Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiya Ermənistan ordusunun zəifliyini, acizliyini gördü” — Qabil Hüseynli

PİA.az politoloq Qabil Hüseynlinin müsahibəsini təqdim edir:

– Qabil müəllim, Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində baş verən son hadisələri necə qiymətləndirirsiniz?

– Ötən günlər ərzində tam aydın oldu ki, Ermənistan Tovuz rayonu ilə sərhəddə məqsədyönlü şəkildə təxribat təşkil edib. Bu təxribatın da məqsədi Azərbaycanı guya Ermənistan ərazilərinə hücum edirmiş kimi göstərmək, beləliklə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına şikayət etmək, nəticə etibarilə bu təşkilata aid olan dövlətlərin hərbi gücünü Azərbaycana qarşı çevirmək idi. Söhbət ilk növbədə Rusiya Silahlı Qüvvələrindən gedir. Amma bu provokasiya bütün istiqamətlər üzrə tam iflasa uğradı. Azərbaycan ordusu erməni ordusunun “burnunu” yaxşıca ovdu, ona yaxşı bir dərs verdi. Üstəlik, hamı gördü ki, hücum edən tərəf Ermənistandır. Bu səbəbdən də Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın KTMT-yə etdiyi müraciət də qəbul edilmədi. Yəni, faktiki olaraq KTMT-nin Daimi Şurasının iclası baş tutmadı. Bütövlükdə aydın oldu ki, bu hadisələrin arxasında erməni hiyləsi, erməni təxribatı və Azərbaycana yönəlmiş çox mənəviyyatsız hərəkətlər dayanırmış. Artıq bütün dünya bu məsələlərin əsl mahiyyətini bilir.

Rusiyanın budəfəki hadisələrlə bağlı mövqeyini necə qiymətləndirirsiniz?

– Könül istərdi Rusiya keçmiş sovet dövlətinin varisi kimi bu məsələlərdə ədalətin zəfər çalması nöqteyi-nəzərindən daha fəal iştirak etsin. İndiki dövrdə də Rusiyanın fəaliyyəti haqqında hər hansı ciddi fikir söyəmək mümkün deyil. Çünki Rusiya istəsəydi KTMT-nin iclasını çağıra və orada hər hansı qondarma bəyanat qəbul etdirə bilərdi. Amma faktlar o qədər üzdə idi ki, bunları etmək mümkün olmadı.

2016-ci ilin aprel döyüşləri zamanı ermənilər hücuma keçmək, diversiya qrupları ilə Azərbaycan ordusunun içərilərinə doğru hərəkət etmək istəmiş, Azərbaycan ordusunun əks-hücumu nəticəsində çox yaxşı dərs almışdılar. Eyni hadisələr Tovuz əməliyyatı zamanı da baş verdi. Hər halda Rusiyanın proseslərə müdaxilə etmək baxımından təmkinli mövqeyini dəyərləndirməmək mümkün deyil. İkinci isə Rusiya atəşkəs rejiminin əldə edilməsində səylər göstərdi, hər iki tərəfə müraciət etdi və bu səylər öz bəhrəsini verdi. Bu müsbət cəhəti mütləq qeyd etmək lazımdır.

– Rəsmi Moskva 2016-cı ilin aprel döyüşləri zamanı hərbi əməliyyatların dayandırılması üçün çox israr etdi - Müdafiə naziri Sergey Şoyqu, Xarici İşlər naziri Sergey Lavrov tərəflərə dəfələrlə zəng etdilər. Amma bu dəfə biz bunun şahidi olmadıq...

– Bəli, haqlısınız. 2016-cı ilin aprelin ilk günlərində Azərbaycan ordusu çox uğurlu hərbi əməliyyatlara başlamışdı. Ordumuz Cəbrayıl rayonunadək gedib çıxmış, Lələtəpə yüksəkliyini əldə etmiş, Sərsəng su anbarı tam mühasirəyə alınmış, Madagiz su elektrik stansiyası Azərbaycan ordusunun atəş nöqtəsi altında düşmüşdü. Aprel döyüşləri zamanı Rusiya fəal müdaxilə etdi və Ermənistanı labüd məğlubiyyətdən qurtardı. İndiki Tovuz əməliyyatı zamanı isə görünür, müəyyən mətləbdən agah imiş. Yəni, Ermənistan ordusunun hücuma hazırlaşdığı da, hücum əməliyyatları zamanı yeni Azərbaycan torpaqları işğal etməsi faktı da görünür Rusiyaya məlum imiş. İlk vaxtlar Rusiyadan umduğumuz fəallığı görə bilmədik. Düzdür, Lavrov atəşkəsə nail olmaq üçün hər iki ölkənin XİN başçılarına zəng etdi. Amma o qədər də ciddi səylər göstərmədilər. Çünki ilk vaxtlar ermənilər daha fəal idilər. Azərbaycan ordusu müəyyən itki verirdi. Belə bir düşüncə var idi ki, guya erməni ordusu hücuma keçəcək, yeni ərazilər götürəcək və nəticə etibarilə Azərbaycan ordusunu və xalqını məyus edəcək. Amma elə ki, Azərbaycan ordusu bütün qüdrətini işə saldı, bütün gücünü ortaya qoydu, erməni ordusunun "ağız-burnunu" yaxşıca ovuşdurdu və ağır itkilərə məruz qoyub onu pələsəng etdi, bu zaman Rusiya həyəcan təbili çaldı və yenidən Lavrov və başqa şəxslər meydana daxil olaraq atəşkəs rejiminin əldə edilməsi üçün səy göstərməyə başladılar.

Azərbaycan istəsəydi hücum edib Ermənistanın azı iki-üç rayonunu ələ keçirə bilərdi. Məsələn, Oktemberyan rayonunu, Tavuş vilayətini götürə və Ermənistanın içərilərinə doğru irəliləyə bilərdi. Amma bu Azərbaycan üçün lazımlı deyildi. Belə bir hadisə baş versəydi, o zaman Azərbaycan KTMT ilə baş-başa qala bilərdi. Ən azından onun tərəfindən Ermənistana kömək məqsədilə müəyyən qüvvələr gələ, məsələn, Gümrüdəki 102 saylı Rusiya hərbi bazası, yaxud İrəvan yaxınlığındakı "Erebuni" hərbi hava bazası yaxınlığında yerləşən Rusiya hərbi təyyarələri işə düşə bilərdi. Bax, bu nöqteyi-nəzərdən Azərbaycan bu bölgədəki hücum əməliyyatının hansı məsuliyyət yaradacağını yaxşı başa düşdü. Sadəcə olaraq Ermənistanın dərsini verdikdən, erməniləri yaxşıca əzişdirdikdən sonra Azərbaycan ordusu öz mövqelərində qərarlaşdı. Rusiya da Ermənistan ordusunun zəifliyini, acizliyini görüb barışdırıcı mövqe tutmaq məcburiyyəti qarşısında qaldı və tərəfləri atəşkəs rejiminə çağırdı. Başqa dövlətlərdən, beynəlxalq təşkilatlardan da belə çağırışlar gəldi və nəticə etibarilə atəşkəsə nail olundu. (Teleqraf.com)

pia.az


Etiket: Qabil Hüseynli

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar