əsər qoyun ortaya ki, elm faydalansın!!!

Hə onu da unutmadan deyim ki, bütün təqdinlər pozitiv olanda faydalı və qərəzsiz olur!

P.S. Dinləri nağıl bilən, yetişdirəcəyi şagirdlərinin bir gün Saturna peyk uçuracağına inanan, Şah İsmayılı da, Nadir Şahı da, Mirzə Fətəli Axundzadəni də, Məmməd Əmin Rəsulzadəni də, Nəriman Nərimanovu da, Əhməd bəy Ağaoğlunu da, Hüseyn Cavidi də milləti üçün yanan şəxsiyyətlər kimi qəbul edən bir müəllimin dost fikirlərini düşmənçilik kimi qəbul etməməyiniz arzusu ilə!

AYB Şah İsmayıl Komissiyasının sədri, dos, Şəmil Sadiq!”

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar