Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Paşinyan güzəştə vaxtında getməliydi, artıq gecdir”

Şahin Cəfərli: “Azərbaycan 4 rayonu azad edib, beşinci rayonun ərazisinə daxil olubsa, Laçın dəhlizinə yaxınlaşıbsa, o zaman niyə Ermənistanın təklifi ilə razılaşsın?!”

ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağdakı hərbi vəziyyətlə bağlı verdiyi sonuncu bəyanatında AzərbaycanErmənistan Xarici İşlər nazirlərinin görüşəcəyi də öz əksini tapıb. Bildirilib ki, XİN başçıları oktyabrın 29-da Cenevrədə həmsədrlərin vasitəçiliyi ilə yenidən bir araya gələcəklər. Qeyd edilib ki, nazirlər görüşdə razılaşdırılmış vaxt cədvəlinə uyğun olaraq, AzərbaycanErmənistan liderlərinin qəbul etdikləri baza prinsiplərini müzakirə edəcəklər. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün lazım olan bütün addımları müzakirə etmək və həyata keçirməyə başlamaq barədə müzakirə razılığı var.

Görüşdən hansı nəticələrin əldə ediləcəyi sual olaraq qalır. Məsələ burasındadır ki, Azərbaycan Prezidenti İlham Əliyev xalqa sonuncu müraciəti zamanı Minsk Qrupunun həmsədr ölkələrini sərt tənqid edərək, bu dövlətləri ədalətsizlikdə, işğalçıya dəstək verməkdə günahlandırıb. XİN başçılarının Cenevrə görüşünə toxunan Azərbaycan lideri deyib ki, görüşlərin mənası olmalıdır: “O qədər belə mənasız görüşlər olub ki... Biz istəyirik görüşlərdə məna olsun”. Bu sözləri ilə İlham Əliyev dolayısıyla növbəti görüşdə də işğalçının yola gələcəyinə inanmadığını işarə etdi. Amma Prezident görüşə etiraz etmədiyini də bildirdi.

Bəs, həqiqətən oktyabrın 29-dakı görüşdən hansısa nəticə əldə oluna bilərmi? Çünki Minsk Qrupunun bəyanatında AzərbaycanErmənistan liderlərinin qəbul etdikləri baza prinsiplərinə uyğun şəkildə danışıqların aparılacağı vurğulanıb. Azərbaycan liderinin də mövqeyi bəllidir – Ermənistan qoşunları işğal olunmuş ərazilərdən dərhal çıxarılmalı, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Prezidentin çıxışından o da məlum oldu ki, 27 sentyabrdan, yəni, müharibə başlayandan etibarən həmsədr ölkələrdən Azərbaycana təzyiqlər var. Rəsmi Bakı isə təzyiqlərə dözüm nümayiş etdirərək, ərazilərini işğalçılardan təmizləyir.

Qarabağ ətrafındakı diplomatik prosesləri AYNA-ya dəyərləndirən politoloq Şahin Cəfərli deyib ki, oktyabrın 10-da XİN başçılarının Moskvada görüşü, humanitar atəşkəslə bağlı razılaşma rəsmi Bakıya təzyiqlərin nəticəsi idi:

- Azərbaycan təbii ki, sülhsevər olduğu üçün və haqlı tərəf kimi, heç bir görüşdən boyun qaçırmır. Azərbaycan tərəfi atəşkəsə razılıq verdi. Amma ilk atəşkəs razılaşmasını Ermənistan bir sutka keçmədi ki, pozdu. Gəncədə mülki əhaliyə ballistik raket atmaq bunun göstəricisidir. Eyni zamanda, ermənilər Hadrutu yenidən işğal etmək üçün hücum etdi, düşmən əks-zərbə ilə yerində oturduldu. Bundan sonra faktiki olaraq, humanitar atəşkəsi tətbiq etmək mümkün olmadı. Bərdədəki qətliamı xatırlayaq...

Bu gün ölkəmizə təzyiqlər var. Həmsədr ölkələr istəyir ki, Azərbaycan əməliyyatları dayandırsın, yenidən masaya oturulsun, danışıqlar bərpa edilsin. Amma Azərbaycanın mövqeyi çox dəqiq və aydındır. Rəsmi Bakı bildirir ki, ötən müddət ərzində nəticə verməyən danışıqlara qayıtmaq istəmir. Prezidentin də dediyi kimi, Azərbaycan yalnız o halda danışıqlara razıdır ki, Ermənistan tərəfi real addımlar atacağına dair öhdəlik götürsün. İrəvan rəsmi şəkildə həmsədrlərə bildirsin ki, filan güzəştlərə hazırdır, masaya oturub Azərbaycanla anlaşa bilər. O cümlədən də qrafik məsələsi. Yəni, Ermənistan rəhbərliyi filan tarixdə filan rayonu, digər tarixdə bir başqa rayonu boşaldacağını ciddi şəkildə bəyan etməlidir.

Amma Ermənistan tərəfi bu məsələdə razı olmadığını nümayiş etdirir...

- Məsələ burasındadır ki, Azərbaycan tərəfi Ermənistanın ciddi öhdəlik götürdüyünü görməsə, yenidən masaya oturub, mənasız danışıqları aparmayacaq. Bu, rəsmi Bakının sərgilədiyi doğru və haqlı mövqedir. Azərbaycanın mövqeyi indiki reallıqlara da, beynəlxalq hüququn tələblərinə də uyğundur. Ona görə də, hesab edirəm ki, həmsədr ölkələr Azərbaycana nə qədər təsir etsə də, ciddi nəticə olmayacaq. Azərbaycana qarşı sanksiya xarakterli tədbirləri gözləmirəm. Etiraf etmək lazımdır ki, yeganə qorxumuz Rusiya faktoru ilə əlaqədardır. Azərbaycan cəmiyyətində yenə də şübhə dolu sual qalır ki, Rusiya hansısa mərhələdə müdaxilə edə bilərmi?! Bu şübhəyə hardasa haqq vermək mümkündür. Amma fikrimcə, Kremlin də hazırkı siyasətində müəyyən praqmatik xətt hiss olunur. Rusiya nə qədər Ermənistanla müttəfiq olsa da, hiss edilir ki, Moskva Cənubi Qafqazda Azərbaycanı tamamilə itirmək istəmir. Eyni zamanda, Rusiya Türkiyəni də qarşısına almaq arzusunda deyil. Bu baxımdan Rusiyanın mövqeyində nisbətən neytrallıq var.

Nikol Paşinyan açıqlamasında bildirib ki, onlar üçün ağrılı güzəştə hazırdırlar. Düşmən ölkə rəhbəri bununla nə demək istəyir? XİN başçılarının 29 oktyabrdakı görüşündə güzəşt məsələsi müzakirə edilib, hansısa razılıq əldə oluna bilərmi?

- Paşinyan güman ki, hələ Azərbaycanın nəzarətinə keçməyən Ağdam, KəlbəcərLaçının boşaldılmasına razıdır və bunu ağrılı güzəşt sayır. Düzdür, Azərbaycan Ordusu Laçın ərazisinə daxil olub, amma rayonun böyük hissəsi ermənilərin əlindədir. Məncə, Paşinyan demək istəyir ki, ətraf rayonlardan çıxa bilərik. Təbii ki, Laçından Dağlıq Qarabağa dəhliz saxlamaq şərtilə. Yəni, Ermənistanın mövqeyi budur. Düşünürəm ki, artıq rəsmi İrəvan üçün bu mövqeni tutmaq gecdir. Müharibədən əvvəl, məsələn, sentyabrın 26-da Paşinyan bunu elan etsəydi, Azərbaycan müzakirəyə razı olardı. Amma indi Azərbaycan 4 rayonu azad edib, beşinci rayonun ərazisinə daxil olubsa, Laçın dəhlizinə yaxınlaşıbsa, o zaman niyə Ermənistanın təklifi ilə razılaşsın?! Ona görə deyirəm ki, bu, Paşinyan tərəfindən gecikmiş addımdır. Rəsmi İrəvan güzəştə hazır olduğunu vaxtında elan etməli idi. İndi deyir ki, ətraf rayonları tərk etməyə hazırdırlar. Əvəzində isə təbii ki, Dağlıq Qarabağa yüksək status istəyəcəklər. Bu da mümkün görünmür. Məncə, o mərhələ artıq geridə qalıb.

Yəni, Minsk Qrupunun təklif etdikləri baza prinsipləri qüvvədən düşüb...

- “5+2” formulu tamamilə aktuallığını itirib, eyni zamanda, baza prinsipləri də əhəmiyyətsiz sənəd oldu. Vaxtında Ermənistan bu formula razı olmalı idi. Hansı ki, Azərbaycan bu prinsiplərlə münaqişənin həllinə razı idi.

- XİN başçılarının Cenevrə görüşündən gözləntiləriniz nədir?

- Həmsədrlərin bəyanatı var, orada qrafik məsələsi qeyd olunmuşdu. Bəyanatda bildirilir ki, müəyyən zaman çərçivəsinə uyğun olaraq, münaqişənin həlli istiqamətində addımlar atıla bilər. Anlaşılan odur ki, Ermənistan qrafiklə ərazilərin boşaldılması məsələsinin müzakirəsinə və ərazilərdən çəkilməklə bağlı qrafik təqdim etməyə hazırdır. İndi görək, rəsmi İrəvan hansı güzəştlərə hazırdır. Rəsmi Bakının mövqeyi bəllidir. Azərbaycan birmənalı şəkildə bəyan edib ki, bütün işğal olunmuş ərazilərdən - Dağlıq Qarabağ da daxil - Ermənistan silahlıları çıxmalıdır. İndiki mərhələdə bu mövqenin xaricində Azərbaycanın nəyəsə razılaşacağına inanmıram.

- Azərbaycan Prezidentinin Türkiyənin burada olan F-16-ları ilə bağlı da bir mesajı oldu. Bildirdi ki, Azərbaycana kimsə müdaxilə edərsə, aqressiya göstərərsə, qarşısında həmin F-16-ları görəcək. Prezident bununla sanki xəbərdarlıq etdi...

- Hesab edirəm ki, Türkiyə amili bu gün çəkindirici təsirini göstərməkdədir. Əgər Türkiyənin çəkindirici təsiri olmasaydı, məncə, Rusiya 2016-cı ilin Aprel döyüşlərində olduğu kimi, sentyabrın 27-də başlayan əməliyyatları da qısa müddətdə dayandıra bilərdi. Çox güman, 10 oktyabr tarixində Moskvada əldə olunan razılaşma yerinə yetirilərdi. Amma Türkiyə faktoru artıq Rusiyanın Azərbaycana təzyiq imkanlarını məhdudlaşdırır. Türkiyənin buradakı mövcudluğu İrana da bir mesajdır. Yəni, Azərbaycana qarşı hansısa addım atılarsa, Türkiyə məsələyə müdaxilə edəcək. Türkiyə rəhbərliyi açıq mətnlə bildirdi ki, rəsmi Ankara hər vasitə ilə Azərbaycanın yanındadır. Düşünürəm ki, hazırda Rusiyanın nisbətən ehtiyatla hərəkət etməsində Türkiyənin çəkindirici təsiri var. Bu təsir, təbii ki, davam edəcək. Türkiyə təlimdə gələn hərbi kontingentini burada saxlamaqla, əslində praktik olaraq da mesaj verdi ki, rəsmi Ankaranın bəyanatları boşuna deyil, Azərbaycana müdaxilə olacağı təqdirdə, Ankara məsələyə qarışacaq. Azərbaycan Prezidentinin F-16-larla bağlı dedikləri də məhz bu idi.

- Türkiyənin buna hüquqi əsası varmı?

- Müdaxilə üçün Türkiyənin hüquqi əsası var. Çünki 2011-ci ildə Türkiyə ilə Azərbaycan arasında imzalanan müqavilə var ki, bu sənəd “Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Haqqında Saziş” adlanır. Həmin sənəddə açıq şəkildə yazılıb ki, tərəflərdən birinə müdaxilə olarsa, tərəflər məsləhətləşmələr keçirmək hüququna malikdir. Eyni zamanda, tərəflərdən biri hücuma məruz qalarsa, digər tərəfin ona yardım etmək hüququ var. Yəni, hüquqi baza baxımından problem yoxdur.(ayna)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar