Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid mayorun vəfat edən xanımı:"Can yoldaşım, darıxırıq sənin üçün.."

İnsan ölümləri ilə nəticələnən yol qəzalarının çoxdan adiləşdiyi, təkcə bu ilin 9 ayı ərzində 600-ə yaxın insanın canını yollarda tapşırdığı bir vaxtda ötən gün oktyabrın 21-də Kürdəmirdə baş vermiş qəza hamını sarsıtdı. Bu adi qəza yox, əsl dram idi. Ötən ilin bu günlərində canını Vətən torpaqları uğrunda qurban vermiş igid zabitlərimizdən birinin-mayor Rəhim Hüseynovun ömür-gün yoldaşı Günel Ələsgərova onun il mərasiminə gedərkən qəzaya düşüb həlak olmuşdu.

“Can yoldaşım, darıxırıq sənin üçün, mən də, balaların da. Kaş yanında olaydım...”

Bu sözləri Günel Ələsgərova göz yaşları içərisində şəhid həyat yoldaşı mayor Rəhim Hüseynovun haqqında hazırlanan reportajların birində deyirdi...

Və zabitin şəhadətə qovuşmasının bir ili tamam olanda ömür-gün yoldaşı ona bu cür qovuşdu.

...Oktyabrın 20-də Bakıdakı evlərində şəhidin il mərasimi qeyd olunub, yaxınları, ailə üzvləri onun II Fəxri Xiyabandakı məzarını ziyarət ediblər. Daha sonra Günel Zərdaba - Rəhimin doğulub-böyüdüyü kənddə təşkil olunan yas mərasiminə qatılmaq üçün yola çıxıb. Amma Kürdəmirdə baş vermiş qəza onun bir ildir atasızlığın acısını yaşayan üç azyaşlı övladlarını üstəlik anasız qoyub.

Rəsmi məlumatda deyilir ki, oktyabrın 21-də saat 14 radələrində Kürdəmir rayonunun Şüşün kəndi ərazisində Bakı şəhər sakini 35 yaşlı Günel Ələsgərova idarə etdiyi “Ford” markalı avtomobili aşırıb. Nəticədə özü və avtomobildə olan Emin Tağıyev hadisə yerində həlak olublar, oğlu Fikrət Hüseynov isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Mayor Rəhim Hüseynov kim idi, hansı döyüş yolu keçmişdi...

...Mayor Rəhim Hüseynov Cəmşid Naxçıvanski adına Hərbi liseyi, ardından isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nu bitirib. Motoatıcı taqım komandirliyindən tabor komandiri vəzifəsinədək yüksəlib. Rəhim 4 dildə sərbəst danışdığı üçün müxtəlif ölkələrdə beynəlxalq kurslar keçib. Ötən il NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək- qeyri-döyüş missiyasında Azərbaycan sülhməramlı kontingentinin və eyni zamanda Həmid Karzai Beynəlxalq Hava Limanının (HKIA) Qüvvə Qorunması taborunun komandiri vəzifəsində NATO Meritorious Service Medalı (NATO-nun ləyaqətli xidmət medalı) ilə təltif olunan ilk və tək azərbaycanlı zabitdir.

Şəhid mayor müharibənin ilk günlərindən cəbhəyə yollanıb, komandiri olduğu taborun şəxsi heyəti ilə birlikdə işğal altında olan ərazilərin azad edilməsi uğrunda döyüşlərdə qəhrəmanlıq göstərib. Oktyabrın 20-də Qubadlının azad olunması uğrunda döyüşlərdə şəhid olub. Ölümündən sonra orden və medallarla təltif olunub.

Telekanallardan birində bir neçə ay əvvəl yayımlanan reportajda Günel həyat yoldaşı ilə bağlı bunları danışırdı: “35 yaşını evdə qeyd etdik, heç xoşlamazdı, sevməzdi ad günlərini. Amma yaxşı ki, qeyd etdik. 36 yaşı tamam olanda Əfqanıstanda idi. Gecə saat 12-i tamam olan kimi mesaj yazdım ki, sən mənim zəfərimsən. Zəfərimsən sözü ona qəribə gəldi, yazdı ki, “niyə”, dedim mən səninlə yaşamışam hər şeyi. Ancaq həyat sübut etdi ki, doğrudan da Rəhim hamımızın zəfəri oldu”.

Rəhimin kiçik övladı Fikrət nitq qüsurludur, danışmaqda çətinlik çəkir, buna görə də loqopedə aparıblar. Günel həkimdən xahiş edib ki, Rəhim müharibədə olduğundan uşağa ata deməyi öyrətsin. Övladının ilk öyrəndiyi söz ata olur. Amma Rəhim körpəsinin ata kəlməsini eşidə bilmir.

Oğlunun dilindən “ata” kəlməsini eşitmək ona nəsib olmayıb

“Rəhim iş masasının üstündə Fikrətin şəklini qoyubmuş, ona çox bağlı idi. Döyüşlərdə olanda zəng vurdu, çox yorulmuşdu. Buna görə də uşaqla danışdırmaq istəmədim, fikirləşdim ki, onsuz da dincəlib yenidən zəng vuracaq. Amma çox keçmədi ki, şəhid olduğunu öyrəndik. Oğlunun ata deməsini eşitmədi. Fikrət balaca olsa da, danışdıqlarımızı qavrayır, məzarına çatan kimi “ata” deyə-deyə qaçır. İndi iki söz deyə bilir, bir “ata”, bir də öz adını”,- bunu da Günel danışmışdı. Əlavə etmişdi ki, Rəhim ona həm də arxa-dayaq, sirdaş olub.

“Şəhid olandan sonra döyüş paltarlarını gətirdilər, yudum, ütülədim, dolaba qoymuşam, sanki yenidən geyiləcəkmiş kimi. İnanmıram öldüyünə, hər dəfə məzar daşına baxıram, deyirəm xan çinarım, dur gedək evimizə, səs gəlmir. 12 illik evlilik həyatında bəlkə də cəmi 5 ilini birlikdə vaxt keçirmişik. İşi çətin olsa da, aylarla təlimə görə uzaqlarda qalsa da, bilirdik ki, sonda bizim yanımıza qayıdacaq. Yorğunluğunu, çətinliyini evdə bildirməzdi, çox mehriban idi. İndi onun xatirələrini danışmaq yolunu gözləməkdən çətindir”,- belə deyirdi şəhid zabitin xanımı.

Günel deyirdi: “Var gücümlə onun yarımçıq arzularını həyata keçirməyə çalışacam...”

Rəhim ölümündən 4 gün əvvəl zəng vuraraq övladlarını həyat yoldaşına əmanət edib: “Böyüyürlər, hər üçündə atasının nişanəsi var. İstəyirəm, övladlarımı oxudum, onun istədiyi kimi böyüsünlər. Var gücümlə Rəhimin yarım qalan arzularını həyata keçirməyə çalışıram, bilmirəm nə qədərinə gücüm çatacaq”,-Günel son çıxışında deyib.

Şəhid ömür-gün yoldaşının yasına gedərkən Günelin faciəli şəkildə həlak olması, bu cür müsibətin baş verməsi ailənin yaxınlarını sarsıdıb, onlardan heç kim danışmaq iqtidarında deyil, təkcə bunu öyrənə bilirik ki, dünəndən bəri şəhidin evindən fəryad səsləri ara vermir. Rəhimin Vətən yolunda şəhid olmasına ailə birtəhər dözürdü, onun torpaqların azad edilməsi uğrunda canını fəda etdiyini düşünüb təsəlli tapırdı. İndi isə sözün bitdiyi yerdir...(virtualaz.org)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar