Cümə axşamı, 19 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Sabah hər şey daha da pis olacaq...

Mən küçədə bir-birinin haqqına göz dikən insanların (özü də belə yaşamağa məcbur qalan insanların) olduğu cəmiyyətdə necə azad olum?..

Ziya Mehti yazır...

Yorğun-arğın məhəlləyə girirsən, ordan qonşu səni görüb addımlarını yeyinləşdirir. Hal-xətir soruşan kimi ağız açıb dərdini deyir. İş yox, pul yox, dərdimə baxan yox və bu qəbildən problemləri adamın üzünə çırpır. Adam da məcbur iki ağız yalandan ümid verməyə məcbur qalır. Avtobusu elə, metrosu belə...

Hələ o gün dostum deyir bir iş yoldaşım var, hər gün işə gələndə dərd ağlayır. Bir gün deyir yol pulular qalxacaq, bir gün deyir dollar qalxacaq, bir gün deyir işıq pulu qalxacaq. Nə qınamalı, amma ölkəmin adamı bilməlidir ki, sabah hər şey daha da pis olacaq. Dollar qalxacaq, neft ucuzlaşacaq, vergilər artacaq, yol pulu qalxacaq, yəni daha da pis olacaq.

Əslində bu gün dünəndən pisdir. Sabah da bu gündən pis olacaq. Çünki hər ötən gün istehlak balonumuz o qədər artır ki, biz nə qədər çox qazansaq, o da o qədər çox artır. Hər il sahibkarlar alver yoxdur deyəcək, vətəndaş da hər gördüyünə dərd dalanacaq. Ölənə qədər də bu döngü davam edəcək, çünki bir-birinin cibindən yeyən vətəndaş-sahibkar-məmur üçbucağının mərkəzində insan deyə bir şey yoxdur. Sanki heç kimi insani qayğılar maraqlandırmır.

Biri də çıxıb demir ki, ay qardaş sən kimsən axı mənim yaşamaq haqqımı alırsan?
Mənim azadlığımı alırsan?

Ya da, ey haqqı əlindən alınan insan sən nəyə ümid edib yaşayırsan? Sabahdan nə gözləyirsən ki? Ya sənin də dərdin haqq almaqdır, ona görə susmusan?

Azadlıq alverçiləri elə bilir ki, cəmiyyəti bir yerə yığıb siyasi şüarlar səsləndirib, üsyan yaradıb başa keçəndə, insanlar azad olur. Azadlıq başqaları tərəfindən insani haqları pozulmadan yaşaya bilən siravi vətəndaşın ruh halıdır. Bu təkcə siyasi qısnamanın ortadan qalxması ilə həll olmur, mən küçədə bir-birinin haqqına göz dikən insanların (özü də belə yaşamağa məcbur qalan insanların) olduğu cəmiyyətdə necə azad olum?

İnsan üçün hər şey pis olacaq. Çünki cəmiyyət olaraq psixozla, narahatlıqla boğuşuruq. Artan iştahımız, azalan büdcəmiz və bizi məmnun etməyən sosial həyat cəmiyyətin psixologiyasını hər gün daha da pis hala salır.

Əgər məsələ təkcə aclıq olsaydı, ilboyu yığdığını bir şənlik günündə yeyib dünyanın xoşbəxti olan kasıb babalarımıza oxşayardıq. Xülasə, dünyanın artan istehlak bazarında kor olub nə istədiyimizi bilmirik. Daxilən ölürük və zombilər kimi zəhərləməyə adam axtarırıq. Özümüzün kim olduğunu və bu gərdişi dünyada nə rol oynadığımızı, nəyə lazım olduğumuzu bilmirilk.

Ona görə də dollar qalxsa da, qalxmasa da, sabah hər şey daha pis olacaq.

Ziya MEHTİ
pia.az


loading...