Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qobustanın Cəyirli kəndində 2500-dən çox sakin susuzluqdan “qırılır”

Beynəlxalq medianın günlərdir İranın Xuzestan vilayətində su qıtlığına görə başlamış və ölkənin digər şəhərlərinə də sıçramış etirazlardan bəhs etdiyi bir vaxtda Qobustan rayonunun Cəyirli kəndində də su yoxdur və 2500-dən çox sakin bu isti yay günlərində özlərinin dediyi kimi, susuzluqdan “qırılır”. Virtualaz.org xəbər verir ki, sakinlərin illərdir əziyyət çəkdikləri su qıtlığı problemi ilə bağlı şikayətləri sosial şəbəkələrdə yayılıb. Onlar deyirlər ki, kəndin ətraflarında bulaqlar, içməli su mənbələri olduğu halda Cəyirlidə bu qızmar yay günlərində pulla alırlar, bəzən köhnəldiyi üçün qurd basmış sudan istifadə etməli olurlar.

Virtualaz.org sakinlərlə əlaqə saxlayaraq bu kəndin su problemini araşdırıb və məlum olub ki, sovet dövründə kəndin bir neçə kilometrliyində yerləşən bulaqlardan Cəyirliyə nasos və yeraltı su hovuzlarının köməyi ilə, dəmir borularla su verilirdi. Lakin SSRİ-nin dağılmasından sonra kəndin su təchizatı sistemi də dağılıb sıradan çıxdı, sakinlərin öz vəsaitləri ilə aldıqları dəmir boruları kimlərsə doğrayıb apardı, yeraltı su hovuzlarını zir-zibil basdı. Nəticədə hər il yay aylarında kənddə su qıtlığı hökm sürməyə başladı. Bu il isə problem daha da kəskinləşib və sakinlərdən Əliyev Raisin dediyi kimi, onlar suyun bir maşınını 20 manata almalı olurlar. Bu isə cəmi bir neçə gün bəs edir, üstəlik pulla alınan su istidə çənlərdə bir neçə gün qalanda qurdlayır.

Şirzad adlı sakin deyir  ki, kəndi içməli su ilə təchiz etmək heç də müşkül məsələ deyil. Cəyirliyinin ətraflarında, təxminən 3-4 kilometrliyində bulaqlar axır. Bu bulaqların suyunu kəndə gətirmək “Azərsu” ASC üçün elə də böyük qüvvə və vəsait  tələb etməyəcək. Üstəlik Cəyirlidə artezian quyularının qazılması mümkündür və kəndin yaşlı sakinlərinin dediyi kimi, cəmi 10-15 metr qazmaqla içməli suya çıxış əldə etmək olar.

Lakin kənd sakinlərinin illərdir “Azərsu” ASC-nin rəhbərliyinə, Qorxmaz Hüseynova (ölkənin ən korrupsioner məmurlarından olan Hüseynov nəhayət bu yaxınlarda vəzifəsindən çıxarılıb, yeri hələlik boşdur,-red.) göndərdikləri saysız-hesabsız şikayət məktublarına ən yaxşı halda bu məzmunda cavab yazırlar: “Dayanıqlı içməli su mənbələri olmadığından kəndin su ilə təmin edilməsi mümkün deyil”.

Yəni bu soyuqqanlı cavabdan belə çıxır ki, kənd sakinləri özlərinin dedikləri kimi, ya susuzluqdan qırılıb məhv olmalı, ya da ev-eşiklərini atıb getməlidir.

Sakinlər dəfələrlə rayon icra hakimiyyətinin başçısı Adil Məmmədova da şikayət ediblər,  başçı isə bu şikayətləri aidiyyatı üzrə, yəni “Azərsu” ASC-yə yönləndirir.

 “And olsun bizi yaradan Allaha, namaz qılan adamlarıq. Qurdlu su ilə namaz qılırıq. Belə şey olar? Biz başqa heç nə istəmirik, su istəyirik, su...”,-Əbilov Şahbala adlı yaşlı kənd sakini deyir.

Şikayətə kəndin ağbirçək qadınları qoşulur, deyirlər ki, Cəyirli kəndinin 10 şəhidi var, heç olmasa bu şəhidlərə hörmət etsinlər, onların ehsanına kəndə su çəksinlər. “Gətirsinlər sayğac da qoysunlar, hər ay işlətdiyimiz suyun pulunu ödəyək. Hətta özümüz də pul yığıb kömək edə bilərik, bir ay, iki ay ət yemərik, çörək yemərik, boğazımızdan kəsib verərək...”,-qadınlar deyir.

Cəyirli kəndinin başqa problemləri də var, məsələn, xəstəxanası, tibb məntəqəsi yoxdur, yolların vəziyyəti yaxşı deyil, amma indi onlara əzab verən əsas problem suyun olmamasıdır.

“Necə yəni dayanıqlı su mənbəyi yoxdur? Bu kənddə yoxdur, bir neçə kilometr aralıda var. Yaxud artezian qazmaq olar. Prezident hər il kəndlərdə yüzlərlə artezian quyularının qazılması üçün vəsait ayırır, amma bu məmurlar özbaşınalıq edirlər, camaatın problemlərinə qulaq asmırlar...”,-kənd sakinləri deyir.

virtualaz.org problemi diqqətdə saxlayacaq və aidiyyatı strukturlarla araşdırmağa çalışacaq.

F.Məmmədov (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar