Cümə axşamı, 18 İyul 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Peyvənd etmək məcburidirmi? Peyvəndlərin yer üzündən sildiyi xəstəliklər.

Peyvəndin lazımlılığı ilə bağlı çox müzakirələr gedir. Mediada peyvənddən ölən uşaqlar tez-tez gündəmə gəlir və valideynlərin beynində bir sual yaranır: Peyvənd etmək lazımdırmı? Əgər uşaqlarımız öləcəksə, niyə edək?

 Əvvəlcə, peyvəndin tarixçəsinə nəzər salaraq mövzuya giriş edək.

Edvard Cenner və peyvəndin kəşfi
Əsrlərdir dünya qorxunc bir bəlanın pəncəsində idi: çiçək xəstəliyi. Xəstələrdə görünən qızartılar bir müddət sonra maye ilə dolu qabarcıqlara çevrilirdi, lakin xəstəliyin təsirləri heç də kiçik deyildi, XVIII əsrin sonunda Avropada, təxminən, yarım milyon insan hər il bu xəstəlikdən ölürdü. Aralarında beş hökmdar var idi və həmin ərəfədə baş verən korluqların üçdə-biri çiçək xəstəliyi ilə bağlı idi.

XVII əsrdə avropalılar əsrlərdir Asiyada tətbiq edilən peyvənd müalicəsini mənimsədilər. Çiçək xəstəsinin dərisi kəsilərək açılır və yara xəstəliyin daha az təhlükəli formasına sahib olan bir xəstənin yara qabığından əldə edilən maddə ilə ovulurdu.

Bu tətbiq primitiv çiçək xəstəliyində və sonrakı immunitetdə bəzən işə yarayır, amma çox zaman bu epidemiya yaradan təkmilləşmiş çiçək xəstəliyinə çevrilirdi. Milyonlarla insan bu xəstəlikdən ölməyə davam edirdi.
Edvard Cenner Londondan köçüb 1773-cü ildə Berklidə işə başlayanda çiçək xəstəliyinin müalicəsini tapmaqda qərarlı idi.

Nə qədər çox xəstə ilə qarşılaşırdısa, ağlındakı model bir o qədər də təkmilləşirdi. Müalicə üçün ona gələn südçü qızların çoxu çiçək xəstəliyinə məruz qalmırdı. Sonrakı çalışmaları qızların hamısının çiçəyin nisbətən daha zərərsiz bir növü olan mal-qara çiçək xəstəliyinə (ing. cowpox) məruz qalmış olduqlarını ortaya çıxardı. Əgər mal-qara çiçək xəstəliyi bir şəxsdən digərinə ötürülərsə, zərərsiz növün ölümcül növü əngəlləyə biləcəyini düşündü.

Mentorunun (ing. mind teacher) verdiyi öyüdə əməl edən Cenner düşüncəsini həyata keçirməyə qərar verdi. Xəstələrindən biri süd satan bir qız olan Sera Nelmes idi. Sera süd sağarkən çiçək xəstəliyinə tutulmuşdu. 1796-cı ilin 14 mayında Cenner süd satan qızın dərisindəki qabarcıqlardan mayeni toplayıb bağbanın oğlu Ceyms Filipsə inyeksiya etdi.

Bunu etmək riskli idi, amma oğlan yaşadı və dünyada peyvənd vurulan ilk şəxs oldu. Peyvəndin (vaksinasiya) ingiliscə qarşılığı olan “vaccination” latınca mal-qara mənasını verən “vacca” sözündən yaranmışdır. Alınan risk çox böyük idi, amma Cenner xeyir-zərər hesabı etdikdən sonra potensial qazancın böyük olduğunu anladı.
Edvard Cenner insanları çiçək xəstəliyini peyvənd ilə müalicə etməyə başladığı zaman tək bir sağlamlıq tədbiri ilə dünya əhalisinin yarısına məzar olan bir xəstəliyini ortadan qaldırdı.\

Peyvənd hansı xəstəlikləri yox etdi?
Ümumdünya Səhiyyə Təşkilatı hesabatlarında peyvənd vasitəsilə dünyadan silinən və ya silinmə mərhələsində olan 6 xəstəlik olduğunu qeyd etdi.

Çiçək xəstəliyi 1980-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bülletenində bütün dünyadan silinən tək xəstəlik olaraq qeydə alındı. Bundan əlavə, Polimielit, Difteriya, Məxmərək, Qızılca və Epidemik Parotit (xalq arasında “svinka” deyilən, Qulaqdibi xəstəliyi) xəstəlikləri də yox olma siyahısındadır və birinci dünya ölkələrində artıq yoxdur.

Məsələn, Poliomielit (ingiliscə Polio) xəstəliyi ÜST-ün 2019-cu il mart ayında verdiyi bülletendə sadəcə 3 ölkədə aktiv şəkildə rast gəlindiyi qeyd olunub. Bu ölkələr isə öz növbəsində Pakistan, Nigeriya və Əfqanıstandır. Uşaqlar arasında rastlanan bu xəstəlik Uşaq iflicinə səbəb olur və bəzi hallarda ölümə də səbəb ola bilirdi. Hər il minlərlə uşağın ölümünə səbəb olan bu xəstəliyin cəmi 3 ölkədə tapılması ciddi uğurdur və bu uğur ancaq peyvəndlə bağlıdır.

Sözügedən xəstəliklərdən bir digəri olan Difteriyanın isə, təkcə 1921-ci il statistikasında 206 min insanı yoluxdurduğu və 15 mindən artıq insanın ölüm səbəbi olduğu göstərilir. 2016-cı ildə isə ÜST cəmi 7 100 difteriyaya yoluxmuş xəstəni qeydə aldı. Difteriya boğaz ağrısına bənzəsə də, sonda asfiksiyadan (nəfəs ala bilməmək) insanın ölüm səbəbinə çevrilir. Ən çox uşaqlar arasında rast gəlinir.

Məxmərək və Qızılca xəstəliyi bənzər fəsadlara yol açan iki xəstəlikdir. Məxmərək Qızılcadan fərqli olaraq daha çox hamilə qadınlarda rast gəlinir və xüsusilə dölün düşməsi ilə (həmçinin beyin qüsurları) nəticələndiyi üçün təhlükəli hesab edirilir. 2015-ci ildə Məxmərəyin ABŞ-dan silindiyi haqda məlumatı “The New York Times” qəzeti dərc etdi.

Qızılca viruslarının inkubasiya dövrü 1-2 həftə çəkdiyindən insanlar xəstə olduqlarını başa düşəndə artıq gec olur. Ciddi bir arealda yayılan xəstəlik peyvənlə ciddi şəkildə azaldılıb və 2000-ci ildən ABŞ-da rast gəlinmir. Parotit xəstəliyi tüpürcək vəzilərinin iltihabı olduğu kimi xalq arasında xəstə simanın “donuz üzünə” bənzədilməsi ilə bağlı “svinka” adı ilə bilinir və kifayət qədər təhlükəli xəstəlikdir.

Hər üç xəstəliyə qarşı peyvənd birdir və ölkəmizdə QPM (Qızılca-Parotit-Məxmərək) adı ilə bilinir. Bu peyvənd vasitəsilə bu xəstəliklər 99%-dən çox azalmışdır. Xüsusilə də, ABŞ-dan silinmişdir və ya silinmək üzrədir.

Sual olunur: Nəyə görə peyvənddən ölən uşaqlarla bağlı xəbərlər mediada yayılır, yaxud ABŞ-da yox olan xəstəlik bizdə niyə yox olmur? İlk növbədə Ümumdünya Səhiyyə Təşkilatının tutumunu və yerli səhiyyə infrastrukturunu dilə gətirmək lazımdır.

Peyvəndlər xüsusi şəraitdə saxlanılan maddələrdir, əgər preparatlara lazımi şərait yaradılmasa, fəsadlar formalaşdırır. Həmçinin, uşaqlar peyvəndləmədən öncə ciddi şəkildə yoxlanılmalıdır. Peyvənd tam sağlam uşaqlara vurulur, çünki vaksinasiyadan sonra uşaqda problemlər formalaşa bilər. Həll yolu isə uşaqları vaksinasiyadan yayındırmaq deyil, əksinə həkimlərə və qurumlara qarşı tələbkar olmaq, öncədən məlumatlı olmaqdır.

Aşağıdakı cədvəldə, Azərbaycan Respublikasının Milli peyvənd təqvimi yer alıb, bundan əlavə digər mənbələrdən də məsələ ilə bağlı məlumatlar əldə etməyə çalışın. (Rezonanss.com)

Müəllif: Ziya MEHTİ

 

 

Etiket:

loading...