Cümə axşamı, 21 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Putini Türkiyəyə nə çəkib apardı?

Siyasi hadisələrin də ierarxiyası olur – bölgə, ölkə və bir də dünya miqyasılı hadisələr olur


Bu baxımdan heç şübhəsiz ki, indi Yaxın Şərq regionunda baş verən proseslər, xüsusən müstəqiliyini elan etmiş kürd avtonomiyası ətrafında cərəyan edənlər hələ bir xeyli diqqət mərkəzində olacaq.
Amma etiraf edək ki, Türkiyəyə səfər edən ilk rusiyalı dövlət başçısı olsa da, üstəlik, məşhur təyyarə olayından sonra iki dövlət arasındakı münasibətlər yenidən anlaşıqlı fazaya keçsə də, bütün hallarda Rusiya prezidenti V.Putinin ötən həftə təkrarən Ankarya gəlməsi bizim üçün bir azacıq gözlənilməz idi.

Bir tərəfdən səfər bölgənin ən gərgin dövrünə təsadüf edirdi və bunu əsas götürüb demək olar ki, Putinin qəfil səfəri həm Suriya prosesi, həm də kürd avtonomiyasının müstəqillik referendumu keçirməsi fonunda elə də təəccüblü görünməməli idi. 

Amma yenə də düşünürük ki, bir çox məsələlər, eləcə də kürd avtonomiyasının keçirdiyi referenduma münasibət də elə diplomatlar səviyyəsində izhar oluna bilərdi. Fəqət, Putin diplomatik missiyanı öz üzərinə götürdü və Ankaraya yollandı.

Düşünürük ki, bu, Moskvanın kürd problemində daha böyük rol oynamaq istəyilə bağlı idi. SSRİ-nin süqutundan sonra dünyanın, eləcə də Yaxın Şərqin siyasi landşaftında çox dəyişikliklər olsa da kürd milli azadlıq hərəkatını Rusiya ilə bağlayan tellər hələ də qalmaqdadır. 

Böyük ehtimalla bir detal yəqin ki, diqqətli oxucuların yadındadır. Təyyarə olayı zamanı Ankaraya qarşı acığını çıxmaq üçün yollar arayan rus hökuməti hətta Türkiyənin kürd təmayüllü partiyalarının liderlərini Moskvaya toplamaqdan belə çəkinmədi və kürd liderləri də təklifi böyük məmnunluqla qəbul etdilər. 

Düzdür, böyük hesabla heç nə baş vermədi və təyyarə olayı yoluna qoyulandan sonra həmin olay da unuduldu. Di gəl ki, siyasətdə bir dəfə salınan cığırı heç də dərhal ot basmır, bir də görürsən ki, yenidən onunla addımlamaq fikrinə düşənlər tapılır...

Putinin, daha doğrusu, onun təmsil etdiyi dövlətin referenduma münasibətinə gəldikdə isə, demək lazımdır ki, əslində Moskvanın fərqli yolu da qalmamışdı–region dövlətlərinin hamısı, Türkiyə, İran, Bağdadın özü və hətta ABŞ ona qarşı çıxdı. Belə vəziyyətdə Moskvanın da bu formatı gücləndirməkdən savayı yolu qalmadı. 

Amma “altıncı hiss”imiz onu da pıçıldayır ki, Moskva həm də Türkiyənin tez bir zamanda çox sərt addım ata biləcəyindən narahat idi. İndiki halda kürdləri ABŞ-la, hətta İsraillə daha sıx tellər bağlasa da, Moskva da onlara qarşı biganə deyildir və regionda uzun müddət qalmağı düşünən ruslar çox istərdilər ki, kürdlər üzərində də təsirlərini artırsınlar.

Həm də kürd müstəqillik referendumuna birmənalı “yox” demək Moskvanın siyasi məntiqi və son illərdəki təcrübəsilə heç də uzlaşmır. Məgər onlar belə bir “referendum”u elə Krımda keçirmədilərmi? Məgər onlar eyni ssenarini Abxaziya və ya Cənubi Osetiyada “fırlatmadılarmı”? Hazırda da oxşar siyasi oyunu Ukraynanın şərqində oynamırlarmı?..

Amma bu dəfə başqa bir yolları qalmadı. Yaranmış siyasi ansamblı pozmaq elə də asan məsələ deyildi. Fəqət, mənə elə gəlir ki, partiya hələ sonadək oynanılmayıb. Kürd hərbi birləşmələri regionun ən döyüşkən və nizamlı qeyri–dövlət qruplarındandır. Kifayət qədər silahları da var. 
Bağdad şifahi şəkildə çox asıb–kəsə bilər, amma düşünürük ki, hazırda kürdlərlə açıq savaşa ürək etməz, çünki İraq güclü şəkildə dezinteqrasiya olunmuş və uzun hərbi–siyasi böhrandan sonra özünə gəlməmiş dövlət olaraq qalır– təbii ki, ona dövlət demək mümkünsə!.. 

Üstəlik, ərəb dünyasında da İraqın bütünlüyü məsələsi düşünülən qədər aktual deyil, çünki ərəb siyasi palitrasında da güclü şəkildə sünni–şiə cəbhələşməsi müşahidə edilir. Elə Türkiyə də hər hansı hərbi təzyiqə əl atmayacaqdır, ən azı ona görə ki, onun da prezidenti daha çox danışmağı bacarır. Elə bu səbəbdən də “çox su aparacaq xəmirə” bənzəyir məsələ...

Amma bir nüans var. ABŞ da, Rusiya da müxtəlif səbəblərdən İraqın bütünlüyünü müdafiə etməli oldular. Daha “müqəddəratı təyinetmədən” və “münaqişənin dinc yolla nizamlanmasının fövqəladə dərəcədə vacibliyi”indən danışan olmadı. Amma presedent presedentdir. Kürd avtonomiyasının müstəqilliyini elan etməsilə post-sovet məkanında indi də mövcud olan bir sıra münaqişələr arasında xeyli oxşarlıq var. 

Gəl, böyük dövlətlər–ABŞ və xüsusən də Rusiya post–sovet məkanındakı münaqişələrə tamam fərqli prizmadan baxır, illərdir ki, onları həll etmir və yaxud da həll etməyə qoymurlar. Niyə Dağlıq Qarabağ, Abxaziya və ya Cənubi Osetiya münaqişələrinə münasibətdə ərazi bütünlüyü hamı üçün yeganə meyar olmur? Doğrusu, biz də bunun cavabını bilmək istərdik, amma onu tapmaq elə də asan deyil. 

Mən hələ onu da demirəm ki, Avropada da müşahidə olunan separatist meyllərə tamam fərqli münasibət sərgilənir. Di gəl ki, biz bu münasibəti Dağlıq Qarabağa və yaxud da sadaladığım digər münaqişələrə tətbiqən illərdir ki, müşahidə edə bilmirik. 

Niyə? Bu, C.Oruellin bir əsərindəki çox məşhur bir kəlamı xatırlatmırmı? Orada deyilirdi ki, bütün heyvanlar bərabərdir, amma ki, bəzi heyvanlar daha çox bərabərdirlər...

Hüseynbala Səlimov(istiqlal.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket:

loading...

Ən çox oxunanalar