Çərşənbə axşamı, 18 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Putinin yeni kursu Rusiyanın yaxın gələcəyinə nə vəd edir? - Müsahibə

Medvedyevlə yollarını ayıran Putinin başlatdığı islahatları Azərbaycan prezidenti İlham Əliyevin apardığı islahat kursu ilə müqayisə etmək mümkündürmü?

Politoloq: “Putin Medvedyev hökumətini “günah keçi”si qismində ortaya atdı”.

Azərbaycanda sistem dəyişikliyinin olmasını istisna etmirəm. Ola bilər ki, Azərbaycanda da parlament institutunun səlahiyyətləri və rolu bir qədər artırılsın”.

Xəbər verdiyimiz kimi dünən Rusiya hökuməti istefaya getdi. Bu barədə Baş nazir Dmitri Medvedev Rusiya Prezidenti Vladimir Putinlə görüşündə məlumat verib.

Rusiya Prezidenti Vladimir Putinlə görüşdə o bəyan edib ki, dövlət başçısının Konstitusiyada dəyişikliklər barədə təklifləri fonunda bu qərarı doğru hesab edir.

Putin Medvedev hökumətinə təşəkkür edib və yeni kabinet formalaşana qədər vəzifələrini yerinə yetirməyi tapşırıb. Prezidentin sözlərinə görə, əldə olunan nəticələrdən razıdır.

Xatırladaq ki, RF dövlət başçısı Vladimir Putin dünən Federal Yığıncağa müraciətlə çıxış edib.

Rusiyada hökumətin istefaya getmə səbəblərini və bundan sonra yaradılacaq Rusiya haqqında PİA.az-ın əməkdaşı politoloq Şahin Cəfərli ilə müsahibə edib.

Şahin Cəfərli: “Putin yeni sistemdə ya Baş nazir, ya da Dövlət Şurasının sədri olacaq”.

PİA.az politoloq Şahin Cəfərli ilə olan müsahibəni oxucularının diqqətinə çatdırır:

- Şahin bəy, dünən Federal Məclisə müraciət edən Rusiya prezidenti Vladimir Putin Konstitutsiyaya dəyişiklik edilməsi və hakimiyyət qollarının səlahiyyətlərinin yenidən formalaşdırılması təklifi ilə çıxış edib. Putinin çıxışından sonra baş nazir Dmitri Medvedyev və hökümət istefa verib. Sizcə Putinin təklif etdiyi dəyişikliklər Rusiyanın yaxın gələcəyinə nə vəd edir və Rusiyada pozitiv dəyişikliklər gözlənilirmi?

- Burada əsas məqsəd 2024-cü il problemini həll etməkdir. Yəni bildiyimiz kimi 2024-cü ildə Putinin prezident kimi səlahiyyət müddəti başa çatır və o yenidən prezidentliyə namizəd ola bilməz. Amma aydındır ki, Rusiyada hazırkı vəziyyətdə Putin və onun yaxın çevrəsi hakimiyyətdən getmək istəmirlər. Buna görə də Putinin 2024-cü ildən sonra da hansısa şəkildə hakimiyyətdə qalması təmin edilməli idi. Bir müddət idi ki, Kreml texnoloqları bu işin üzərində çalışırdılar ki, hansısa formul tapılsın. Bu formula görə də Putin prezidentlikdən getsə də, hakimiyyəti əldən verməməli idi. Dünənki çıxışdan aydın olur ki, onlar bu yolu tapıblar.

Konstitusiya dəyişikliyindən sonra yeni sistemdə parlamentin və baş nazirin səlahiyyətləri genişləndiriləcək. Prezidentin səlahiyyətləri isə bir qədər məhdudlaşdırılacaq. Yəni təxmini Fransadakı kimi Rusiyada da parlament-prezident üsul idarəsi sistemi tətbiq olunacaq. Yaxud da başqa cür ifadə etsək Rusiyada yarımprezidentlik üsulu sistemi tətbiq olunacaq. Hökumətin və baş nazirin səlahiyyətləri indikindən çox olacaq. Eyni zamanda Dövlət Dumasının, Federasiya Şurasının səlahiyyətləri də artırılacaq.

Şahin Cəfərli: “Putin prezidentin səlahiyyətlərini azaldıb digər hakimiyyət qollarının səlahiyyətlərini artırmaqla sistem daxilində bir növ balans yaratmaq istəyir ki, özündən sonra gələn prezident bu cür böyük səlahiyyətlərə malik olmasın”.

Putin elə bir sistem qurdu ki, hakimiyyətin müxtəlif qolları bir-birini tənzimləyəcək. Hazırkı, yəni Putinin prezident olduğu sistemdə super-prezidentlik sistemi mövcuddur. Hal-hazırda prezidentin çox geniş səlahiyyətləri var. Putin prezidentin səlahiyyətlərini azaldıb digər hakimiyyət qollarının səlahiyyətlərini artırmaqla sistem daxilində bir növ balans yaratmaq istəyir ki, özündən sonra gələn prezident bu cür böyük səlahiyyətlərə malik olmasın.

Həmçinin gələcək prezidentin səlahiyyətini və gücü məhdudlaşdıran institutlar mövcud olsun. Parlament və məhkəmə-hakimiyyəti yolu ilə növbəti prezidentin gücü bir az balanslaşdırılsın.

Putinin taleyinə gəlincə belə hiss olunur ki, o yeni sistemdə ya Baş nazir, ya da Dövlət Şurasının sədri olacaq. Dünənki çıxışında Putin qeyd etdi ki, dövlət Şurası təhcizatını konstitusiyada təsbit etmək lazımdır. Hazırkı konstitusiyaya dörə Dövlət Şurası yalnız məşvərətçi orqandır. Yəni prezident yanında məşvərətçi orqandır. Amma konstitusiya dəyişikliyindən sonra Dövlət Şurası institutu konstitusiyaya daxil ediləcək və Rusiya siyasi sitemində önəmli rola malik olacaq.

Güman ki, Putin əgər Baş nazir olmasa, məhz Dövlət Şurasının sədri vəzifəsində yenə ölkə idarəçiliyinə öz nəzarətini davam etdirəcək.

- Putinin Medvedyevlə yollarını ayırmasını necə şərh edərdiz? Medvedyevin gözlənilməz istefası Putinin total kadr dəyişikliyinə gedə bilməsindən xəbər verirmi?

- Təbii ki, Rusiyada total kadr dəyişiklikləri olacaq. Bu da yeni dövrə hazırlıqdır. Medvedyevin Putinin məsləhəti ilə istefaya göndərilməsinin səbəbi isə Rusiyada son aylarda və illərdə, xüsusən ötən il hökumətin fəaliyyətinə narazlığın pik nöqtəyə çatmasıdır. Məlumdur ki, Rusiyada iqtisadi böhran davam edir.

Hər hansı iqtisadi uğur artıq yoxdur. 6 ildir ki, Rusiya vətəndaşlarının gəlirləri azalma tempi üzrə davam edir. Üstəlik keçən il Rusiyada pensiya islahatı həyata keçirildi və pensiyaya çıxmaq yaşı yüksəldildi. Bu da əhali arasında çox ciddi narazılığa səbəb oldu. Eyni zamanda əlavə dəyər vergisi 18 faizdən 20 faizə yüksəldi. Bu da əhali arasında başqa bir narazılıq dalğası yaratdı. Ötən il Moskva başda olmaqla müxtəlif regionlarda etiraz aksiyaları da keçirildi.

Hətta keçirilən regional seçkilərdə hakim Vahid Rusiya Partiyası bir çox vilayətdə seçkiləri uduzdu. Bu da onu göstərdi ki, ölkədə iqtidar partiyasının nüfuzu çox ciddi şəkildə aşağı düşməkdədir. Əhali arasında ölkədəki vəziyyətə görə ciddi narazılıq var və bu narazılıq artmaqda davam edir. Putin də “günah keçi”si kimi hökumətdən istifadə etdi. Yəni Medvedyevi və Medvedyev hökumətini “günah keçi”si qismində ortaya atdı. Bununla da bildirdi ki, ölkədə vəziyyətə, iqtisadi böhrana görə günahkar bunlardır. Özünü də o məsələdən ayırdı.

Şahin Cəfərli: “Bu dəyişiklikdə əsas məqsəd Putin əhalidə bir təsəvvür yaratmaq istəyir ki, iqtisadi məsələlərlə bacarmayan, ölkəni böhrana sürükləyən hökuməti mən dəyişdirdim”.

Bu dəyişiklikdə əsas məqsəd Putin əhalidə bir təsəvvür yaratmaq istəyir ki, iqtisadi məsələlərlə bacarmayan, ölkəni böhrana sürükləyən hökuməti mən dəyişdirdim. Həmçinin də əhalinin gözləntilərinə uyğun olaraq kadr dəyişiklikləri həyata keçirilir və bundan sonra vəziyyəti düzəltməyə çalışacağıq. Bir daha qeyd edim ki, əsas məqsəd əhaliyə bu cür mesaji verməkdir.

- Putinin başlatdığı islahatları Azərbaycan prezidenti İlham Əliyevin apardığı islahat kursu ilə müqayisə etmək mümkündürmü? Oxşar cəhətlər görünürmü?

- Azərbaycan Prezidentinin siyasətində hələ ki, sistem dəyişikliyi öz əksini tapmayıb. Hal-hazırda Azərbaycanda qanunverici hakimiyyət erkən seçki vasitəsi ilə dəyişdirilir. Bundan əvvəl isə icra hakimiyyət strukturlarında bir sıra kadr dəyişiklikləri baş verdi. Nisbətən yeni nəslin nümayəndələi vəzifələrə gətirildi. Bundan sonra Azərbaycanda sistem dəyişikliyinin olmasını istisna etmirəm. Ola bilər ki, Azərbaycanda da parlament institutunun səlahiyyətləri və rolu bir qədər artırılsın. Amma hələ ki, bu barədə ortaya hər hansı bir proqram qoyulmayıb.

Təbii ki, Rusiyada baş verən siyasi proseslərin bu və ya digər şəkildə postsovet məkanına, o cümlədən də Azərbaycana təsirləri var. Bundan sonra da bu təsirlər olacaq.

Nərminə UMUDLU
pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar