Cümə, 26 Fevral 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Prezidentin Şuşa səfərinin tarixi və siyasi əhəmiyyəti

Amid Əliyev yazır...

14 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev, Azərbaycan Respublikasının I Vitse-Prezidenti Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Şuşa şəhərinə səfəri baş tutdu. Səfər bir neçə məqama əsasən tarixi əhəmiyyət kəsb etdi. Birincisi, 1981-ci ilin 14 yanvar tarixində Ulu öndər Heydər Əliyev Şuşada Azərbaycanın dahi şairi Molla Pənah Vaqifin şərəfinə ucaldılmış tarixi abidənin açılışında iştirak etmişdir. Həmin səfər zamanı İlham Əliyev də Ulu öndəri müşayiət etmişdir. Bu mənada tarix 39 ildən sonra bir daha təkrarlandı. İkincisi, İlham Əliyev Azərbaycanın 30 illik müstəqillik tarixində Şuşaya səfər edən ilk dövlət başçısı oldu. Bununla da ölkə başçısının adı bir daha tarixə həkk olundu. Üçüncüsü, İlham Əliyev qalib Azərbaycan ordusunun müzəffər Ali Baş Komandanı kimi bu səfərdə iştirak etdi ki, bu daha çox siyasi məna kəsb etdi. 11 yanvar tarixində Moskvada keçirilmiş üçtərəfli görüşdə Azərbaycanın əldə etdiyi siyasi uğur bu tarixi səfərlə bir daha təsdiqləndi. Səfər, əsasən Ermənistanın siyasi rəhbərliyi və erməni havadarlarından ibarət olan auditoriyaya edilən siyasi xarakterli bir mesaj oldu. Ümumilikdə, ölkə başçısının Şuşaya olan tarixi səfərini məzmunca dörd hissəyə bölmək olar: Tarixi, mədəni, iqtisadi və siyasi. Səfərin tarixi məqamlarına yuxarıda toxunduq.

Səfərin mədəni tərəfləri ölkə başçısı və I Vitse-Prezidentin Şuşa şəhərinə mövcud olan tarixi və dini abidələrin ziyarət edilməsi ilə bağlıdır. Daha doğrusu, erməni vandalizminin qurbanına çevrilmiş və bunun nəticəsində dağıdılmış abidələrin. Şuşa şəhərində yerləşən Saatlı, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri ölkə başçısı və I Vitse-Prezident tərəfindən ziyarət edilmiş, İslam dinini müqəddəs kitabı olan Qurani-Kərim müvafiq guşələrə qoyulmuşdur. Bu, İslam dininə, dini abidələrinə və müqəddəs kitaba olan ən yüksək diqqət və ehtiramın göstəricisi idi. İndi 30 illik fasilədən sonra Şuşadakı məscidlərdə azan səslənir, ibadətlər edilir. Ölkə başçısının bölgəyə bundan əvvəl etdiyi səfərləri zamanı da dini abidələrə diqqət və qayğının şahidi olmuşuq. Ağdam rayonunun mərkəzində yerləşən Ağdam məscidində də bu ayinlər icra olunmuşdur. Zəngilan, CəbrayılQubadlı rayonlarına edilən səfər zamanı erməni faşistləri tərəfindən darmadağın və təhqir edilmiş dini ziyarətgahlara baş çəkən Prezident İlham Əliyev bununla bağlı fikirlərini belə ifadə etmişdir: “Görün mənfur düşmən məscidi nə günə salıb. Bizim bütün dini abidələrimiz düşmən tərəfindən dağıdılıb. Dünya 30 il ərzində buna səssiz qalıb. Biz bu məsələni dəfələrlə qaldırmışdıq, beynəlxalq kürsülərdən qaldırmışdıq, tarixi-dini abidələrimiz dağıdılıb, təhqir edilib. Biz o videoları dəfələrlə göstərirdik. Ağdam məscidini, Şuşa məscidlərini, o vaxt işğal altında olan digər məscidlərin vəziyyətini göstərərək deyirdik ki, mənfur düşmən bizim dini abidələrimizi dağıdıb, təhqir edib”.

Bütün bunlara rəğmən, Azərbaycanda daim bütün dinlərə və dini abidələr hörmətlə yanaşılmışdır. Belə ki, Şuşa şəhərində yerləşən Qazançı kilsəsinin bu gün qorunmasını və Azərbaycan dövlətinin başçısı tərəfindən də oranın ziyarət edilməsini buna misal göstərmək olar. Şuşa səfərində Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi olan Bülbülün ev muzeyi də ziyarət olunmuşdur. Mənfur düşmənin dağıdıcı və erməniləşdirmə siyasətinin izləri burada da müşahidə olundu. Azərbaycan rəhbərliyi daim mədəni irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi işinə mühüm əhəmiyyət vermişdir. Bir zamanlar Şuşada Üzeyir Hacıbəylinin, Natəvanın və Bülbülün heykəllərinin satılmasının qarşısını alaraq, yenidən məhz bu gün Şuşaya qaytarılması bunun bariz nümunəsidir. Ermənilər tərəfindən Azərbaycanın mədəniyyətini tərənnüm edən abidələrin məhv edilməsinə baxmayaraq, dövlət tərəfindən xüsusilə də Heydər Əliyev fondu tərəfindən onların bərpa olunması işi həyata keçiriləcəkdir. Şuşada Azərbaycanın dahi şairi Molla Pənah Vaqifin muzey-məqbərəsi də bərpa olunacaq abidələrdən biri olacaqdır. Vaxtilə 1981-ci ildə Ulu öndər Heydər Əliyev tərəfindən açılışı olan bu tarixi abidə bu gün tam dağıdılmış vəziyyətdədir. Məqbərəni ziyarət edən cənab İlham Əliyev bu barədə belə dedi: “Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Molla Pənah Vaqifin məqbərəsinin düz 39 il bundan əvvəl - 1982-ci il yanvarın 14-də açılışı olmuşdur. Bu tarixi gün mənim yadımdadır. Bu təşəbbüsü ulu öndər Heydər Əliyev irəli sürmüşdü, onun rəhbərliyi ilə inşaat işləri aparılmışdı və gözəl, əzəmətli məqbərə ucaldılmışdı. Bu məqbərənin yaradılması və açılışı bir tərəfdən Azərbaycan Respublikasının öz tarixinə, Azərbaycan xalqının öz dahi şəxsiyyətlərinə olan hörmətin əlaməti idi. Digər tərəfdən, bu məqbərənin Şuşada açılması bir daha təsdiq edirdi ki, Şuşa Azərbaycan şəhəridir”.

Qeyd etmək lazımdır ki, tarixi və dini abidələrin bərpası ilə yanaşı Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşada bir vaxtlar keçirilən mədəni tədbirlərin xüsusilə “Vaqif poeziya günləri”nin və “Xarı bülbül” festivalının bərpa olunması da Azərbaycan Respublikasının Prezidenti tərəfindən vurğulanmışdır. Eyni zamanda, Şuşa Azərbaycanın mədəni paytaxtı elan edilib. Bu, heç təsadüfi deyildir, çünki Şuşa bizim üçün həm mənəvi və mədəni, həm də tarixi əhəmiyyətə malikdir.

Səfər zamanı ölkə başçısı Füzuli rayonundan Şuşaya gedən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun və Füzuli rayonunda hava limanının təməllərini qoyub. Bu yolu ölkə başçısı Qələbə yolu adlandırdı. İlin sonun kimi isə tikiləcək hava limanının enib-qalxma zolağının istifadəyə verilməsi nəzərdə tutulub. Yeni yol məhz hava limanı ilə əlaqələndiriləcək və Şuşadan İsa bulağınadək davam edəcəkdir. Həm yeni yol, həm də tikiləcək hava limanı bu bölgənin iqtisadi cəhətdən inkişaf etməsinə xidmət edəcəkdir. Bölgəyə gələcək insanlar beynəlxalq dərəcəli hava limanından istifadə edərək birbaşa Şuşaya səfər edə biləcəklər. Bu, həm də bölgədə yeni nəqliyyat və kommunikasiya xətlərinin həyata keçirilməsi siyasətinə uyğun olaraq həyata keçirilən tədbirlərə daxildir. Azərbaycan artıq Qarabağın inkişafında yeni fazanın yaranmasını bildirmişdir. İlkin olaraq, Şuşanın bərpa olunması və yenidən qurulması nəzərə alınıb. Artıq Şuşanın elektrik enerjisi, içməli su və müasir yolla təmin olunması işi uğurla icra olunur. Şuşada işlərin planlı şəkildə aparılması həyata keçiriləcəkdir. Yaxın gələcəkdə Kəlbəcər-Laçın istiqamətində də yeni hava limanının tikintisi işləri başlayacaqdır. Bölgədə yeni nəqliyyat dəhlizlərinin yaradılması, dəmir və avtomobil yollarının çəkilməsi üzrə layihələr hazırlanır. Qarabağda olan elektrik stansiyalarının bərpası işi icra olunur. Qarabağ “Yaşıl enerji zonası” elan edilib. Azad olunmuş torpaqlarda kənd təsərrüfatının müxtəlif sahələrinin inkişaf etdirilməsi üçün müvafiq hesablamalar aparılır. Qeyd olunanların hamısı rəsmən “Qarabağa böyük qayıdış”ın başlanmasını bildirir.

Şuşada Azərbaycan bayrağını yüksəldən Ali Baş Komandan hərbçilər qarşısında çıxış edərək 44 günlük müharibə zamanı Azərbaycan ordusunun rəşadətindən və peşəkarlığından danışdı. Şuşanın azad edilməsi əməliyyatının isə xüsusi əhəmiyyətə malik olması bildirildi. Bu əməliyyatın nə qədər çətin olmasına baxmayaraq, Azərbaycan əsgəri bu işin öhdəsindən uğurla gəlmişdir. Bu, hərb tariximizə əbədi olaraq həkk olundu. Məhz bu əməliyyat zaman Azərbaycan ordusunun göstərdiyi peşəkarlıq hazırda bir sıra ölkələrin hərbi mərkəzləri tərəfindən öyrənilir. Şuşa qələbəsi düşmənin əzmini və iradəsini qırdı. Çünki Qarabağa kimin nəzarət etməsi, məhz Şuşanın kimin əlində olması ilə izah olunur. Bu gün Şuşa azaddır, Şuşanı qaytarmışıq. Azərbaycanın müqəddəs bayrağı Şuşada dalğalanır. Ölkə başçısı çıxışı zamanı bu barədə belə dedi: “Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılanda mən çıxış edərkən demişdim ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır. Bax, bu gün gəldi”. Şuşanın azad edilməsi ilə düşmənin məğlubiyyəti rəsmiləşdi. Bu qələbəni bizə milli vətənpərvərlik ruhunda tərbiyə edilmiş Azərbaycan gənclərindən ibarət olan Azərbaycan ordusu təmin etdi. Eyni zamanda, Azərbaycanda yaşayan millətlərin bütün nümayəndələrinin müharibə günlərində həmrəy olması bizə əlavə güc verdi. Azərbaycan xalqı bir yumruq ətrafında birləşərək erməni faşizmini süquta uğratdı. Azərbaycan ordusu müharibə günlərində daim irəlilədi, bir an da olsun öz mövqelərindən geri çəkilmədi. Azərbaycan tarixi ədalətsizliyi bərpa etdi. Beynəlxalq hüququn prinsiplərini rəhbər tutaraq öz tarixi torpaqlarımızı geri qaytardıq.

Səfər zamanı Azərbaycan Respublikası Prezidenti tərəfindən Şuşada Cıdır düzünün ziyarət edilməsi olduqca əhəmiyyətli və vacib məqam oldu. Belə ki, vaxtilə mənfur düşmən tərəfindən edilən hərəkətlər Azərbaycan xalqını olduqca hiddətləndirmişdir. Artıq bu gün Cıdır düzünün əsl sahibləri gəlib. Gələcəkdə burada Qarabağ atlarının yarışı və müxtəlif bayram tədbirləri keçiriləcək, müqəddəs muğamımız səslənəcək. Bundan sonra Ermənistan dövləti və erməni xalqı birmənalı olaraq bilməlidir ki, Qarabağ Azərbaycandır! Əgər nə vaxtsa onlar yenidən Azərbaycana qarşı hansına mənfur fikirdə olsalar, bilsinlər ki, Azərbaycan xalqı və ordusu onlara layiqli cavabını verməyə hazırdır.

Bu gün artıq Qafqazda, Azərbaycanda yeni inkişaf dövrü başlanıb. Bu inkişafın memarı Azərbaycan dövlətidir. Azərbaycan Qafqazda sülhün tərəfdarıdır. Regionda yerləşən dövlətlərlə qarşılıqlı əlaqələri nəzərdə tutan siyasi əməkdaşlıq platforması qurulur. Yaxın gələcəkdə Qarabağda yeni nəqliyyat qovşaqlarının və dəhlizlərinin yaradılması işi də başlayacaqdır. Bununla da, Azərbaycan bölgənin güc mərkəzi olmaqla yanaşı, iqtisadi cəhətdən də söz sahibi olduğunu təmin edəcəkdir. Qarabağda dağıdılmış bütün sosial infrastruktur yenidən qurulacaq, bir sıra iri layihələri məhz burada icra olunacaqdır. Bunun üçün isə Azərbaycan dövlətinin siyasi iradəsi və iqtisadi qüdrəti mövcuddur. Bölgədə millətlərin birgəyaşayışı, eləcə də dini və milli adətlərin qorunub saxlanılması təmin ediləcəkdir. Bütün bu tədbirlər nəticəsində Azərbaycan bir daha özünü sülhpərvər, tolerant, multikultural, dünyəvi, güclü və müasir dövlət quruluşuna malik olduğunu göstərəcəkdir.

Amid Əliyev,
Azərbaycan Respublikası Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının doktorantı

pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ermənistanda hərbi çevriliş, bütün ordu hərəkətə keçdi – Son dəqiqə

“10 noyabrda Ermənistan Bakıya raket zərbələri endirdi” - Rus hərbi eksperdən sensasion bəyanat

“Tərtər işi”nin əsas günahkarı Zakir Qaralovdur – Vəkildən sensasion açıqlama

Emin Ağalarov Xəzərin sahilində yeni obyektlər tikir - Fotolar

"Ramiz Mehdiyev yazda komanda verəcək, insanlar küçəyə töküləcək" – Hafiz Hacıyev 

Ermənistanda hərbi çevriliş... - Rusiya səbr kasasını dolduran Paşinyanı bu dəfə yola sala biləcəkmi?

Vəzifəli şəxslər işğaldan azad edilmiş ərazidə qəzaya düşüb 

“İnvestisiya Holdinqindən çox böyük gözlənti var”

Sülhməramlılar İrəvana, Azərbaycan ordusu Xankəndinə...

Ən çox oxunanalar