Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qurban Qurbanovun sınağı - Allah utandırmasın!

Milli komandada bir klubda oynayan 2, 3, bəzən 4 oyunçunun meydana çıxması daha effektlidir ki, bunu bir neçə il əvvəlki İspaniya millisinin nümunəsində görmək olardı...

Bu gün Azərbaycan yığma komandası UEFA Millətlər Liqasında ilk matçına çıxır. D Liqasının III qrupunda yer alan Azərbaycan millisi ilk matçını Bakı Olimpiya Stadionunda Kosovo yığmasına qarşı keçirəcək. Saat 20:00-da başlayacaq görüşü Norveçdən olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Ola Hobber Nilsen olacaq. Ona həmyerliləri Tom Harald Gronevik və Qeyr İsaksen yan xətt hakimi kimi kömək edəcək. Dördüncü hakim Oustin Ytterland olacaq. Əlavə köməkçi hakimlər isə Espen Eskasla Tom Harald Hagendir.

Qeyd edək ki, Kosovo ilə yanaşı bu qrupda Malta, Farer adaları da mübarizə aparır.

D liqalarının qrup qalibləri 2020/21 mövsümündə daha yüksək dəstədə oynamaq hüququ qazanacaq. Azərbaycan millisi C liqasına yüksəlmək üçün öz qrupunda 1-ci yeri tutmalıdı.

Bundan başqa, komandaların qrup mərhələsində tutduğu mövqe onların Avro-2020-nin püşkatmasında hansı səbətdə yer alacağını müəyyənləşdirəcək. 2019-cu ilin dekabrındakı mərasimdə Azərbaycan millisinin IV, V və ya VI səbətdə olacağı da nəticələrindən asılı olacaq.

Millətlər Liqası həm də Avro-2020-yə 4 vəsiqə verəcək. Hər liqadan 1 komanda buna nail olacaq. Həmin xoşbəxtin adı 2020-ci ilin martında baş tutacaq pley-off mərhələlərində bəlli olacaq.

Pley-offa isə qrupun Avro-2020-yə vəsiqə qazanmayanlar arasında ən yaxşısı qatılacaq. Qrupun ən yaxşısı seçmə mərhələnin 10 qrupunda ilk 2 yeri tutanlar nəzərə alınmadan müəyyənləşəcək.

Azərbaycan millisi AÇ-yə vəsiqə qazanmaq üçün qrupda 1-ci yerlə pley-offa yüksəlməlidir. Təbii ki, seçmə mərhələdə möcüzə gerçəkləşdirsə və final raunduna yüksəlsə, pley-offa 2-ci yerin sahibi yollanacaq. Millətlər Liqasında qrupumuzda bizdən yüksək yer tutan komanda seçmə mərhələdə vəsiqə əldə etsə, pley-offa yollanmaq şansı qazanacağıq.

Qeyd edək ki, qrup oyunları 2018, final mərhələsi 2019, pley-off 2020-ci ildə baş tutacaq.

Komandalar dairəvi sistemlə 2 dövrədə mübarizə aparacaq.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

***

Kosovo milli komandası haqda ən çox səslənən fikir budur ki, millinin üzvlərinin hamısı legionerdir. Bunu üstünlük kimi qiymətləndirmək də olar, çatışmazlıq kimi də. Hər halda, onların bir neçə oyunçusunun qarşısında adını eşitdiyimiz klublar var. Bu cür legionerlərlə işləmək düşünmürəm ki, Kosovo millisinin baş məşqçisi Bernard Şallan üçün asan olsun. Hərəsi bir klubdan gələn komandanın “ağzını” bir yerə yığmaq o qədər də asan deyil. Əslində milli komandada bir klubda oynayan 2, 3, bəzən 4 oyunçunun meydana çıxması daha effektlidir ki, bunu bir neçə il əvvəlki İspaniya millisinin nümunəsində görmək olardı. Yəni İspaniya millisi “Barselona” və ya “Real” kimi oynayırdı. Bu baxımdan legioner faktoru Kosova millisi üçün üstünlük deyil, məncə.

“Mən və texniki heyət müdafiə, yarımmüdafiə və hücum mövqeləri üzərində çox çalışdıq. Künc zərbələrini və standart vəziyyətləri məşq etdik. Çox güclü və aqressiv rəqibimiz var”.

Kosovo millisinin baş məşqçisi Azərbaycanla oyun öncəsi belə deyib. “Mən yaxşı bir komandaya sahib olmaq istəyirəm və fərdlərə diqqət yetirmirəm. Hər kəsin oynamağa istəkli olduğunu bilirəm. Amma bilməliyik ki, qarşıda iki oyunumuz var və bu oyunlar üçün futbolçulara ehtiyacımız var. Biz əlimizdən gələn hər şeyi edəcəyik” - deyə o bildirib.(qol.az)

***

Azərbaycan milli komandasına ötən ilin noyabrında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov rəhbərlik edir. Neçə illərdir ki, əcnəbi baş məşqçilərin “sınaq meydanı” olan Azərbaycan millisinin qarşısında bu turnirdə hansı tələblər qoyulduğu dəqiq məlum deyil. Yaxın günlərdə telekanalların birində eşitdim ki, AFFA milli komandanın ən azı D qrupundan yüksək qrupa yüksəlməsini gözləyir.

Qurban Qurbanov üçün iki komandada işləməyin ağır və məsuliyyətli olduğu aydındır. Amma aydın olmayan ötən aylar ərzində milli komandamızda hansı keyfiyyət dəyişikliyinin olmasıdır. Milli komandamız bugünkü oyuna qədər bir neçə yoldaşlıq görüşündə özünü sınayıb, amma nəticələr uğurlu hesab edilə bilməz. Milli komandanı Qurban Qurbanovun Millətlər Liqasının debütündə hansı sistemdə oynadacağını güman etmək olar. Bu, çətin ki, “Qarabağ”dan çox fərqlənsin. Yəni komanda hücuma meylli oyun sərgiləməli, müdafiədə etibarlı oynamalı, topa daha çox nəzarət etməlidir. Hər halda, illərdir “Qarabağ”da öyrəşdiyimiz bu sistemdə yalnız bəzi futbolçuların adlar dəyişə bilər. Məsələn, “Qarabağı”ın qapıçı Şahrudin Məhəmmədəliyev, mərkəz müdafiəçiləri Bədavi Hüseynov və Rahil Məmmədov, sağ cinah müdafiəçisi Maksim Medvedev, dayaq yarımmüdafiəçiləri Qara Qarayev və Coşqun Diniyev və hücumçu Mahir Mədətov Kosovo ilə matçda milli komandanın formasını geyinəcəklər.

Bu isə vaxtilə Kiyev “Dinamo”suna, paralel olaraq SSRİ yığmasına rəhbərlik edən Valeri Lobanovski təcrübəsini yada salır. Yada salaq ki, karyerası ərzində üç dəfə mili komandaya rəhbərlik edən Valeri Lobanovski heyətə əsasən, Kiyev “Dinamo”sunun üzvlərini cəlb edirdi. 1986-cı il dünya çempionatında isə SSRİ yığmasının heyəti bütövlükdə rəhbərlik etdiyi klubun üzvlərindən ibarət idi. Bu səbəbdən də komanda öz qrupunda birinci yeri tutdu, 1/ 8-də isə sovet uşaqlarının hələ də yaxşı xatırladığı dramatik görüşdə (SSRİ Belçikaya 3:4 hesabıyla uduzdu) mübarizəni dayandırdı.

Qurban qardaşımız milliyə təyinat alanda, Lobanovski nümunəsi haqda çox yazılıb. Bir daha yada salmaqda fayda var ki, indi heç bir məşqçi bu cür yükün altına girməyə risk etmir. Qurban Qurbanovun milliyə niyə rəhbərlik etməyə razılaşmasının min səbəbi haqda yazılıb, bu təyinatın əleyhinə olanlardan biri də bəndəniz olub. Amma Qurban Qurbanovun min birinci səbəbi odur ki, adam həm də millət üçün nəsə etmək istəyir, demək, həm də dəstəyə layiq oğlandır.

Bu, Qurban Qurbanovun milli komandada ilk ciddi sınağıdır. Allah utandırmasın...(Yeni Müsavat)

pia.az


Etiket: Qurban Qurbanov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Laçın koridoru haqda bir sual və ya Şuşaya giriş niyə qadağandır?

İlham Əliyevin “Oktyabr inqilabı” - Zərgər dəqiqliyi...

Ən çox oxunanalar