Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polisin karantinlə bağlı vətəndaşları cərimələməsi nə qədər qanunidir?

Ədliyyə generalı Xanlar Ələkbərov: “Polis əməkdaşlarının karantin rejiminin pozulmasına görə yazdığı cərimələrin hüquqi qüvvəsi yoxdur”...

Azərbaycanda koronavirusla əlaqədar xüsusi karantin rejiminin tətbiqindən bu yana hər gün minlərlə vətəndaş cərimələnir. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, təkcə aprelin 3-də karantin rejimini pozduğuna görə 5062 nəfərə cərimə kəsilib. Bunların 3718-i Bakıda olub. Həmin gün eyni əsasla 9 nəfər inzibati qaydada həbs olunub. Bir gün öncə – aprelin 2-də isə cərimələnənlərin sayı 3566 nəfər (2973-ü Bakıda) olub, daha 10 nəfər isə həbs edilib.

Cərimələnənlər arasında “novator.az” saytının baş redaktor müavini Hikmət Sabiroğlu da var. Jurnalist deyir ki, polislər onun maskasız və əlcəksiz olmasını əsas gətirib, haqqında protokol tərtib ediblər. H.Sabiroğlu İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 100 manat cərimələnib. H.Sabiroğlunun sözlərinə görə, aprelin 2-də axşam saatlarında işdən evə qayıdanda metronun “İnşaatçılar” stansiyasının yanında polislər onu saxlayıb, şəxsiyyət vəsiqəsini tələb ediblər. O, həm şəxsiyyət, həm də xidməti vəsiqəsini təqdim edərək jurnalist olduğunu, işdən gəldiyini deyib: “Polis əməkdaşı maskasız və əlcəksiz olduğuma görə 100 manat cərimə yazacağını dedi. Etiraz etdim, karantin qaydalarında maska və əlcək tələbinin nəzərdə tutulmadığını bildirdim. Etirazım qəbul olunmadı. Protokolda məhz maskasız və əlcəksiz olduğuma görə cərimələndiyim qeyd olunub”.

Sosial şəbəkələrdə başqaları da maska və əlcəksiz gəzdiklərinə görə cərimələndiklərini sübut edən protokolların fotolarını yayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə bəyan edib ki, maska və əlcəyə görə cərimələnmə barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. “Polis əməkdaşları həmin şəxsləri saxlayıb, onlara tövsiyə edir ki, özlərinin və yaxınlarının sağlamlığı üçün maska və əlcəkdən istifadə etsinlər. Əlcək və maskadan istifadə etməməyə görə cərimə yoxdur”, – deyə E.Zahidov “Report”a söyləyib. Onun sözlərinə görə, vətəndaşlar yalnız karantin qaydalarını pozduğuna – zərurət olmadan evdən çıxdığına görə cərimə olunur.

Amma E.Zahidovdan cəmi bir gün öncə Daxili İşlər Nazirliyinin başqa bir məsul vəzifəlisi – Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İctimai Televiziyada deyirdi ki, polis əlcək və maskadan istifadə etməməyə görə vətəndaşı cərimələyə bilər: “Bu karantinin şərtləridir ki, mütləq qaydada çölə çıxarkən qoruyucu vasitələrdə olunmalıdır. Karantin qaydalarının hər bir şərtinin pozulması inzibati məsuliyyət deməkdir. Polis əməkdaşı maska və əlcək taxmadığına görə vətəndaşı cərimə edə bilər. Amma bunun adı maska və əlcək taxmadığı üçün yox, karantin rejiminin qaydalarını pozduğuna görə olacaq”.

Vəkil Hafiz Həsənov bildirdi ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalarda insanların küçədə maskasız və ya əlcəksiz gəzməsi ilə bağlı heç bir müddəa yoxdur. Ona görə də bu əsasla tətbiq olunan cəzalar qanunsuzdur. Vəkil vurğuladı ki, maska və əlcəyə görə inzibati qaydada cəzalanan (cərimə və ya həbs olunan) şəxs qərarın ləğvi üçün 10 gün ərzində məhkəməyə şikayət verə bilər.

H.Həsənovun sözlərinə görə, ümumiyyətlə, Operativ Qərargahın qadağalar müəyyənləşdirməsi mübahisəli məsələdir: “Ancaq qərar qəbul etmək səlahiyyətinə malik, Konstitusiya və qanunlarla səlahiyyət verilmiş orqanların qərarlarını yerinə yetirməməyə görə hüquqi məsuliyyət var. Bu mənada, xüsusi karantin rejimi ilə bağlı qaydaları da Nazirlər Kabineti müəyyən edə bilər. Ona görə də, Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara görə hüquqi məsuliyyət mübahisəli məsələdir”.

Hüquq elmləri doktoru, ədliyyə generalı Xanlar Ələkbərov qeyd etdi ki, ümumiyyətlə, polisin karantin rejimini pozanları cərimələməyə ixtiyarı yoxdur. Hüquqşünasın rəyinə görə, polisin hər gün minlərlə adamı cərimələməsinin özü qanun pozuntusudur: “Bu addımla faktiki, məhkəmələrin səlahiyyəti mənimsənilmiş olur. Polis əməkdaşı şəxsən izahat ala, inzibati xəta haqqında protokol tərtib edə bilər”.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində karantin rejiminin pozulmasına görə fiziki şəxslər üçün 100 manatdan 200 manata qədər cərimə, yaxud da 1 aya qədər inzibati həbs nəzərdə tutulub. X.Ələkbərov bildirdi ki, qanunu pozana bu cəzalardan hansını tətbiq etmək məhkəmənin işidir: “Məhkəmə inzibati xətanın obyektiv və subyektiv tərəflərini, qaydanı pozanın şəxsiyyətini nəzərə alıb, cəza məsələsində qərar verir. Bunu polis müəyyənləşdirə bilməz. İkincisi, polisin tərtib etdiyi inzibati xəta protokolunun mövcudluğu hələ o demək deyil ki, onun əsasında mütləq adam cəzalandırılmalıdır. Yəni protokol vətəndaşı cəzalandırmaq üçün qeyd-şərtsiz əsas sayıla bilməz. Bəlkə məhkəmə şəxsin hərəkətini heç inzibati xəta kimi qiymətləndirməyəcək, işə xitam verəcək?”

Hüquqşünasın fikrincə, son günlər polis əməkdaşlarının vətəndaşlara karantin rejiminin pozulmasına görə yazdığı cərimələrin hüquqi qüvvəsi yoxdur.(press klub)

pia.az


Etiket: polis cərimə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar