Cümə axşamı, 13 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Rusiyanın sülh yaratma səyləri niyə daşa dəyir?

Ceymz Koyl

“The Hill”, 14.06.2020

Xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Rusiya Liviyada sülhə nail olmaq istəyir. O, jurnalistlərə bildirib ki, Rusiya Türkiyə ilə birlikdə atəşkəs razılaşması üzərində işləyir. Lakin Rusiyanın bu prosesə səmimi bağlılığı şübhə doğurur. Lavrovun açıqlaması həftəsonu atəşkəslə bağlı nazirlər səviyyəsində danışıqların təxirə salınmasından sonra səslənib.

Rusiya Liviyanın vətəndaş müharibəsində aktiv iştirak edir. BMT hələ may ayında Liviyada “Vaqner” qrupundan 800-1200 muzdlunun döyüşdüyünü bildirib. Ukrayna və Suriyanın döyüş meydanlarında da gözə dəymiş özəl təhlükəsizlik şirkəti rus oliqarxı və Rusiya prezidenti Vladimir Putinin yaxın dostu Yevgeni Priqojinə məxsusdur.

Ruslar qrupun dövlətin bir qolu olduğunu inkar etsə də, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Liviyadakı münaqişəni ən yüksək səviyyədə idarə etdiyini söyləyib. Öz fikrini sübut etmək üçün o, mediaya “Vaqner”in liderinin Rusiya müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla apardığı müzakirələri əks etdirən fotoşəkili göstərib.

“Wagner Group” klassik özəl podratçı deyil, o, Müdafiə Nazirliyinin qeyri-rəsmi bir qoludur". Bunu Suriyada gizli rus yerləşdirmələrini araşdırmış Münaqişələr üzrə Kəşfiyyat Qrupunun rəhbəri Ruslan Leviyev deyib.

Quru qoşunlarla yanaşı, Rusiya Liviya üsyançılarına hava dəstəyi də göndərib. ABŞ ordusunun Afrika Komandanlığı (AFRICOM) may ayında ən azı 14 Rusiya təyyarəsinin əl-Cufra aerodromuna endiyini bildirib. Bu təyyarələrə həm “MİQ-29” qırıcıları, həm də “SU-24” bombardmançıları daxildir. Ruslar təyyarələrin onlara məxsus olduğunu inkar etsə də, - hava gəmiləri Rusiya nişanlarının silinməsi üçün Suriyada eniş edib, - AFRICOM, Rusiyada havaya qalxdıqları andan radarlara düşən təyyarələri izlədiyini və şəkillərini çəkdiyini bildirib.

"Uzun müddət Rusiya Liviya münaqişəsində iştirakını tam olaraq rədd edib, – deyə AFRICOM komandanı general Stiven Taunsend deyib. – Hə, indi bunu inkar edən yoxdur. Rusiyanın dördüncü nəsil reaktiv qırıcılarının Liviyaya uçduğunu yolun hər addımında seyr etdik. Nə Liviya Milli Ordusu, nə də özəl hərbi şirkətlər dövlət dəstəyi olmadan bu döyüşçüləri silahlandıra, işlədə və təmin edə bilməzlər. Onlar dəstəyi Rusiyadan alırlar”.

Rusiyanın sülhməramlı rolu oynadığı vətəndaş müharibələrində hərbi iştirak taktikasının uzun bir tarixi var. Rusiya qoşunları sülh prosesinə başlamazdan əvvəl, 1980-ci illərin sonlarında Moldovada vuruşub. 1990-cı illərdə rus qoşunları ermənilərin Azərbaycana hücumunu dəstəkləyib və sonra atəşkəsə çağırış edib. 2000-ci illərdə Rusiya sülh danışıqlarına rəhbərlik edə-edə Abxaziya və Cənubi Osetiyanın Gürcüstandan ayrılmasını dəstəkləyib. Krımı ələ keçirməsindən və Ukraynanın şərqindəki separatçılardan gizli dəstəklənməsindən sonra da Rusiya sülhə çağırıb. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandiri general Cozef Votelin təbirincə, Rusiya həm təhrikçi, həm də aradüzəldən rolunu oynayır.

Bu atəşkəslərdən heç biri sülhlə nəticələnməyib. Ən yaxşı halda, münaqişələr "dondurulub"; ən pis halda, Rusiyanın güman edilən sülh səylərinə baxmayaraq, hələ də aktiv mübarizə gedir. Bunun son nəticəsi bölgədəki rus hərbi qüvvəsinin institusionalizasiyası olub. Rusiya ordusu Moldovanın separatçı bölgəsi olan Dnestryanıda kazarmalarını çoxaldır, Ermənistanda bir neçə hərbi bazası var, Krımı silahlı düşərgəyə çevirib, Abxaziya və Cənubi Osetiyadakı qüvvələri Rusiya ordusuna birləşdirib. Suriya Rusiyanın Tartusda, dəniz bazanın icarə müddətini uzadıb.

Rusiyanın Liviyada hərbi mövcudluğunun genişlənməsi Avropanın cənubunu Kreml üçün uzadılmış qol qədər yaxınlaşdırır. Avropa ölkələrini enerji kəsilməsi ilə hədələməklə kifayətlənməyən Rusiya (2006 və 2009-cu illərdə Ukrayna ilə qiymət mübahisələri ucbatından) indi NATO-nun cənub cinahını hərbi yolla təhdid edə bilər. ABŞ və onun NATO müttəfiqləri bu hadisələrdən narahat olmalıdırlar. BMT-nin silah tədarükünə dair embarqosu Rusiyanın getdikcə genişlənən təsir zonasını daraltmaq üçün kifayət deyil.

NATO-nun baş katibi Yens Stoltenberq ittifaqın Liviya hökumətinə dəstək verməyə hazır olduğunu bildirib, lakin yalnız NATO üzvü olan Türkiyə beynəlxalq səviyyədə tanınan Milli Birlik Hökumətinə dəstəyini artırıb. Türkiyənin əzələ cavabı Liviyanın üsyançı generalı Xəlifə Həftəri ölkənin qərb hissəsini tərk etməyə vadar edib. Bunun müqabilində hökumət Ankaraya Aralıq dənizinin şərqində kəşfiyyat-qazma hüquqlarını verən müqavilə imzalanıb.

Birləşmiş Ştatlar azad və bölünməz Avropaya sadiqdir. Halbuki “boşanma əsri”ndə Rusiya Əfqanıstandan tutmuş Liviyaya qədər müxtəlif ölkələrdə təsirini artırıb. Amerika xalqı qeyri-müəyyən məqsədlərlə davam edən müharibələrdən yorulub, lakin Milli Təhlükəsizlik Strategiyasında göstərilən hədəflərə çatmaq üçün ABŞ ən azı diplomatik və iqtisadi üsullardan faydalanmalıdır. Əlləri yana sallama Amerika təsirinin azalmasına, müttəfiqlərinin və digər bazarlar axtaran ticarət tərəfdaşlarının itkisinə səbəb olacaq. Vaşinqton vaxt itirə bilməz.

Tərcümə: Strateq.az

pia.az 


Etiket: Rusiya


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Rafiq Aslanovun oğlunun avtomobil kolleksiyası: Bentley, Range Rover, Mercedes... - Foto

Karantin rejimi yenidən sərtləşdirilə bilər — Açıqlama

Xarici İşlər Nazirinin iki müavini DTX-da istintaq altında! - Sensasion həbslər gözlənilir...

Dünən gecə çox sayda livanlı erməni Ermənistana gəlib

Hadi Rəcəblinin rəis qardaşını işdən çıxardılar

Rayonlara gediş-gəliş gələn həftədən bərpa edilir? — TƏBİB-dən açıqlama

Manantın devalvasiyası qaçılmazdır - Ekspert belə hesab edir...

“Bandotdel”lə bağlı fotosu yayılan şəxs açıqlama verib

Restoranlar açılır, toylar isə oktyabradək olmayacaq

loading...

Ən çox oxunanalar