Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qafqazın gələcək hərbi-siyasi taleyi: Əliyev-Putin razılaşması

Zahid ORUC - Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili

Rusiyanı küncə sıxaraq, onu Azərbaycanla savaşa məcbur etmək ssenarisi unikal layihə idi. 90-cı illər hərbi planını təkrarlamaq üçün fürsət açılırdı. Yenidən BakıMoskva arasında hərbi toqquşmalar cəmi bir ay əvvəl – 22 iyunda faşizmə qarşı savaşda 75 illik şərəfli tarixi və vahid səngəri bölüşən iki xalqın bir-birinə düşmən kəsilməsi təkcə İrəvanın yeni revkomlarının deyil, ən azı, 3 mühüm siyasi paytaxtın işinə yarayacaqdı.

Milyonlarla soydaşımızın taleyi, onların iqtisadi, mədəni, təhsil və eləcə də ailə bağları ilə aid olduğu Rusiyada onsuz da pandemiya ilə tarıma çəkilən ictimai mühitdə zərbə alması, onların hər addımda arzuolunmaz şəxslərə çevrilməsi nə boyda itki demək olardı. Halbuki onlar Rusiya dövlətçiliyi əleyhinə mövqe tutmayıblar, əksinə, azərbaycanlılar əsrlərlə müstəqil bir ölkənin rifahına və çiçəklənməsinə xidmət ediblər. Azərbaycan dövləti Rusiyada yaşayan, istər ikinci-üçüncü nəsil, istərsə də miqrasiya şərtləri altındakı vətəndaşlarımızı şimal qonşumuzda daim sabitliyə, millətlərarası harmoniyaya səsləyib. Onlar yüksək ideallarla mənəvi, siyasi və vahid bir cəmiyyət halında ruslarla qaynayıb-qarşıb, inteqrasiya ediblər. ”İkinci vətən” ifadəsi burada yerinə düşmür. Rusofobiyadan, assimilyasiyadan danışan və Kremldən alınan yüksək orden-medallarda siyasi təbəəlik axtaran liberal demokratiyamız hətta Şnobel mükafatını hakimiyyət uğrunda mübarizədə sinələrinin görkəmli yerindən asır, Strasburq, Brüssel və Vaşinqtondan gələn hər bir dəvəti, az qala, siyasi şəhadət ünvanı kimi təqdim edirlər.

Təkcə iki il əvvəl öz strateji ağlı və dərin zəkası ilə ölkəsini Moksvada yeni zirvələrə qaldıran Mehriban Əliyevanın yalnız dünya dövlətlərinin rəhbərlərinə açılan sütunlu salonlarda keçirdiyi görüşlər, apardığı danışıqlar və forumlar 90-cı illərdən arzuolunmaz periferiyaya çevrilən və Cəbhəçiliyin gözdən saldığı bir cənub şəhərinin obrazını dəyişməyə imkan verdi. Bəli, Ermənistanın Rusiyada dayaqları zəiflədikcə, nəinki Qarabağ münaqişəsinin çözüm perspektivləri güclənir, eləcə də Qafqazda təhlükəsizliyə edilən təhdidlər də zəifləyir. Bəs elə isə, Azərbaycanın Qafqazda güclənməsi Moskvanın planlarına zərbə vururmu?

Həmin tezisi müxtəlif vaxtlarda, ən azı, üç qüvvə dövriyyəyə gətirib. Andrey Kozırev və Pavel Qraçov kimi öz xalqlarının mənafelərinə xəyanət edən nazirlərin dövründə Yeltsinə verilən raportlarda ölkəmizin neft strategiyası, Qərblə əlaqələri və Türkiyə ilə hərbi əməkdaşlığa can atması, az qala, “Troya əməliyyatı” kimi qələmə verilirdi və Kremlin sahiblərini Bakıya qəzəblə baxmağa vadar edirdi. Lakin burada məqsəd diplomatik və hərbi sənaye kompleksi rəhbərlərinin külli miqdarda silah-sursatı Ermənistana ötürməklə silinən böyük miqdarda oğurluq texnologiya və texnikalardan öz paylarını götürməsi idi. Təsadüfi deyil ki, 102-ci hərbi bazanın Gümrüdə yerləşdirilməsi və həmin dislokasiyada strateji uzaqmənzilli raketlərin yerləşdirilməsi də 1995-cı ilin 16 martında baş vermişdi və Qraçov bir neçə günlük voyajdan sonra təntənəli şəkildə cənub cinahında Türkiyə, İran və Qərbin Qafqaza qarşı hərbi planlarına sədd çəkdiklərinə dair bəyanatlar vermişdi. Üstündən iki il keçməmiş Lev Roxlin, Dumanın Hərbi məsələlər üzrə Komitə sədri həmin əməliyyatların arxasında gizlənən 100 milyonlarla dollarlıq maraqları tamamilə ifşa etdi və Heydər Əliyevin təkidli tələbindən sonra Yeltsinin yaratdığı komissiya cinayətlərin üstünə düşdüyündən hərb partiyasının böyük pulları mənimsəyən üzvləri daha da azğınlaşaraq, Roxlini ailə üzvünün əli ilə aradan götürdülər. İndi həmin qanlı tarix o vaxtkı rejimin üzündə bir ləkə kimi qalır. Lakin Putin dövrü tamam başqa oldu.

Azərbaycanın Qafqazda güc mərkəzinə çevrilməsinin təhlükəsindən bəhs edən 2-ci qüvvə, təbii ki, Ermənistandır. Onlar, ən azı, regionda 3 paytaxta bu haqda müxtəlif konspirativ arayışlar daşıyır, Bakının işğal reallığından, humanitar yükdən azad olan kimi cilovlanmaz olacağını, ambisiyalarının Dərbənddən İrəvana, Keşikçidağdan Təbrizə qədər böyük bir zolaqda artacağını, keçmiş əraziləri geri qaytarmaq planının icrasına başlayacağına dair açıq-aşkar xəyal məhsullarını əleyhimizə yönəldirdilər. Lakin Moskvaya, Tehrana və Tiflisə gedən şifrəli yazılar, o cümlədən daxilimizdə yerləşdirdikləri casusların əliylə informasiya məkanına ötürülən dezinformasiyalar diplomatik paytaxt olmağa can atan, NATORusiya generallarına etibarlı görüş yerinə çevrilən Abşeron yarımadasını gözdən sala bilmir.

Ölkəmizin Qafqazın əsas hərbi-siyasi güc halına gəlməsini Moskva əleyhinə proyektə çevirən 3-cü tərəf Qərb dairələridir. Uzun illər TRASEKA-dan başlayan, “Yaxın Qonşuluq”dan keçən, “Şərq Tərəfdaşlığı”na qədər inkişaf edən və Ukraynanın başının bəlasına çevrilən Assosiativ üzvlük planının gerçəkləşməsi ideyasına xidmət edən faktiki planın adı “antirusiya qurşağı”dır, postsovet məkanına derusizasiya etməyə və gələcəkdə Atlantik Alyansının hərbi strukturlarını sözügedən ərazilərə daşımağa xidmət edən startegiyadır. Belə konsept qlobal toqquşma deməkdir və Kreml strateqlərini müxtəlif qabaqlayıcı tədbirlərə vadar edir.

Lakin Azərbaycan 90-cı illərdən fərqli olaraq, Rusiya əleyhinə forpost olmaqdan yan keçərək Əliyevin məharətli manevrləri ilə siyasi aysberqlərlə toqquşmur və şimal qonşuluğunda qeyri-sabitlik, parçalanma və etnik separatizmin körüklənməsi əməliyyatlarında iştirak etmir. Bəs onda biz rusları necə inandıra bilərik ki, onlar “vahid hava məkanı təhlükəsizliyi aktı” ilə imzaladıqları sənədin tələbindən çıxış edərək, bizim üzərimizə gəlməyə məcbur olmasınlar.

Əslində, 2016-cı ildən sonra Azərbaycanın regionda mənəvi-siyasi və hərbi cəhətdən qalxınması dərhal geopolitik balansı dəyişdirmək istəyənlərin əlinə fürsət verdi və onlar Almaniyadan sonra dünyada 2-ci böyük ərazi və personala malik ABŞ-ın Ermənistandakı səfirliyi hesabına dərhal cəmiyyətin kəskin dəyişən ovqatını siyasi hakimiyyətin devrilməsinə transfer etdilər. Bəllidir ki, Qarabağda hətta bir səngərin belə yerinin dəyişməsi avtomatik olaraq, regiondakı əsas mərkəzlərin nüfuz və güc nisbətinə təsir edir. Nəticədə, erməni cəmiyyətinə dərindən nüfuz edən donor institutları və inqilab menecerləri Sarkisyanı yıxaraq Paşinyanı hakimiyyətə gətirdilər.

Öz-özlüyündə Gürcüstandan sonra ikinci bir demokratiya adasının keçmiş sovet məkanında meydana çıxması burada yerləşən və fərqli idarəçilik sistemlərinə malik olan ölkələrdə narazılıqla qarşılanmışdı. Lakin Ermənistan üzrə kuratorlar, görünür, Moskvada belə bir əminlik hasil etdilər ki, Azərbaycanın əlini gücləndirəndə mütləq Qafqaz ücbucağı trillemaya çevrilir və çözülməz olur. Sanki tektonik süxurlarda gedən proseslərdir-bir nöqtəyə toxunursan, mütləq digər koordinat sistemində silkələnmə yaradır.

Halbuki Azərbaycanın 2016-cı ilin aprel müharibəsindən qalib çıxması onun Qərbin təsiri altına düşməsinə, yaxud ən azı Liviya, Ukrayna və Yaxın Şərq cəbhəsində gerçək hərbi savaşda olan, eləcə də ABŞAvropa Birliyininin ağır iqtisadi-maliyyə sanksiyalarına məruz qalan rəsmi Moskva ilə münasibətlərinə zərrə qədər mənfi təsir göstərmədi, əksinə, ondan sonra Putin-Əliyev münasibətləri daha da möhkəmləndi və Soçidə “Qarabağ Azəbaycandır!” şüarının bütün dünyaya səslənişinə böyük meydan açan və dünya erməniçiliyinə zərbə olan aktadək irəlilədi. Qeyd etdiyimiz kimi, ardınca Mehriban xanımın Rusiyaya dövlət səfəri öz tarixi ərzində xanım siyasi liderin bir Şərq ölkəsinin – Azərbaycanın dünyanın güc mərkəzlərindən birində mövqelərinin yeni səviyyə qaldırılmasına səbəb oldu.

İndi Rusiyada Ermənistanın mövqelərinin zəiflədilməsi, ən pis halda – neytral, ən yaxşı durumda – ölkəmizin hərbi və siyasi qərarlarına anlayış və dəstəyin göstərilməsi on illər ərzində Əliyev kursunun doğruluğunu sübut etdi və Rusiyaya ultimatum göndərən, onu özlərinə borclu sayan, 100 illik tarixdə öz siyasi və iqtisadi varlığının əvəzini strateji seçim anlarında həmişə digər pataxtlara yön almaqla qaytaran bir dövlətə layiq olduğu münasibətin nümayiş etdirilməsilə nəticələndi. Bəhrəsini indi özləri də dərirlər. “RT” rəhbəri Marqarita Simonyan ona görə Paşinyana sərt sillə vuraraq, “sayları azalan bir millət”in hayqırtısını dünyaya yaydı. Erməni Baş naziri son çıxışında Tavuş istiqamətində Azərbaycanın hərbi həmləsinin diasporanı, Qarabağ və İrəvan triadasını bir ailə kimi möhkəmləndirdiyini iddia edir. Halbuki Simonyanın “18 iyul müraciəti”, az qala, dünya erməniçiliyinin düşmən mövqeyinə, hazırki rejimlə parçalanma manifestinə çevrildi. O, yalnız Kreml elitasının kuluarlarında dövr edən və dilə gətirilməyən rəsmi mövqenin səslənişi deyildi, eləcə də həmin tarixi müraciətə imza atmağa çalışan, yaxud onunla hər gün artan həmrəylik müraciətlərinin və “Russia Today”-in 100 milyonluq tamaşaçı auditoriyası sırasında olmayan, hətta Qərb-Rusiya qarşıdurmasında birincilərin yanında olan ermənilərin də dövlətlərində baş verən siyasi böhranın onların milli təhlükəsizliyinə zərbə vurduğunu yaxşı başa düşdüyünə əmin oldular.

Paşinyanın indi ən böyük ehtiyatlanması hərbi toqquşmaların daxili sabitliyi pozacağı qorxusu ilə bağlıdır. O, bəlkə də 2008-ci ildə Cənubi Osetiya hərbi əməliyyatları ilə Rusiya ilə toqquşan Saakaşvili planı üzrə Azərbayacana qarşı hücum hazırlamışdı, lakin gürcü liderindən fərqli olaraq, Paşinyan demokratik hakimiyyət imicini hərbi münaqişəyə daşıyaraq, qabaqcıl dünya dövlətlərinin və ictimaiyyətin dəstəyini qazana bilmədi. Plan iflasa uğradı.

İndi belə bir dilemma yaranıb – antirusiya şüarları ilə iqtidarı ələ alan və əvvəlki hakimiyyət rəhbərlərini həbsə atan, yaxud məhkəmələrə çəkən bir komanda 200 ildən artıqdır iqtisadiyyat elminin əsas qanunlarından birinə çevrilən “Maltus ilgəyi”ndən asılı qaldığını dərk edərək, hansı addımı atacaq? Siyasi ustadı olan Levon Ter – Petrosyan kimi xalqa “nə hərb-nə sülh” müraciəti imzalayaraq, qaçılmaz reallıqları qəbul edəcək, yoxsa, Qərbə getmək istəyərkən parlamentdə gülləbaran edilənlərin sırasında olacaq?

Xatırladaq ki, ingilis alimin həndəsi silsilə ilə artan dünya əhalisinin riyazi ardıcıllıqla çoxalan resurslara olan nisbətə dair irəli sürdüyü tezis Rusiyanın təsir orbitindən çıxmağa iddialı bir hakimiyyətin Türkiyə və Azərbaycanla, o cümlədən İranda yaşayan 25 milyondan artıq azərbaycanlıyla bir əhatə dairəsində düşmənçilik siyasəti ilə həmin istəyinə nail olması, rus generallarını torpaqlarında görmək istəməmələri və əsil azadlıq şəraitində səngərdə yalnız öz millətinin əskərinin keşik çəkməsini diləməsi əsil “Maltus tələsi”dir. Nə qədər çox çəkilsələr, ilgək bir o qədər çox sıxılacaq. Ona görə də Rusiyanın Azərbaycan və Türkiyənin əli ilə Ermənistanı öz orbitinə qaytarmağa ehtiyacı yoxdur.

Əgər kimsə ölkəsinin iqtisadi nemətlərini və coğrafiyasını, o cümlədən qəlblərini Qərblə bölüşüb, amma döyüşə rusları göndərib onların Zəngilan meşələrindən yağmalanan nadir ağaclardan hazırlanan tabutunu “Zvartnots hava limanı”ndan Murmanska, yaxud Smolenskə yola salmağı, ardınca da azərbaycanlıları Rusiyanın düşməni kimi qələmə verməyi düşünürsə, o dövran artıq çoxdan keçib. İlham Əliyev son 100 ildə, o cümlədən müstəqilliyin ilk illərində Qafqaz Konfederasiyası qurmağa qalxan bizim milli demokratiyamızın Qərbin əlində alət olaraq, bizə böyük işğal reallığı yaratmalarını dövlətin gündəliyindən birdəfəlik çıxarıb və tarixin arxivinə atıb.

Onda KTMT-nin məhz Rusiyanın istəyi ilə hərəkət edərək, son avantüraya qoşulmadığını demək olarmı?

Bəli, başqa cür də ola bilməzdi. Erməni Baş nazirinin administrasiyası çevrələrindəki mediaya son belə tezis ötürüblər – Simonyanın dediyi ittihamlar, məgər Rusiyanın qurduğu kollektiv təklükəsizliyə daxil olan digər müttəfiqlərə də aid deyilmi? Yəni, NATO üzvləri çiyin-çiyinə Kosovada, Əfqanıstanda, yaxud İraqda döyüşürdülər, ən sonda Balkanlarda sabitlik yaradıb orada istədikləri siyasi xəritəni cızdılar, bəs nə üçün Qazaxıstan, yaxud Belarus Krımın Rusiya ərazisinin bir parçası olduğunu tanımadı? Yaxud keçmiş qırğız lideri Otunbayeva özbək hərbi qruplarının təhdidi altında qalanda KTMT-yə müraciət etmişdi, lakin ona da kömək olunmadı.

Göründüyü kimi, bu arqumentlərin açıq şantaj və təhdid xarakteri daşıdığı hamıya məlumdur. Halbuki Krıma görə, Rusiyanın ərazi bütövlüyünə təhlükə yaranmadı ki, özbəklər də gəlib rus əsgəri ilə birgə Ukrayanaya qarşı döyüşsün. Lakin simasını xilas etmək üçün Kollektiv Hərbi Birlikdən mövqe göstərməyi tələb edənlər fərqində deyillər ki, əgər Qazaxıstan, yaxud Belarus silahlı qüvvələrinin cəngavər oğulları erməni hərbi-siyasi avantürasına qoşulsa, bu, həmin ittifaqın taleyini sual altına ala, hətta onun dağılması ilə nəticələnər. Axı Azərbaycan həmin dövlətlərin hər biri ilə müxtəlif platformalarda birləşib, o cümlədən Minsk və Alma-Ata ilə az qala hərbi müttəfiqlik səviyyəsində əlaqələr qurulub. Elə isə, Rusiyanın hərbi hava qüvvələri ilə pilotsuz uçuş aparatlarına qarşı əməliyyatını, yaxud 150 minlik Cənub hərbi dairə qoşunlarının plan üzrə təlimini Aərbaycana qarşı əzələ nümayişi kimi qələmə verən erməni inqilabi hökuməti necə təhlükəli durumda olduğunu sübut etmirmi? Başqa sözlə desək, dəniz dalğaları üzərində fırtınaya təslim olmamaq üçün yeganə yol, nəhayətdə, bir sahilə çıxmaqdır. Ermənistan xarici siyasət böhranı yaşadığından hərbi avantüralar vasitəsilə ordunun onlara siyasi üfüqlər açmasını istəyir. Görünür, Qərb siyasi rəhbərlərinə telefon edən müdafiə naziri David Tonoyan özünü hərbi diplomat statusunda hiss edir. Amma Mnatsakanyan birinci olaraq, Lavrova zəng vurdu. Halbuki Rusiya ilə münasibətlər bütün tarixi dövr ərzində ən aşağı səviyyəyə düşdüyündən, Putinlə telefon xətti bağlanıb. Yenə də əvvəldə dediyimiz labirint yaranıb.

Lakin burada başqa bir regional güc meydana daxil olur. Türkiyə dövlətinin mövqeyinin hazırki şəraitdə münaqişəni beynəlmiləlləşdirmək istəyən 3-cü tərəflərin işinə yaradığı iddiaları güclənməkdə davam edir.

Gəlin baxaq: Türkiyə hazırda, ən azı, 4 hərbi və 4 siyasi cəbhədə savaşdadır. Liviyada general Haftar hərbi birləşmələrinə qarşı, o cümlədən Suriya torpaqlarında 7 ildir davam edən müharibə və müttəfiq dövlətlərlə daimi gərgin mövqe döyüşləri, həmçinin İraq cəbhəsi, PKK və onun yanlıları ilə silahlı əməliyyatlar. Razılaşın ki, Aralıq dənizi hövzəsi, Yaxın Şərq üzərinə Rodos adaları ətrafında tapılan 3,5 trilyonluq qaz və elə o qədər neft ehtiyatlarına malik yataqlar ətrafında Yunanıstanla hərbi flotların üz-üzə gəlməsini də əlavə etsək, Millli Müdafiə Nazirliyinin yüksək çinli albaylarının masasında bir-birini əvəz edən assimetrik savaşların hansı ardıcıllıqda olduğu üzə çıxar. Ona görə də Qafqazlarda 5-ci cəbhənin açılması, – hansı ki, Ermənistan məhz Rusiya ilə yenidən tarixi toqquşmaların arzusu ilə məkrli planı işə salmışdı, – avtomatik olaraq, türk orduları üçün xeyli resurs, texnologiya, iqtisadi məsrəflər və əlavə siyasi paytaxtlarla münasibətlərin sınağa çəkilməsi deməkdir. Yəni, ermənilər yenidən “Lenin-Atatarük razılaşması”ndan bəhs edərək, talelərinin ayrı dövlətlər və rəhbərlər tərəfindən həll olunacağını iddia etmələri bununla bağlıdır.

Ankara qarşısında siyasi çağırışlar isə hamıya bəllidir: ABŞ-la soyuq münasibətlər davam edir, Avropa Birliyi artan təzyiqləri, Ayasofa məbədinin məscidə çevrilməsi qərarı ilə Ərdoğanın 11-ci əsr sərkərdəsi Səlahəddinin hünərini təkrarlamağa, “səlib yürüşü”nü aparmağa qalxan 21-əsr islam dünyasının lideri statusuna iddalı kimi qələmə verərək, onun üzərinə gələn xristian aləmini və daxildə Atatürk mirasının toxunulmazlığını elan edən hazırki prezidentə qarşı birləşən və ənənəvi quruluş tərəfdarlarının apardığı mübarizə Cümhuriyyət Sarayında əyləşən rəhbər üçün gündəlik rutin deyil, ağır, qlobal məsələlərin həllini tələb edir.

Doğrudur, bu, 100 il əvvəlki Osmanlının süqutu və yeni Respublika quruculuğu ərəfəsində Azərbayacana tam gücü ilə yardım edə bilməyən bir tarixi keçmişlə eyni vəziyyət deyil. Qarabağ məsələsi hazırda Türkiyənin Təhlükəsizlik Şurasına bir nömrəli məsələ kimi çıxırsa, bir vaxtlar “türk qoşunu gəlsə, 3-cü dünya müharibəsi olacaq” bəyanatını verən nazir Şapoşnikovun hədəsinin və təhlükəsinin arxada qaldığını göstərir. Azərbaycanın yüksək çinli hərbi təmsilçiləri – generallar Ramiz Tahirov, Kərəm Mustafayevin Türkiyə Mili Müdafə Nazirliyinin rəhbərləri ilə Tovuzun ön cəbhəsində təxribat günlərində görüşləri də hərbi əməliyyat planları arasında dərin məsləhətləşmələrin və vahid planların olmasından xəbər verir.

İndi Türkiyə Rusiya ilə vahid koalisiyada hərbi və siyasi savaşlarda iştirak edir. 90-cı illərdə belə deyildi. Ermənistan son əməliyyatla bu birliyin zədələnməsini və ən azından 2015-ci ildəki rus təyyarəsinin haqsız vurulmasından sonra siyasi-iqtisadi bağların böyük dərəcədə zərbə almasını yenidən görmək istəyərdi. Amma hər iki dövlət avantüraya getmədi və Lavrovla Çavuşoğlunun görüşü sübut edir ki, Putin Ərdoğanla ittifaqı Paşinyana qurban verməyəcək.

Bəs, hadisələr hansı sseneri üzrə inkişaf edəcək?

Gətirilən arqumentlər “İlham Əliyev planı”nın 5 ildir uğur qazanmaqda davam etdiyini göstərir. Qafqazın hərbi-siyasi taleyi iki liderin – Putin və Əliyevin strateji razılaşması ssenarisi üzrə gedir.

Azərbaycan Ali Baş komandanının bütün hərbi sirləri açmağın gələcək əməliyyatlara zərbə vuracağını deməsi cəmiyyətimiz üçün yetərli olmalıdır. Tovuz hərbi bölgəsindəki toqquşmalar öz bətnində Qarabağ münaqişəsini yeni müstəviyə daşıyır – artıq “Ermənistan-Azərbaycan müharibəsi” termini hansısa mərkəzlərin “mübahisəli ərazi” adı ilə çağırdıqları və İrəvan rəhbərlərinin danışıqlarda 3-cü tərəf Qarabağ icması iddialarına sanki dolayı əsas yaradan terminologiya və hərbi-siyasi reallığın arxada qaldığına işarədir. Bizim diplomatik və siyasi leksikonumuz şəhid general və əskərlərimizin qanı ilə özündə böyük hüquqi və təhlükəsizlik, həmçinin staretji üstünlük mənasını daşıyan yeni terminin dövriyyədə möhkəmlənməsini tələb edir.

Digər tərəfdən, indi qarşı tərəf sovet dövrünün xəritəsini masaya daşıyır. Rollar dəyişir. Bir vaxtlar bütün beynəlxalq auditoriyalara gerçəkliyi çatdırmaq üçün həmin xəritələrlə biz dünyaya coğrafiya kursu keçirdik. Deməli, Qarabağa iddia ona səbəb olub ki, ErmənistanAzərbaycan arasında sərhəd yoxdur. Ordu və tanklar-toplar harada dayansa, ora da sınır/sinir xətti olacaq. Belədə uzun on illər daxilimizdə – bizim torpaqlarda gedən savaşın çözülməməsi metastaz verərək, digər nöqtələrdən atrofiyaları meydana gətirir. Ermənistan inqilabi islahatlar və hakimiyyət qollarının hamısına sahiblənmək qovğalarını bir kənara qoyaraq, bütün sərhəd boyunca Azərbaycanla savaşı gündəliyin birinci yerinə daşımağa məcbur olub. Savaş tərəfini öz ssenarisindən və gündəlik planlarından çıxarmaq da uğurlarımız sırasındadır.

Beləliklə, münaqişə tarixi ərzində Azərbaycanın qazandığı beynəlxalq dəstək, informasiya və ictimai simpatiyanın bizim tərəfimizdə olması, Tovuz hərbi cəbhəsinin yaranması və dinamikası ilə beyinlərdə açılan yeni strategiyalar, daxildə-xaricdə pandemiyanın ağırlığı altında sıxılan milyonlarla insanımızın dövlətlə, ordu və Ali Baş Komandanla birik göstərmələri “90-cı illər ssenarisi”nin bu dəfə bizim xeyrimizə sonuclanmasına zəmin yaradır.

Ermənistan Azərbaycanın iqtisadi-siyasi şah damarları sayılan və bölgənin təhlükəsizlik arteriyası olan kəmərlərə və dəhlizlərə zərbə vurmağa cəsarət edə bilməz. Bu nəhəng korporasiyalar və London, Vaşinqton, Roma ilə düşmən olmaq deməkdir. Bunu ən çətin dövrdə heç Yeltsin Rusiyası belə etmədi. Ona görə də ordunu müxalifətin əlindən almaq istəyən Paşinyan özü də sarkisyanlaşaraq, koçaryanlaşaraq səngərə girməyə vadar olur.

İndi Ermənistanın Rusiyada mövqelərinin zəiflədilməsi strategiyasını tərtib etmək və konflikt nöqtələrinin geniş kataloqunu yaradaraq addım-addım onu həyata keçirmək Qarabağ uğrunda savaşa töhfə olardı. Hazırda dünyaya yayılan və Qafqazları aşan iki xalq arasında toqquşmaların “90-cı illər”in ssenarisi üzrə deyil, bizim plan üzrə getməsi üçün bir an belə dayanmadan işlər görülməlidir. Bütün dünya mediasına çıxan Azərbaycan mövzusunu daimi fəaliyyət göstərən hərbi-siyasi qərargahda toplayıb tədqiq etmək və hər gün minlərlə insana döyüş tapşırığı qrifində əmrlər vermək gərəkdir. Əks halda indiki meydana kükrəyən passionar enerji iki formada – ya dini xürafata və nəticədə ekstremizmə yuvarlanacaq, ya da sosial toqquşmalara xərclənəcək.

Rusiyada milyon tirajla çıxan media quruluşları öz intiqamları naminə Paşinyana sitəm edirlər. İrəvan 100 illik himayəni itirən kimi, bizim avtomatik torpaq bütünlüyü qazanacağımızı aydın dərk edir. Lakin qorxulusu odur ki, İsrail-İran və digər qədim ocaqlar arasında savaş qızışsın və bu dəfə də ərəb dünyası gəlib Qafqazı Tehrana qarşı hərbi platsdarma çevirsin, əvəzində erməni hərbi cəbhəsi ortada coğrafi mövqeyinə görə yeni güclər üçün əlverişli olsun və düz 100 il əvvəlki tsikl təkrarlansın: türk generalları getdi, sonra ingilis Tomson gəldi, sonra da 11-ci Qızıl Ordu.

Ona görə də hər geopolitik qütblər üzrə yüzcə peşəkarımız olsa, siyasət və informasiya mühəndislərimiz yetişsə, savaş cəbhələri çoxalacaq və belə hibrid müharibənin qarşısında erməni dünyasının dayanması çətin olacaq! Necə deyərlər, pandemiya ilə birgə böyük transformasiya dövrüdür. Hibrid siyasət dövrü…

Dünyanın yenidən bölünməsi yenə də Ermənistan-Azərbaycan savaşı ilə başladı. SSRİ-nin dağılmasında da belə olmuşdu. Lakin Rusiyanın davranışlarında baş verən strateji dəyişikliklər, hətta neytrallıq belə, üstünlük kimi qeyd edilərək, onun informasiya məkanında güclənmək mühüm milli vəzifədir. Əks halda, məhəlli və məişət siyasi makulaturaları, boyat politoloji klişelər Tovuz hərbi cəbhəsində mövqelərimizə daha çox zərbə vurur..

Siyasi gerilikdən xilas üçün zərdab tapmaq dünya institutlarının deyil, bizim işimizdir.

İndi rus liberalları deyil, Azərbaycana dost olan millətçilərin informasiya səsini gücləndirmək səngərdə dayanan əskər və zabitlər qədər əhəmiyyət daşıyır. Niyəsə mənə elə gəlir ki, səngərdən kənarda əskərin hünərini təkrarlaya bilməyən müəllim, həkim, siyasətçi, jurnalist və diplomatın ermənilərlə davanı qazana bilməməsinin agırlığı təzədən ordunun üstünə qayıdanda Petroqrad üsyanları baş verir.

İndi yenidən erməni obrazının qarşımızda şəkillənməsi gedir. Biz bu dəfə də onun qəddar, vandal və himayəli köpək xəyallarına uduzsaq, bütün torpaqlarımızla bərabər, gələcək 20 ilimiz də şərq küskünlüyü, məğlubiyyəti və kədəri altında keçəcək.

Bizə qələbə gərəkdir!

Necə olur-olsun, yalnız qələbə! ”Məglub atalar”ın ogulları meydana çıxıb və onlar da uduzsalar, bizə kimsə kömək edə bilməyəcək.

Siyasi institutlarımızın zəifliyini, media hakimiyyətinin və kommunikasiyanın ağır vəziyyətdən çıxarılmasını bacarsaq, güclü müharibə elitası formalaşdıra biləcəyik.

Sabaha nikbin baxmaq üçün dünəndən dərs almaq lazımdır. Dərs…

Dərin bir hesabatlılıq və dərs…

Düşmən etmədiklərimiz, oxumadıqlarımız, görmədiklərimizdir!(Strateq.az)

pia.az


Etiket: Zahid ORUC


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar