Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şahin Diniyev: “Qarabağ məsələsində bizi dəstəkləyən Türkiyənin arxasında olmalıyıq”

PİA.az AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyevin apasport.az saytına müsahibəsini təqdim edir:

- AVRO-2020-yə bu gün start verilir. Turnirlə bağlı düşüncələriniz nələrdir?
- Bütün futbolçular klublarının heyətində gərgin mövsümdən sonra Avropa və dünya çempionatlarına yollanırlar. Kimində zədə, kimində yorğunluq olur. Həm fiziki, həm psixoloji durumlar nəzərə alınır. Taktika baxımından problemləri olmasa da, fiziki cəhətdən vəziyyətləri heç də ürəkaçan olmur. Sensasiyalı hesablar, təsadüfi qələbələr çox olur. Məsələn, Danimarka və Yunanıstan kimi yığmalar sürpriz şəkildə Avropa çempionu olublar. Buna görə də proqnoz vermək çox çətindir. İtaliya, Portuqaliya kimi komandalar sürünə-sürünə, heç-heçələrlə qrupdan çıxırlar. Amma ondan sonra pik formaya düşüb, axıra qədər gedə bilirlər.

- Budəfəki Avropa çempionatında necə oyun üslubuna üstünlük verən komandalar uğur qazana bilər?
- Düşünürəm ki, müdafiə futboluna üstünlük verən yığma uğur qazanacaq. Çünki oturuşmuş müdafiəyə qarşı oynamaq get-gedə çətinləşir və hücum oyununun qarşısını almaq asanlaşır. Ulduz futbolçu sayı da az olduğundan, güclü müdafiə xətti keçilməz olur. Bəlkə də, mənim bu fikrim alt-üst olacaq. Ancaq istənilən halda komandaların müdafiəyə daha böyük önəm verəcəklərini fikirləşirəm. Müdafiədə daha az səhv edənlər də irəliləyəcək.

- Heyətlərindəki ulduz futbolçulara görə Fransa və İngiltərə əsas favoritlər sayılır. Sizin favoritiniz kimdir?
- Şəxsən mən İngiltərəni favoritlər arasında görmürəm. Çünki onlar çempionluq üçün hələ yetişməyib. Hazırda onlarda gəncləşdirmə prosesi gedir. Amma Fransanın oturuşmuş heyəti var. Belçika və İtaliyanı da iddialılar sırasına qatmaq lazımdır. İtalyanlar oturuşmuş müdafiəni yaxşı quran komandadır. Belçikanın müdafiəsi çox yaxşı olmasa da, hücum xətti çempionluğa layiq gücdədir. Digər tərəfdən Portuqaliyanın da stabil heyəti var və həmişə sensasiya etmək iqtidarındadır.

- Çoxları Türkiyə yığmasının sensasiya edəcəyini proqnozlaşdırır. Siz hansı komandadan sürpriz gözləyirsiniz?
- Türkiyədən də, Rusiyadan da sürpriz gözləmək olar. Amma onlar yetişməyən, tam komplektləşməyən komandalardır. Çətin anda oyunu üzərinə götürən lider çatışmazlıqları var. Təbii ki, Türkiyə yığmasının motivasiyası böyükdür və bu, amil uğur qazanmaqda ciddi rol oynayır. Rusiya da türkiyəlilər kimi, yaxşı müdafiə olunan, hücumda kreativ oynamağı bacaran komandadır. Danimarkanı da sensasiya yaradacaq komandalar sırasına qoşmaq olar.

- Türkiyənin qrup mərhələsindəki iki oyununu Bakıda keçirməsi onların 1/8 final şanslarını artırmır?
- Bu amil indi çox da işləmir. Ustalıq baxımından ikiqat güclü olan komanda üçün azarkeş təzyiqi heç nəyi dəyişmir. Həm də nəzərə alaq ki, Bakı Olimpiya Stadionunun tribunaları tam dolmayacaq. Uels və İsveçrənin də azarkeşləri olacaq və təxminən 15-20 min türkiyəli yığmasını dəstəkləyə biləcək. Tam stadion Türkiyə üçün “vuruşmayacaq”. Əlbəttə, azərbaycanlı azarkeşlərlə birlikdə Türkiyəyə dəstək daha möhtəşəm olacaq. İtaliyanı bir kənara qoysaq, Türkiyə Bakıdakı görüşlərdə 4 xal toplasa, qrupdan çıxar.

- Belə çıxır ki, İtaliya ilə matçda Türkiyənin xal qazanacağına inanmırsınız?
- Əksinə, bu gün Türkiyədən xal gözləyirəm. Statistikaya baxsaq görərik ki, dünya və Avropa çempionatlarının açılış oyunlarında sensasiyalı nəticələr olur, ən çox da heç-heçə qeydə alınır. Ümumilikdə mənə elə gəlir ki, 4 xal Türkiyənin qrupdan çıxması üçün bəs edəcək. İlk görüşdə itiriləcək şey çox olur. Qrupa məğlubiyyətlə başlamaq növbəti mərhələ şansının 50 faizini əlindən alır. Bu üzdən həm İtaliya, həm də Türkiyə taktiki cəhətdən ağıllı oynayıb, əlindəki 1 xalı saxlamağa çalışacaq. Türkiyə yığmasının ilk oyunda İtaliya ilə qarşılaşması da bu baxımdan üstünlükdür.

- Finalçılar və çempion komanda qismində kimi görürsünüz?
- Çox çətindir. Mən Fransa və Belçikanı favorit hesab edirəm. Əgər onlar əvvəlki mərhələlərdə üz-üzə gəlməsələr, finala qədər irəliləyəcəklərini düşünürəm. Onlar həm heyət, həm oyun, həm stabillik, həm də təcrübə baxımından digərlərindən fərqlənir. Kimin çempion olacağını proqnozlaşdırmaq çətindir. Amma Belçikanın kuboku qazanmasını çox istəyərdim. Çünki yaxşı heyətə malikdir və əksər futbolçular üçün bu, son turnirdir.

- Hansı komandaya azarkeşlik edəcəksiniz?
- Sözsüz, Türkiyəyə. Təbii ki, oyuna gedib, onları tribunadan dəstəkləmək istəyirəm. Qarabağ məsələsində onlar bizi necə dəstəklədilərsə, biz də hamılıqla istər televiziya qarşısında, istər yolda, istər məşq meydançasında, istərsə də tribunada Türkiyənin arxasında olmalıyıq. Onların dəstəyi müqabilində bununla borcu qaytara bilmərik. Amma üzərimizə düşən qardaş ölkənin yanında olmaq, onları zəfərə ruhlandırmaqdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar