Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident: "Azərbaycan nəinki neft ixracatçısı, eyni zamanda qaz ixracatçısı kimi dünyada öz sözünü deyəcək"

"Azərbaycan nəinki neft ixracatçısı, eyni zamanda qaz ixracatçısı kimi dünyada öz sözünü deyəcək"...

PİA.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Bakıda keçirilən Azərbaycan-Ukrayna biznes forumunda çıxışı zamanı deyib.

"Son 15 il ərzində Azərbaycanda iqtisadi artım çox sürətlə gedib, deyə bilərəm ki, iqtisadiyyat üç dəfədən çox artmışdır. Yəni, ümumi daxili məhsul 300 faizdən çox artmışdır və əlbəttə, bu, imkan verdi ki, biz həm iqtisadi gücümüzü artıraq, həm də infrastruktur layihələrini icra edək. Əgər 15 il bundan əvvəl yoxsulluq təxminən 50 faiz səviyyəsində idisə, bu gün bu, 5 faiz səviyyəsindədir. Yəni, bu, onu göstərir ki, təbii resurslardan əldə edilmiş gəlirlər cəmiyyətdə bərabər şəkildə bölünür və cəmiyyətin hər bir təbəqəsi bundan fayda görür. Bu il biz çox ciddi sosial paket təqdim etdik. Əhalimizin təxminən yarısı – 4 milyon 200 min nəfər geniş sosial paketlə əhatə olundu, minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz, bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər isə 100 faiz artırıldı və Azərbaycan dövləti öz siyasətinin mahiyyətini bir daha göstərdi. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və biz əldə edilmiş əlavə gəlirləri ilk növbədə sosial layihələrə yönəldirik. Eyni zamanda, təbii ki, infrastruktur layihələri də önəmli yer tutur. Biznes mühitini xarakterizə etmək üçün bildirməliyəm ki, Azərbaycan iqtisadiyyatının 85 faizi özəl sektorda formalaşır. Bu, o deməkdir ki, geniş özəlləşdirmə prosesi artıq tamamlanmaq üzrədir. Dövlətin inhisarında yalnız strateji aktivlər qalıbdır. Məsələn, Dövlət Neft Şirkəti - bizim enerji şirkətimiz, su şirkətimiz, yol tikintisi şirkəti, dəmir yolu, Xəzər Gəmiçiliyi, AZAL - bizim hava yolları və bir neçə başqa şirkət. Onlardan başqa bizim bütün digər qurumlarımız özəl sektorda fəaliyyət göstərir və əlbəttə ki, bu, xarici investorlar üçün də çox gözəl iqlim yaradır", - deyə dövlət başçısı qeyd edib.

Azərbaycan Prezidenti bildirib ki, son dövrlərdə vergi və gömrük orqanlarında aparılan islahatlar bu sahələrdə öz nəticəsini verməkdədir: "Ölkəmizdə bu sahələr çox problemli sahələr idi. Amma son bir neçə il ərzində çox ciddi islahatlar aparıldı və artıq bu sahələr şəffaflaşdı və biznes dərhal müsbət reaksiya verdi. Bu ilin 11 ayında vergi və gömrük orqanları xəzinəyə plandan əlavə təqribən 600 milyon dollar vəsait daxil etmişlər. Xarici borcumuz çox aşağı səviyyədədir, ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə Azərbaycan dünyada doqquzuncu yerdədir. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfə artıqdır. Yəni, biz istənilən vaxtda xarici borcu sıfırlaya bilərik. Bu yaxınlarda Beynəlxalq İnkişaf Assosiasiyasının hesabatına görə Azərbaycan təmiz donor ölkəsinə çevrilibdir. Yəni, biz indi borc alan ölkə deyil, borc verən ölkəyik. Biz özümüz də xarici ölkələrə sərmayə qoyuruq. Bu sərmayələr 20 milyard dollardan artıqdır. Bizim təşəbbüsümüzlə bölgədə çox önəmli enerji və nəqliyyat layihələri həyata keçirildi. Bu layihələrin həyata keçirilməsində xarici banklar, Avropa bankları, Asiya bankları bizə öz maliyyə dəstəyini göstərdi. Biz bu dəstək və daxili resurslarımız hesabına Xəzər dənizini neft kəmərləri ilə Qara dəniz və Aralıq dənizi ilə birləşdirdik. Eyni zamanda, Azərbaycandan Avropaya uzanan 3 min 500 kilometrlik qaz xətti artıq tamamlanmaq üzrədir. Gələn il biz bunun açılışını qeyd edəcəyik və beləliklə, Azərbaycan nəinki neft ixracatçısı, eyni zamanda qaz ixracatçısı kimi dünyada öz sözünü deyəcək. Bununla paralel olaraq biz artıq elektrik enerjisini də ixrac edirik, o cümlədən Avropaya. Artan enerji generasiya güclərimiz imkan yaradır ki, - təbii ki, biz daxili tələbatımızı ödəmişik, - başqa ölkələrin enerji təhlükəsizliyinə də töhfə veririk".

"Bu gün müzakirə olunan məsələlərdən biri də nəqliyyatla bağlıdır və burada da əməkdaşlıq üçün çox geniş imkanlar var. Biz Ukraynanın nəqliyyat infrastrukturunu Azərbaycanın nəqliyyat infrastrukturu ilə birləşdirə və vahid tarif siyasəti apara bilsək, hesab edirəm ki, ölkələrimizin ərazisindən keçən yükdaşımaların həcmi kəskin artacaq. Biz keçən ilə nisbətən artımı görürük, ancaq hesab edirik ki, bu, daha da təsirli ola bilər. Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkədir. Amma buna baxmayaraq, biz çox böyük investisiya layihələri ilə Azərbaycanı beynəlxalq nəqliyyat-logistika mərkəzlərindən birinə çevirdik və ərazimizdən keçən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri bizim bu rolumuzu artırır. Bu layihələr sonrakı digər layihələrə də təkan verdi, o cümlədən Şimal-Qərb və Cənub-Qərb nəqliyyat dəhlizi layihələri. Yəni, bütün bu yollar Azərbaycan ərazisindən keçir. Bu layihələr sırf iqtisadi və nəqliyyat layihələri deyil, geniş mənada beynəlxalq əməkdaşlığa da öz töhfəsini verir. Çünki bu dəhlizlər üzərində yerləşən ölkələr təbii müttəfiqlər statusuna qalxırlar. Beləliklə, bu layihələr, o cümlədən təhlükəsizliyə, əmin-amanlığa, qarşılıqlı anlaşmaya da xidmət göstərir. Hesab edirəm ki, bütün bu müsbət əsasları nəzərə alaraq biz qısa müddət ərzində həm ticarət dövriyyəmizi artıra, həm də böyük sərmayə qoyuluşu layihələrini icra edə bilərik", - deyə Prezident İlham Əliyev vurğulayıb. (Report)

pia.az


Etiket: İlham Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar