Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qosqoca əraziyə “mənimdir” deyə əl qoymaq istəyən Ağazadə...

Və ya seçki yarışında “çirkli oyun ustası”ndan daha nə gözləyək?..

Qaynar bir seçki prosesi keçirilir ölkədə. Bu prosesdə diqqət mərkəzindəki seçki dairələrindən biri də heç şübhəsiz ki, 35 saylı Xətai seçki dairəsidir. Osmanlı türkcəsi ilə desək, kıran-kırana bir mübarizə gedir. Dairə üzrə ən diqqətçəkən iki namizəd – Rauf Arifoğlu ilə İqbal Ağazadənin mübarizə metodları isə ən çox mübahisə doğurandır. Kənardan bir baxış ataq olub-bitənlərə.

30 illik bir qəzetin baş yazarı Rauf Arifoğlu 35 saylı Xətai seçki dairəsindən namizədliyini irəli sürən kimi bir fırtına qopur. İ.Ağazadə tərəfdarları sosial şəbəkədə son sürətlə təhqirə, ittihama, antikampaniyaya başlayırlar. “Bizim dairəmizdi”, “Bu dairə bizimkidi” tipində, heç bir normaya, etiketə sığmayan “arqument” atəşi başlanır. Adamlara izah olunur ki, “bizim” deyə bir söhbət ola bilməz. Sən, siz, sizlər 41 min seçicisi olan bir ərazini necə özününküləşdirə bilərsən? Feodalizmdi, kapitalizmdi, nədi... bunun adı? "Mənim ərazim" söhbəti demokratiya daxil, hansı normaya, hansı dəftər-kitaba sığır? Kim verib bu ərazini sizə? Hansı plakatda, sənəddə, daşın-divarın üstündə adınız yazılıb, harda sənədləşdirmisiz bu ərazini öz adınıza? Gülünc olmaya bilərsizmi?

Bu yanaşmanın müəllifləri özgə vaxt xalqın adından danışmaqda, özlərini demokratiya, insan haqlarının carçısı elan etməkdə mahirdilər. Halbuki o monopolist oliqarxlardan mahiyyət etibarilə heç nə ilə fərqlənmirlər. Oliqarx deyir, filan rayon mənimdir, filan sahə mənimdir. Bu da deyir, 41 min seçicisi olan bölgə mənimdir. Təxminən tin qırağında təsbeh fırladıb, yoldan keçən ən qəşəng qıza barmağını tuşlayan məhlə qaqaşı kimi. Xatırladız onların replikasını? “O qız mənlikdi, bildiz?” O zaman nə fərqin oldu sənin o bəyənmədiyin oliqarxdan, iki kitab arası açmamış təsbehli tin qaqaşından? Harda qaldı demokratiya, sivil mübarizə metodları, güclünün qalib olması tezisi? Harda?

Üstəlik, sənin olduğunu iddia etdiyin dairəni 2015-ci ildə atıb, heç bir tanışlığın olmayan Ağdaşdan niyə namizədliyini verirdin? Axı bu 41 min seçici sənin idi, sənin seçicilərin, sənə inananlar idi. Axı belə deyirdin. Niyə üz üstə qoyub getdin bu qədər insanı? Demək ki, maraqlar, oyunlar olanda nə seçici düşür yadınıza, nə verdiyiniz vədlər, nə əhd, nə də peyman. O zaman nədir bu dəyər demaqoqiyası? Sizi özünün dostu hesab etməyən və bunu hər fürsətdə açıq-açıq bəyan edən Arifoğlunu “dostum mənim dairəmdən namizəd oldu” deyib şantaj etmək hansı dəftər-kitaba sığır?

Səslərinin ən qalın yerinə salıb, təsirli cümlələr qurub, elə “xalqımmm” deyirlər ki, tanımasan səmimiyyətlərinə inanarsan. Bu günə qədər etdiklərini, öz silah yoldaşlarını necə satdıqlarını, hər fürsətdə siyasi arenada necə sürüşkən mövqe nümayiş etdirdiklərini unutsan, bəlkə də dediklərini gerçək qəbul edərsən. Amma unutmursan axı. Tarix var, tarixi kadrlar var, tarixi çıxışlar var... Zamanında etdiklərinin videosübutu bir barmaq qədər yaxındır. Açıb görürsən: satıblar silah yoldaşlarını, həm də gözlərini qırpmadan. Utanmadan, qızarmadan. Tarix bəzi şeyləri unutdura bilər, amma damğa kimi həyatlara vurulmuş belə epizodları yox.

Bir də dönüb, kənardan Rauf Arifoğlunun və onun komandasının apardığı işə baxırsan. Pırıl-pırıl gənclər, arı kimi qaynayan bir qərargah. Görüşlər, video roliklər, təsirli təbliğat filmi... Adam bir neçə günə hamını başına toplamağı başarıb: müxalifətçisini də, media cameyəsini də, hüquq müdafiəçisini, şəhid ailəsini, seçicisini... O qədər zəngin bir palitra ki... Heç bir namizədin ətrafında bulunmayan mənzərə. Açırsan saytları, boy-boy şəkilləri, müsahibələri, videogörüşləri... 10 min evə təbliğat materialı paylamağı hədəfləyib adam. Jurnal çıxarırlar, buklet, xüsusi buraxılış nəşr edirlər. Təbliğatın əlifbasını bilir adamlar və onu da dünya standartlarında həyata keçirirlər.

Bölgədə nə qədər problem varsa, hamısını bir-bir göstərir Arifoğlunun komandasındakı jurnalistlər. Barmaq basırlar yaralı nöqtələrə. Çəkir, yayır, göstərir, həyəcan təbili çalırlar. Müvafiq qurumlar da medianın, etibarlı medianın səsinə səs verir təbii ki. Dövlətin gücü özünü göstərir, problemlər işıq sürəti ilə həll olunur. Bir sözlə, seçici nəticəni görür – birəbir həyətində. Sözdə yox, əməldə. Və inanır. Əgər adam təkcə baş redaktorluq mandatı ilə bütün bunları bir ayda edə bilibsə, deputatımız olsa nələr edəcək deyir. İnsanlar gözünə inanır, qulağına yox. Gördükləri onları ikna edir, pafoslu cümlələr yox.

Bu məqamda rəqib tam əndazədən çıxır. Elə bil xeyirlə şərin mübarizəsidir. İ.Ağazadə piar texnologiyasının ən qara, ən çirkin üsullarından utanmadan istifadə edir. Adam öncə ərinmədən gedib Qusardan R.Arifoğlunun klonunu tapıb gətirir, səsləri bölmək üçün. Siyasətlə heç bir əlaqəsi olmayan işsiz bir adamı pul gücünə paytaxta gətirib, onun adına imza yığır, namizədliyini qeydə aldırır. Qızarmadan da bunu hamının yanında “mən etmişəm, əcəb etmişəm” deyə bəyan edir. Usanmır, trol ordusunu göndərir sosial şəbəkəyə, rəqibinin müsahibələrinin yayımladığı sosial media platformalarına. Azərbaycan oxucusu, sosial şəbəkə istifadəçisi artıq səmimi fikir sahibləri ilə trolları o qədər aydın şəkildə bir-birindən ayırır ki... Baxan kimi bilirsən ki, hücum əmri hardan verilir. Bəzən eyni şərhi “copy-past” edib, başqa paylaşımın altında görəndə üzünə acı gülüş qonur. Hətta barıtını çox eləyib, “keçən dəfə deputat olanda nə etdiz ki, indi nə edəcəksiz” deyən hazırlıqsız trol və trolalələr də olur. Həşəmətli ümidçilər onlara bir treninq keçsə, daha yaxşı olar. Əks halda, bu seçki onların sayəsində çox gülməli keçəcək. Receb İvedik filmləri kimi, ən azı... Həm gülürsən, həm iyrənirsən...

Və rəqibin görüşlərinə yaşlı təxribatçı qadınların göndərilməsi. Son hədd, sondan da son hədd. Anası yaşda qadınları 5-10 manat qarşılığında R.Arifoğlunun görüşlərinə göndərmək təkcə çarəsizliyin yox, həm də mahiyyətsizliyin göstəricisidir. İnsanın gerçək üzü davada bəlli olar deyiblər. Amma bunlar seçki mübarizəsində bəyənmədikləri hakimiyyətin tətbiq etmədiyi üsulları belə bəh-bəhlə həyata keçirirlər. Bilirlər ki, yaşlı qadınlara heç kəs təzyiq göstərməyəcək, “anam, belə olmaz” deyib, sayğıda qüsur etməyəcəklər. Ona hesablayıb, yaşlı-başlı, elçiliyə göndərilsə şirin çay içəcək, barışığa göndərilsə düşmən nəsillərin arasını düzəldəcək qadınları belə çirkin oyuna alət edirlər. Adama deyərlər: qapı-qapı gəzib, “vurulmaqdan” qorxan icra başçıları kimi yaşlı qadın əli öpməyin nədir, o yaşda qadınları üz cırmaq, söyüş söymək üçün mədəni bir tədbirə göndərməyin nə? Və adama dönüb bir daha deyərlər: dəyər dediyin budursa, cənab Ağazadə, Allah bu milləti sənin dəyərsizliklərindən qorusun!

Halbuki Arifoğlu komandası buna cavab olaraq normativlərə uyğun, mədəni bir təbliğat kampaniyası aparmaqdan başqa heç nə etmir. Yollarından sapmırlar, rəqibin çirkin metoduna eyni çirkinliklə cavab vermirlər. Cavab verə bilməzlərmi? Məncə, bilərlər. Çünki təxribatçı qadın, trol ordusu, rəqibin klonunu tapmaq mahiyyətcə elə də çətin iş olmamalıdır. Belə işlər cüzi bir məbləğin hesabına başa gələ bilir. Niyə etmirlər? Arifoğlunun müsahibələrindən birində oxudum: “Halal qələbəmizə haram qatmaq istəyənlər var. Onlara uymadan yola davam edəcəyik”. Bundan gözəl cavab atəşi düşünə bilmirəm, doğrusu.

Yenə qayıdıram 10 min əhalini özününküləşdirmə söhbətinə. Ağazadə və onun tərəfdarlarının əsas arqumenti odur ki, “biz bu ərazidə xeyli işlər görmüşük”. Mən də kalkulyatoru qarşıma qoyub hesablayıram. Adam üç dönəm, yəni, 14 il (onun iki ili məhbəs dönəminə çıxaq, olsun 12 il) il bu ərazidə deputat olub. Adam və onun tərəfdarları 12 il ərzində məhəllələrə qoyduqları iki skamya, əkdirdikləri üç ağac, dəyişdirdikləri beş mənzilin dam örtüyünü böyük uğur kimi cəmiyyətə sırımaq istəyəndə gerçəkdən özlərini aldadırlar, ya insanları? Yəni, bunu da etməyəcəkdizsə, bu xırda məişət problemlərini də həyata keçirməyəcəkdizsə, o zaman nə günün deputatı idiz?

Ən gülməlisi isə o gün Ağazadənin öz seçicilərinə minnət qoyarkən “deputat olduğum illər ərzində hansınızla nərd oynamadıq ki?” deyə sual verməsi idi. Mən deputatlıq missiyaları arasında nərd oynamaq olduğunu bilmirdim. Cənab Ağazadə deyəsən parlament yarışına da nərd kimi yanaşır: şeş qoşa, pəncü şeş... Oyunçu aparsın, bəy. Amma zərləri cütləməyin, təmiz oynayın...

Tural Qasımov (OnlinePress.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar