Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Azərbaycan iqtidarını yenə təhdid edir?!


“Milli sərvətlərimizdən əvəzsiz pay istəyirlər!…”


“Bəzi dövlətlər Azərbaycanın milli sərvətlərindən əvəzsiz pay tələb edirlər!” 

Dəhşət saçan bu açıqlama Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənova məxsusdur.

Cənab Həsənov bu barədə martın 30-da Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə “İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi” mövzusunda keçirilən tədbirdə danışıb. “Lakin biz, Azərbaycanın milli sərvətlərindən əvəzsiz heç kimə pay vermirik” – Prezidentin köməkçisi bəyan edib.

Ə.Həsənov hər prezident seçkisi öncəsi xaricdən Azərbaycana yönələn təhdid və təzyiqlərin artması barədə danışarkən yuxarıdakı sensasiyalı fikri səsləndirib. Prezidentin köməkçisi bildirib ki, bu təzyiqlərin ən müxtəlif səbəbləri olur. Bəzi dövlətləri Azərbaycanın balanslaşdırılmış xarici siyasəti qane etmir – onlar Azərbaycanı öz yanlarında görmək, müəyyən layihələrə cəlb etmək istəyirlər. Bəzi dövlətlər isə daha da irəli gedərək, hətta Azərbaycanın milli sərvətlərindən ƏVƏZSİZ PAY TƏLƏB EDİRLƏR!

Prezidentin köməkçisinin bu bəyanatı səsləndirməzdən əvvəlki bəzi fikirlərindən onun hansı dövləti nəzərdə tutduğunu anlamaq çətin deyildi – söhbət, əlbəttə ki, əzəli düşmənimiz Rusiyadan gedir. Ə.Həsənovun bunu dilə gətirməzdən az əvvəl 2013-cü ilin Prezident seçkiləri ərəfəsində baş verənləri, Rusiyada “Milyarderlər İttifaqı” adlandırılan qurumun yaradılmasını xatırlatması, əlbəttə ki, təsadüf ola bilməzdi. “Bu gün də onlar yatmayıb, sadəcə olaraq qəfil yaxalandıqları üçün hazırlıqsızdırlar”, - deyə, Həsənov bildirib.

1MIL

Prezidentin köməkçisinin medianın diqqətindən yayınan bu gözlənilməz bəyanatı fonunda bir məsələ xüsusilə diqqəti cəlb edir. Bir neçə gün əvvəl Avropada Azərbaycan hakimiyyəti əleyhinə aparılan təhqir kampaniyasının məsuliyyəti baş nazirin sabiq birinci müavini Abbas Abbasovun, deməli dolayısilə Rusiyanın üzərinə qiyulmuşdu. Hökumətə yaxın KİV-lər iddia etmişdilər ki, bu kampaniyanın gizli himayədarı və təşkilatçısı Abbas Abbasovdur. Prezident Administrasiyasının təsiri altında olan bir politoloq isə hətta iddia etmişdi ki, Azərbaycanın xüsusi xidmət orqanları Abbasovla təhqir kampaniyası aparan mühacirlərin əlaqələrini aşkarlayıb. Bütün bunlar həqiqətdirsə, deməli 2013-cü il seçkiləri ərəfəsində olduğu kimi, indi də hakimiyyət Rusiyanın güclü təzyiqi altındadır, onun təhdid, şantaj və TƏLƏBLƏRİ ilə üz-üzədir. Cənab Həsənovun “MİLLİ SƏRVƏTLƏRİMİZDƏN ƏVƏZSİZ PAY İSTƏYİRLƏR” açıqlaması isə ehtimal etməyə əsas verir ki, budəfəki tələblər 2013-cü illə müqayisədə daha da sərt və hətta daim Rusiya ilə ehtiyatlı siyasətə üstünlük verən Azərbaycan hakimiyyəti üçün QƏBULOLUNMAZDIR! Hamıya bəllidir ki, 2013-cü ilin prezident seçkiləri ərəfəsində Azərbaycan hakimiyyətinə qarşı əvvəllər misli görünməmiş təzyiq kampaniyasına göstəriş verən Putin, seçkidən az əvvəl hərbi gəmilərlə Bakı yürüşündə istədiyini ala bildi – Rusiya ilə Azərbaycan arasında dəyəri 5-6 milyard dollarlıq silah alqı-satqısı sazişi bağlandı. Putin Bakıdan qayıtdıqdan dərhal sonra isə Rusiyanın Azərbaycandakı prezident seçkilərinə müdaxiləsi dayandı.



Belə görünür ki, Prezident seçkilərinin 6 ay irəli çəkilməsi barədə qərarla Rusiya xüsusi xidmət orqanlarının budəfəki anti-Azərbaycan planları pozulub. Lakin çox böyük ehtimalla, Azərbaycan hakimiyyətinin belə qəfil gedişi rus çarını daha da qəzəbləndirib. Prezidentin köməkçisinin yuxarıdakı açıqlaması onun qəzəbinin nə qədər tünd olduğunu ehtimal etməyə əsas verir. Narahatçılıq üçün ciddi əsaslar olduğunu Əli Həsənov elə həmin tədbirdə açıq mətnlə bəyan etmişdi: “İSTƏYİRƏM BİLƏSİNİZ Kİ, VƏZİYYƏT ÇOX CİDDİDİR!”

Putin Azərbaycan hakimiyyətini hazırda nəylə təhdid və şantaj edir? Azərbaycan hakimiyyəti ötən seçkidə Putinlə danışıb razılaşmaq qərarını verdi. Bu dəfə necə davranacaq, Putinin şantajına bu dəfə boyun əyilməsə nə baş verəcək, indi bunlar haqda qəti fikir söyləmək çətindir. Lakin görünən budur ki, Azərbaycan iqtidarı geri çəkildikcə, Putin daha da azğınlaşır və hər seçkidən seçkiyə tələblərini daha da sərtləşdirir. Prezidentin köməkçisinin “MİLLİ SƏRVƏTLƏRİMİZDƏN ƏVƏZSİZ PAY İSTƏYİRLƏR” açıqlamasının açması bundan ibarətdir.

Azərbaycan iqtidarının Rusiyaya münasibətdə ehtiyatlı siyasətinin ciddi əsası var. Özünün imperiya ambisiyalarından xilas ola bilməyən, beynəlxalq hüquqa hörmətsiz, son illər isə Gürcüstan və Ukraynaya hərbi müdaxilə ilə beynəlxalq nizamı alt-üst edən, dünyanın böyük müharibənin astanasına gətirən bir ölkədən, onun davakar və tərbiyəsiz uşaq təsiri bağışlayan rəhbərindən ehtiyyat etmək, hətta qorxmaq təbii bir şeydir. Ancaq hara qədər? Bunun bir sonu olmalı deyilmi?

İşğalçı Rusiyaya nifrət – bəlkə də Azərbaycan xalqının bütün təbəqələrini birliyə, həmrəyliyə apara biləcək yeganə hissdir. İşğalçı dövlətə, onun rəhbərinə bu qədər nifrət edən bir xalqın iqtidarı şantaj və təhdidlərə asanlıqla boyun əyməməlidir!

Biz bilirik ki, Rusiyanı bu qədər azğınlaşdıran – onun Azərbaycan hakimiyyəti daxilindəki dayaqlarıdır! Bu dayaqları sarsıtmadıqca, Putinin təhdidləri də davam edəcək!…  (azpolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ən çox oxunanalar