Şənbə, 25 İyun 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Qəhrəman pilot döyüş günlərindən danışdı: “O jurnalistə deyin ki, təyyarə at deyil” - Foto

Bir neçə gündür ki, Bakıda keçirilən “TEKNOFEST” çərçivəsində şəhərin göylərini Azərbaycan şahinlərinin uçuşları bəzəyir. Minlərlə göz səmaya dikilir, Azərbaycanın igid oğullarını qürurla izləyir.

Hərbi pilotlarımızdan biriylə, II Qarabağ müharibəsi qəhrəmanı, “Qarabağ” ordeni, Xocavənd, FüzuliCəbrayılın işğaldan azad edilməsinə görə medalları ilə təltif edilmiş polkovnik-leytenant Elçin Məmmədovla Lent.az çox maraqlı müsahibə edib.

- Cənab polkovnik-leytenant, Azərbaycan pilotlarının uçuşları, onların göstərdikləri mürəkkəb pilotajı xalqımız qürurla, sevinclə izlədi. İllərin təcrübəsinə əsasən, gənc pilotlarımızın uçuş qabiliyyətini necə qiymətləndirirsiniz?

- Çox yüksək səviyyədə. Dəfələrlə müxtəlif beynəlxalq hərbi təlimlərdə iştirak etmişik. Qardaş Türkiyədə təşkil olunmuş “Anadolu qartalı” və “TurAz Şahini” təlimlərinə qatıldıq, türkiyəli pilotlarla bizimkilərin uçuş səviyyəsini müqayisə etsək, ciddi bir fərq yoxdur. Fərq yalnız istifadə etdiyimiz texnikalardadır, uçuş aparatlarındadır. Təhsil və uçuş proqramımız eynidir. Təlimlər həm də təcrübə mübadiləsi deməkdir. Onlar bizdən, biz onlardan öyrənirik.

- Bəs avropalı və rusiyalı pilotlarla müqayisədə necədir bizim şahinlərimiz?

- Necə olduğumuzu 44 günlük müharibəmizdə sübut etdik. Hər bir hərbi pilotumuz öz vəzifə borcunu layiqincə yerinə yetirdi. Avropalı və rusiyalı pilotlardan fərq odur ki, onlar bir neçə növ döyüş təyyarələri ilə təlimlər keçirlər. Onların idarə etdikləri təyyarələr ən müasir standartlara cavab verən, ən son model təyyarələrdir. Bizimkilər də yaxşıdır. Əsas pilotun peşəkarlığıdır. Necə ki peşəkar sürücü istənilən növ avtomobili bir qədər məşqdən sonra idarə edə bilir, pilotlarımız da elə.

Bizim şahinlərin istənilən qurğuda təlim keçib, onu peşəkar səviyyədə öyrənməsinə 20-30 gün kifayət edir. Bu gün Azərbaycan Ordusunda xidmət edən şahinlərin hamısı öz məktəbimizin yetirmələridir. 44 günlük müqəddəs müharibəmizdə bir nəfər də olsun xarici pilot iştirak etməyib. Vətənin azadlığı uğrunda döyüşənlərin hamısı öz qartallarımız idilər.

- Bildiyimə görə, pilotlar G təzyiqinə məruz qalırlar. Bu, illər keçsə də davam edir? Yaxud pilot bu təzyiq nəticəsində huşunu itirə bilərmi?

- G təzyiqi dediyimiz əlavə yüklənmə deməkdir. Normal insanlar da belə təzyiqə məruz qalırlar. Adi insanlarda bu bir, pilotlarda isə uçuşların növündən asılı olaraq üç, dörd, altı, yeddi ola bilir. Məsələn, mürəkkəb pilotajlı uçuşlarda, dünən seyr etdiyiniz təyyarə ilə akrobatik hərəkətlərdə belə təzyiq səviyyəsi altı-yeddi ola bilir. Bu, əsasən çalışmanın növündən, təyyarəçinin çalışmanı necə idarə etməsindən asılıdır. Bir döyüş təyyarəçisində əlavə yüklənmə altı-yeddi arasında olur. Sualınıza gəlincə, uçuş zamanı huşunu itirməmək üçün pilot davamlı məşqlər edir, özünü formada saxlayır. Bu məsələdə bizim uçuş vərdişlərimiz də rol oynayır.

- Bildiyimə görə, qan təzyiqini normada saxlamaq üçün xüsusi geyimləriniz var.

- Yüksəklik kompensasiya kostyumunu deyirsiniz, yəqin ki. Hücum təyyarələrində o kostyumdan istifadə edilmir.

- Niyə?

- Çünki biz çox yüksəkliyə qalxmırıq. Hücum təyyarələri aşağı və ən aşağı hündürlüklərdə quru qoşunlarına dəstək vəzifəsini həyata keçirir. Kostyumu stratosfer hündürlüyündə uçuşlar həyata keçirən təyyarələrin pilotları geyinirlər.

- “F-16” təyyarələri daim dünya siyasətçilərinin, hərbçilərin gündəmindədir. Bizim pilotlar “F-16”nı da ram edə bilirlər?

- Əlbəttə. Onu peşəkar səviyyədə idarə eləmək üçün şahinlərimizə bir ay zaman tələb olunur.

- Pilotların radiasiyaya məruz qalması barədə deyilənlər mifdir?

- Bütün uçuşlarda radiasiya var. Bu, yerdə qurulmuş olan hava hücumundan müdafiə vasitələri tərəfindən təyyarəyə istiqamətlənmiş radioşüalar vasitəsilə də ola bilər. Və ya havadakı hava hücumundan müdafiə təyyarələrinin sənin təyyarənə istiqamətlənmiş radio şüalarının təsirində oluruq.

- Müxtəlif peşə insanları haqqında müəyyən ortaq fikirlər var. Məsələn, deyirlər, matrosların hər limanda bir sevgilisi olur. Pilotların da qadın fanatları az deyil. Hətta barələrində əfsanələr də dolaşır.

- Bizim sevgilimiz göylərdir (gülür). Pilotlar hava üçün doğulanlardır. Pilot olmaq havanı sevmək, uçuşdan zövq almaqdır.

- Pilot olmaq istəyən gənclərə məsləhətiniz nə olardı?

- Pilot olmaq səbirli olmaq deməkdir, amma pilot eyni anda anında və doğru qərar verəndir. Pilot həm də bir müəllimdir, hər bir as yeni nəsil pilotları yetişdirməyi özünə borc bilir. Pilotun ani reaksiyaları olmalı, öngörüsü, sezgiləri yüksək, qərar vermək qabiliyyəti yüksək olmalıdır. Ən əsası da doğru qərarlar verməyi bacarmalıdır. Yüksək fiziki hazırlıq çox vacibdir. Pilot tənbəl ola bilməz. Qidası, yatmağı, istirahəti - hamısı normalar əsasında olmalıdır, əks halda, bu, döyüş tapşırığının yerinə yetirilməsi zamanı problemlər yarana bilər. Təyyarənin sürəti uçuşdan asılı olaraq 800-900 kilometr/saat civarında dəyişir. Təyyarəçi çox az müddətdə qəti dəqiq qərar verməyi bacarmalıdır.

- Dəmir qanadları ilə Vətən göylərini qoruyan qartallarımızın sayı çoxdur?

- Hava təhlükəsizliyimizi təmin edəcək qədər çoxdur. Sayları barədə dəqiq məlumat vermək istəmirəm. Amma hamı əmin olsun ki, hətta ən gənc pilotumuz belə Vətən üçün canını verəcək qədər alov ürəkli, Vətəni qoruyacaq qədər də bacarıqlıdır.

- Cənab pilot, döyüş günlərindən soruşmaq istəyirəm. Döyüşə yalnız “qocalar” gedirdilər?

- Pilot döyüş təyyarəsində uçursa, deməli, artıq döyüşə hazırdır. Gənc pilotlarımız var, lakin biz onları cəlb etmədik. Hamı hər an, hər şeyə hazır idi. Hansı döyüşə hansı təyyarəçinin uçacağına dair göstəriş rəhbərlikdən gəlirdi. Say etibarilə fərqli olsa da, hər kəs döyüşə uçdu və öz borcunu yerinə yetirdi. Aviasiya quru qoşunlarına yaxın hava dəstəyi vermək vəzifəsi daşıyırdı. Bizim hücum istiqamətimiz də olmur. Sentyabrın 27-dən müharibə bitənə qədər hər gün gecə-gündüz uçuş etmişik. Gündəlik say etibarilə bir uçuş da ola bilirdi, beş uçuş da. Quru qoşunları müraciət edirdi, onlara dəstək lazım olanda biz dərhal hərəkətə keçirdik. Çətin keçilən yerlərdə düşmənə havadan zərbələr endirirdik. 44 gün ərzində cəbhənin bütün istiqamətlərində, Murovdağdan tutmuş Cəbrayıla tərəf bir neçə qırıcı təyyarə havalanırdı. Cəbhənin şimal istiqamətində uçuş 30-35, cənub istiqamətində 20-25 dəqiqə davam edirdi.

- Eşitdiyimə görə, ermənilər müharibənin əvvəlində bizim “kukuruznik”lərə baxıb öncə gülüb, sonra ağlayıblar. Bu barədə danışmanızı istəyərdim.

- Qarabağ müharibəsi dünya hərb tarixinə yazılacaq bir planla idarə edildi. Hərbi Hava Qüvvələrimiz çox maraqlı plan qurmuşdu. Bu, öncə düşməni çaşdırdı, hətta gülürdülər. Halbuki, “kukuruznik”lər qarşı tərəfin hava hücumundan müdafiə sistemlərini özünə kilidləyir, PUA-lar isə həmin sistemləri məhv edirdi. O təyyarəni birinci göndərmək, düşmənin HHQ-sinin yerini təyin etmək və onu başqa bir qurğu ilə döyüş sursatı ilə vurmaq taktikası ilk bizdə olub. Müharibənin ilk günündə həmin taktika ilə düşmənin HHQ-sinin 50 faizini susdurduq. Çox böyük plan idi. Onda düşmən, siz deyən kimi, başladı ağlamağa.

- Döyüşlərdə iki hərbi pilotumuzu şəhid verdik. Yəqin ki, tanıyırdınız?

- Dostlarım idilər. Biri helikopter, digəri qırıcı təyyarə idarə edirdi. Hər ikisi Prezidentin sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görüldü. Təyyarəçi pilot mənim uzun müddət birlikdə xidmət etdiyim polkovnik Zaur Nudirəliyev, helikopter pilotu isə polkovnik-leytenant Ramiz Qasımov idi. Hər ikisi Azərbaycan Ordusu üçün yetərincə iş görmüş, təyyarəçiliyin ən yüksək zirvəsinə çatmış, as pilotlar idi. Hər ikisi xidmət müddətini başa vurmuşdu. Amma döyüş başlayar-başlamaz ön sırada dayandılar.

- Bu günlərdə hər mövzudan özünü xəbərdarmış kimi göstərən bir jurnalist öz məqaləsində tanınmış bir pilotun qırıcı təyyarəni hətta içkili vəziyyətdə belə ustalıqla idarə etdiyini yazmışdı. Düzü, inandırıcı gəlmədi mənə. Yəni içkili vəziyyətdə təyyarə idarə etməyə icazə olduğuna inanmadım.

- Siz o jurnalistə deyin ki, təyyarə at deyil. Onu necə gəldi sürmək olmaz. İkincisi də - pilot hər uçuşdan öncə mütləq həkim yoxlamasından keçir.

- Uçuş uğurlu olsun deyə bir-birinizi göylərə hansısa sözlərlə yola salırsınız? Pilotların uğur inancları nədir?

- Təyyarənin texniki mütləq əlini təyyarənin qanadına sürtür. Bu, uğurlu uçuş arzulamaqdır, yazılmamış qanundur.

- Sizə daim uğurlu uçuşlar diləyirəm. Hər nə qədər göyləri sevsəniz də, sağ-salamat yerə dönün.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

“Camaat aylıq 250 manatla dolanır, Fəzail Ağamalı 7 min maaşla insanları ələ salır” – Video

İrandan Azərbaycana növbəti xain zərbə - Video

“Qalatasaray”ın yeni baş məşqçisi: “Hədəflərimiz dəyişməyib” - Video

Qida məhsullarının laboratoriyalarda tədqiqinə görə xidmət haqqı müəyyənləşəcək

Ərdoğan: “Meşə yanğınını törədənlərin cəzası edam olmalıdır”

Avropa ölkələrinə üz tutan ukraynalı qaçqınların sayı açıqlanıb

Kərim Vəliyev MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

Pandemiyanın yeni dalğası barədə xəbərdarlıq

Partiya sədri: "İndi milli birlik siyasi və strateji cəhətdən çox vacibdir"

Ən çox oxunanalar