Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şərqi Avropa ətrafında qövsi müdafiə gücləndirildi 

ABŞ “Ruzvelt” gəmisini niyə Qara dənizə göndərir?//

ABŞ Hərbi-Dəniz Qüvvələrinin "USS Roosevelt (Ruzvelt)" destroyeri NATO müttəfiqləri ilə birlikdə regional təhlükəsizliyi qorumaq üçün Qara dənizə yola düşüb.

PİA.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın 6-ci donanması yayıb.

““USS Roosevelt” dəniz əməliyyatları aparmaq üçün Aralıq dənizindən Qara dənizə şimal tranzitinə başlayır", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, altıncı donanma ABŞ-ın müttəfiq və tərəfdaşlarını dəstəkləmək üçün Qara dənizdə müntəzəm olaraq fəaliyyət göstərəcək.

Ovqat.com-un analizinə görə, son zamanlar ABŞ hərbi qüvvələrinin Qara dəniz cəmləşməsi prosesi aydın şəkildə özünü göstərir. İki gün öncə ABŞ-a məxsus strateji B-52N təyyarələrinin də Ukrayna hava məkanında müntəzəm uçuşlarının təşkil ediləcəyinə dair rəsmi məlumat verilmişdi. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Aviasiya Komandanlığının yaydığı məlumata görə, bundan sonra ölkənin səması ABŞ-ın strateji bombardımançıları ilə birgə qorunacaq və sərhəd boyunca müntəzəm uçuşlar həyata keçiriləcək. Rəsmi Kiyevin çıxardığı bu qərar ABŞ-ın ən güclü təyyarələrinin artıq Ukraynada yerləşdirilməsi anlamına gəlir. Ukrayna rəsmiləri bu dislokasiyanın “Qara dənizi “Rusiyanın gölü” olmaqdan çıxarmağa”, başqa sözlə desək, bu dəniz üzərində rus hegemonluğuna son qoymağa xidmət etdiyini açıq şəkildə bildirirlər.



ABŞ hərbi donanmasının ən güclü gəmilərindən sayılan “USS Roosevelt” destroyerinin 6-cı donanmanın heyətində Qara dənizə göndərilməsi də bu mənada təsadüfi sayılmaya bilər. Belə ki, İtaliyanın Napoli hərbi limanında yerləşən 6-cı donanmanın əsas missiyası Aralıq və Qara dənizlərə nəzarəti həyata keçirməkdir. “USS Roosevelt” destroyeri isə ABŞ-ın ən böyük təyyarə gəmisidir. Zaman-zaman müxtəlif donanmaların heyətinə daxil edilən “USS Roosevelt” ABŞ-ın hərbi gərginlik yaşadığı ən qaynar nöqtələrinə göndərilir. Ötən il bu gəmi 5-ci və 7-ci donanmanın tərkibində xidmət göstərirdi. Həmin donanmaların missiyası Sakit okeanın “təhlükəsizliyi”dir. 5-ci donanmanın tərkibində Fars körfəzinə qədər gələn “USS Roosevelt” İrana əzələ nümayiş etdirmişdi. İndisə Rusiya ilə ABŞ arasında ziddiyyətlərin artdığı bir zamanda onun Qara dənizə hərəkət etməsi yaxın günlərdə iki super güc arasında gərginliyin kulminasiya nöqtəsinə çıxacağından xəbər verir.

Qeyd edək ki, Rusiya-ABŞ gərginliyi təkcə Qara dənizdə özünü büruzə vermir. İndiyədək Rusiyanın yeganə hegemon güc olduğu Şimali Buzlu okean da hazırda NATO hərbi donanmasının əsas hədəflərindən birinə çevrilib. Verilən məlumatlara görə, Britaniyanın “Sutherland” freqatı və “TİDESPRİNG” Hərbi Dəniz tankerləri, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Russell” destroyeri (esminets) və Norveçin “Thor Heyerdahl” freqatının da yer aldığı NATO donanması ötən həftə Barents dənizində hərbi təlimlər keçirməyə başlayıb. Böyük Britaniyanın Kral donanmasının məlumatına görə, NATO gəmiləri Uzaq Şimalda “çətin əməliyyat” şəraitində bu təlimləri keçirirlər.



Hərbi mütəxəssislərin bildirdiyinə görə, NATO hərbi donanmasının bu əməliyyatı çox da uğurlu alınmayıb. İddia olunur ki, Uzaq Şimalda keçirilən bu təlimlərin əsas məqsədi “Arktika kimi həyati əhəmiyyət daşıyan rayonda hamı üçün üzmək azadlığını və sülhü qorumağa sadiqliyini” nümayiş etdirməkdir.

Rusiyalı ekspertlərin sözlərinə görə, NATO-nun sözgedən bəyanatına "üzmək azadlığı" anlayışı əbəs salınmayıb. Belə ki, bu ilin may ayında Rusiya Müdafiə Nazirliyi Arktika regionunda manevrlər keçirmiş və Şimali Atlantika Alyansının Hərbi-Dəniz Qüvvələrinin Kola yarımadasına keçməsinə imkan verməmişdir. Böyük Britaniya, ABŞ və Alyansın digər ölkələrinə görə isə, Arktika yalnız Rusiyaya aid deyil və bölgə istənilən ölkənin gəmilərinə, o cümlədən hərbi donanmasına açıq tutulmalıdır. Məhz bu səbəbdən, NATO qüvvələri soyuğa davamlı gəmilərini bir araya gətirərək, “Şimali dəniz yolu akvatoriyasında keçiş təhlükəsizliyinin təmin olunması” adı altında son əməliyyatlara start vermiş və Barents dənizinə qədər irəliyə bilmişdi. Hərbi donanmayla yanaşı, ABŞ-ın ən iri sualtılarının da əməliyyat bölgəsində olduğu güman edilir.



Mütəxəssislərin fikrincə, NATO gəmilərinin bu bölgədə qarşılaşdığı ən böyük əngəl heç də rus hərbi qüvvələri deyil. ABŞ-ın “USS Russell” destroyerinin rəhbərliyi altında hərəkət edən NATO donanması mübahisəli ərazilərə tam çatmamış böyük bir təbii əngəllə qarşılaşmışlar. Məsələ burasındadır ki, Arktika bölgəsində hər gəmi hərəkət edə bilmir. Hərbi və ticarət gəmiləri mütləq buzqıran gəmilərin müşayiəti altında Şimalı Buzlu okeanında hərəkət etmək imkanına malikdirlər. İsti və qismən soyuq sular üçün nəzərdə tutulan ABŞ donanması isə bu cür imkanlara sahib deyil. Daha doğrusu, ABŞ donanmasının cəmi 2 buzqıran gəmisi var.

Rusiyanın hərbi donanmasında isə vəziyyət kifayət qədər fərqlidir. Rus donanmasının əsas gücü bu bölgədə yerləşdiyindən təbii şəraitə daha çox uyğunlaşdırılıblar. Həm rus hərbi gəmilərin soyuğa qarşı “qabıqları” daha qalındır, həm də şimal qonşumuzun 40 ədəd buzqıran gəmisi var. Bu da Rusiyanın Şimal donanmasının bölgədə manevr imkanlarını artırır. NATO gəmiləri isə xüsusilə payız aylardan başlayaraq, soyuq fəsillərdə buzları qırıb keçə bilmirlər.



Rusiya Uzaq Şimal bölgəsində özünün müqayisə olunmaz üstünlüyünün fərqində olduğundan ölkənin Baş Qərargah rəisi Valeri Gerasimov hələ 2019-cu ilin dekabrında NATO qüvvələrinin bu təlimlərə hazırlaşmasının mənasızlığına diqqət çəkərək demişdi: "Silahlı Qüvvələrimiz Şimali dəniz yolu akvatoriyasında gəmiçiliyin təhlükəsizliyini tam şəkildə təmin edə bilir və bununla əlaqədar olaraq, bu dəniz dəhlizində başqa ölkələrin hərbi gəmilərinin hərəkətinə ehtiyac yoxdur".

Görünür, Gerasimovun bu sözlərinin rəqabət “paxıllığından” doğduğunu düşünən NATO qüvvələri indi Böyük Britaniya Kral Donanmasının etiraf etdiyi kimi “çətin əməliyyat şəraiti” ilə qarşı-qarşıyadırlar.

Üstəlik, "Arktikada Rusiya hegemoniyasının qarşısını almaq" üçün əməliyyata başlayıb Norveç yarımadasının ən şimal məntəqəsi Vardyö şəhəri yaxınlığında Barents dənizinin girişində buza sapalanan NATO gəmilərini yaxınlaşmaqda olan daha soyuq günlər gözləyir. Mümkündür ki, donanma cəld tərpənib geri qayıtmasa, tamamilə buza həbs oluna və bir də bu həbsdən önümüzdəki yay aylarında qurtula bilər.

NATO donanmasının hərəkət azadlığı tələb etdiyi Arktika bölgəsində hərbi qüvvələr nisbəti də Rusiyanın xeyrinədir. Rusiya Müdafiə Nazirliyinin məlumatlarına inansaq, NATO gəmilərinın “qəfil həmləsi”ndən sonra Rusiya Müdafiə Nazirliyi Şimal donanmasını "Marşal Ustinov" kreyser ilə təchiz edib: ““Marşal Ustinov”un əsas zərbə qüvvəsi 1000 km-ə qədər mənzilli 16 P-1000 Vulkan gəmiəleyhinə raketdən İbarətdir. Bu raket həm yüksək partlayıcılıq gücünə malik mərmilər, həm də nüvə başlıqları ilə daşıya bilər. Hərbi mütəxəssislərin fikrincə, bu raketin zərbəsi ilə təyyarə gəmisi də daxil olmaqla, istənilən bir yerüstü hədəfi məhv etmək olar. Kreyserin artilleriya silahlanmasına ayrıca ikiqat 130 mm-lik AK-130 top dəstəyi və altı ədəd 30 mm-lik AK-630 topu daxildir. “Marşal Ustinov” dənizaltılara qarşı silahlarla da təchiz olunub: 533 mm çaplı iki torpedosu var, bunlardan raketlər və RBU-6000 tipli mərmilər atmaq mümkündür. Sualtı qayıqlara müqavimət göstərmək üçün kreyser əsaslı Ka-27 helikopterindən istifadə olunur”.



Sözsüz ki, Rusiyanın Arktika bölgəsində başqa hərbi qüvvələri də var. Moskva nadir materialların və karbohirogen yataqlarının toplandığı bu bölgəni əlində saxlamaq üçün ən ciddi hərbi yatırımlarını Şimal dairəsinə yatırıb. Bu da təəccüblü deyil. Son araşdırmalara görə, Arktikadakı karbohidrogen ehtiyatları o qədər zəngindir ki, istismarına başlanacağı təqdirdə dünyanın enerji mərkəzi Yaxın Şərqdən Şimali Buzlu okeanına keçəcək. Əlbəttə, bu qədər böyük zənginliyi Rusiya kiminləsə paylaşmaq niyyətində deyil.

Bununla belə, “Uzaq Şimal əməliyyatı”na başlayan NATO qüvvələrinin bu təşəbbüsünün tamamilə fiaskoya uğradığını da demək olmaz. NATO donanması Şimal dairəsində “hərəkət azadlığını” təmin edə bilməsə də, Norveç sahillərinə öz gəmilərini yerləşdirə bilib. Nəticədə həm Rusiyanın şimal-qərbdən Avropaya qapısı bağlanıb, həm də ABŞ-ın “USS Russell” gəmisinə quraşdırılan “Aegis” raketdən müdafiə sistemi ilə Qara dənizdən Barents dənizinə qədər ərazidə hava hücumuna qarşı qorunma xətti tamamlandı.



Məlumat üçün onu da qeyd edək ki, ABŞ 2013-cü ildə Rumıniyanın cənubundakı Deveselu hərbi bazasını istifadəyə götürmüş və burada Aegis raketdən müdafiə sisteminin əsas hissəsi olan SM-2 raketə qarşı batareyası quraşdırmağa başlamışdı. Moskvanın bütün etirazına baxmayaraq, batareya 2016-cı ildə böyük təmtəraqla xidmətə açılmışdı. Bu batareyalar Avropaya atılması gözlənilən rus strateji raketlərini elə Rusiyanın başı üstündə partlatmağı nəzərdə tutur.

ABŞ-ın ən böyük hərbi gəmisi “USS Roosevelt”-in Qara dənizə göndərilməsi sözügedən su hövzəsini Rusiyaya dar etməklə qalmır, həm də Şərqi Avropanı əhatə edən qövsi müdafiəni möhkəmləndirir.(ovqat)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar