Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Razi Nurullayev: “İqtidar 25 ildir Əli Kərimlidən qorxmurdu, indi qorxmağa başladı?”

“İlqar Məmmədov bloger kimi fəaliyyət göstərir”

Yeni AXCP-nin sədri Razi Nurullayevlə həftəsonu görüşərək ölkədəki ictimai-siyasi vəziyyət, islahatlar, müxalifət və digər aktual mövzular barədə söhbətləşmişik. Partiya sədrinin “Yeni Müsavat”a müsahibəsini təqdim edirik:

- Razi bəy, yeni ilin geridə qalan üç ayını necə qiymətləndirirsiniz, ölkədə nələr dəyişib?

- Azərbaycan sanki 90-cı illərin ortalarına, yaxud 2000-ci illərin əvvəllərinə qayıdır. Hətta arxivdə olan siyasətçilər səhnədə görünməyə başlayıblar, kifayət qədər aktual mövzular müzakirə olunur, yeni-yeni təşkilatlar formalaşır.

Bunun fonunda hakimiyyətin davranışlarında dəyişiklik hiss edilir. Belə hal var ki, iqtidar indiyə qədər olan siyasətinə kordinal dəyişiklik etmək istəyir. Demək olmaz ki, bu dəyişikliklər sürətli gedir, amma təzahürləri prezidentin verdiyi sərəncamlarda özünü göstərir.

Hələ ki, sosial-iqtisadi islahatlar başlanıb və müəyyən nəticə verəcək. Lakin siyasi islahatlar həyata keçirilmədən sosial islahatların nəticə verəcəyinə inanmıram.

- Bu dəyişikliklər nədən doğdu? Hansı zərurət yarandı ki, iqtidar sosialyönümlü addımlar atdı və elə bu zaman da köhnə siyasətçilər meydana çıxdı?

- Hakimiyyət tərəfindən əvvəldən səslənirdi ki, dəyişikliklər olacaq, islahatlara gediləcək. Amma bu reformalar yavaş həyata keçirilirdi. Bu halda əhalinin narazılığı pik həddə çatmışdı, tam məsuliyyətlə deyirəm ki, narazılıq 90 faiz həddindəydi. İnsanlar pensiya, maaşla dolana bilmirdi, iş yerləri çox məhduddur, aldıqları maaşla dolana bilmirlər.

- Hakimiyyət məşğulluq mərkəzlərinin hesabatlarına əsaslanıb deyirdi ki, işsizlik 5 faizdir, amma onlar 100-120 manat, maksimum 200 manat maaş təklif edirdi. Bu gün 200 manatla dolanmaq olarmı?

- Heç kommunal xərci eləmir, qaz, işıq limiti var. İnsanların narazılığı o səviyyəyə qalxdı ki, iqtidar qarşısını ala bilmirdi, qorxu mühiti də aradan qalxdı. Xaricə köçən azərbaycanlılar təşkilatlandılar, yeni televiziyalar yarandı, hökumətin ənənəvi silahı olan ənənəvi televiziyalar sıradan çıxarıldı, insanlar sosial şəbəkədə fəallaşdılar, hər bir şəxsin özü televiziya, radioya çevrildi.

Artıq hökumətin media üzərindən siyasəti özünü doğrultmadı, çünki o televiziyalara baxan da olmadı. Hər kəs narazılığını ifadə etməyə başladı və hakimiyyət gördü ki, ya sosial islahatlar aparmalıdır, ya da iqtidardan getməlidir.

- Əvvəllər xalq hökumətə inanmırdı, pensiya cüzi artırdı, dərhal bazarda ət bahalaşırdı. O “buz” son 3 ayda qırıldı, siyasət dəyişdi, insanların iqtidara inamı qismən bərpa edildi. Sizcə, bundan sonra proses davam edəcəkmi, yoxsa islahatlar mövsümidir?

- Azərbaycanlılar müdrik xalqdır, yaxşılığı da, pisliyi də unutmur. Əgər hökumət xalqa doğru bir addım atacaqsa, xalq ona qarşılıq olaraq iki addım atacaq. Xalq bu gün o mövqeni göstərir.

Amma bu dəfə də vədlər yalan çıxsa, sosial rifah yaxşılaşmasa, xalq hakimiyyətlə birgə yol getməyə razılaşmayacaq.

Ona görə xalqın haqlı tələblərinə cavab verməli, rüşvət və korrupsiyaya qarşı sistemli mübarizə güclənməli, korrupsionerlər cəzalanmalı, həbsə göndərilməlidir.

- Bəzən elə fikirlər səslənir ki, prezident daha böyük islahatlar aparmaq istəyir, lakin iqtidarda buna mane olmaq istəyən qüvvələr var, bununla vəzifədə qalmaq müddətini uzadırlar. Siz bu mülahizələri bölüşürsünüzmü?

- Bu məsələdə həqiqət payı var. Ancaq düşünmürəm o həqiqət payı o qədər güclüdür ki, prezidentin iradəsini sındıra bilir.

Prezidentin kifayət qədər iradəsi var, inandığı məmurlar da var. İnanmıram ki, ortaya cürətli məmur çıxıb islahatları tormozlaya bilsin.

Sadəcə, prezidentə təqdimatlar verilə və inandırmağa cəhd oluna bilər ki, bu islahatlar hakimiyyətin laxlamasına gətirib çıxarar. Lakin istənilən halda ya islahat, ya hakimiyyət getməlidir.

- İslahatlar mövzusu ilə bağlı onu da soruşum: Milli Şura hesab edir ki, onların keçirdiyi 19 yanvar mitinqi hakimiyyəti islahat aparmağa vadar elədi. Burda həqiqət payı varmı?

- Bunu tamamilə absurd hesab edirəm. Ötən ilin aprelində keçirilən prezident seçkilərində bütün namizədlərin maraqlı təklifləri oldu.

Seçkidən sonra prezident bəyan etdi ki, müəyyən dəyişikliklər olacaq, oradakı təkliflərə baxılacaq. Artıq orada səsləndirilən təkliflərin bir neçəsi prezident tərəfindən sərəncamlarla yerinə yetirilməyə başlanmışdı.

19 yanvar mitinqinin verilən qərarlarda payının olduğunu düşünmürəm. Ola bilsin ki, qərarların verilmə vaxtını qabağa çəkə, onlar buna ümid edə bilər ki, heç o fikrə də inanmıram.

Bu günə kimi onlarla aksiya, mitinqlər keçirilib, Azərbaycana təzyiqlər olub, bu gün də var, amma hakimiyyət geri çəkilməyib.

Əksinə, təzyiqlərin ən güclü vaxtında həbslər aparırdı, vətəndaş cəmiyyətini susdurmaqla məşğul idi, mitinqlərə icazə vermirdi, islahatlar getmirdi. O vaxt qorxmurdu, indi bir mitinqdən qorxdu?

25 ildir Əli Kərimlidən, 10 ildir Milli Şuradan qorxmurdu, indi qorxmağa başladı? İçi mən qarışıq, Əli Kərimli, Müsavat, KXCP, ADP olsun, heç kim bunu adına yazmasın.

Bu, xalqın haqlı tələbiydi, əhalinin narazılığıydı, prezident özü gördü və dəyişikliklərə başladı.

- Siz yuxarıda qeyd elədiniz ki, Azərbaycana bu gün də təzyiqlər var. O təzyiqlər haradandır, nə şəkildədir?

- Bu təzyiqlər Rusiyadan da, İrandan da, Avropa və Amerikadan da var. Deməzdim ki, təzyiqlər xalqın maraqları, demokratiya, insan hüquqları üçün edilir. Hər bir təşkilatın və dövlətin Azərbaycandan almaq istədiyi məqamlar var.

Bu təzyiqlər içəridəki və xaricdəki müxalifətin maliyyələşdirilməsi, ekstremist meyillərin artırılması ilə ola bilər.

- Bəzi müşahidəçilərin fikrincə, mayda Azərbaycan Avropa Birliyi ilə yeni sazişlər imzalayacaq, bu da Moskvanın bizə təzyiqləri ilə müşayiət ediləcək, islahatlara da başlanması məhz qabaqcadan hazırlıqdır, əhalidəki gərginlik azaldılır. Siz necə fikirləşirsiniz?

- Qətiyyən bu fikirləri bölüşmürəm. Azərbaycan hakimiyyəti Rusiya ilə maraqlarını uzlaşdıra bilir, yenə bunu edə biləcək. Avropa Birliyi ilə çərçivə sazişi, strateji əməkdaşlıq sazişi bağlanması heç də Rusiyanın maraqlarının ayaqlar altına alınması demək deyil.

Azərbaycan Avropa Birliyi qarşısında öhdəlik götürməyib, ikitərəfli bir sazişdir, Şərq Tərəfdaşlığı çərçivəsində müəyyən öhdəliklər götürməliydi, rəsmi Bakı razı olmadı.

İkincisi, Azərbaycan Avropa Birliyi ilə saziş imzalamağa yaxın deyil, bunu mayda gözləmirəm. Çünki o qədər böyük məqamlar var ki, razılaşdırılmayıb.

- Hansı məqamlardır?

- Ən böyük məqamlardan biri Azərbaycanda insan haqları və demokratiya, azad seçki barədə müddəalardır. Bu müddəalara Azərbaycanın razılaşması o deməkdir ki, YAP hakimiyyəti ciddi siyasi islahatlara getməlidir.

İslahatlara getmək isə odur ki, xalqın iradəsindən asılı olursan. Xalq kimi seçər, onu bilmək olmaz. O baxımdan sazişin imzalanması gecikdiriləcək.

- Ümumiyyətlə, Azərbaycan Qərb və Rusiya arasında strateji seçim etmək dilemması qarşısındadırmı?

- Azərbaycan belə seçim qarşısında deyil. Bir neçə il qabaq belə seçim qarşısında bir müddət qaldı, amma tarazlıq yaratmaq mövqeyi tutdu.

- Proqnozlar var ki, oktyabrda parlament seçkiləri keçiriləcək. Gözləntiləriniz varmı?

- Bu söhbət çoxdan var, inanmışdım ki, keçirilə bilər, istisna etmirəm. Amma parlamentin buraxılması ilə bağlı mexanizm yoxdur.

Parlament gərək özü özünü buraxsın, ya gərək elə etməlidir ki, qərarlar qəbul edə bilməsin, prezident işə qarışsın. Yəni çətin prosesdir. Amma Azərbaycan Amerika deyil, siyasi hakimiyyət istəsə parlament buraxılsın, buna gedərlər.

- Seçkidə iştirak planınız var?

- Əvvəldən demişəm ki, siyasətçi seçkidən kənarda qala bilməz. Hakimiyyətə gəlməyin, seçkili orqanlarda təmsilçiliyin başqa yolu yoxdur.

- Yeri gəlmişkən, müxalifət mitinq yoxsa seçki yolu ilə iqtidara gəlməyi müzakirə edir. İlqar Məmmədov Milli Şuranı qınadı ki, əvvəldən seçkiyə hazırlaşmalıydıq, Əli Kərimli isə onu xalqı aldatmaqda suçladı, dedi ölkədə seçki mühiti yoxdur. Sizcə, hansı seçim doğrudur?

- Adını çəkdiyiniz siyasətçilərin heç biri ilə razılaşmıram. Uzun illərdir eşidirəm ki, xalqı seçkilərə hazırlamaq lazımdır. Bunu ötən 30 ildə edə bilməmişiksə, bundan sonra kim hazırlayacaq?

Xalqı seçkiyə hazırlayanlar 30 ildir eyni fikirləri deyirlər. Xalq seçkiyə hazırdır, hər şeyi görür, həmin siyasətçilərdən də yaxşı statuslar, məqalələr yazır. Sadəcə, qorxu mühitinin götürülməsi lazımdır və hakimiyyət sərbəstlik verməlidir ki, insanlar nə etməli olduqlarını ayırd etsinlər.

- Amma həbsdə olanda İlqar Məmmədovu iqtidara qarşı yeni lider kimi təqdim edirdilər...

- Doğrudur, hətta bizim partiyada bəziləri deyirdilər ki, İlqar Məmmədov azadlığa çıxanda siyasi vəziyyət dəyişə bilər.

“Xalq Hərəkatında 90-larda baş verənlərin təkrarını gördüm, Elçibəy bu cür çəkişmələrə görə hakimiyyətdən getdi”

Xalq düşünürdü ki, İlqar Məmmədov çıxanda hakimiyyət dəyişəcək, dünya Azərbaycana axın edəcək, qəbuluna düşmək üçün növbəyə dayanacaqlar.

İlqar Məmmədov çıxdı, amma daha çox bloger kimi fəaliyyət göstərir, inciməsin, onu bloger kimi görürəm.

- Razi bəy, müxalifətin müxtəlif birlikləri var: Milli Şura, Azərbaycan Xalq Hərəkatı, siyasi qurum olmasa da, müxalifətçilərin toplaşdığı Qarabağ Komitəsi... Siz niyə bunların heç birində yoxsunuz?

- Mən Qarabağ Komitəsinin yaradılmasını əvvəl doğru sayırdım, indi düzgün addım hesab etmirəm. Bu münaqişənin həlli nə komitədən asılıdır, nə xalqı nəyəsə hazırlaya bilərlər.

Əgər Razi Nurullayev, Sərdar Cəlaloğlu yaxud Mirmahmud Mirəlioğlu da prezident olsa, Qarabağla bağlı heç nə dəyişməyəcək, hətta ola bilsin pisləşəcək.

Bu, dünya güclərinin marağında olan problemdir və Rusiya problemin həllinə imkan verməyəcək, Azərbaycana qarşı təzyiq vasitəsi kimi görülür.

Ermənistana heç bir təzyiq göstərilmir, ölkələr Ermənistanı təcavüzkar adlandırmırlar. Bu baxımdan Qarabağ adından heç kim siyasi məsələlər üçün istifadə etməsin, bu komitə də lazımlı deyil.

- AXH-yə niyə getmirsiniz, perspektivinə inamınız yoxdur?

- Əvvəla, nə mən onlara müraciət etmişəm, nə də onlar dəvət edib. İkincisi, o qurumlarda təmsil olunmaq da istəmirəm. Milli Şuradan tutmuş İctimai Palataya qədər qurumların yaradılmasında iştirak eləmişəm.

Hamısı nəticəsi olmadan dağılıb. Təəssüf ki, AXH-də 90-larda baş verənlərin təkrarını gördüm. Məhz Elçibəy də bu cür çəkişmələrə görə hakimiyyətdən getdi.

Elçibəyin gedişində rolu olanlar indi yenə meydandadırlar. Onlar hakimiyyətə gəlsələr, 90-lardan betər xaos yaradacaqlar. Xalq bunu görür, belə yerdə təmsil olunmağım mənə yaraşmaz, onlara uğur arzulayıram.

- Müxalifətdə niyə yenilənmə getmir, niyə köhnə adamlar yenə meydandadır?

- Bir neçə yenilənmə görürəm. Mən varam, 3 il sonra prezidentliyə namizəd oldum. Əli Kərimli 1988-ci ildən siyasətdədir, prezidentliyə namizəd ola bilməyib. Hörmət etdiyim İsa Qəmbər bir dəfə seçkidə iştirak edib.

Bu gün yenilər var, pis-yaxşı Tural Abbaslını görürəm, bloger adlandırsam da, İlqar Məmmədov siyasətçidir, partiya qurub.

- Son olaraq soruşum, siz dediniz ki, 3 il sonra prezidentliyə namizəd oldum. Hazırda yaratdığınız AXCP ilə Əli Kərimlinin sədri olduğu AXCP arasında hüquqi mübarizə nə yerdədir?

- Heç bir vəziyyətdə deyil, açığı heç maraqlanmamışıq. Ali Məhkəməyə qədər gedib çıxdı, donduruldu.

Ədliyyə Nazirliyinin üzərinə qoyuldu ki, qərar versinlər. Biz nə sənəd vermişiksə, Əli Kərimli də o sənədi verib.

Artıq bu məsələnin arxasından çəkilmişik, ona görə ki, Azərbaycan mühitində bunun həlli yolunu görmürük.

pia.az


Etiket: Razi Nurullayev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar