Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pandemiyanın dünyaya zərəri, milyarderlərə qazancı: Sirr nədədir?

2020-ci il pandemiya və bütün dünyada tətbiq olunan sərt karantin səbəbindən iqtisadiyyatlar üçün çox ağır il oldu. Ötən il dünyanın ən iri şirkətləri çox ciddi itkilərlə üzləşdiklərini açıqladılar. Lakin bu günlərdə “Forbes” jurnalı dünyanın ən varlı adamlarının yeni siyahısını açıqlayıb və bəlli olub ki, həm dünya milyarderlərinin sayı artıb, həm də onların ümumi sərvətinin həcmi.

Belə ki, ötən il “Forbes”in tərtib etdiyi siyahıda 2095 milyarderin adı vardı. Bu il siyahıya 2755 milyarderin adı düşüb. Ötən il milyarderlərin ümumi sərvəti 8 trilyon dollar idi. İndi 13,1 trilyon dollardır. Milyarderlərin 210 nəfəri Çin və Honkonqdan, 98 nəfəri ABŞ-dandır. Siyahıdakı 493 nəfərin sərvəti ilk dəfə son bir ildə milyard dolları keçib, bu səbəbdən onların adı milyarderlər siyahısında yenidir, indiyədək belə bir siyahıda olmayıblar. Siyahıdakı 250 nəfər isə dünyanın ən varlı adamları sırasına yenidən qayıdanlardır. Ümumiyyətlə siyahıda adı olanların 86 faizinin sərvəti əvvəlkindən daha artıqdır. Yəni dünyanın ən varlı adamlarının 86 faizi pandemiya dövründə daha da varlanıb.

“Forbes”in hesablamasına görə, dünyanın ən varlı adamı ABŞ-ın “Amazon” şirkətinin başçısı Ceff Bezosdur. Onun varidatı 191 milyard dollar dəyərində qiymətləndirilir. İkinci yerdə ABŞ-ın “Tesla” və “Space X” şirkətlərinin rəhbəri İlon Mask gəlir. Onun 151 milyard dollarlıq sərvəti var.

Üçüncü yeri 150 milyard dollarlıq sərvətlə Fransanın “Louis Vuitton Moet Hennessy” şirkətinin rəhbəri Bernar Arno tutur. Dördüncü yerdə ABŞ-ın “Microsoft” şirkətinin rəhbəri Bill Qeyts durur. Onun 124 milyard dollarlıq varidatı var. Dünyanın ən varlı adamlarının ilk onluğunda sonrakı yerlərdə gələnlərin sərvəti 100 milyard dollardan aşağıdır. Bunlar “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zuckerberq (97 milyard dollar), amerikalı sərmayəçi Uorren Baffet (96 milyard dollar), ABŞ-ın “Oracle” şirkətinin qurucusu Larri Ellison (93 milyard dollar) və ABŞ-ın “Google” şirkətinin qurucusu Larri Peycdir (91,5 milyard dollar).

Milyarderlərinin sayına görə siyahıya Çin liderlik edir. Pekin milyarderlərin bu il üçün yeni paytaxtı elan olunub. İlk dəfə Pekin Nyu-Yorku qabaqlayaraq milyarderlərin sayına görə birinci olub. Çin paytaxtı 33 yeni milyarderi ilə artaraq sayı 100-ə çatdırıb. Nyu-Yorkda isə say 99-dur. Pekinin ən varlı sakini, sərvəti 35,6 milyard dollar olan TikTok-un ana şirkəti ByteDance-in qurucusu Zhang Yimindir. Keçmiş Nyu-york meri Maykl Blomberg 59 milyard dollarlıq sərvəti ilə ən varlı nyu-yorklu sayılır.

ABŞ uzun müddət dünyanın digər ölkələrindən daha çox milyarderlərin vətəni olub, ancaq Çin onları qabaqlayır. Forbes-in hesabatına görə, son bir ildə Çin və Hong Kongda 210 yeni milyarder ortaya çıxdı - bu, digər ölkələrdən daha çoxdur. Beş Çin şəhəri ən çox milyarder olan on şəhər sırasındadır. Siyahını 48 milyarderlə səkkizinci yerdə olan San Francisco bağlayır.

Qeyd edək ki, dünya zənginləri arasında Azərbaycan əsilli rusiyalı iş adamı Vahid Ələkbərovun da adı var. Vahid Ələkbərovun 2021-ci ildə şəxsi sərvəti 24,9 milyard dollar təşkil edir. O, bu göstəriciyə görə, Rusiyada 5-ci ən zəngin şəxs sayılır. 2020-ci illə müqayisədə 71 yaşlı iş adamının sərvəti 9,7 milyard dollar artaraq yeni rekord vurub.

Pandemiyaya rəğmən dünyada zənginlərin sayının və sərvətinin artmasına münasibət bildirən Natiq Cəfərli də vurğuladı ki, səbəblər bir neçədir. Əsas səbəblərdən biri səhm bazarının həddindən artıq bahalaşmasıdır. Pandemiya ilə mübarizə istiqamətində ayrılan paketlər, trilyonlarla dollar vəsait var. Amerikada son paket də imzalansa dünya ölkələrinin ümumilikdə pandemiya ilə mübarizəyə ayrılan vəsaitlərin həcmi 18 trilyona qalxacaq. Mərkəzi Bankların, Avropa Mərkəzi Bankının, FED-in faiz dərəcələri tarixi minimumdadır, kreditlərə çıxış imkanları çox asanlaşıb, böyük bir likvitlik, maliyyə bolluğu yaranıb. Bu vəsaitlərin böyük bir qismi də səhm bazarına yönəlib. İlk baxışdan qəribə görünür. Çünki 2020-ci il iqtisadi baxımdan ağır il olub, pandemiya hələ də bitməyib. İqtisadçı ekspertlərin də dediyinə görə, 1929-1932-ci illərdəki “böyük depressiya” illərindən sonra 2020-ci il iqtisadi baxımdan ən ağır il oldu. Buna baxmayaraq səhm bazarı tarixi maksimumlardadır. İqtisad elmi baxımından izaholunmaz bir proses yaşanır. Yeganə elmi izahı odur ki, bu sayda likvitliyin olması səhm bazarına yönəlib. Ötən il ən çox “Amazon” şirkətinin səhmləri artdı və bu, Ceff Bezosun gəlirlərinə müsbət təsir göstərdi. Digər qazanan İlon Mask onun “Tesla”sı və “Space X” şirkətlərinin səhmləri pandemiya ilində təxminən 5 dəfə bahalaşıb. Onun varidatı 30 milyard dollar civarında idisə, indi 150 milyard dollar civarındadır".

İqtisadçının sözlərinə görə, bütün bunlar onu göstərir ki, pandemiya dövründə ayrılan vəsaitlər real iqtisadiyyata yönəlməkdənsə, işsizliklə mübarizəyə yönəlməkdənsə səhm bazarına gedir: “İşsizlik hazırda dünyada ən böyük problemlərdən, akademik çevrələrin müzakirə etdiyi məsələlərdən biridir. Səhm bazarında balonlar yaranıb, bir müddətdən sonra bu şarlar partlayacaq. Milyarderlərin sayının bu qədər artması o qədər də yaxşı vəziyyət deyil. İqtisadiyyatın qeyri-sağlam olmasının nəticəsidir”.

Çinin silahıdakı liderliyinə gəlincə, N.Cəfərli vurğuladı ki, bu ölkə uzun illərdir bu siyahıda önə keçib: “Bu ölkə hər il milyonçuların, milyarderlərin sayının artım tempinə görə son 30 ildə digər ölkələri qabaqlayırdı. Son illər bu artım 2 dəfə sürətlənib. Pandemiya dövründə də Çin iqtisadiyyatı digər iqtisadiyyatlara görə az ziyan gördü. Dünyada olan tələbat mallarının əksəriyyətinin istehsalçısı Çindir, ona görə də Çin şirkətlərinin səhmləri bahalaşdı, dövriyyələri artdı. Əsasən də tibbi ləvazimatlar, avadanlıqların istehsalı ilə məşğul olan şirkətlərin satışları kəskin artdı. Ona görə də çinli iş adamlarının varidatları kəskin artdı. Sosialist dövlət quruluşu olan ölkədə milyarderlərin bu qədər artması sosial bərabərsizliyi də artırır”.


Azərbaycanlı zənginlərə gəldikdə isə, Natiq Cəfərli vurğuladı ki, onlardan bir neçəsi tikinti və xidmət sektorunda olduğu üçün pandemiyadan böyük ziyana düşüblər: “Azərbaycanlı zənginlərdən Forbesin siyahısına Vahid Ələkbərov düşüb, o da ”LUKoil" prezidentidir. “LUKoil”un səhmləri özünə və ailə üzvlərinə məxsusdur. Neftin qiymətinin yüksəlməsi ilə “LUKoil”un səhmləri də bahalaşıb, bu da onun sərvətini kəskin artırıb. “LUKoil”un xarici birjalarda, Londonda, Sinqapurda, Tokioda birjalarda satış həcmləri də artıb. Digər azərbaycanlılar əsasən xidmət və tikinti sahəsində idilər, pandemiyanın bu sahələrə zərbə vurduğunu nəzərə alsaq, görərik ki, onların gəlirləri də bu səbəbdən azalıb. Böyük mollar, ticarət mərkəzlərinin bağlı qalması bu sahədə fəaliyyət göstərən iş adamlarına da ciddi təsir göstərdi. Əvvəllər Forbes siyahısın Telman İsmayılovun da adı düşürdü, ancaq onun bir neçə şirkətinin müflis olması silahıdan kənarda qalmasına səbəb oldu".(Musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar