Cümə axşamı, 18 İyul 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Şəfiqə Məmmədovanın ittifaqı bağlanır?

Belə görünür ki, Şəfiqə Məmmədova bundan sonra evdə oturub Rüstəm İbrahimbəyovun yetişdirdiyi tələbələrin çəkdiyi kinolara baxmalı olacaq.

Azərbaycana bu ilin fevral ayında gələn kinodramaturq, Oskar laureatlı Rüstəm İbrahimbəyov 2013-cü ildən fəaliyyəti demək olar ki, dayandırılan Kinematoqrafçılar İttifaqını yenidən fəaliyyətə qaytardı, bu isə ağıllara Şəfiqə Məmmədovanın rəhbərliyindəki Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının aqibəti ilə bağlı suallar gətirdi. Rüstəm İbrahimbəyovun rəhbərliyindəki Kinematoqrafçılar İttifaqı 1963-cü ildə yaradılıb və Azərbaycan kinosu adına çox işlər görüb. Rüstəm İbrahimbəyovla bağlı olan səbəblərdən qurumun bu rolunu 2012-ci ildə yaradılan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı öz üstünə götürdü. Ara-sıra mükafatlar, xatirə gecələri keçirməklə məşğul olan qurumun 2018-ci ilin ortalarından bu yana demək olar ki, fəaliyyəti yoxdur. Buna baxmayaraq prezident İlham Əliyevin sənət adamları ilə görüşüdə Şəfiqə Məmmədova prezidentdən ittifaq adına bina istədi və ictimaiyyətdə bu istək ciddi bir sual doğurdu: İttifaqın kino sahəsində hansı fəaliyyətləri var ki? Haqlı olaraq da Rasim Balayev dedi:“Birinci kino olmalıdır, sonra onun ittifaqına bina axtarılmalıdır”

Şəfiqə Məmmədova bu zaman aşımında ciddi işlər görsəydi, ittifaqının ayaqda qalmağına şübhə olmazdı. Ancaq ziyalı mühitində də Rüstəm İbrahimbəyovun kölgsində qalan Şəfiqə Məmmədova rəhbərliyindəki Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı “Qızıl Pillə” adlı Milli kinofestivalını noyabr ayında keçirməyi planlaşdırır və qurum sanki Azərbaycan kinoteatrlarında gedən filmlərdən xəbərsizdir. Kinomuzun indiki halını məhz Mədəniyyət və İncəsənət Nazirliyinin və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ayağına yazmaq olar.

Rüstəm İbrahimbəyov Bakıya gəldikdən sonra verdiyi ziyafətdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, professor Qulu Məhərrəmli, kinorejissor Tahir Tahiroviç, şair Baba Vəziroğlu və başqa tanınmış ziyalılar, sənət adamları iştirak etmişdi və onların bu iştirakı Rüstəm İbrahimbəyova verilən dəstəyin göstəricisi idi. Bununla da Şəfiqə Məmmədova başa düşməli idi ki, nə qədər ki, dövlət dəstəyi var bu qocaman kinodramaturqla rəqabətə girmək üçün çoxlu işlər görməlidir. Ancaq Məmmədovadan fərqli olaraq, R. İbrahimbəyov Anar, Rasim Balayev, Tahir Tahiroviç, Rasim Abbas, Əli İsa Cabbarov və digər köhnə yoldaşları ilə bir araya gələrək Kinematoqrafçılar İttifaqını dirçəltdi və bunun son nəticəsi olar ötən günlərdə İttifaqın Kino Məktəb açmaq qərarına gəldiyini elan etdi. Ardınca “Kinorejissura” ( bədii rəhbər Oleq Səfərəliyev) və “Kinodramaturgiya” ( bədii rəhbər Rüstəm İbrahimbəyov) üzrə kurslara dinləyicilərin qəbuluna başlanıldı. Məktəbin pulsuz olması və həvəskarların da müraciət edə bilməsi isə son illər yox olmaqda olan Azərbaycan Kinosunun gələcəyinə ümid yaratdı.

Bütün hallarda kinomuzu qurşaqdan aşağı zarafatlara, cinsiyyətçiliyə və bayağılığa məhkum edənlər bu addım qarşısında düşünməyə məcbur olmalıdır. 2019-cu ildə büdcədən 211 milyon pul ayrılan Mədəniyyət Nazirliyi Azərbaycan Kinomatoqraqfiyasının gələcəyi haqqında düşünməlidir. Fəaliyyətlərinə eyni şəkildə davam etmələri hər iki quruma olan etimadı azaldır. Xüsusilə, Şəfiqə Məmmədova üçün bu baş verənlər sonun başlanğıcıdır. Belə görünür ki, Şəfiqə Məmmədova bundan sonra evdə oturub Rüstəm İbrahimbəyovun yetişdirdiyi tələbələrin çəkdiyi kinolara baxmalı olacaq.

Ziya MEHTİ

pia.az


loading...