Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: “Aprel döyüşlərinin təkrarlanması ehtimalı yüksəkdir”

Politoloq Elxan Şahinoğlu Aprel döyüşlərinin dördüncü ildönümü ilə bağlı bildirib...

“2016 yadda qalan il oldu. “Əgər 4 günlük döyüşlə strateji yüksəkliyi geri qaytarmaq və 20 ildən çox boş qalan kəndi məskunlaşdırmaq mümkündürsə, işğal altındakı başqa əraziləri də azad etməyə gücümüz çatar” fikri cəmiyyətdə hakim oldu”.

“Report” xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Aprel döyüşlərinin dördüncü ildönümü ilə bağlı bildirib.

O, cəbhə bölgəsindəki 4 günlük döyüşlərin Azərbaycan cəmiyyətində ruh yüksəkliyi yaratdığını deyib: “Ancaq 2016-cı ildə ümidlə yanaşı ümidsizlik də yaşandı. Aprel savaşından sonra böyük dövlətlərin işğalçıya təsir edib Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldacağına olan ümidlər özünü doğrultmadı. Bəlli oldu ki, hətta müharibə təhlükəsi də həmsədr dövlətlər – Rusiya, Fransa və Amerika Birləşmiş Ştatlarını Ermənistan hakimiyyətini yola gətirməyə kifayət etmir. Aprel döyüşlərindən az sonra vasitəçilərin iştirakı ilə prezidentlərin Vyana və Sankt-Peterburq görüşlər nəticəsiz qaldı”.

Politoloq bu döyüşlərdən sonra yaranan bir neçə suala cavab verməyə çalışıb: “Rusiyanın Aprel döyüşlərinə reaksiyası necə oldu?

Rusiya Aprel döyüşlərindən sonra Ermənistana dəstəyini artırdı. Rusiya Ermənistanda əvvəlcə “İsgəndər” raketlərini yerləşdirdi, daha sonra silah almaq üçün İrəvana 200 milyon dollar kredit verdi. Bunların mənası o idi ki, Rusiya Ermənistanın Azərbaycan qarşısında zəif duruma düşməsini istəmir.

“Lavrov planı” var idimi?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Aprel döyüşlərindən dərhal sonra Bakıda və İrəvanda oldu. Bundan sonra mətbuatda belə xəbərlər yayıldı ki, guya Lavrov plan hazırlayıb. Ancaq Lavrov Aprelin 22-də İrəvanda mətbuat konfransında dedi ki, Rusiyanın münaqişənin həlliylə bağlı yeni planı və təklifləri yoxdur. Bu o demək idi ki, Moskva Dağlıq Qarabağ ətrafındakı 5 rayonun ilkin şərt irəli sürülmədən azad olunması məqsədilə İrəvana təsir etməyəcək.

Vaşinqtonun reaksiyası necə oldu?

ABŞ-ın o zamankı dövlət katibi Con Kerri arpelin 25-də AzərbaycanErmənistan prezidentlərinə zəng etdi. Telefon danışığında Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyindən danışıldı. Bu telefon zəngi Moskvaya mesaj idi ki, “Cənubi Qafqazda biz də varıq”. Buna baxmayaraq, Vaşinqton sonrakı aylarda və illərdə münaqişənin həlli məqsədilə fəallığını artırmadı.

Aprel döyüşlərindən sonra Ermənistan ordusunda nələr baş verdi?

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan Aprel döyüşlərində ordunun böyük itkilər vermədiyini bəyan etsə də, aprelin 26-dan başlayaraq orduda ciddi kadr dəyişiklikləri həyata keçirildi. Serj Sarqsyanın fərmanı ilə müdafiə nazirinin müavini, nazirliyin maddi-texniki təminat departamentinin rəisi Alik Mirzabekyan, rabitə qoşunlarının rəisi, Müdafiə Nazirliyinin rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri idarəsinin rəisi, general-mayor Komitas Muradyan və Ermənistan Silahlı Qüvvələri baş qərargahının kəşfiyyat idarəsinin rəisi, general-mayor Arşak Karapetyan vəzifələrindən azad edildilər. Bu istefalar Ermənistan ordusunun Aprel döyüşlərində verdiyi itkilərdən və korrupsiyadan xəbər verirdi.

BMT baş katibi Bakıya niyə gəlmədi?

Aprelin 26-da Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirildi. Forumda 140-dan artıq dövlətin nümayəndəsi iştirak edirdi. Tədbirdə BMT-nin o zamankı baş katibi Pan Gi Munun da iştirakı gözlənilirdi. Ancaq o Bakıya gəlmədi, bunun əvəzində forumda onun videomüraciəti yayımlandı. Pan Gi Mun Azərbaycanla yanaşı, Ermənistana da səfərini təxirə saldı. Pan Gi Mun bu təxirəsalmaları “təcili işləri” ilə əlaqələndirdi. BMT baş katibi Bakıya gəlsəydi, ona ciddi suallar veriləcəkdi, məsələn, deyiləcəkdi, bu beynəlxalq təşkilat özünün qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsini niyə təmin etmir? Pan Gi Munun İrəvana səfərinin təxirə salınmasını isə onunla izah etmək olardı ki, o tərəflər arasında balans saxlamaq istəyib. Bundan başqa, o, İrəvana getsəydi, rəsmi İrəvan onu “erməni soyqırımı” abidəsinə əklil qoymağa məcbur edəcəkdi. Bu isə Türkiyə və Azərbaycanda narazılıqla qarşılanacaqdı. Ona görə də BMT baş katibi başı ağrımasın deyə həm Bakıya, həm də İrəvana səfərdən imtina etdi.

ATƏT sədri nə etdi?

Aprel döyüşləri zamanı ATƏT-in sədri Almaniya idi. Bu ölkənin o zamankı xarici işlər naziri Valter Ştaynmayer Bakıda və İrəvanda oldu. Ştaynmayer açıq etiraf etdi ki, Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirə bilməyəcəklər. Ancaq Ştaynmayer Bakıda Qarabağdan olan məcburi köçkünlərlə görüşündə dedi ki, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının görüşlərini təşkil edəcəklər. Berlin bu vədini də yerinə yetirmədi və ya yerinə yetirə bilmədi.

Beləliklə, Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü göstərsə də, münaqişənin həllini sürətləndirmədi. Böyük dövlətlərin və beynəlxalq təşkilatların 4 günlük müharibəyə reaksiyası onu göstərdi ki, onları münaqişənin həlli yox, tərəflərin atəşkəsə riayət etməsi maraqlandırır. Bu isə Azərbaycanın maraqlarına ziddir. Ona görə də gələcəkdə Aprel döyüşlərinin təkrarlanması ehtimalı yüksək olaraq qalır”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar