Çərşənbə, 29 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Ruhani “günah keçisi” rolunda - İranda iqtidar dəyişə bilər

General Məhəmməd Əli Cəfəri İran prezidentinin həbsini tələb edib...

SEPAH-ın keçmiş komandanı, hazırda təşkilatın bölmələrindən birinin komandiri olan general Məhəmməd Əli Cəfəri prezident Həsən Ruhaninin həbsini tələb edib. General Cəfəri ölkəni bürümüş etirazlara görə prezidenti və administrasiyanı günahlandırıb.

Onun sözlərinə görə, Ruhani və məmurlar xalqın ehtiyacları ilə maraqlanmayıblar.

İranda xidmətdə olan generalın sərt çıxışı nadir hadisədir. Bu ölkədə baş verənlərə görə bütöv bir sistem məsuliyyət daşıyır. Müşahidəçilərin fikrincə, generalın açıqlaması “günah keçisi” axtarmaq və Ruhanini qurban vermək kimi şərh olunmalıdır. Çünki etirazların yatırılmasında SEPAH və “Bəsic”in iştirak etdiyi söylənir.

Cəfəri Ayətullah Xamneyinin müşaviridir və Ruhanini həbs etmək tələbi özfəaliyyət ola bilməz. Maraqlıdır ki, Əli Xamneyi Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxaninin ölkədə baş verən son etirazlarla bağlı təqdim etdiyi hesabatına münasibət bildirərək, kütləvi etirazlarda rolu olmadan hökumət qüvvələri tərəfindən qətlə yetirilən vətəndaşların “şəhid” sayılmasına göstəriş verib.

Onun sözlərinə görə, etirazlarda hər hansı bir şəkildə həyatını itirənlərin ailələrinə qan pulu ödənilməli, onların valideynlərinin könlü alınmalıdır.

Noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində rejimə qarşı yönəlib. 500 nəfərdən çox insanın öldüyü, 3700 aksiyaçının güllə yarası aldığı, Tehranda və digər şəhərlərdə 7 mindən çox etirazçının polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyi bildirilir.

Deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, İranda hakimiyyət uğrunda gərgin siyasi mübarizə gedir. Onun fikrincə, bundan sonra da qarşılıqlı ittihamlar olacaq və gözləniləndir. A.Mollazadə İranda baş verən proseslərin sonunda hakimiyyət dəyişikliyini də istisna etmir: “Sadəcə, xalqın qəzəb mənbəyi sosial problemlərdir. Hətta Obama vaxtı da İranın qazandığı milyardlar ölkənin daxili problemlərinə yox, xaricə xərcləndi. Bu gün də İran ağır sosial vəziyyətlə üzləşib, istər-istəməz siyasi mübarizə artır. Bu halda etirazlar da, həbslər də olacaq. Təbii ki, hər şey ola bilər, hakimiyyət dəyişməsi də istisna deyil. Bizim marağımız odur ki, sərhəd qonşumuzda sabitlik olsun. Çünki Azərbaycanın yüz minlərlə qaçqını qəbul etmək imkanı yoxdur”.

Politoloq Tofiq Abbasov İranda hakimiyyət dəyişikliyini mümkün sayır, sistemin demontajını isə gözləmir. Onun sözlərinə görə, Ruhaninin qardaşının maliyyə bazarlarındakı qara işlərlə bağlı həbs olunması presedenti bir işarə idi. “Sanksiyalar dövründə pul vahidinin düşməsi, inflyasiyanın artmasından sonra sistemli şəkildə maliyyə bazarlarında dəllallıq edənlər oldu, onlar tutuldular. Hətta bəzilərinə ölüm cəzası verildi. Lakin edam hökmünün icra olunub-olunmadığını deyə bilmərik”, - deyə, ekspert qeyd etdi.

Politoloqun fikrincə, SEPAH dövlət içində dövlətdir, alt dövlət deməkdir: “Onların açarı inqilabın rəhbərindədir. Ruhaniyə qarşı iddialar qanunverici deyil, icraedici müstəvidədir. İnanmıram ki, İranda ciddi dəyişikliklər olsun. Amma hakimiyyətin müxtəlif qolları arasında çəkişmələr var və son qərarı yenə ali dini lider Xamneyi verəcək”.

Siyasi şərhçi Əhəd Məmmədli isə Amerika və İran prezident sistemlərində oxşarlıq olduğunu düşünür. Onun dediyinə görə, prezident hər şeyi həll etmir: “İranda ayətullah sistemi həlledici qüvvədir və Ruhani də ona qulaq asır. Bundan əvvəl də keçmiş prezident Əhmədinejad Ruhanini tənqid etmişdi, indi də SEPAH komandiri həbsini tələb edir. İranda qurbanlıq keçi axtarılır və proses belə davam edərsə, Ruhaninin istefası mümkündür”.

Ə.Məmmədli bildirdi ki, İraqda da İranın mövqelərinə zərbə vurulur, konsulluğu yandırılır: “Ruhaninin üzərində ”qara buludlar" dolaşır və etirazlar səngisə, özünü xilas edə bilər".

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay