Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rəsulzadənin barelyefi oğurlanıb, yerinə yenisi asılacaq”

Yanvarın 15-nə keçən gecə Rəsulzadənin Novxanıda yerləşən, hazırda uşaq bağçası olaraq fəaliyyət göstərən evinin önündə yerləşən anım lövhəsi yoxa çıxıb

Səhər açılanda kənd sakinləri üzərində Rəsulzadənin şəkli olan mis lövhənin-barelyefin yerində olmadığını görüblər. Novxanı kəndinin keçmiş icra nümayəndəsi oğurluq faktını təsdiqləmişdi.

Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə modern.az-a hadisədən xəbərsiz olduğunu bildirib: “Mənim bununla bağlı heç bir məlumatım yoxdur. Hər halda mütləq araşdırmaq lazımdır.

Üstəlik, Rəsulzadənin anadan olmasının 135-ci ilinə az qalmış belə hadisənin baş verməsi təəccüblüdür. Mən özüm də məlumat əldə etməyə çalışacağam”.

Tanınmış tarixçi-alim, Rəsulzadə irsinin və Cümhuriyyət tarixinin araşdırmaçısı Nəsiman Yaqublu “Yeni Müsavat”a bildirdi ki, bu, yaxşı hal deyil: “Cümhuriyyət ilindən 17 gün keçir və dövlətin qurucusuna qarşı belə hörmətsizlik edilir. Çox təəssüfedici hadisədir.

Ora Rəsulzadənin dədə-baba evidir, həmin evdə böyüyüb, boya-başa çatıb. 1816-cı ildən bu günə kimi sənəddə ev onların adınadır.

Hətta barelyefi bir kənara qoyuram, o ev nəzarətdə saxlanmalıydı. Biz məsələ qaldırmışdıq ki, Rəsulzadənin Novxanıdakı evi muzey kimi qorunsun, eksponatlarla zənginləşdirilsin. Dövlətin qurucusunun evi isə nəzarətsiz buraxılıb.

Çünki bütün ölkələrdə bu təcrübə var - dövlətin qurucusunun doğulduğu ev eksponatlarla zənginləşdirilir, ev muzeyə çevrilir və qorunur. Amma əfsuslar olsun ki, bunların heç biri bizdə olmadı və bizim təkliflərimizə səs verilmədi”.

N.Yaqublu qeyd etdi ki, ən ağır cinayəti törədən tapılır, barelyefi götürən isə hələ yox: “Bundan əlavə, Rəsulzadənin Mərkəzi univermağın yanında yaşadığı ev bir şirkətə verilib. Deyilənə görə, ərəb firmasıdır və tamam başqa adamın adına özəlləşdirilib. Bu məsələyə də diqqət olmadı. Yəni, Rəsulzadənin izi olan hər yerdə hörmətsizlik görürük. Halbuki, biz bu şərəfli, qürurlu tarixi yaşatmalıyıq.

Prezident tərəfindən 2018 “Cümhuriyyət ili” elan olundu, bu 100 illik hamını birləşdirmişdi. Çox ürəkaçan mənzərəydi.

Biz təklif vermişdik ki, cümhuriyyətin qurucularının memorual kompleksi yaradılsın. Eyni yox, əgər onların məzarının köçürülməsi mümkün deyilsə, həmin kompleksdə onların barelyefləri qoyulsun, hər kəs bu kişiləri ziyarətə gəlsin.

Ancaq bu təkliflərin də heç biri reallaşmadı. İndi 14 gün sonra Rəsulzadənin 135 illiyi keçiriləcək və belə bir ərəfədə oğurluq hadisəsi çox pis bir təsadüf kimi qiymətləndirilməlidir. Hesab edirəm ki, çox mənəviyyatsız yanaşmadır.

Rəsulzadə tək ad deyil, Azərbaycanın azadlıq simvoludur. O evə yaxşı olar ki, bir lövhə vurulsun. Əgər barelyef tapılmırsa, müvafiq qurumlar daha yaraşıqlısı ilə onu əvəzləyə bilər. Adına kitablar çap edilmir, büstü qoyulmur, barelyefi oğurlanır, evi muzeyə çevrilmir. Bütün bunlar hörmətsizlikdir”.

Maraqlı olan isə Novxanı bələdiyyəsinin sədri Şahin Tağıyevin barelyefin taleyi ilə bağlı bir-birindən fərqli açıqlamalar verməsidir. O, öncəki açıqlamasında faktı təsdiqləyərək bunun qəsdən törədildiyini bildirmişdi.

Lakin Tağıyev daha sonra mətbuata tamam fərqli açıqlama verib. O, barelyefin köhnəldiyini, yenisi ilə əvəzləmək üçün bələdiyyə tərəfindən çıxarıldığını söyləyib.

Anlaşılmaz vəziyyət yarandığından yenicag.az-ın əməkdaşı yenidən Şahin Tağıyevlə əlaqə yaradıb. Sədr bu dəfə utanclı durumda məcbur qalaraq əvvəlki açıqlamaları verdiyini və polisin də ilkin – barelyefin bələdiyyə tərəfindən götürülməsinə dair məlumatının buna əsaslandığını bildirib: “Əslində, barelyef oğurlanıb, tapa bilmirik. Hansı əclaf aparıbsa… Kəndin adına ayıb bilirəm. Buna görə də məcbur olub belə demişəm. Bizim böyük şəxsiyyətimizin barelyefini aparanın yerinə mən utanıram. İkinci günə mərmərdən yenisi hazır olacaq”.

“Məlumat dəqiqdir, yanvar ayının 15-nə keçən gecə Məhəmməd Əmin Rəsulzadənin Novxanı kəndində yerləşən, hazırda uşaq bağçası kimi fəaliyyət göstərən evinin çöl hissəsinə vurulmuş barelyefi oğurlanıb”.

Bunu isə günün ikinci yarısında Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat katibi Seymur Qasımbəyli deyib. Onun sözlərinə görə, faktla bağlı araşdırma aparılır: “Bundan əlavə Novxanı bələdiyyəsinə yeni barelyefin hazırlanıb yerinə asılması ilə bağlı göstəriş verilib. Yaxın günlərdə yeni barelyef asılacaq”.

Xatırladaq ki, Rəsulzadə ailəsinə məxsus mülk - dörd otaqlı mənzil Nizami küçəsi 59 ünvanında (Mərkəzi Univermağın yanında), ikinci mərtəbədə yerləşir.

25.05.1992-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Azər Rəsulzadənin mənzil məsələsi barədə sərəncam imzalayıb.

Sərəncamda A.Rəsulzadənin mənzil məsələsi ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinə müraciət etdiyi qeyd olunub və daha sonra bildirilir:

Azərbaycan Demokratik Cümhuriyyətinin Milli Məclisinin sədri Məmməd Əmin Rəsulzadənin oğlu - Azər Rəsulzadə 1937-ci ildən 1989-cu ilə qədər Qazaxıstan Respublikasında sürgündə olmuşdur.

Onun qardaşı güllələnmiş, anası və bacısı isə vəfat etmişdir. Hal-hazırda A.Rəsulzadə 4 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, 2 qohumu) Karaqanda şəhərində 2 otaqlı mənzildə yaşayır.

1989-cu ilin avqustunda onun ailəsi bəraət almışdır, lakin o, bu hüququndan istifadə etməmişdir. Xahiş edir ki, onun ailəsinə atasının əvvəllər yaşadığı mənzil verilsin”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar