Şənbə, 18 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Qərbi azərbaycanlıların deportasiyasından 31 il ötür

Rizvan Talıbov: “Qərbi Azərbaycan problemi ilə bağlı heç bir konseptual proqram yoxdur”...

Azərbaycanlıların hazırkı Ermənistan dövlətinin ərazisindən tam deportasiyasının 31 ili tamam olur.

1988-ci ilin soyuq dekabrının birinci ongünlüyündə Ermənistan ərazisində yaşayan 182.000 azərbaycanlı (rəqəm BMT-nin Qaçqınlar üzrə Ali komissarlığınındır), 18.000 kürd və min nəfər rus (rəqəmlər Azərbaycan Respublikası keçmiş Ali Sovetinin Qaçqınlar üzrə komissiyasınındır) zorla daimi yaşayış yerlərindən deportasiyaya məruz qalıb.

XX əsrdə Ermənistan ərazisindən azərbaycanlıların kütləvi deportasiya əməliyyatı - 1905, 1918-1920, 1948-1956, 1987-1988-ci illər olmaqla - dörd mərhələyə bölünür.

Statistik və arxiv sənədlərində təsdiq olunduğuna görə, bu əməliyyatlar nəticəsində indiki Ermənistan ərazisində yaşayan bir milyon beş yüz mindən çox azərbaycanlı tarixi torpaqlarından qovulub. Ermənistan Sovet Respublikası qurulduqdan sonra burada azərbaycanlılar yaşayan 940 yaşayış məntəqəsindən 698-nin adı Ermənistan Ali Sovetinin qərarı ilə dəyişdirilərək erməni adları ilə əvəz olunub. Ancaq ermənilər bununla da kifayətlənməyib. Addəyişmə əməliyyatı azərbaycanlılar bu respublikanın ərazisindən tam deportasiya edildikdən sonra da davam etdirilib. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1991-ci il 9 aprel tarixli fərmanı ilə son 91 azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilərək erməni adları ilə əvəz edilib.

Hesab olunur ki, Qarabağ danışıqlarında Ermənistandan deportasiya olunan 200 min insanımızın da taleyi əsasən müzakirə mövzusu olmalı, Dağlıq Qarabağdakı 100 mindən az erməniyə muxtar status veriləcəyi halda, Qərbi Azərbaycandan - indiki Ermənistandakı yurd yerlərindən qovulan həmvətənlərimizin də geri qayıdışı, onlara muxtariyyət verilməsi həllini tapmalıdır.

Əslində qərbi azərbaycanlıların öz torpaqlarından deportasiya olunması Azərbaycanın problemlərinin başlanğıcı idi. Qeyd edək ki, indi qərbi azərbaycanlılar Azərbaycanda Azərbaycan vətəndaşı kimi qeydiyyata alınıblar.

Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyinin sədri Rizvan Talıbov son 31 ili belə dəyərləndirdi: “Əvvəla, sizlərə təşəkkür edirəm, bu mövzunu gündəmə gətirdiyiniz üçün. 31 ildir doğulduğumuz, böyüdüyümüz doğma torpaqlarımıza gedə bilmirik. Eyni zamanda o torpaqlarda vəfat etmiş əzizlərimizin qəbirlərini belə ziyarət etmək imkanımız yoxdur. Bu, dünya tarixində insan haqları cəhətdən götürəndə çox ağır bir zərbədir və çox böyük haqsızlıqdır. Dünyanın bu məsələyə susmasını bir yana qoyuram. Çox təəssüf edirəm ki, 31 ildir Qərbi Azərbaycan problemi ilə bağlı heç bir konseptual proqram yoxdur və bu istiqamətdə heç bir konseptual addımlar da atılmayıb. Bu gün Dağlıq Qarabağ problemi kimi dərdimiz də var. O problem təxminən Qərbi Azərbaycandan deportasiya prosesi başlayan zamandan yaranıb. Bizim qaçqın olmağımızın da əsas kökündə bilirsiniz ki, Qarabağı Ermənistana birləşdirmək səyləri dayanır. Təəssüflə deməliyik ki, Qarabağ problemi əslində İranın quyruğudur.

Biz 30 ildir İranın quyruğu ilə oynayırıq. Qərbi Azərbaycan problemi isə İranın başıdır. Biz başa doğru hədəfimizi götürməkdənsə, ilanın başına zərbə vurmaqdansa, bu başla oynayırıq. Bu da bizim belə vəziyyətə düşməyimizin əsas səbəblərindən biridir. Ona görə də hesab edirəm ki, dünən etməsək də, bu gündən Qərbi Azərbaycan məsələsinin üzərinə gedək. Ölkə prezidenti cənab İlham Əliyev böyük tribunalardan səsləndirmişdi ki, İrəvan, Göyçə, Zəngəzur Qərbi Azərbaycan torpaqlarıdır, biz o torpaqlara hökmən qayıdacağıq. Biz də Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi olaraq, illərdir ki, bu mövzunu gündəmə gətiririk, gündəmdə saxlayırıq. 22 dekabrda bizim deportasiya ilə bağlı çox böyük tədbirimiz olacaq”. (musavat.com)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar