Çərşənbə, 05 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Sabiq deputat: “Özləri villalarında kef məclisi qurursa, xalq onlara niyə inansın?!”

Cümşüd Nuriyev: “Nazirlər Kabineti yanında Operativ Qərargah indiyədək heç bir məntiqli qərar qəbul etməyib”...

Xüsusi karantin rejimi ilə əlaqədar Bakının giriş-çıxışları istisna olmaqla, küçə və prospektlərdə quraşdırılmış xüsusi polis postları iyul ayının 2-dən ləğv edildi. Məsələ burasındadır ki, polis postlarının ləğvi qərarını adəti üzrə Nazirlər Kabineti yanında Operativ Qərargah yox, Daxili İşlər Nazirliyi (DİN) verdi. Nazirlik qərarı belə əsaslandırıb ki, məqsəd şəhərdaxili yollarda avtonəqliyyatın hərəkətinin intensivliyini təmin etmək və sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarətə daha çox əməkdaşın cəlb edilməsidir. Bildirilib ki, bundan sonra şəhərdəki bütün qapalı məkanlarda vətəndaşlarımızın karantin rejimindən irəli gələn tələblərə, xüsusilə tibbi maskadan istifadə və sosial məsafənin gözlənilməsinə mütləq qaydada riayət etmələrinə nəzarət daha da gücləndiriləcək.

Bundan başqa, küçə və prospektlərdə, eləcə də şəhərdaxili məhəllələrdə piyada patrul naryadlarının sayı artırılacaq, nəqliyyat vasitələrinin hərəkətinə müvafiq icazənin olub-olmaması isə videomüşahidə kameraları ilə müəyyən ediləcək. DİN-in məlumatında o da vurğulanıb ki, həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir.

Polis postlarının ləğv edilməsi qərarı ilə bir çox suallar meydana çıxdı. Bəziləri fikirləşirlər ki, artıq Operativ Qərargah funksiyasının öhdəsindən gələ bilmir, bəzən məntiqsiz qərarları ilə cəmiyyətdə qıcıq yaradır. Bəziləri isə hesab edirlər ki, DİN belə qərar verməməli idi. Çünki, koronavirusa yoluxmanın sayı kifayət qədərdir, nəzarətsizlik olmadığı, təhlükəsizlik tədbirləri görülmədiyi halda yoluxma sürətlənə bilər.

İctimaiyyət nümayəndələrinin bəziləri isə düşünürlər ki, DİN-in verdiyi qərar yerindədir. Bu cür düşünənlərdən biri də sabiq deputat, professor Cümşüd Nuriyevdir. O, AYNA-ya müsahibəsində DİN-in qərarını şərh etməklə yanaşı, koronavirusa qarşı mübarizə tədbirləri, insanların virusa inanıb-inanmaması məsələləri, cəmiyyətin gərginliyi kimi bir çox məsələlərə münasibət bildirib:

- Cümşüd müəllim şəhər daxilində karantinlə əlaqədar quraşdırılan polis postlarının yığışdırılmasını necə qiymətləndirirsiniz?

- DİN-in belə bir qərar verməsi Operativ Qərargahın məntiqsiz, məzmunsuz və effektsiz qərarlarından üstündür. Hesab edirəm ki, DİN polis postlarını yığmaqla çox düzgün və yerində qərar verdi. Nəyə lazım idi ki, yollarda postlar?! Maşınlar düzülürdü, sıxlıq yaranırdı. Onsuz da əhalinin güzəranı yaxşı deyil, koronavirus pandemiyası əsəbləri tarıma çəkib. Digər yandan da istinin günündə insanlar tıxaclarda qalırdı. Polislər də, hərbçilər də, vətəndaşlar da bezmişdilər. Polis postlarında o qədər əməkdaşları saxlamaqdansa, doğru qərar verərək şəhərdaxili ərazilərə yönləndirirlər. Məncə, polisin daxili küçələrdə, məhəllələrdə xidmət aparması daha effektiv nəticə verəcək. Çünki, bu gün karantin qaydalarına məhəllələrdə, paytaxt daxilindəki ara yollarda əməl edilmir, marketlərin qarşısı, bankomatların qarşısı insanlarla dolu olur. Nə ara məsafəsi gözlənilir, nə də ki, tibbi maskadan, əlcəkdən istifadə olunur. İnsanlar marketlərə axışırlar. Baxırsan ki, 30 nəfərdən 27-si maskasızdır, kassaların qarşısında basabas düşür.

Hesab edirəm ki, polis əhalinin bu cür sıx olduğu yerlərdə xidmət aparmalıdır, marketlərin qarşısında dayanıb, maskasız ora daxil olmaq istəyənləri məcbur etməlidir ki, maska taxsınlar. Yaxud da, bankomatların qabağında karantin qaydalarının pozulmasının qarşısını almalıdırlar. Məhəllələrin daxilində biabırçı vəziyyət var. Mən özüm şahidiyəm ki, topa-topa adamlar otururlar nərd, domino oynayırlar, çay, pivə içirlər. Nə ara məsafəsi gözlənilir, nə tibbi vasitələrdən istifadə edilir.

Bizim insanlar anlamırlar ki, bu, bəladır və bəladan dünyanın qəbul etdiyi standartlar var ki, onunla çıxmaq olar. Koronavirusa qarşı məsləhət bilinib, effektiv nəticəsi olub ki, deyirlər maskadan, spirtdən istifadə edin, məsafə saxlayın. Bizim insanlarda məsuliyyətsizlik var, qanun pozmağa meyillilik var. Bizə nə qadağan edilirsə, daha çox həmin qadağanı pozmağa can atırıq. Hesab edirəm ki, qaydaların pozulmasının qarşısı ən sərt tədbirlərlə alınmalıdır. Bir şeyi dərk etmək lazımdır ki, bu pandemiya dövlət təhlükəsizliyi məsələsidir, insanların sağlamlıq məsələsidir. Bu baxımdan, yenə də deyirəm ki, DİN-in belə bir qərar verməsi Operativ Qərargahın tövsiyə və qərarlarından min dəfə məntiqlidir.

- Postların ləğvi təhlükəsizliyə zərər verməyəcək ki? O mənada ki, nəzarət zəifləyəcək, yollarda hərəkət artacaq. Yoxlanılma olmaması insanların daha çox çölə çıxmasına zəmin yarada bilməzmi?

- Bu, təhlükəsizliyə heç bir təhdid deyil. Mən bildiyimə görə, icazəsiz avtomobillər kameralar vasitəsilə cərimələnəcək. Əksinə, əvvəl yol polisinə kimsə xahiş edirdi, dil-ağız edirdi, cərimələnmirdisə, indi bu halın qarşısı da alınır. Mənə elə gəlir ki, indi vətəndaşların məsuliyyəti daha çoxalacaq. Həm də ki, icazəsi olmayan vətəndaşı polis elə blokunun, qapısının ağzında yoxlayacaq. Bu mənada, düşünürəm ki, qərar düzgündür.

- Operativ Qərargahın verdiyi qərarları məntiqsiz sayırsız. Məsələn hansı qərarlar düzgün deyil?

- Ümumiyyətlə, hansı qərar düzgün verilib ki?! Qərargah yarandığı gündən səhv, heç bir məntiqə uyğun gəlməyən qərarlar verdi. Bu cür qərarlar verməkdə də davam edir. Məsələn, bu gün insanları niyə rayonlara getməyə qoymurlar?! Mən hələ də bunun məntiqini anlaya bilmirəm. Hələ də mənə məlum deyil ki, rayonlarda evi olan, qohumunun evi olan insanlar, Bakıda işsiz-gücsüz qalıbsa, onu niyə rayona buraxmırlar?! Məntiqlə virusun daha geniş arealda yayılmaması üçün Bakıda seyrəklik olmalıdır, eləcə də rayonlarda. Rayonlarda məsafə də gözləmək imkanı mövcuddur, təmiz hava və s. Bax, bu suallara Operativ Qərargahdan heç vaxt məntiqli cavab eşitmədim.

DİN rayonlara getməyə qadağanı da götürsə, daha bir məntiqli qərar vermiş olar. Bilirsiniz, mən hesab edirəm ki, Operativ Qərargah formalaşdırılanda əsas məsuliyyət TƏBİB-in üzərinə yükləndi. Bu TƏBİB də bizim dərdimizə təbib ola bilmədi. Orada gənc adamlar əyləşiblər. Ola bilsin ki, kifayət qədər savadları da var, amma peşəkar deyillər. İdarəçilik qabiliyyətləri sıfırın altındadır. İşi peşəkarlara tapşırmaq lazım idi. Mən demirəm ki, TƏBİB-dəkilər xalqı sevmirlər, bu qərarları da qəsdlə, xalqın ziyanına olsun deyə verirlər. Əsla, bu, belə deyil. Onlar bəlkə də, səndən də, məndən də daha çox xalq üçün yanırlar. Sadəcə olaraq, işi bilmirlər, işdən xəbərsizdirlər, peşəkar qərarlar verə bilmirlər. Sonucda da xalqın inamı olmur, insanlar bu məntiqsiz qərarlara gülürlər, lağ-lağı edirlər.

- İnamsızlıq demişkən, bizim xalqın bəzi nümayəndələri koronavirusun varlığına inanmırlar...

- Bu, təbiidir. Çünki xalqın qarşısına peşəkar, inanılmış şəxs çıxmır. İndi yenə Operativ Qərargahdan deyəcəm, sonra elə biləcəklər ki, mən də qəsdlə bunları “qaralamışam”. Amma, məsələn Xarici İşlər Nazirliyinin (XİN – red.) Mətbuat Xidmətinin rəhbərinin Operativ Qərargahın brifinqində nə işi var? Hanı sənin həkimlərin, mütəxəssislərin? XİN-in nümayəndəsi öz sahəsi üzrə yaxşı bilikli ola bilər, amma karantinin Bakıda belə, filan yerdə filan cür tətbiq edilməsini niyə o, insanlara çatdırmalıdır? Hanı ölkənin epidemioloqları, pulmanoloqları, tibb mütəxəssisləri? Suallar çoxdur, cavablar isə yox. Yaxud da, TƏBİB-in mətbuat katibi qız var (TƏBİB-in Mətbuat Xidmətinin rəhbəri Rəvanə Əliyevanı nəzərdə tutur – A.B.), çox aqressiv, hər şeyə məntiqsiz cavab verməklə məşğuldur. Niyə TƏBİB-in mütəxəssisləri yoxdur? Gördük ki, sən demə, TƏBİB-də Yaqut Qarayevadan başqa həkim-mütəxəssis yox imiş, qurum həkim qıtlığı yaşayırmış. Mütəxəssis olmayanlar çıxıb məlumat verəndə, XİN rəsmisi ekranda maskadan, spirtdən danışanda əlbəttə ki, insanlar inanmayacaqlar, lağa qoyacaqlar.

- Belə bir fikir var ki, koronavirusla mübarizə məqsədilə ictimai komitə yaradılmalıdır, oraya xalqın inandığı, ziyalı təbəqənin insanlarından, hörmətli sənət adamlarından, iqtidardan və müxalifətdən nümayəndələr cəlb edilməlidir. Sizcə, belə bir komitənin effekti ola bilərmi?

- Hesab edirəm ki, biz o mərhələni artıq keçdik. İnsanları indi inandırmağa ehtiyac yoxdur. Çünki, bu gün tanıdığımız, yaxınımızda olan insanlar koronavirusa yoluxurlar, ölürlər, xəstəliyi ağır keçirirlər. Bu, zamanında yaradılsaydı, effektiv ola bilərdi. İnsanlar maariflənərdi, karantinə əməl edərdi. Bunu o vaxt etmədilər, indidən sonra mənası da olmayacaq. Məni bir şey narahat edir. Koronavirusla mübarizə məqsədilə Fond yaradılıb, xeyli də vəsait oraya köçürüldü. Bu vəsaitlər hardadır? Bunun niyə hesabatı verilmir? Digər tərəfdən, cənab Prezident İlham Əliyev koronavirusun qarşısının alınması tədbirlərinə maliyyə ayırıb. Bu, səhv etmirəmsə 3.5 milyard manat vəsaitdir. Mənə maraqlıdır, 3.5 milyard vəsait nəyə xərclənir, bu pul nə məqsədlə istifadə edilir? Bir nəfər çıxıb bu barədə demir, danışmır. Axı, mən vergi ödəyicisiyəm, bilməliyəm ki, dövlətimin büdcəsindən ayrılan o vəsaitin taleyi necə oldu. Hesablama Palatası var, hesablayırmı, araşdırma aparırmı? Milli Məclisin deputatları niyə Hesablama Palatasını çağırıb parlamentdə bu haqda soruşmurlar? Müəmmalı qalan məqamlar, suallar çoxdur. Hesab edirəm ki, xalqın bu suallarına aydınlıq gətirilməlidir. İndi deyəcəklər ki, deyingənlik edirlər. İnsanları koronavirus bir tərəfdən, sosial gərginlik başqa tərəfdən sıxıb, əsəblər tarıma çəkilib, gərginlik var. İnsanlara hər şey şəffaf şəkildə göstərilməlidir. Məişət problemi olan insanlar mənim kimi deyingən olurlar. Əslində, xalq hər zaman deyingən olur. Hökumət o deyingənliyə məntiqli cavab verməlidir ki, xalqın nümayəndəsinin ətrafındakılar onun deyingənliyinin mənasız olduğunu anlasınlar.

- Yoluxma sürətləndi, yenidən bir çox şəhər və rayonlarda xüsusi karantin rejimi uzadıldı, sərtləşdirildi. Yoluxma bununla dayanmasa, azalmasa, o zaman fövqəladə vəziyyət rejimi tətbiq edilə bilərmi?

- Hər şey mümkündür. Amma qərarları yenə də Operativ Qərargah verəcəksə, hansı addım atırsan at, xeyiri olmayacaq. Bilirsiz, qərarı verəndə, ona həm də özün inanmalısan. Başbilənlər, qərar verənlərlə sadə vətəndaşlar arasında sosial bərabərsizlik var. Kostyumu geyinib, gəlib orada qərarı elan edirlər, sonra da gedib öz istirahətini edirlər. Dağda, bağda, rayonlarda, öz villalarında oturub kef məclisi qururlar. Sadə vətəndaş da baxır, düşünür ki, bu qərar elə kasıblar üçündür? Sadə, savad cəhətdən aşağı biliyi olan insanlarımız fikirləşirlər ki, koronavirus bəlası hər kəsə toxuna bilərsə, o zaman məmurlar niyə maska taxmırlar, niyə rayona gedə bilirlər? İnsanlarda inamsızlığı yaradan səbəblərdən biri də budur. Kasıb düşünür ki, demək, elə mənim hərəkətimi məhdudlaşdırırlar, özləri kef çəkirlər. Bu hallara son qoyulmalıdır, məmur qərarı verəndə birinci ona özü əməl etməlidir. Operativ Qərargahdakılar bunu dərk edəndə, qərarlarına özləri əməl edəndə, məncə, hər şey az da olsa, yoluna qoyula bilər. Bu bəla bitəcək, bir ay və yaxud da bir il sonra. Amma Operativ Qərargahın operativ qərar adı ilə verdiyi məntiqsiz qərarlar yaddaşlardan silinməyəcək.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Gömrük generalı İsmayıl Hüseynovla bağlı araşdırma başlandı - Təfərrüat

İlham Əliyev və Mehriban Əliyeva Yasamalda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olub - Foto, Yenilənib

Beyrutdakı partlayışda ölənlərin sayı 100-ü keçdi - Video, Foto, Yenilənib

"Azərbaycanfilm"-ə məxsus torpaq sahəsini özəlləşdirilməsinə icazəni Əbülfəs Qarayev veribmiş

Akim Bədəlovun Almaniyada yeni şirkətləri üzə çıxdı - Həyat yoldaşı milyonerdir...

“Niyə adamlar vəzifəyə gedəndə insanlığı düşürüb itirirlər?!” – Sahil Babayevin müavininə sərt tənqid

Lukaşenko hansı səbəblərdən Rusiya ilə yollarını ayırmaq istəyir?

Lukaşenko Rusiyaya xəbərdarlıq etdi: “Vəziyyət Vladivostoka qədər ağırlaşa bilər”

Gültəkin Hacıbəyli: “Karantinin uzanması bizə sərf edir” - Video

Nazirdən qeyri-ərzaq malları mağazalarının fəaliyyətinin bərpası ilə bağlı mühüm açıqlama

loading...

Ən çox oxunanalar