Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şairə Sevda Dəlidağlı: “Məni Kəlbəcər həsrəti şair elədi” - Müsahibə

“Hər dəfə anamın kədərli çöhrəsində gizli bir arzu görürəm: “Kaş bir dəfə Kəlbəcərə qayıdıb öz həyətimdə gəzə biləydim””...

Bu gün Erməni daşnaklarının xalqımıza qarşı törətdiyi ən ağır faciələrdən biri hesab olunan Kəlbəcərin Ağdaban kəndində törədilən soyqırımdan 28 il ötür. 28 il öncə ermənilər Ağdaban kəndində 2-ci Xocalı faciəsi törətdilər.Təsəvvür etmək olar ki Kəlbəcər həsrəti çəkən yurdundan didərgin düşən həmvətənlərimiz üçün hər il bu tarixi yaşamaq nə deməkdir. Vətəndə vətən həsrəti çəkmək insanın yaşaya biləcəyi ən ağır dərdlərdən biridir...

Təbii ki, bu acını yaşayan daha yaxşı bilər...

Həmsöhbətim Kəlbəcərin Nadirxanlı kəndindən olan, uşaqlıq illərindən tanıyıb hörmət etdiyim Sevda xanım Dəlidağlıdır.

Sevda xanımla uzun illərin tanışlığına, dostluğuna dayanaraq deyə bilərəm ki, Vətən həsrətini bu qədər dərindən duyan ikinci bir insan tanımıram mən. Sevda xanımdan bizimlə Kəlbəcər xatirələrini bölüşməsini xahiş etdim. Sağ olsun sözümüzü yerə salmadı.

PİA.az Kəlbəcərdən didərgin düşmüş şairə Sevda Dəlidağlı ilə müsahibəni təqdim edir:

- Sevda xanım, neçə yaşınız vardı Kəlbəcərdən ayrılanda? Necə xatırlayırsız o günləri?

- Ülkər balam, mən əvvəlcə sizə, sizin redaksiyaya dərin təşəkkümü bildirirəm. Bizim dərdimizi, həsrətimizi bizimlə yaşadığınız üçün. “Vətən bölünməz”-deyiblər. Sizin kimi vətənpərvər gəncləri görəndə bir daha əmin oluram ki, doğrudan da vətənin sərhədi yoxdur. Vətənin acılarını da çəkməyi də bacarırıq, sevincini də bölüşürük. Mən bu mövzuya, bu təşəbbüsə görə 60 min pərən-pərən düşmüş Kəlbəcərlilər adından sizə təşəkkür edirəm.

Kəlbəcərdən ayrılanda 25 yaşım var idi...

Ömrümün ən gözəl illəri, ən qayğısız illəri Kəlbəcərdə yaşadığım illər olub. Atalı-analı bəxtəvər günlərim...

Atam və neçə doğmalarım dünyasını dəyişib bu həsrətlə... Hər dəfə anamın kədərli çöhrəsində gizli bir arzu görürəm: “ Kaş bir dəfə Kəlbəcərə qayıdıb öz həyətimdə gəzə biləydim”... 27 ildir Kəlbəcərsizik... Elə bilirəm ömrümün ən gözəl illərini Kəlbəcərdə qoyub gəlmişəm.

- Oxucularımızın nəzərinə bir məqamı da çatdırım ki, Sevda xanım çox istedadlı şairəmizdir, əsasən vətənpərvər mövzuda şeirlərin müəllifidir. İlk şeirinizin “səbəbkarı” Kəlbəcər həsrəti olub, bildiyim qədəri ilə. İlk şerinizi yazdığınızı necə xatırlayırsınız?

- Düzgün qeyd edirsiniz.Mən Kəlbəcərdə yaşadığım müddətdə şeir yazmamışam. Kəlbəcərin işğalından 2-3 ay keçmişdi. İlk şeirimi mən 1993-cü ilin iyun ayının 28-də Kəlbəcər həsrəti ilə yazmışam. İlk şeirimin tarixçəsi belə olduki, atamla şəhərdən gəlirdik Suraxanı dairəsi deyilən bir yerdən keçəndə orda bir sahədə əkilmiş gül-çiçək gördüm. Çox kövrəldim, xəyal məni Kəlbəcər dağlarına apardı. İlk şerimi yazdım, amma mən ona şeir deyə bilmirdim. Tərəddüd edirdim ki, yəni mən şeir yaza bilərəm? O sanki o an keçirdiyim hisslərin sözlərə düzülməsi idi... İlk şeirimi Kəlbəcərli şair Sücaətin bir şeirinə müraciətlə yazmışdım:

Sücaət Zamanlı, niyə susursan?
Baharda çiçəyi soldu dağların
Bu qədər acıya necə dözürsən?
Düşmən tapdağında qaldı dağların
*
Şeirinizi adlarına yazırlar
Uluların məzarını qazırlar
Kəlbəcərin öz adını pozurlar
Gör axırı necə oldu dağların
*
Viran oldu o kənd də, o kəsək də
Vaxtsız soldu hər açılan çiçək də
Susma şair, tab qalmadı ürəkdə
Gündüzü də gecə oldu dağların.

Daha sonra davamı gəldi və bildiyiniz kimi 3 kitab 1 audio diskin müəllifiyəm. Bunların hamısının səbəbkarı Kəlbəcər idi. Məni Kəlbəcər həsrəti şair elədi.

- Vətən həsrətini şeirlərdə bölüşmüsünüz. Kəlbəcər haqda yazmaq o acını az da olsa yüngülləşdirə bilibmi?

- Bəli, mən deyərdim şeir yazmaqla mən hardasa özümə təskinlik tapmışam. O demək deyil ki, vətəndən didərgin düşən hamı şeir yazmalıdı və yazmasa yaşaya bilməz. Ömür Allahın verdiyi paydı. Amma həyatımda yaşadığım iki ən böyük acı – ata itkisi və vətən həsrətini yaşamaqda bu acıyla ovunmaqda şeir yazmaq mənim ən böyük təsəllim olub. Mən Kəlbəcəri olduğu kimi vəsf edə bilmərəm. Böyük şairlərimiz, ədbilərimiz var ki, onların qarşısında şeir yazıram deyə bilmərəm.Sadəcə Kəlbəcər həsrətini misralara düzürəm.

Bu 27 ildə Azərbaycanımızın müxtəlif bölgələrində olmuşam. Getdiyim hər yerdə orda Kəlbəcərin oxşarını axtarıram. Mən bütün həmvətənlərimdən üzr istəyirəm, amma mən heç yerdə Kəlbəcərin oxşarını tapa bilməmişəm. O demək deyil ki, digər bölgələrimiz gözəl deyil, əksinə yurudmuzun hər diyarı gözəldi. Sadəcə Kəlbəcər mənim doğulub,boya-başa çatdığım yurdumdu.Məncə hər bir kəs üçün öz doğulduğu torpaq belə əzizdir.

- Sevda xanım Kəlbəcərdən yadınızda qalan ən xoş xatirə hansıdır?

- Yadımda qalan xoş xatirələrim çoxdu. Atamın Bərdədən dostu vardı. Şura əmi Allah ona can sağlığı versin. Hər yay ailəvi bizə gələrdilər. Həyətimizdə alaçıq qurardıq. O uşaqlarla birlikdə keçirdiyimiz vaxtlar mənim ən əziz xatirələrimdi. Rəfiqələrim vardı Tahirə,Rəna,Məhbubə, Yeganə, Xatirə, Səriyyə... Qızlarla bulaq üstünə gedərdik ən gizli sirlərimizi orda danışardıq. İndi onların hamısından uzaq düşmüşəm... Yadıma Kəlbəcərli şair Ənvər Rzanın bir şeiri düşdü.

Kəndin hər nemətdən yenə var payı,
Qayanın kəkotu, dağın qar payı
Uzanıb yatdığım çəmən çarpayı
Nə yaxşı görüşdük, nə yaxşı yenə...
*
Bu da yəhərləyib mindiyim boz daş,
Kövrəlmə ürəyim,tab gətir tablaş,
Ömrümün ləzzəti a köhnə dam-daş
Nə yaxşı görüşdük,nə yaxşı yenə...
*
Vurğundu bu yala, yamaca Ənvər,
Meyl edər yarpıza,umaca Ənvər
Ay quzu otaran balaca Ənvər
Nə yaxşı görüşdük,nə yaxşı yenə...

(Qeyd: Ənvər Rza bu şeiri tələbəlik illərini bitirib Kəlbəcərə qayıdanda yazıb)

- Kəlbəcərə bir günlük qayıtma imkanınız olsaydı ilk hara gedərdiniz?

- Elə Ənvər Rzanın şeirində deyildiyi kimi , doğulub boya-başa çatdığım Nadirxanlı kəndinə o köhnə dam-daşı görməyə gedərdim. Düzdü Kəlbəcərdə iki mərtəbəli evimiz vardı. Amma uşaqlıq illərimizin keçdiyi o kiçik evimizi görmək istəyərdim. Bir də nənəmin, babamın, dayımın məzarını ziyarət edərdim.

- Sevda xanım Qarabağ müharibəsi dönəmində ab-hava tamam başqa idi. O zamanlar insanlarımız arasında bir başqa birlik dayanışma vardı. Yadımdadı müharibə illərində mən uşaq idim, atam, əmilərim də döyüşlərdə iştirak edirdilər. Bizim qonşularımız bizi bir gün belə tək qoymurdular hiss etdirmirdilər ki, atamız evdə deyil. O insanlardan biri də siz və sizin ailəniz idi. Necə düşünürsünüz səfərbərlik elan olunsa müharibə başlasa insanlarımız əvvəlki kimi birlik olacaqmı? Nələr dəyişib bu 27 ildə?

- Qızım mən sənin bu suallarının həm səmimiliyi həm də gözəlliyi qarşısında acız qalıram. Mənim ən həssas, ən kövrək hisslərimə toxunur bu suallar...O vaxtlar siz uşaq idiniz, o vaxtlar bizim məhəlləmiz, qonşularımız bir-birinə dayaq idi. Sizin atanızın, əmilərinizin keçdiyi döyüş yolundan da yaxından tanışam. Xüsusilə qeyd etmək istəyirəm ki, atanız mənim əziz qardaşım İsmayıl müəllim könüllü yollanmışdı cəbhəyə. Cəbhədən qayıdandan sonra hərbi vətənpərvərlik mövzusunda silsilə tədbirlər təşkil etmişdi. Buna görədə xüsusi minnətdarlığımı bildirirəm. Sualınıza cavab olaraq deyim ki, mənə elə gəlir ki, dəstək olmağı bacaran və istəyən insan yenə bu humanist addımı atacaq. Mən arzulayardım ki, torpaqlarımız müharibəsiz azad olunsun. Cavanlarımız, gənclərimiz sağsalamat hərbi xidmətlərini başa vurub qayıtsınlar. Əgər səfərbərlik elan olunsa sözsüz ki döyüşçü ailələrinə baş çəkmək , dəstək olmaq hər birimizin borcudu və edəcəyik də. Güc birlikdədir. Biz bir olsaq sözsüz ki, torpaqlarımız da işğaldan azad olacaq.

- Sevda xanım kiçik bir ortaq xatirəmizi xatırlamaq istəyirəm. Yadımdadır hər il yazda bizə qohumlarımız bənövşə göndərərdilər. Bacılarımla ən gözəl dəstəni ayırıb sizə gətirərdik.Həmişə o bənövşəni görüb kövrəlirdiniz...deyirdiniz kaş qismət olsun mən sizə Kəlbəcərdə açılan bənövşədən pay verə biləm. Mən arzu edirəm Allah tezliklə qismət etsin bütün həmvətənlərimiz işğal atlında olan torpaqlarımıza geri dönsün siz bizə Dəlidağda açılan bənövşələrdən pay göndərəsiniz.

- Amin, qızım, inan ki, çox kövrəldim. Əlbəttə yadımdadı. Mən də sənin arzuna qoşuluram İnşallah işğaldakı torpaqlarımız azad olunsun. Biz Kəlbəcərlilər düşmən tapdağında qurtulan nərgizimizdən, bənövşəmizdən sizlərə, bütün dostlara pay göndərək. Amin

Bu arzu ilə söhbətimizi yekunlaşdırıb sonda Sevda xanımın “Qan bənövşəm” adlı şeirini təqdim edirik:

Qan bənövşəm

Qan bənövşəm boynu bükük, baxtı kəm,
Özü qəmli, gözü nəmli çiçəyim.
İllərdi ki, yağı sənə baxdı kəm,
Sən əsirsən, mən də qərib neyləyim?

Gəlişinlə elə bahar gələrdi,
Kol dibində isti yuvan var idi,
Gözəllərin əllərini bəzərdin,
Bəxtəvərdin, elin-oban var idi.

Yaz ətrini sən açanda duymuşam,
O yerlərdə təbiətin gözü sən.
Öz ətrini o çəməndə duymuşam,
Yaranmışdan heyran etdin bizi sən.

Qan bənövşəm, mənim kövrək çiçəyim,
Sevənlərin sevgisinə şahid sən.
Həsrətindən sızıldayır ürəyim,
Ev didərgin, igid şəhid şahidsən.

Qan qoxuyur çəmənlərim, düzlərim,
Düşmən çoxdur o yerlərdə açma sən.
Səndən ötrü qan ağlayır gözlərim,
Yad əllərdə öz ətrini saçma sən.

Qan bənövşəm,mənim küskün çiçəyim,
Qismət ola, sənlə bir də görüşək.
Girov qalan xatirəli gəncliyim
Biz səninlə Kəlbəcərdə görüşək.

Yaz gələndə bəzəyərdin bağları,
Gözəl ətrin yaman düşüb yadıma.
Unutmuram sənlə keçən çağları,
Əziz xətrin yaman düşüb yadıma.

Qan bənövşəm,baharımın bəzəyi,
Bir baharda gələm,orda sən də aç.
Təkcə budur,bil Sevdanın istəyi,
O diyarda öləm,orda sən də aç.
O diyarda öləm,orda sən də aç.

Ülkər İSMAYILQIZI
pia.az

 

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar